Daxili Qoşunların Hacıqabuldakı «N» saylı hərbi hissəsində yenidənqurma işlərinin gedişi ilə tanışlıq

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 15-də Daxili Qoşunların Hacıqabuldakı "N" saylı hərbi hissəsində yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Daxili işlər naziri general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Məlumat verildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nizami ordu quruculuğu siyasəti Azərbaycanı regionda ən güclü orduya malik dövlətə çevirmişdir. Son on il Daxili Qoşunların fəaliyyətinin təşkili, idarə olunması və şəxsi heyətin həyat şəraitinin yaxşılaşdırılması da diqqət mərkəzindədir. Cəmiyyətin və dövlətin mənafeyinin, habelə ictimai asayişin mühafizəsində daim sayıq dayanan Daxili Qoşunların əsgər və zabitləri ötən illər ərzində öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Daxili Qoşunlarda aparılan islahatlar, döyüş hazırlığı, maddi-texniki təminat, hərbi qulluqçuların sosial vəziyyəti və digər proseslər baxımından son illər bu qurum üçün də yeni inkişaf dövrü kimi xarakterizə olunur. Qarşıya qoyulan xidməti vəzifələrini şərəflə yerinə yetirməyə qadir olan Daxili Qoşunların şəxsi heyəti Azərbaycanın milli mənafelərinin keşiyində ayıq-sayıq dayanmışdır və ölkədə daxili sabitliyin qorunmasında əsas qüvvələrdən biridir. Daxili Qoşunlar artıq yüksək peşəkarlığa malik, mənəvi-psixoloji hazırlığı mükəmməl olan bir quruma çevrilmişdir.

Dövlət başçısı hərbi hissənin yenidən qurulması layihəsi və maketi ilə tanış oldu. Bildirildi ki, hazırda Daxili Qoşunların maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir. Hərbi hissədə yaradılan şərait də bunun əyani nümunəsidir. 19 hektar ərazidə salınan hərbi şəhərcikdə yenidənqurma işləri mərhələli şəkildə davam etdiriləcəkdir. Birinci mərhələdə inşasına ötən ilin martında başlanan beşmərtəbəli qərargah, əsgər yataqxanası və yeməkxana, nəzarət-buraxılış məntəqəsi tikilmişdir. Ərazi hasarlanaraq geniş sıra meydanı yaradılmış, daxili kommunikasiya xətləri çəkilmişdir. Şəhərciyin ərazisində yaşıllaşdırma işləri aparılmışdır. Binalar bütün zəruri mühəndis-kommunikasiya sistemləri ilə təchiz olunmuşdur. Birinci mərhələdə tikilən bina və qurğuların ümumi sahəsi 7 min 674 kvadratmetrdir. Növbəti mərhələdə isə şəhərcik ərazisində 400 nəfərlik beşmərtəbəli əsgər yataqxanası, 60 mənzilli altımərtəbəli yaşayış binası, silah-sursat anbarı, 100 avtomaşınlıq avtopark tikiləcəkdir. Həmçinin burada qarovul məntəqəsi, hamam və camaşırxana, qazanxana, transformator yarımstansiyası, nasosxana və gözətçi qüllələrinin tikintisi nəzərdə tutulmuşdur.

Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, şəhərciyin ərazisindəki binaların inşasında milli memarlıq elementlərindən istifadə edilmişdir.

Sonra Prezident İlham Əliyev hərbi hissənin qərargahında yaradılan şəraitlə tanış oldu. Qərargahın foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Silahlı Qüvvələrin inkişafına göstərdikləri diqqət və qayğını, Daxili Qoşunların fəaliyyətini əks etdirən fotostendlər və dövlət atributlarının əks olunduğu lövhələr qurulmuşdur. Müxtəlif inzibati otaqların yerləşdiyi birinci mərtəbədə, eyni zamanda, döyüş fəaliyyətinin gücləndirilməsi ilə bağlı təlimatlar da əksini tapmışdır. Yeni inşa olunan qərargah da bütün zəruri kommunikasiya sistemləri, mebel və inventarla təmin olunmuşdur.

Azərbaycan Prezidenti hərbi şəhərciyin ərazisini gəzdi, yenidən qurulan 70 mənzilli zabit yataqxanasına baxdı, zabit ailələrinin yaşayış şəraiti ilə maraqlandı.

Dövlət başçısı hərbçilərin ailə üzvləri ilə xatirə şəkli çəkdirdi.

Hərbi şəhərciyin fəaliyyəti ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 17 aprel.- S.3.