Prezident İlham Əliyev
Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə
içməli suyun verilməsi mərasimində iştirak
etmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Hacıqabul rayonuna və Mingəçevir
şəhərinə səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də
Şirvan-Muğan su kəmərindən Hacıqabul şəhərinə
içməli suyun verilməsi mərasimində iştirak
etmişdir.
Dövlət
başçısı Hacıqabul şəhərinin su təchizatının
planını və Şirvan-Muğan su kəmərinin texniki
göstəricilərini əks etdirən stendlərə baxdı.
"Azərsu"
ASC-nin sədri Qorxmaz Hüseynov bildirdi ki, Hacıqabul şəhərinin
günlük orta su sərfi 248 min litrdir. Ümumi su
anbarının ehtiyatı 10 min kubmetrdir. Şirvan-Muğan su
kəmərinin uzunluğu 170 kilometrdir. Bu kəmərdən
istifadə edən əhalinin sayı isə 470 min nəfərdir.
Layihəyə əsasən, kəmər 121 kəndi, o
cümlədən Sabirabadın 13 kəndini əhatə edəcəkdir.
Sabirabad-Saatlı qrup su kəmərinin uzunluğu isə 40
kilometrdir. Layihəyə əsasən, 37 kəndin 160 mindən
çox sakini təmiz içməli sudan istifadə edəcəkdir.
Məlumat
verildi ki, "Hacıqabul şəhərinin su təchizatı
və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"
əhali artımının 2035-ci ilə qədər
inkişaf perspektivi nəzərə alınmaqla 30,4 min nəfər
üçün hesablanmışdır və dövlət
büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
Hacıqabul şəhərinin sakinləri içməli su ilə
- təməli 2012-ci il iyulun 16-da Prezident İlham Əliyev tərəfindən
qoyulmuş Şirvan-Muğan qrup kəməri vasitəsilə
təmin olunacaqdır.
Hacıqabul
şəhərində mərkəzləşdirilmiş
içməli su sistemi 1970-ci illərdə
yaradılmışdır. Hazırda şəbəkə
istismara yararsızdır. Şəhərin su şəbəkəsinin
uzunluğu 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi
isə ümumiyyətlə, olmamışdır. Rəsmi
statistikaya əsasən, hazırda Hacıqabul şəhərinin
əhalisinin sayı 24,8 min nəfərdir və onların 50
faizə yaxını mərkəzləşdirilmiş
içməli su şəbəkəsi ilə təmin
olunmamışdır. Əhali orta hesabla sutkada qrafiklə 8
saat su alır. Qalan əhali isə öz tələbatını
fərdi qaydada ödəyir.
Yeni
"Hacıqabul şəhərinin su təchizatı və
kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"
çərçivəsində şəhərin su təchizatının
özüaxımlı rejimdə aparılması
üçün 2,4 kilometr uzunluğunda magistral kəmər
çəkilmişdir, relyef baxımından yüksək
nöqtədə tutumu 5 min kubmetr olan anbar inşa edilir. Şəhərdə
uzunluğu 115 kilometr olan müxtəlif diametrli
paylayıcı su şəbəkəsi və ümumi
uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi
yaradılacaqdır. İndiyədək 30 kilometr su xətti,
20 kilometr kanalizasiya xətti çəkilmişdir. 8,7 kilometr
uzunluğunda layihələndirilmiş kanalizasiya kollektorunun
6,7 kilometrində işlər tamamlanmışdır.
Ümumiyyətlə, 2014-cü ildə layihənin icrası
başa çatdıqdan sonra bütün şəhər əhalisi
fasiləsiz və keyfiyyətli içməli su ilə təmin
olunacaqdır. Layihəyə uyğun olaraq, Hacıqabul şəhərinin
şərq hissəsində, relyef baxımından
çökək ərazidə kanalizasiya-nasos
stansiyasının tikintisi planlaşdırılır.
Çirkab suları toplanaraq Şirvan-Kürdəmir avtomobil
yolunun kənarında tikiləcək çirkab sutəmizləyici
qurğuya ötürüləcəkdir və təmizləndikdən
sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna
axıdılacaqdır.
Azərbaycan
Prezidenti suyun şəhərə rəmzi olaraq verilməsini
təmin edən qurğunu işə salan düyməni
basdı.
Sonra
Hacıqabul rayon ictimaiyyətinin nümayəndələri ilə
görüşən Prezident
İlham ƏLİYEV dedi:
- Əziz
dostlar, hörmətli hacıqabullular!
Mən
sizi ürəkdən salamlayıram. Bu gün Hacıqabul
rayonunun inkişafında çox əlamətdar bir
gündür. Bu gün biz Hacıqabula içməli suyun
verilməsini qeyd edirik. Bu gözəl hadisə münasibətilə
sizi ürəkdən təbrik edirəm.
Son
illər ərzində ölkəmizdə görülən
işlər arasında içməli su layihələri
xüsusi yer tutur. Çünki bütün dövrlərdə
vətəndaşlarımız içməli su ilə
lazımi səviyyədə təmin olunmamışdılar.
Ulu öndər Heydər Əliyevin rəhbərliyi altında
1970-ci illərdə su problemlərinin böyük hissəsi
öz həllini tapmışdır. Ancaq həyat davam edir,
ölkəmiz inkişaf edir, əhali artır və əlbəttə,
su təminatı ilə əlaqədar əlavə tədbirlər
görülməli idi və görülür.
Hazırda
demək olar ki, ölkəmizin bütün yerlərində
içməli su və kanalizasiya layihələri icra edilir. Bu
proses geniş vüsət almışdır. Əminəm ki,
gələn illərdə Azərbaycanda hər bir yerdə təmiz
içməli su olacaqdır.
Hacıqabul
rayonunun içməli su ilə təmin edilməsi
üçün praktiki tədbirlər
görülmüşdür. Keçən il biz Hacıqabulda
Şirvan-Muğan su kəmərinin təməlini qoyduq. Bu kəmərin
fəaliyyəti nəticəsində artıq Hacıqabula
içməli su gəlir. Ondan sonrakı dövrdə yeni
şəbəkələr qurulacaqdır. Artıq bu işlərə
başlanılmışdır və biz hər bir evə
içməli suyun verilməsinə nail olacağıq. Bu,
doğrudan da, böyük layihədir, deyə bilərəm
ki, tarixi layihədir. Bu, onu göstərir ki, siyasi iradə
olduğu zaman hər bir iş görülə bilər.
Azərbaycanda
hər bir rayonda böyük infrastruktur layihələri icra
edilir. İlk növbədə, əlbəttə ki, biz
elektrik enerjisinin təchizatını yüksək səviyyəyə
qaldırmalı idik. Artıq bu proses demək olar ki, başa
çatır. Qazlaşdırma prosesi də uğurla gedir.
Hacıqabul rayonunun bütün kəndlərində
qazlaşdırma işləri aparılır, kəndlərin
böyük əksəriyyətində artıq bu işlər
başa çatmışdır. Yəqin ki, yaxın aylarda
bütün yaşayış məntəqələrində
24 saat keyfiyyətli qazın verilməsi mümkün
olacaqdır.
Biz kənd
yollarının çəkilişi ilə ciddi məşğuluq.
Bu gün biz Hacıqabulda kənd yollarının
açılışını da qeyd etmişik. İki layihə
icra edilir, biri artıq başa çatmışdır.
İndi ikinci layihə davam etdirilir və əminəm ki,
yaxın zamanlarda bütün kəndlərə gedən yollar
yenidən tikilib istifadəyə veriləcəkdir.
Beləliklə,
hər bir rayon üçün lazım olan infrastruktur layihələri
ardıcıllıqla və uğurla öz həllini
tapır. Beləliklə, regionların sosial-iqtisadi
inkişafı Dövlət Proqramının ikinci hissəsi də
artıq uğurla icra edilir və ilin sonuna qədər
başa çatdırılacaqdır. Ondan sonra 2014-2018-ci illəri
əhatə edəcək yeni proqram qəbul ediləcəkdir.
Ancaq bu ilin sonuna qədər hər bir yerdə əsas
infrastruktur layihələri başa çatmalıdır.
Bu layihələrin
içində əlbəttə ki, içməli su layihəsi
xüsusi yer tutur. Çünki su həyat deməkdir, təmiz
içməli su isə sağlam həyat deməkdir. Bizim
bütün siyasətimizin mərkəzində insan amili, Azərbaycan
vətəndaşı dayanır. Mən bunu dəfələrlə
qeyd etmişəm. Bir daha demək istəyirəm,
görülən bütün işlər, ölkəmizdə
gedən quruculuq, abadlıq, müasirləşmə işləri
bir məqsədi güdür ki, Azərbaycan vətəndaşı
rahat yaşasın, işlə təmin olunsun, yaxşı
maaş alsın və bütün infrastruktur layihələri
ən yüksək standartlara cavab versin. Biz bunu edirik, buna nail
oluruq. Azərbaycanda infrastruktur sahəsində görülən
bütün işlər ən yüksək dünya
standartlarına cavab verir, o cümlədən içməli
su layihəsi. Veriləcək suyun keyfiyyəti də yüksək
olacaqdır. Bu işlər Dünya Səhiyyə Təşkilatının
standartlarına uyğun şəkildə görülür.
Beləliklə, insan sağlamlığına çox
böyük töhfə veriləcəkdir. Çünki təmiz
içməli su bir daha demək istəyirəm ki, insan
üçün ən vacib şərtdir.
Mən əminəm
ki, biz bütün başqa istiqamətlər üzrə də
uğurlu siyasətimizi davam etdirəcəyik. Regionların
inkişafı uğurla gedir, sosial siyasət uğurla
aparılır. Bizim iqtisadi imkanlarımız da genişlənir
və birinci rübün
sosial-iqtisadi yekunları artıq müzakirə edilmişdir və
bir daha görürük ki, hər bir istiqamət üzrə
Azərbaycan sürətlə inkişaf edir. Xüsusilə
qeyri-neft sektorunun inkişafı bizim üçün
prioritetdir və bu sahədə birinci rübdə 11 faizdən
çox artım müşahidə olunub. Hesab edirəm ki, bu
da dünya miqyasında ən yüksək göstəricidir.
Dünyanın bir çox yerlərində hələ də
maliyyə və iqtisadi böhranın hökm
sürdüyünü nəzərə alsaq, Azərbaycanın
uğurlu inkişafı bir daha onu göstərir ki,
seçdiyimiz yol düzgün yoldur. Hər bir addım
düzgün istiqamətdə atılır. Ölkəmiz
böyük inkişaf yolu keçmişdir. Əminəm ki,
bu inkişaf, görülmüş işlər gələcək
inkişaf üçün də gözəl şərait
yaradacaqdır. Çünki biz bundan sonra da inkişaf yolu ilə
getməliyik.
Biz Azərbaycanda
bütün işləri ardıcıllıqla
görürük. Həm iqtisadi, həm siyasi sahədə,
xarici siyasət məsələlərinin həllində,
sosial sahədə. Yəni, ölkə hərtərəfli
inkişaf edir. Bir daha demək istəyirəm, ən gözəl
göstərici ondan ibarətdir ki, biz görülən
bütün işlərin nəticələrini
görürük. Bir neçə il bundan əvvəl biz
içməli su layihələrinin başlanmasını qeyd
etmişik, ancaq artıq bu gün bunun gözəl nəticələrini
görürük. Uğurlarımızın təməlində
ilk növbədə, bizim islahatlarımızdır və ilk
növbədə, Azərbaycanda Heydər Əliyev siyasətinin
davam etdirilməsidir. Gələn ay biz ulu öndərin 90
illik yubileyini qeyd edəcəyik. Bu ərəfədə bir
daha görülən bütün işlərə nəzər
saldıqda görürük ki, son 10 il ərzində Azərbaycan
Heydər Əliyev siyasətinə öz sadiqliyini göstərərək
böyük uğurlara nail olmuşdur. On il bundan əvvəl
mən bəyan etmişdim ki, əgər Azərbaycan xalqı
mənə etimad göstərərsə, mən Heydər Əliyev
siyasətini davam etdirəcəyəm. Çox şadam ki, bu
gün, 10 il keçəndən sonra görülən
bütün işlər, əldə edilmiş nəticələr,
bu inkişaf, bu quruculuq bir daha Heydər Əliyev siyasətinin
nə qədər düzgün olmasını təsdiqləyir.
Bu gün
Hacıqabulda içməli su layihəsinin başa
çatması, doğrudan da, əlamətdar və unudulmaz
bir hadisədir. Əminəm ki, gələcəkdə belə
gözəl açılışlar çox olacaqdır.
Hacıqabulda gözəl abadlıq-quruculuq işləri
aparılır, parklar salınır, yeni sənaye müəssisələri
yaradılır, küçələr abadlaşır. Bir
sözlə, rayonun inkişafı əminəm ki, bundan sonra
yalnız və yalnız sürətlə davam edəcəkdir.
Beləliklə, ölkə iqtisadiyyatına hacıqabullular da
öz dəyərli töhfələrini bundan sonra da verəcəklər.
Əziz dostlar, bu gözəl hadisə münasibətilə
sizi bir daha ürəkdən təbrik edirəm. Sağ olun.
* * *
Bu xeyirxah
təşəbbüsün reallaşmasına göstərdiyi
diqqət və qayğıya görə dövlət
başçısına hacıqabullular adından minnətdarlığını
çatdıran rayon sakini Hafiz BƏŞİROV dedi:
- Möhtərəm
cənab Prezident!
İcazə
verin, Sizi bütün Hacıqabul ictimaiyyəti adından
salamlayım, rayonumuza "Xoş gəlmisiniz!" deyim. Bu
gün rayonumuzun həyatında əlamətdar bir
gündür. Şəhərimizə içməli su verilir.
Məncə, cənab Prezident, insan həyatında suyun əhəmiyyəti
haqqında danışmağa ehtiyac yoxdur. Atalarımız
"su həyatdır" deyiblər. Su həmişə
elimizə, obamıza bolluq, paklıq, sağlamlıq gətiribdir.
Keçən
əsrin 70-ci illərində ulu öndər Heydər Əliyev
Kür çayından Bakı şəhərinə və ətraf
yaşayış məntəqələrinə kəmər
çəkdirərək milyonlarla insanı sevindirdi. İndi
bu nəcib missiyanı Siz davam etdirirsiniz, cənab Prezident.
Keçən
ilin iyulunda Hacıqabul rayonunda yeni su kəmərinin təməlqoyma
mərasimində Siz demişdiniz: "Əminəm ki, gələn
ilin sonuna qədər bütün 6 rayonda gözəl mərasimlər
keçiriləcəkdir. Bu rayonlara təmiz içməli
suyun verilməsi tədbirlərində sizinlə birlikdə
iştirak edəcəyik". Sizin iştirakınız və
xeyir-duanızla bu gün şəhərimizə təmiz
içməli su verildi. Hər bir sakinimiz insan həyatı və
sağlamlığı üçün əvəzsiz olan
içməli su ilə təmin olunacaqdır. Bu, Sizin təkcə
hacıqabullulara deyil, ölkəmizdə insanlarımıza,
ölkə vətəndaşlarına necə yüksək
önəm verməyinizin bariz nümunəsidir.
İcazə
verin, bizə həyatımız üçün əvəzsiz
bir nemət olan təmiz su bəxş etdiyinizə görə
bütün hacıqabulluların dərin minnətdarlığını
və səmimi təşəkkürlərini Sizə
çatdırım.
Möhtərəm cənab Prezident!
Biz
çox yaxşı bilirik ki, Sizin fəaliyyətinizin təməlində
həmişə Azərbaycan vətəndaşı
dayanır. Sizin həyata keçirdiyiniz bütün tədbirlər
insanların yaxşı yaşamasına, onların həyatının,
təhlükəsizliyinin, hüquqlarının qorunmasına
yönəlibdir. 2010-cu ildə baş vermiş təbii fəlakət,
sel daşqınları zamanı biz bunun bir daha şahidi olduq.
Sadə insanlar o çətin günlərdə dövlətin
gücünü, onun rəhbərinin qayğısını
bir daha hiss etdilər. Həmin günlərdə məhz Sizin
rəhbərliyinizlə görülmüş tədbirlər
nəticəsində insan tələfatına yol verilmədi.
İnsanlar böyük çətinliklə üz-üzə
qalmadı. Doğrudan da, bir neçə ay keçmədi ki,
bütün fəlakət bölgəsində olduğu kimi,
Hacıqabulda da sel suları basmış kəndlərimizdə
zərərçəkmiş ailələr üçün
yüzlərlə yeni evlər tikildi. İnsanlara maddi kömək
göstərildi. Hacıqabullular bütün bunlara görə
bir daha Sizə öz dərin minnətdarlığını
bildirirlər.
Möhtərəm
cənab Prezident!
Bu gün
hər birimiz ölkəmizin uğurlarına görə
böyük qürur hissi keçiririk. Çünki Azərbaycan
son illər ərzində iqtisadİ inkişaf
baxımından, sözün əsl mənasında,
dünyanın ən sürətlə inkişaf edən
ölkələrindən birinə çevrilmişdir. Bəli,
cənab Prezident, bu, əsl həqiqətdir. Rayonumuzda vaxtilə
mövcud olan problemlər bu gün Sizin yüksək diqqətiniz
sayəsində ardıcıllıqla aradan
qaldırılır. Rayonumuzda öz məhsulu ilə
bütün ölkəni təmin etmək gücündə
olan yüzlərlə hacıqabullunun işləyəcəyi
tikinti materialları zavodu istifadəyə verilib. Bu müəssisə
sakinlərimizin, xüsusən də gənclərimizin məşğulluq
probleminin həllinə böyük töhfə olacaqdır.
Böyük məmnunluq və razılıq hissi ilə bildirmək
istəyirəm ki, bu gün hər bir hacıqabullunun evinə
mavi yanacaq verilir. Hər bir ev dayanıqlı elektrik enerjisi ilə
təmin edilir. İndi rayonumuzun vaxtilə gediş-gəlişi
həddindən artıq çətin olan ən ucqar kəndlərinə
belə yeni yollar çəkilir. Bütün bunlarla
yanaşı, ümumtəhsil məktəblərimizin
hamısı yenidən qurulmuş, onların maddi-texniki
bazası möhkəmləndirilmiş, rayonda uşaq tibb mərkəzi,
50 çarpayılıq xəstəxana-poliklinika tikilib istifadəyə verilmişdir.
Sizin
qayğınız sayəsində şəhərimiz də
öz görkəmini tanınmaz dərəcədə dəyişib.
Şəhərimizdə yeni xiyaban və parklar salınır.
Müasir işıqlandırma sistemi qurulub. Bir sözlə,
sakinlərimizin rahat yaşayışı üçün hər
cür şərait yaradılır. Bütün bunlara görə,
bizim firavan yaşamağımız üçün
gördüyünüz həyati əhəmiyyətli işlərə
görə, cənab Prezident, Sizə və Heydər Əliyev
Fondunun prezidenti, hörmətli Mehriban xanım Əliyevaya
hacıqabulluların dərin minnətdarlığını
çatdırıram.
Möhtərəm
cənab Prezident!
Xalqımızın
Sizə olan inamı, etibarı möhkəm və tükənməzdir.
Çünki Siz insanlarımızın kiçikdən
böyüyə kimi hamısına dərin rəğbət
və hörmətlə yanaşırsınız. Daim bizim
sağlamlığımızın, təhlükəsizliyimizin
qayğısına qalırsınız. Biz əziz
Prezidentimizlə fəxr edir və qürur duyuruq. Biz
hacıqabullular həmişə Sizinləyik.
Diqqətinizə
görə çox sağ olun.
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.2.