Qız qalasının bərpa və
konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının
yenidən qurulması ilə bağlı əlavə tədbirlər
haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Qız qalası çoxəsrlik zəngin ənənələrə malik Azərbaycan memarlığının qiymətli incisidir. Tikinti texnikası və memarlıq quruluşunun unikallığı baxımından seçilməklə paytaxt Bakının rəmzinə çevrilən bu möhtəşəm nadir Şərq abidəsi UNESKO tərəfindən ümumdünya mədəni irsi siyahısına daxil edilmişdir. Özünün əsrarəngizliyi ilə uzun əsrlərdən bəri diqqəti cəlb edərək, o indi də ən çox ziyarət olunan əzəmətli tarixi məkanlardan biri kimi tanınır.
Əcdadlar və gələcək nəsillər qarşısında mənəvi borcu yerinə yetirərək Qız qalasının bənzərsiz abidə kimi tarixi görkəminin qorunub saxlanması üçün burada bərpa və konservasiya işlərinin yüksək standartlar səviyyəsində aparılmasını və muzey ekspozisiyasının yenidən qurulmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Qız qalasında aparılan bərpa və konservasiya işlərinin sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,5 milyon (iki milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 16 aprel 2013-cü il
Azərbaycan.-2013.- 17 aprel.- S.5.