Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna və Mingəçevir şəhərinə
səfəri
Hacıqabulda yenidən qurulan Heydər
Əliyev Mərkəzi ilə tanışlıq
Xəbər verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də
Hacıqabul rayonunda səfərdə olmuşdur.
Dövlət
başçısı xalqımızın ümummilli lideri
Heydər Əliyevin Hacıqabul şəhərinin mərkəzində
ucaldılmış abidəsini ziyarət edərək
önünə gül dəstəsi qoydu.
Sonra
Azərbaycan Prezidenti parkın ərazisində yenidən
qurulan Heydər Əliyev Mərkəzi ilə tanış
oldu.
Məlumat
verildi ki, mərkəz 2008-ci ilin mayından fəaliyyət
göstərir. Ötən ilin fevralından burada aparılan
yenidənqurma işlərindən sonra bina genişləndirilmiş,
ümumi sahəsi 260 kvadratmetrdən 1172 kvadratmetrə
çatdırılmışdır. Mərkəzdə əlavə
olaraq ekspozisiya zalı, foto, xalq yaradıcılığı
və rəsm studiyaları, elektron kitabxana, xarici dil mərkəzi,
konfrans və kino zalları yaradılmışdır. Bu, rayon
gənclərinin ümummilli lider Heydər Əliyevin siyasi
irsinin öyrənilməsi, eləcə də bilik və
bacarıqlarının artırılması, xarici dillərə
yiyələnməsi, elektron kitabxanalardan geniş istifadə
etməsi üçün geniş imkan açır.
Mərkəzdə
ulu öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində
və ölkəmizin müstəqilliyi dövründə
Hacıqabula səfərlərini, rayon ictimaiyyəti ilə
görüşlərini əks etdirən maraqlı fotolar
toplanmışdır. Xalq yaradıcılıq studiyasında
gənclər qədim və müasir
xalçaçılıq, toxuculuq, naxışvurma sənətinin
sirlərinə yiyələnəcəklər. Mərkəzdə
fəaliyyət göstərəcək rəsm studiyası
rayon gənclərinin rəssamlıq sənəti ilə məşğul
olmalarına imkan yaratmaqla yanaşı, həm də
onların istedadlarını nümayiş etdirmələri
üçün geniş imkanlar açır. Heydər Əliyev
Mərkəzinin xarici dil bölməsində gənclər
ingilis, fransız, rus, alman dillərini öyrənə biləcəklər.
Bunun üçün onlar bölmədə
quraşdırılan müasir texniki vasitələrdən
istifadə edəcəklər. Burada yaradılan
avtomatlaşdırılmış kitabxanada informasiya sistemindən
istifadə edilir. Kitabxanada xüsusi sistemin köməyi ilə
elektron kataloq yaradılmışdır. Bu sistemdə hazırda
on baza fəaliyyət göstərir. Kitabxananın
bütün elektron resursları sistemin veb modulu vasitəsilə
dünya informasiya məkanına çıxarılır.
Mərkəzlə
tanışlıqdan sonra Azərbaycan Prezidenti Heydər Əliyev
parkını gəzdi.
Hacıqabul
Rayon İcra Hakimiyyətinin başçısı Əhməd
Muxtarov Prezident İlham Əliyevə məlumat verdi ki, parkda
2011-ci ilin sentyabrından yenidənqurma işlərinə
başlanmışdır. Ümumi sahəsi 1,5 hektar olan parkda
rayon sakinlərinin istirahətinin təmin edilməsi
üçün geniş imkanlar yaradılmışdır. Burada
uşaq əyləncə və istirahət mərkəzi, 320
yerlik yay teatrı və kafe inşa edilmişdir. Parkda
müasir işıqlandırma sistemi
quraşdırılmış, yaşıllıq zolaqları
salınmışdır.
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.1.