«MDB müsəlmanları sülhsabit inkişaf tərəfdarıdırlar» beynəlxalq elmi-praktik konfransının iştirakçılarına

 

Hörmətli konfrans iştirakçıları!

 

Sizi - MDB Müsəlmanları Məşvərət Şurasının Bakıda keçirdiyi beynəlxalq konfransın iştirakçılarını ürəkdən salamlayır, ən səmimi arzu və diləklərimi yetirirəm.

Azərbaycan islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmaqla, dünyəvi və çoxkonfessiyalı dövlətdir. Sivilizasiyaların və mədəniyyətlərin qovşağında yerləşən ölkəmizdə tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan mehriban dostluq və əməkdaşlıq  münasibətləri mövcud olmuş, yüksək tolerantlıq ənənələri formalaşmışdır. Cəmiyyətimizdə belə mütərəqqi münasibətlərin  bərqərar olmasında islam dininin müstəsna rolu danılmazdır. Azərbaycanda milli mədəniyyətin və mentalitetin ayrılmaz hissəsi olan islam dini öz ümumbəşəri mahiyyəti və birləşdirici missiyası ilə insanları daim sülhə, əmin-amanlığa, humanizmə və həmrəyliyə dəvət etmişdir.

Bu gün ölkəmizdə tarixi-mənəvi irsin, etnik-mədəni müxtəlifliyin qorunub saxlanması və daha da inkişaf etdirilməsi həyata keçirilən siyasətin başlıca  istiqamətlərindən biridir. Dövlət-din münasibətləri zəngin milli ənənələrimizə söykənir və müasir hüquqi normalarla tənzimlənir. Biz bu təcrübəni ölkədə gerçəkləşdirilən dini siyasətin uğurlu təminatı kimi qəbul edir və mövcud ictimai-siyasi sabitliyin, vətəndaş həmrəyliyinin, nümunəvi dözümlülük mühitinin zəruri amili kimi qiymətləndiririk.

Hazırda qloballaşan dünyada mürəkkəb ictimai-siyasi proseslər yaşanır, etnik-dini zəmində münaqişələr, irqi ayrı-seçkilik, dini ekstremizm və islamofobiya kimi arzuolunmaz təzahürlər müşahidə edilir. Beynəlxalq təhlükəsizliyi və insanların əmin-amanlığını təhdid edən belə hallara qarşı mübarizədə aparıcı dünya dinlərinin sülh və həmrəylik çağırışlarına, sivilizasiyalararası dialoqa və əməkdaşlığa, dini-mənəvi liderlərin nüfuzlu sözünə ciddi ehtiyac vardır. Dinin cəmiyyət həyatında, xüsusən də gənclərin mənəvi-əxlaqi tərbiyəsində yeri və rolu düzgün istiqamətləndirilməli, mütərəqqi islami dəyərlərin təbliği və təşviqi müasir tələblər səviyyəsində aparılmalı, dindən siyasi məqsədlər üçün istifadəyə yol verilməməlidir. Bütün bunlar müasir mərhələdə Azərbaycan Respublikasının daxili və xarici siyasətinin, demokratik dünya birliyi ilə əməkdaşlıq münasibətlərinin prioritet xəttini təşkil edir. Ölkəmiz bu sahədə nüfuzlu beynəlxalq və regional təşkilatlarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatında uğurla fəaliyyət göstərir.

Məmnuniyyətlə qeyd etmək istərdim ki, son illərdə MDB Dinlərarası Şurasının, MDB Müsəlmanları Məşvərət Şurasının, Qafqaz Xalqları Ali Dini Şurasının toplantılarının, xüsusən Dünya Dini Liderləri Sammitinin Bakıda keçirilməsi Azərbaycandakı dini sabitliyi, tolerantlıq mühitini, əqidə və ifadə azadlığını bütün dünyaya bir daha bariz şəkildə nümayiş etdirmişdir. Azərbaycan dövləti dinlərarası dialoqun dinamik inkişafına müsbət təsir göstərən bütün səyləri bundan sonra da dəstəkləyəcəkdir.

Əmin olduğumu bildirirəm ki, zəruri və aktual bir mövzuya həsr olunmuş bugünkü beynəlxalq toplantınız da konstruktiv müzakirələr ruhunda keçəcək, dinlərarası və mədəniyyətlərarası dialoqun inkişafına, tolerantlıq, qarşılıqlı anlaşma və dostluq kimi bəşəri dəyərlərin təbliğinə və təşviqinə öz töhfəsini verəcəkdir.

Bu xeyirxah yolda hər birinizə uğurlar və cansağlığı arzulayıram.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 aprel 2013-cü il

 

Azərbaycan.-2013.- 17 aprel.- S.5.