Bakıda yeni qaydalar üzrə ünvanların verilməsi və ünvan lövhələrinin quraşdırılması işlərinə başlanıb

 

Bakının, eləcə də ölkənin digər şəhərlərinin küçə və prospektlərində binalara Avropa standartlarına uyğun və yeni qaydalarla ünvanların verilməsi və müasir dizaynlı lövhələrin vurulması işlərinə başlanmışdır.

Bu işlər Prezidentin 10 fevral 2012-ci il tarixdə "Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə" fərmanına müvafiq aparılır.

Ünvanların verilməsi işlərinə başlanmazdan əvvəl Azərbaycanda milli ünvan reyestrinin informasiya sistemi hazırlanmışdır. Bu sistem ölkə üzrə ünvan məlumatlarının vahidliyi, etibarlığı və çevikliyini təmin edən vahid məlumat bazasına malik olacaq. Sistem həm də milli məkan məlumatları, yəni, daşınmaz əmlakların coğrafi məlumatları və dəqiq koordinatları ilə bağlanmaqla fəaliyyət göstərəcək.

Bununla əlaqədar ölkədə mövcud olan ünvan məlumatlarının vəziyyəti və mövcud problemlər hərtərəfli təhlil edilmiş, beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilmişdir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi və Norveçin Xəritəçəkmə Təşkilatı arasında imzalanmış "Azərbaycanda ünvan reyestrinin informasiya sisteminin yaradılması" layihəsinin həyata keçirilməsi üzrə qrant sazişinə uyğun olaraq, Norveçdən və Danimarkadan olan məsləhətçilər beynəlxalq və Avropa ünvanvermə təcrübəsi əsasında ölkəmiz  üçün təkliflər və texniki spesifikasiyalar hazırlamışlar. Yeni qaydalara uyğun ünvanların verilməsi işlərinin icrasının təmin olunması məqsədi ilə Cənubi Koreyanın "SK C&C" Co LTD şirkəti tərəfindən Azərbaycan Ünvan Reyestrinin İnformasiya Sistemi yaradılmışdır.

Paralel olaraq yeni qaydalar əsasında verilmiş ünvanların bina və girişlərdə asılması üçün ünvan lövhələrinin dizaynı və istehsalı məqsədilə Cənubi Koreyanın müvafiq şirkəti ilə müqavilə bağlanmışdır. Mart ayının sonundan etibarən istehsal olunmuş ünvan lövhələri Bakıya gətirilir.

Bakı şəhəri üzrə 2500-dən çox küçə və prospektləri əhatə etməklə binalara və girişlərə yeni qaydalarla ünvan lövhələrinin vurulmasının ilin sonunadək başa çatdırılması nəzərdə tutulur. İşlərin icrası cari il ərzində ölkənin digər şəhər və rayonlarını da əhatə edəcək.

 

 

Azərbaycan.- 2013.- 11 aprel.- S. 9.