Qubadlılı qadınlar dövlətin
siyasətini dəstəkləyirlər
Dünən Qubadlı Rayon Qadınlar Şurasının IV konfransı keçirilmişdir. Tədbir iştirakçıları öncə Sumqayıt şəhərində Qubadlı Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ümummilli lider Heydər Əliyevin büstü qarşısına tər gül dəstələri düzdülər.
Konfransı
giriş sözü ilə açan Qubadlı Rayon İcra
Hakimiyyətinin başçısı Malik İsaqov bildirdi
ki, bu gün qadınlarımız cəmiyyətin tərəqqisinə,
milli-mənəvi dəyərlərin qorunmasına, ənənələrimizin
zənginləşdirilib inkişaf etdirilməsinə ləyaqətlə
xidmət edirlər. Azərbaycan
tarixi qadınlarımızın sədaqəti, qəhrəmanlığı
ilə bağlı şanlı səhifələrlə zəngindir.
Bu gün onlar müstəqil respublikamızın ictimai-siyasi həyatının
bütün sahələrində əzmlə
çalışır, bəziləri məcburi
köçkün aqibətinin bütün
acı-ağrılarını yaşamalarına baxmayaraq
dövlətin qayğısı sayəsində nikbinliklərini
itirmirlər.
M.İsaqov
qeyd etdi ki, Azərbaycanda qadın hərəkatının
formalaşmasında ümummilli lider Heydər Əliyevin
müstəsna xidmətləri olmuşdur. Ulu öndər fəaliyyətinin
bütün dönəmlərində qadın siyasətini
daim diqqət mərkəzində saxlamış, onların
problemlərinə qayğı ilə
yanaşmışdır. Bu dövlətçilik ənənələrini
Prezident İlham Əliyev də uğurla davam etdirir.
İcra başçısı bildirdi ki, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda nəcib bir işgüzarlıqla beynəlxalq tədbirlərdə respublika xanımlarının nailiyyətlərini yüksək səviyyədə təbliğ edir.
Qubadlı Rayon Təhsil Şöbəsinin müdiri, rayon qadınlar şurasının sədri Afət Allahverdiyeva çıxışında hazırda rayon əhalisinin 51 faizini qadınların təşkil etdiyini bildirdi. Qubadlı qadınları cəmiyyətdə və ictimai işlərdə öz aparıcı missiyalarını şərəflə yerinə yetirir, dövlətimizin siyasətini ürəkdən dəstəkləyir, onlar üçün yaradılan şəraitdən razılıq edirlər. Bu gün rayonun dövlət təşkilatlarında çalışanların 30 faizini qadınlarımız təşkil edir. Qarabağ münaqişəsi zamanı 40 qadını şəhid olan Qubadlı əhalisi respublikanın 42 rayonunda, Bakı və Sumqayıt şəhərlərində məskunlaşmışlar. 9276 ailədə 15 yaşadək 8519 uşaq böyüyür. Gələcəyimiz olan bu gənclərin yetişməsində qadınlarımızın rolu böyükdür.
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva qadınlarımızın uğurlarından, ölkədə həyata keçirilən qadın siyasətinin müxtəlif istiqamətlərindən və qarşıda duran vəzifələrdən söhbət açdı.
Konfransda respublika qadınlarının qurultayına nümayəndələr seçildi.
Akif ƏLİYEV
Azərbaycan.-2013.- 16 aprel.- S.10.