Moskvada Azərbaycanın xalq yazıçısı Anarın 75 illik yubileyi qeyd edilmişdir

 

Moskvada Millətlər Evində Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın 75 illiyinə həsr edilmiş yubiley gecəsi keçirilmişdir. Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə "Ocaq" Azərbaycan Mədəniyyət Cəmiyyəti və Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi tərəfindən təşkil edilmiş tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın və Rusiyanın mədəniyyət xadimləri iştirak etmişlər.

"Ocaq" cəmiyyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin sədri Tofiq Məlikli tədbiri açaraq görkəmli yazıçının həyat və fəaliyyəti barədə məlumat vermişdir. T.Məlikli demişdir: "Anar bizim canlı klassikdir. O, bizə yeni qəhrəman - sadə insan kəşf etmişdir. Anarın əsərlərində bizimlə yanaşı addımlayan, bizimlə yanaşı yaşayan, həyat haqqında bizim kimi arzuları olan qəhrəmanla tanış olmaq imkanı əldə etmişik".

Polad Bülbüloğlu öz çıxışında qeyd etmişdir ki, Anar təkcə Azərbaycan ədəbiyyatında deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin həyatında bir hadisədir. Diplomat demişdir: "Anar haqqında danışmaq bir tərəfdən çox asandır, çünki faktlar çoxdur, digər tərəfdən onun barəsində danışmaq çətindir, çünki Anarın yaradıcılığı, onun fəaliyyəti çoxşaxəlidir. Anarın irəli sürdüyü ideyaların çoxu həyata keçmişdir. Dədə Qorqudu Azərbaycan xalqına qaytaran məhz Anar olmuşdur. Bu, çox böyük tarixi xidmətdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dəstəyi ilə artıq suveren Azərbaycanda Dədə Qorqudun möhtəşəm yubileyi keçirilmiş, bu yubiley UNESCO xətti ilə də qeyd edilmişdir. İnsanın ilk baxışda çin olması inanılmaz sayılan ideyalarının həyata keçməsini görməsi, yəqin ki, xoşbəxtlikdir".

P.Bülbüloğlu yazıçının respublikanın ictimai həyatında rolunuonun vətəndaşlıq mövqeyini vurğulayaraq demişdir: "Azərbaycan öz müstəqilliyinə nail olmaq üçün müharibə ilə, öz ərazisinin bir hissəsinin - Azərbaycan mədəniyyətinin beşiyi sayılan Qarabağın itirilməsinin ağrı-acısı ilə üzləşmişdir. Bütün bu illər ərzində Anar bir insan kimi, yazıçı kimi, Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, görkəmli ictimai xadim kimi Azərbaycan ziyalısının ləyaqətini heç vaxt itirməmişdir. Bu, çox vacibdir".

Rusiya yazıçılarının nümayəndələri, ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri öz çıxışlarında vurğulamışlar ki, Anarın yaradıcılığı Azərbaycan və rus klassik ədəbiyyatının böyük ənənələrinin davam etdirilməsi ilə əlamətdardır. Natiqlər Azərbaycan ədəbiyyatçıları ilə, o cümlədən Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsi ilə əlaqələrin yüksək səviyyədə olmasını qeyd etmişlər.

Beynəlxalq Yazıçı və Publisistlər Assosiasiyasının prezidenti, Riqadan Moskvaya məxsusi Anarın yubileyi münasibətilə gəlmiş Andey Korsarov tanınmış Azərbaycan yazıçısının ictimai fəaliyyətinin beynəlxalq aspektinin əhəmiyyətini vurğulayaraq "Planeta poetov" ("Şairlər planeti") kitabının altıncı cildini Anara hədiyyə etmişdir. Bu cilddə azərbaycanlı müəlliflərin də əsərləri dərc edilmişdir.

Ümumrusiya Azərbaycanlıları Konqresinin Aparatının icraçı direktoru İlqar Hacıyev, Moskva Yazıçılar İttifaqının üzvü, şair-tərcüməçi Mixail Sinelnikov, Moskvadakı bir sıra Azərbaycan ictimai təşkilatlarının rəhbərləri və nümayəndələri, Azərbaycan diasporunun nümayəndələri yubilyara ünvanlanmış təbrik nitqləri ilə çıxış etmişlər.

Azərbaycanın xalq yazıçısı Anar səmimi təbriklərə görə təşəkkürünü bildirərək demişdir: "Şadam ki, 75 illik yubileyimi gəncliyimin keçdiyi şəhərdə qeyd edirəm. Moskva mənə doğma şəhərdir. Dünyada mənim sevimli şəhərlərim arasında Bakı və Şuşa ilə yanaşı, Moskva da vardır. İnanın ki, Moskvada yubileyimin keçirilməsi  mənim təşəbbüsüm deyil. Bakıda da yubileyimin keçirilməsi mənim təşəbbüsüm olmayıb, hətta Yazıçılar Birliyindəki həmkarlarımdan xahiş etmişdim ki, Azərbaycan Prezidentinin Administrasiyasına mənim yubileyim barədə təqdimat yazmasınlar. Mənim üçün gözlənilməz oldu ki, möhtərəm Prezident İlham Əliyev mənim 75 yaşımın tamam olmasını təqvimdə oxuduğunu demişonun sərəncamına əsasən mən "Şərəf" ordeni ilə təltif edilmişəm".

Yubiley gecəsinin sonunda "Şəfəq səfiri" adlı bədii film nümayiş etdirilmişdir. Böyük Azərbaycan dramaturqu və ictimai xadim Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətindən bəhs edən bu film Anarın ssenarisi əsasında çəkilmişdir. Filmin rejissoru Ramiz Həsənoğlu, operator Kənan Məmmədovdur.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 16 aprel.- S.11.