Rəncbər-Qubalı Baloğlan-«Pir-Hüseyn» Xanəgahı avtomobil yolu istifadəyə
verilmişdir
Azərbaycan Prezidenti İlham Əliyevin
Hacıqabul rayonuna və Mingəçevir şəhərinə
səfəri
Hacıqabul
rayonuna səfəri çərçivəsində Prezident
İlham Əliyev aprelin 15-də Rəncbər-Qubalı
Baloğlan-"Pir-Hüseyn" Xanəgahı avtomobil yolunun
açılışında iştirak etmişdir.
Prezident İlham Əliyev yeni yolun, eləcə də hazırda genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan respublika əhəmiyyətli yolların, həmçinin Hacıqabul-Paşalı-Tağılı avtomobil yolunun texniki-iqtisadi göstəricilərini əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına məlumat verdi ki, yeni magistralın istismara verilməsi yerli əhali ilə yanaşı, "Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğuna gələn qonaqların rahatlığını tam təmin edəcəkdir. Əvvəllər sakinlər bu ərazidə torpaq və çınqıl yoldan istifadə etmişlər. Yolun inşasına "Azəryolservis" ASC tərəfindən bir ay əvvəl başlanılmış və işlərin keyfiyyətlə, eyni zamanda, qısa müddətdə görülməsi üçün bütün qüvvələr səfərbər olunmuşdur. Nəticədə rayonun mühüm yaşayış məntəqələrini birləşdirən rahat bir yol ərsəyə gəlmişdir.
Qeyd edildi ki, ümumi uzunluğu 18 kilometr, eni 6 metr olan yol dördüncü dərəcəlidir. Yeni yolun salınması zamanı bütün zəruri yol nişanları qoyulmuş, dayanacaqlar inşa edilmişdir. Yolun Bakı-Tbilisi əsas magistralından Rəncbər kəndinədək olan hissəsi 6,5 kilometr, Rəncbər kəndindən Qubalı Baloğlan kəndinə olan hissəsi 5,5 kilometr, Qubalı Baloğlan kəndindən "Pir-Hüseyn" Xanəgahı Tarix-Memarlıq Qoruğuna olan hissəsi isə 6 kilometrdir. Yeni yol Rəncbər-Qubalı Baloğlan kəndlərinin 6500-dən çox sakininə xidmət edəcəkdir.
Prezident İlham Əliyevə respublika əhəmiyyətli digər yollarda aparılan işlər, həmçinin genişləndirilən və perspektivdə genişləndirilməsi nəzərdə tutulan yollar barədə də məlumat verildi.
Sonra
rayon icra hakimiyyətinin başçısı Əhməd
Muxtarov dövlət başçısına
Hacıqabul-Paşalı-Tağılı avtomobil yolu barədə
məlumat verdi. Bildirildi ki, dördüncü dərəcəli
bu yolun ümumi uzunluğu 37 kilometrdir. Burada əsaslı təmir
işlərinə ötən ilin avqustunda
başlanılmışdır. Yolun 10 kilometri artıq
istismara hazırdır. Azərbaycan Prezidentinin 2012-ci il
dekabrın 5-də imzaladığı sərəncamla yolun
inşasına 5 milyon manat vəsait ayrılmışdır.
Yolboyu müxtəlif diametrli 28 suötürücüsü
qoyulmuşdur. Bu ilin avqustunda istifadəyə veriləcək və
7 yaşayış məntəqəsini birləşdirəcək
yoldan 6 min sakin istifadə edəcəkdir.
Azərbaycan
Prezidenti yolun rəmzi açılışını bildirən
lenti kəsdi.
Sonra
Prezident İlham Əliyev Rəncbər və Qubalı
Baloğlan kəndlərinin sakinləri ilə
görüşdü.
Sakinləri salamlayan Prezident
İlham ƏLİYEV dedi:
- Gözəl yoldur, təzə çəkilibdir.
Bu gözəl hadisə münasibətilə
sizi təbrik edirəm.
Kənd yollarının çəkilişi
ölkə üzrə
sürətlə gedir. O cümlədən
Hacıqabul rayonunda da bu işlər
aparılır. İndicə mənə məruzə edildi, bir bu
kənd yoludur, bir də ki,
digər istiqamətdə
kənd yolları bərpa edilibdir. Əslində, yenidən tikilir.
Çünki bu yollar torpaq yolları olmuşdur. Bilirəm ki, kənd camaatı uzun illər əziyyət çəkirdi. Ancaq indi
bu gözəl yol çəkiləndən
sonra rahat gedib-gəlmək mümkün
olacaqdır.
SAKİNLƏR:
Çox sağ
olun. Təşəkkür edirik.
Prezident
İlham ƏLİYEV: Sizi
ürəkdən təbrik
edirəm, sizə cansağlığı arzulayıram.
Çünki yol hər bir yaşayış məntəqəsi üçün
çox önəmlidir.
Yaxşı yol olmayanda istər-istəməz problem də
yaranır, xüsusilə
qış və payız aylarında.
Gözəl asfalt yoldur,
rahatdır, bir neçə kəndi birləşdirir. Digər istiqamətdə
yeddi yaşayış
məntəqəsini birləşdirən
yol çəkilir.
Gələcək illərdə hələ
bu işlər davam etdiriləcəkdir.
Çünki buna hələ
ehtiyac vardır.
Çalışmalıyıq ki, bütün
kəndlərimizdə gözəl
yollar olsun.
Göstərdiyi diqqət və
qayğıya görə
kəndlərin əhalisi
adından Prezident İlham Əliyevə minnətdarlığını bildirən Qənimə
İSRAFİLOVA dedi:
- Möhtərəm cənab
Prezident! İcazə verin, Sizi Rəncbər-Qubalı Baloğlan
kəndlərinin sakinləri
adından salamlayım.
Kəndimizə "Xoş gəlmisiniz"
deyim. Rəncbər
və Qubalı Baloğlan kəndlərindən
keçərək "Pir-Hüseyn"
Xanəgahı Tarix-Memarlıq
Qoruğuna qədər
uzanan bu 18 kilometrlik gözəl asfalt yolu biz sakinlərə bəxş
etdiyinizə görə
Sizə hər iki kəndin sakinləri adından dərin minnətdarlığımızı
bildirək, ürəkdən
təşəkkür edək.
Allah Sizə cansağlığı
versin, ömrünüz
uzun olsun. Allah Sizə yar
olsun. Çox razıyıq. Sizin diqqətinizi hər dəfə görürük, hiss edirik.
Kənd sakinləri adından bir təklifimiz də vardır. Hər iki kəndin əhalisinin Sizdən bir xahişi vardır. Kəndin girəcəyində dəmir yolu keçidi darısqaldır.
Prezident
İlham ƏLİYEV: Mən
də gördüm. Bir az ensizdir.
Qənimə İSRAFİLOVA: Oradan iritutumlu maşınlar keçəndə problem yaranır,
uzaq məsafə qət edərək gəlirlər. Bu işdə bizə kömək göstərməyinizi
xahiş edirik.
Prezident
İlham ƏLİYEV: Kömək
göstərərik, nəqliyyat
naziri də buradadır. Göstəriş verirəm ki,
bu məsələ də həll olunsun. Mən də fikir verdim ki, çox
ensizdir. Yəqin ki,
əvvəlki illərdə
tikilmişdir. Onu da genişləndirmək lazımdır
ki, rahat gediş-gəliş olsun.
Qənimə İSRAFİLOVA: Təşəkkür
edirik. Səmimi təşəkkürümüzü
bildiririk. Çox sevindirici
haldır. Rəncbər kəndinin tarixinə qızıl hərflərlə
yazılacaqdır.
Prezident
İlham ƏLİYEV: Bu yolun
çəkilişi vətəndaşların
müraciəti əsasında
baş vermişdir. Siz bilirsiniz ki, biz ilk növbədə, magistral
yolların təmiri ilə məşğul idik. İndi Hacıqabuldan Bakıya
və digər istiqamətə getmək üçün gözəl
imkanlar vardır.
Ondan sonrakı mərhələdə
şəhərlərarası yolların tikilməsi ilə məşğul olduq. Bu layihə
də demək olar ki, başa
çatmaq üzrədir.
Ardıcıllıqla kənd yollarının
təmiri və qurulması məsələsi
diqqət mərkəzində
oldu. Bu layihələrdə,
əlbəttə, ilk növbədə
daha çox yaşayış məntəqəsi
olan yollara üstünlük verildi.
Bu istiqamət üzrə cəmi iki kənd vardır.
Ancaq vətəndaşların xahişini
nəzərə alaraq,
burada xüsusilə tarixi abidə olan "Pir-Hüseyn" Xanəgahının mövcudluğunu
nəzərə alaraq
bu yol da
proqrama salındı.
Əminəm ki, bundan sonra
da Hacıqabul rayonunda bütün digər məsələlər
uğurla həll olunacaqdır. Burada digər infrastruktur
layihələri, içməli
su layihəsi icra edilir. Əlbəttə, içməli su,
ilk növbədə, rayon mərkəzinə
veriləcəkdir, ondan
sonra kəndlərə.
Qazlaşdırma gedir. İndi bütün
kəndlərdə qaz
xətləri ya çəkilibdir, ya da ki, çəkilir.
Sizin kəndinizdə var, daimidir?
SAKİNLƏR:
Bəli, bütün evlərdə var, daimidir. Çox sağ olun.
Prezident
İlham ƏLİYEV: Belə
də olmalıdır.
Qənimə İSRAFİLOVA: Sizin diqqətiniz və göstərişləriniz sayəsində.
İnsan
amilinə çox böyük önəm göstərirsiniz.
Prezident
İlham ƏLİYEV: Əlbəttə,
əsas məsələ
bundan ibarətdir ki, Azərbaycan vətəndaşları rahat
yaşasınlar. Sizi bir daha ürəkdən təbrik edirəm.
SAKİNLƏR:
Sağ olun.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.1.