İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır

 

Aprelin 16-da Milli Məclisin Sədri Oqtay Əsədov İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alieni qəbul edib. Görüşdə Azərbaycanla İndoneziya arasında iqtisadi, siyasi və humanitar əlaqələr müzakirə olunub.

Oqtay Əsədov çıxışında bildirib ki, Azərbaycan nümayəndələri İndoneziyaya səfər edərkən çox böyük hörmətlə qarşılanır: "Təbii ki, siz də eyni münasibəti görəcəksiniz. Azərbaycanın iqtisadi, siyasi və humanitar sahədə İndoneziya ilə əlaqələri yüksəkdir. Ölkə nümayəndələrinin qarşılıqlı görüşləri isə bu əlaqələrin daha da inkişaf etməsinə səbəb olur. Hər iki ölkə arasında beş sənəd imzalanıb, ikisi isə imzalanmaq ərəfəsindədir. 11 sənəd İndoneziya tərəfində, 5 sənəd isə Azərbaycan tərəfində baxılmaq üzrədir. Biz çalışmalıyıq bu sənədlər də yaxın zamanda parlamentlər tərəfindən ratifikasiya edilsin ki, ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan olsun".

Azərbaycanın İndoneziya ilə ticarət əlaqələrinə toxunan Oqtay Əsədov bildirib ki, 2011-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 950 mln. dollar olub, amma 2012-ci ildə bundan iki dəfə çox artaraq təxminən 2 milyard dollar təşkil etmişdir.

Milli Məclisin Sədri qeyd edib ki, beynəlxalq təşkilatlar qarşısında İndoneziyanın həmişə Azərbaycanı dəstəklədiyinin şahidi oluruq. O, həmçinin cari ilin fevralında İndoneziya Universitetində təşkil olunan konfransda Marzuki Alienin Xocalı soyqırımı ilə bağlı çıxışını təqdirəlayiq hal kimi qiymətləndirib: "Azərbaycanın həll olunmamış problemi var, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu məsələdə İndoneziya da hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və problemin həlli üçün səylər göstərir".

İndoneziya Respublikasının Nümayəndələr Palatasının sədri Marzuki Alie öz növbəsində Azərbaycan kimi ölkədə olduğundan məmnunluğunu bildirib və ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Xatırladıb ki, Azərbaycan və İndoneziya parlamentlərarası əməkdaşlıq qrupları yaradılıb. Bu qruplar qarşılıqlı əlaqələrdə yaranan problemlərin həllinə çalışır. Onun sözlərinə görə, İndoneziya sərhədlərin beynəlxalq prinsiplə toxunulmazlığına böyük hörmətlə yanaşır: "İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və mövqeyini dəstəkləyir. Biz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT-nin qətnamələrinə əməl edilməklə həll edilməsinin tərəfdarıyıq. Eləcə də ATƏT-in Minsk qrupu çərçivəsində məsələnin həll olunmasını arzu edirik". M.Alie İndoneziyanın Xocalı soyqırımını tanıdığını qeyd edib.

O, Azərbaycanın çox rahatlıqla İndoneziyaya investisiya qoya biləcəyini də vurğulayıb. Bildirib ki, İndoneziya siyasi baxımdan çox sakit ölkədir. Buna görə də Azərbaycan tam təhlükəsiz olaraq ölkəyə investisiya qoyub faydalana bilər.

 

 

Elgün MƏNSİMOV

 

Azərbaycan.-2013.- 17 aprel.- S.6.