«Statoyl»
Azərbaycanla əməkdaşlığını genişləndirir
Bakıda "Cənubi
Qafqazın və Mərkəzi Asiyanın gələcəyi
ilə bağlı strateji dialoq"
mövzusunda Dünya İqtisadi Forumunun (Davos Forumu) keçirildiyi
günlərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Norveçin
"Statoyl" şirkəti
qarşılıqlı anlaşma
haqqında yeni bir memorandum imzaladılar. Bu
addım "Statoyl"un
Azərbaycanla tərəfdaşlığının davam etdiyini və getdikcə
möhkəmləndiyini təsdiqləyir.
Mətbuatda
xəbər verildiyi kimi, Qarşılıqlı Anlaşma
haqqında Memorandumu ARDNŞ-in baş ofisində bu şirkətin
prezidenti Rövnəq Abdullayev və "Statoyl"un baş
idarəedici direktoru Helge Lund imzalayıblar. Memorandum Xəzərin
Azərbaycan sektorundakı "Zəfər" və "Məşəl"
perspektiv strukturlarının daxil olduğu blokun kəşfiyyatı
və işlənməsi layihəsi ilə əlaqədardır.
Bu,
Norveç şirkətinin Azərbaycanda qoşulduğu ilk
layihə deyildir. "Statoyl" ölkəmizdə
yaxından tanınmış bir şirkətdir. O, Xəzər
regionunda 1992-ci ildən çalışır. Azərbaycanda ən
iri neft-qaz yataqlarının işlənməsi və
karbohidrogenlərin ixracı layihələrinin
iştirakçısıdır.
"Statoyl"
onlarca ölkədə işləyir.
Çalışdığı hər bir ölkəyə
özünün illərlə topladığı
böyük səriştə və zəngin təcrübəsi
ilə gəlir. Belə ki, o, dünyanın əsas neft-qaz
istehsalçılarından və satıcılarından
biridir.
Bununla
belə, "Statoyl" yerində saymayan, ildən-ilə
müasirləşən, genişlənən, zənginləşən
bir şirkətdir.
Şirkətin
beynəlxalq təbii qaz biznesi bu yanacağın boru kəmərləri
vasitəsilə Norveç və Əlcəzairdən Avropaya
qədər çatdırılmasından ibarətdir. O, eləcə
də durulaşdırlmış təbii qazı Barens dənizindən
İspaniyaya və ABŞ-a qədər ixrac edir. Azərbaycan
qazının boru xətləri vasitəsilə
Gürcüstana və Türkiyəyə
çatdırılmasında fəal iştirak edən
"Statoyl" gələcəkdə Avropaya uzanacaq bu
yolların uğurlu olması üçün var qüvvə
ilə çalışır.
Bütün
bunlar təsadüfi deyil. Çünki "Statoyl" neft-qaz
sahəsində bizim ən etibarlı tərəfdaşlarımızdandır.
"Azəri-Çıraq-Günəşli"
yataqlarının tammiqyaslı işlənməsi layihəsində
şirkətin 8,56 faiz iştirak payı var. O, həmçinin
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac
neft kəmərinin 11 səhmdarından biridir. Şirkət
bu layihədə 8,71 faiz
iştirak payına malikdir.
"Şahdəniz"
yatağının işlənməsi və bu yataqdan hasil
olunan qazı nəql edən Cənubi Qafqaz Boru Kəməri
(CQBK) layihələrinin hər birində isə
"Statoyl" 25,5 faizlik payla iştirak edir. İkili
operatorluğun həyata keçirildiyi CQBK-da "Statoyl"
kommersiya əməliyyatçısıdır. Kəmərin
texniki operatoru kimi BP çıxış edir.
Bu
günlərdə ARDNŞ ilə "Statoyl" arasında
imzalanan yeni sənəd norveçli şirkətin Azərbaycanda
daha bir mühüm işə başlamaq əzmində
olduğunu göstərdi. Yeni memoranduma müvafiq olaraq tərəflər
onun imzalandığı və qüvvəyə mindiyi andan
etibarən 12 ay ərzində danışıqlar aparmaq,
İşlənmə Sazişinin əsas kommersiya prinsiplərini
və şərtlərini razılaşdırmaq niyyətini bəyan
etdilər.
Xatırladaq
ki, Xəzərdəki "Zəfər" və "Məşəl"
strukturları 1961-ci ildə seysmik kəşfiyyat işləri
əsasında aşkar olunub. 1985-1987-ci illərdə bu sahələrin
quruluşu dəqiqləşdirilib. 643 kvadratkilometr sahəni əhatə
edən kəşfiyyat bloku Abşeron yarımadasından 120
kilometrlik məsafədə, cənub istiqamətində dənizin
600-750 metr dərinliyində yerləşir.
Bu
struktura doğru dostluq, əməkdaşlıq və tərəfdaşlıqları
artıq illərin sınağından keçmiş SOCAR və
"Statoyl" birgə addımlayırlar. Qədəmləri
uğurlu olsun!
Flora SADIQLI.
Azərbaycan.- 2013.- 11 aprel.- S. 9.