Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X yubiley konfransında Azərbaycanın innovasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsi haqqında məruzə dinləniləcəkdir

 

Moskvada Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin X yubiley konfransında Azərbaycanın innovasiya texnologiyalarının tətbiqi sahəsində təcrübəsi haqqında məruzə dinləniləcəkdir.

Bu barədə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirmişdir. Konfrans çərçivəsində "Hökumətlərin rolu: yeni vəzifələr və imkanlar" mövzusunda keçiriləcək sessiyada Azərbaycan tərəfi məruzə ilə çıxış edəcəkdir.

Ə.Qarayev demişdir: "Avropa Şurası ölkələrinin mədəniyyət nazirlərinin Moskvada keçirilən X konfransında çox maraqlı mövzular ətrafında müzakirələr aparılacaqdır. Konfransda əsasən mədəniyyətin müasirləşdirilməsi, müasir informasiya texnologiyalarından geniş istifadə olunması məsələlərinə toxunulacaqdır. Bu mövzu Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Bildiyiniz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu il Azərbaycanda "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan olunmuşdur. Bu baxımdan, konfransda müzakirə olunacaq məsələlər və əldə ediləcək nəticələr bizim üçün böyük əhəmiyyət kəsb edir. Konfransda Azərbaycanın bu sahədə təcrübəsi ilə bağlı məruzə səslənəcəkdir. Eyni zamanda mayın 29-da Bakıda işə başlayacaq İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında məlumat veriləcəkdir. Konfransda iştirak edən nümayəndə heyətlərinin bir neçəsi Bakı Forumunda iştirak edəcəklərini bildirmişlər. Düşünürəm ki, niyyətlərimizi və mövqelərimizi bildirmək üçün bu, çox gözəl platformadır. Maraqlı konfransdır,  ümidvaram ki, burada Azərbaycanın səsi  eşidiləcəkdir və həmişə olduğu kimi, bu dəfə də bizim mövqeyimizə hörmətlə yanaşılacaqdır".

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 16 aprel.- S.10.