Bakı Ali Neft Məktəbi ilə «Total E&P Azerbaijan» şirkəti arasında əməkdaşlıq protokolu imzalanmışdır

 

Bakı Ali Neft Məktəbi (BANM) ilə "Total E&P Azerbaijan" şirkəti arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalamışlar. İmzalanma mərasimində Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də iştirak etmişdir.

Əməkdaşlıq protokolunda "Total E&P Azerbaijan" şirkətinin dəstəyi ilə Neft Məktəbi və Fransanın  neft-qaz və kimyayönümlü ali təhsil müəssisələri arasında əməkdaşlığın qurulması, Fransada doktorantura təhsilinin təşkili, tələbələrin bir qisminin "Total" şirkətinin baş ofisində təcrübə keçmələrinin təmin edilməsi, məktəbin tələbələrinin Fransanın elm və tədris müəssisələrinin kitabxana-informasiya resurslarından istifadə etmələrinə yardım göstərilməsi məsələlərinə dəstək verilməsi  öz əksini tapmışdır.

Tədbirdə çıxış edən BANM-nin rektoru Elmar Qasımov  bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  həyata keçirdiyi uğurlu siyasətin nəticəsi olaraq günü-gündən inkişaf edən Azərbaycan regionun aparıcı dövlətinə və dünyanın aparıcı dövlətlərinin müttəfiqinə çevrilmişdir. Bu əməkdaşlıq  nəinki enerji sahəsində, demək olar ki, bütün sahələrdə inkişaf etməkdədir. Dünyaya artıq inteqrasiya etmiş Azərbaycan üçün beynəlxalq standartlara cavab verən kadrların hazırlanması prioritet məsələyə çevrilmişdir. Yüksək ixtisaslı kadrların yetişdirilməsi sahəsində bir çox uğurlu təhsil islahatları həyata keçirilməkdədir. BANM-nin yaradılması uğurla  həyata keçirilən islahatlardan biridir.

Fransanın səfiri Paskal Mönye qeyd etmişdir ki, dinamik inkişaf edən Azərbaycanda beynəlxalq standartlara  cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması və qısa vaxt ərzində yüksək  nailiyyətlər əldə etməsi təqdirəlayiq haldır. İmzalanan protokol Fransa ilə Azərbaycan arasında inkişaf edən münasibətlərin göstəricisidir.

"Total E&P Azerbaijan" şirkətinin baş meneceri  Kristian Jüdiselli demişdir ki, "Total E&P Azerbaijan" şirkəti Azərbaycanda fəaliyyətə başladığı gündən təhsil və kadrların hazırlanması sahəsində bir çox layihələrin həyata keçirilməsinə dəstək vermişdir. O, BANM ilə əməkdaşlıq etməkdən məmnunluq hissi keçirdiyini qeyd etmişdir.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 9.