Hacıqabulda seramik
plitələr istehsalı zavodu istifadəyə verilmişdir
Hacıqabula
səfəri çərçivəsində Prezident İlham
Əliyev aprelin 15-də Gilan Seramik Parkında seramik plitələr
istehsalı zavodunun açılışında da iştirak
etmişdir.
Məlumat
verildi ki, bu zavod Cənubi və Şimali Qafqaz, həmçinin
Mərkəzi Asiya ölkələri arasında yalnız Azərbaycandadır.
Sahəsi 27 hektar olan müəssisənin inşasına
2009-cu ilin sonlarında başlanılmışdır. Zavodda
bu sahədə dünyanın ən aparıcı şirkəti
olan İtaliyanın "Sacmi" müəssisəsinin
avadanlığı quraşdırılmışdır. Bu
avadanlıq vasitəsilə beynəlxalq standartlar səviyyəsində
məhsul əldə etmək mümkündür. Müəssisənin
fəaliyyətə başlaması daxili bazarın həmin
materiallara tələbatının ödənilməsində
həlledici rol oynayacaqdır. Bununla yanaşı, gələcəkdə
məhsulların xaricə ixracı da
planlaşdırılır.
Yeni
müəssisələrin yaradılması əhalinin məşğulluğunun
artırılmasında da mühüm əhəmiyyət kəsb
edir. Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana
xidmət göstərəcəkdir. Müəssisənin ərazisində
inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir
qonaq evində qonaqların və zavodda
çalışanların istirahəti üçün hər
cür şərait yaradılmışdır. Müəssisənin
inzibati bölməsində də işçilər
üçün hərtərəfli şərait vardır.
Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə
qurulmuşdur. Burada müxtəlif tədbirlərin
keçirilməsi mümkün olacaqdır. İkimərtəbəli
sərgi salonunda zavodda istehsal olunan məhsullar nümayiş
etdirilir. Bundan başqa, müəssisənin ərazisində
hazır məhsullar və avadanlığın ehtiyat hissələri
anbarları inşa olunmuş, nasosxana, qazanxana və
transformator quraşdırılmışdır. Zavodun həyətində
geniş abadlıq-quruculuq işləri
görülmüş, yaşıllıqlar
salınmış, idman meydançası
yaradılmışdır.
Məlumat
verildi ki, zavod 19,7 min kvadratmetr qapalı sahədən ibarətdir.
Burada quraşdırılan müasir avadanlıqla rəqabətədavamlı
məhsul istehsal ediləcəkdir.
Prezident
İlham Əliyev müəssisəni işə saldı.
Bildirildi
ki, ümumilikdə müəssisənin yaradılmasına
40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın
alınması və tikintinin həyata keçirilməsi məqsədilə
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondundan beş milyon manat güzəştli kredit
ayrılmışdır. İstehsal avadanlığı
italiyalı mütəxəssislər tərəfindən
quraşdırılmışdır. Müəssisənin
illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın
əsas hissəsi yerli xammal hesabına ödəniləcək,
bəzi qatqı maddələr isə Türkiyə və
Ukraynadan gətiriləcəkdir.
Zavodun
xammal bazasının yaradılması məqsədi ilə
aparılmış geoloji tədqiqatlar nəticəsində
Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində
kifayət qədər xammal yataqlarının mövcudluğu
və həmin yataqlardan alınacaq xammal-materialların
yüksək keyfiyyət göstəricilərinə malik
olduğu müəyyən edilmişdir. Zavodda il ərzində
1 milyon 815 min kvadratmetr döşəmə plitə, 1 milyon
798 min kvadratmetr üzlük plitə və 165 min paqonmetr
dekorativ plitə hazırlanacaqdır. Müəssisədə
yaxın gələcəkdə tələbata uyğun olaraq
bütün ölçülərdə plitə
buraxılacaqdır.
Diqqətə
çatdırıldı ki, müəssisənin işi tam
avtomatlaşdırılmışdır. Zavodda 500-dən
çox adam daimi iş yeri ilə təmin olunmuşdur. Müəssisədə
üçnövbəli iş rejimi tətbiq edilməklə
hər növbədə 94 nəfər işləyəcəkdir.
Zavodun fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar
gələcəkdə iş yerlərinin sayı daha da
artırılacaqdır.
Müəssisə
ilə tanış olan Prezident İlham Əliyevə Gilan
Seramik Parkında inşa ediləcək daha bir istehsal sahəsi
- yeni keramaqranit zavodu barədə məlumat verildi. Bildirildi
ki, müəssisənin inşasından məqsəd istehsal
olunan məhsulların çeşidinin və həcminin
artırılmasıdır.
Prezident
İlham Əliyev yeni zavodun təməlini qoydu.
Məlumat
verildi ki, zavodun cənub hissəsində 15 hektar sahədə
müxtəlif duş kabinələri, vannalar və digər
sanitariya qovşağı avadanlığı istehsal edən
müəssisənin tikintisi nəzərdə tutulmuşdur.
Bu layihələrin həyata keçirilməsi rayonun
sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun
artırılmasında mühüm rol oynayacaqdır.
Dövlət
başçısı daha sonra müəssisədə
yaradılmış sərgi salonu ilə tanış oldu.
Burada zavodda hazırda istehsal olunan və olunacaq məmulatların
nümunələri sərgilənir. Bildirildi ki, bu məhsullar
keyfiyyətinə görə dünya bazarında rəqabətə
davamlılığı ilə seçiləcəkdir.
Prezident
İlham Əliyev müəssisənin inzibati bölməsində
də oldu. Burada işçilər üçün hərtərəfli
şərait yaradılmışdır. Bölmənin konfrans
və toplantı zalları müasir səviyyədə
qurulmuşdur. İnzibati bölmədə ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan
iqtisadiyyatının inkişafına verdikləri töhfələri
əks etdirən fotolardan ibarət guşə
yaradılmışdır.
Görülmüş
işləri yüksək qiymətləndirən Azərbaycan
Prezidenti tapşırıqlarını verdi.
Sonda
xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.-2013.- 17 aprel.- S.3.