Sənət zirvəsinin Solmaz
ulduzu
Azərbaycan Teatr Xadimləri İttifaqında əməkdar rəssam Solmaz Musayevanın 85 illik yubileyi keçirildi. Xalq artisti Azər Paşa Nemətov ömrünü gənclik illərindən teatr rəssamlığı sənətinə bağlayan yubilyar haqqında ətraflı danışmaq üçün sözü sənətşünaslıq doktoru, professor Məryəm Əlizadəyə verdi. O, Azərbaycan teatr rəssamlığı sənətində solmaz çiçəyə bənzətdiyi yubilyarın həyat və yaradıcılığının zəngin və şərəfli olduğundan söz açaraq bildirdi ki, tanınmış yazıçı Qılman İlkinin ata ocağında, yəni qardaşı, nasir, pedaqoq Qurban Musayevin ailəsində 1928-ci ilin aprelində dünyaya göz açan Solmaz ilk sənət təhsilini 1947-1952-ci illərdə Ə.Əzimzadə adına Bakı Rəssamlıq Məktəbində alıb: "Sonra o, Sank-Peterburqda məşhur Muxina adına Bədii Dekorativ-Tətbiqi Sənət İnstitutunda ali təhsilini davam etdirsə də, təəssüf ki, ailə vəziyyəti ilə bağlı sənət dərslərini yarımçıq qoymağa məcbur olub. Həyat və fəaliyyətinin əsas dövrünü A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrına bağlayaraq 1965-1981-ci illərdə burada quruluşçu rəssam, 1987-ci ilədək isə baş rəssam kimi çalışıb. İstedad və qabiliyyətini sevdiyi sənətdə nümayiş etdirməklə kollektivin və kiçikyaşlı tamaşaçıların sevimlisinə çevrilib".
Dövlət Film Fondunun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, yazıçı-dramaturq Əli Əmirli, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının ilk direktoru olmuş əməkdar mədəniyyət işçisi Hüseyn Əhmədov, hazırkı rəhbəri Rəşad Əhmədzadə, rəssam Lətifə Quluzadə, kuklaların dili ilə tamaşaçı ovsunlayan Tamella Bünyadova, Rəhman Rəhmanov səhnə rəssamlığının həmişəcavan Solmazı hesab edilən yubilyarın keçdiyi ömür və sənət yoluna müxtəlif səmtdən işıq saldıqca onun istedadı, fədailiyi, intizamı və məsuliyyəti bir daha göz önündə canlandı.
Yeri gəlmişkən deyək ki, Solmaz xanım 1987-ci ilə kimi A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 60-a yaxın tamaşaya səhnə tərtibatı verib ki, onların sırasında A.Qaydarın "Malçiş-Kibalçiş", S.Marşakın "Bu ev kimin evidir?", Ü.Hacıbəylinin "O olmasın, bu olsun", Ə.Abbasovun "Şəngülüm, Şüngülüm, Məngülüm", X.Əlibəylinin "Cunquş", Anarın "Qaravəlli", T.Mütəllibovun "Meşə nağılı", F.Sadığın "Yumaq top", M.Atəşin "Cırtdan", M.Seyidzadənin "Sehrli nar" və s. kimi yaddaqalan, uşaqların sevdiyi tamaşa və filmlər də var.
Daha maraqlı faktlardan biri də odur ki, Solmaz Musayevanın 25 kukladan ibarət zəngin koloritli "Azərbaycan qadın toyu" kompozisiyası Rəssamlar İttifaqında nümayiş etdirilən zaman ulu öndər Heydər Əliyevin diqqətini çəkib və rəssamın istedadını yüksək qiymətləndirib. Həmin əsər Avstraliyada keçirilən spartakiada zamanı da ekspozisiyada olub. Qadın rəssamın yaratdığı kuklalar Şərq ölkələrinin tətbiqi sənət üzrə Pakistanda keçirilən festivalında birinci dərəcəli mükafata layiq görülüb.
Teatrda çalışdığı illərdə Solmaz Musayeva keçmiş SSRİ-də və bir sıra xarici ölkələrdə keçirilən kukla teatrları festivallarında nəinki iştirak edib, həm də laureat adı qazanıb. O, teatrda çalışmaqla yanaşı, müxtəlif janrlarda unikal dekorativ-tətbiqi sənət nümunələri yaradıb. Onun nağılvari kompozisiyaları, çoxsaylı obrazlardan ibarət kukla ansamblları ölkəmizdən xeyli uzaqlara "ayaq açıb": Amerika, Fransa, İsrail kimi dövlətlərdə rəssamın kuklalarının "oyunları" canlı aktyorların obrazından seçilməyib. Təkcə onu deyək ki, "Şuşalı qadına Şirvanlı xanım qonaq gəlib" adlı əsəri UNESCO-nun mənzil-qərargahının daimi eksponatıdır.
1987-ci ildən fərdi yaradıcılıqla məşğul olan əməkdar rəssamın yaratdığı 4 mindən artıq milli etnoqrafik kukla nəinki respublikamızın, xarici ölkələrin məşhur muzeylərində, həmçinin şəxsi kolleksiyalarda da saxlanır.
Teatr
rəssamlığı ilə yanaşı, Solmaz Musayeva təsviri
sənətin digər sahələrində də öz
qabiliyyət və istedadını nümayiş etdirib. O, 6
cizgi filminə quruluş verib ki, onlardan "İlham"
Özbəkistanın paytaxtı Daşkənddə
keçirilən beynəlxalq
festivalda I dərəcəli diploma, "Göyçək
Fatma" isə Gürcüstan Rəssamlar
İttifaqının mükafatına layiq görülüb.
Məhəmməd NƏRİMANOĞLU
Azərbaycan.-2013.- 16 aprel.- S.11.