Bakıda «MDB müsəlmanları sülh və stabil inkişaf tərəfdarıdırlar» mövzusunda beynəlxalq elmi-praktiki
konfrans keçirilmişdir
Aprelin
16-da Bakıda Qafqaz Müsəlmanları İdarəsinin
(QMİ) sədri şeyxülislam Allahşükür
Paşazadənin sədri olduğu MDB Müsəlmanları Məşvərət
Şurasının "MDB müsəlmanları sülh və
sabit inkişaf tərəfdarıdırlar" mövzusunda
beynəlxalq elmi-praktik konfrans keçirilmişdir.
AzərTAc
xəbər verir ki, MDB Müsəlmanları Məşvərət
Şurasının konfransında dövlət və hökumət
nümayəndələri, Tacikistanın, Ukraynanın,
Qırğızıstanın, Serbiyanın, Moldovanın,
Belarusun, Baltikyanı ölkələrin və Rusiya
Federasiyasının subyektlərinin - Çeçenistan,
Dağıstan, Tatarıstan və
s. yerlərdən olan müsəlman liderlər iştirak
etmişlər.
"Qurani-Kərim"dən
ayələrin oxunması ilə açılan tədbirdə
çıxış edən Qafqaz Müsəlmanları
İdarəsinin və MDB Müsəlmanları Məşvərət
Şurasının sədri şeyxülislam
Allahşükür Paşazadə Müstəqil Dövlətlər
Birliyinin müsəlman liderlərini Bakıda salamlayaraq
konfransın işinə xeyir-dua vermişdir.
Konfransın
Bakıda keçirilməsinin əhəmiyyətini diqqətə
çatdıran A.Paşazadə bu mövzunun müsəlmanlar
üçün daim aktuallığını
saxladığını və vacib olduğunu
vurğulamışdır. Allahşükür Paşazadə
bildirmişdir ki, Azərbaycanda dini icmaların fəaliyyəti
dövlət tərəfindən ən yüksək formada dəstəklənir.
O qeyd etmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
xalqın milli-mənəvi dəyərlərinə, dini irsinə
ehtiramı sayəsində ölkədəki bütün dini
icmaların fəaliyyəti yüksək formada dəstəklənir:
"Dövlət ilə din arasında həmrəylik olarsa, bir
çox təhlükələrin, o cümlədən
terrorizmin və ekstremizmin də qarşısının
alınmasında göstərilən səylər uğurla nəticələnər,
təhlükələrin qarşısı alınar. Ölkədə
din ilə dövlət arasında münasibətlərin
yüksək səviyyədə olması cəmiyyətdə
mənəvi sabitlik deməkdir".
Şeyxülislam
MDB Müsəlmanları Məşvərət Şurası
MDB məkanında bütün münaqişələrin
tezliklə həll olunmasını istədiyini və konfliktlərin
sülh yolu ilə həll olunmasına tərəfdar
olduğunu qeyd etmişdir. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll
olunmasının vacibliyini vurğulayan A.Paşazadə
demişdir: " Biz tələb edirik ki, erməni
işğalçıları tərəfindən başlanan
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi beynəlxalq
konvensiyanın tələb, beynəlxalq
təşkilatların qəbul
etdiyi qətnamələrdə də göstərildiyi
kimi, ədalətli formada həll olunsun və Azərbaycan
torpaqları geri qaytarılsın".
Sonra
tədbir iştirakçılarına Azərbaycanda dini-mənəvi
dəyərlərdən bəhs edən film təqdim
edilmişdir.
Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli Həsənov
dövlət başçısı İlham Əliyevin
konfrans iştirakçılarına təbrik məktubunu
oxumuşdur (Təbrikin mətni qəzetin bugünkü
nömrəsində dərc olunur).
Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin də konfrans
iştirakçılarına təbrik məktubu oxunmuşdur.
Məktubu Rusiyanın Azərbaycandakı səfiri Vladimir
Doroxin səsləndirmişdir.
Konfransda
həmçinin Qırğız Respublikasının Prezidenti
Almazbek Atambayevin, Moskva və bütün Rusiyanın
Patriarxı Kirillin, Moskva şəhərinin meri Sergey
Sobyaninin, MDB İcraiyyə Komitəsinin sədri -
icraçı katib Sergey Lebedevin və başqalarının
konfrans iştirakçılarına təbrik məktubları
oxunmuşdur.
Konfransda
çıxış edən Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov
şeyxülislam Allahşükür Paşazadənin MDB
Müsəlmanları Məşvərət
Şurasının növbəti dəfə sədri
seçilməsini Azərbaycan müsəlmanlarına verilən
yüksək dəyər kimi qiymətləndirmişdir. Tədbirin
əhəmiyyətindən danışan Elşad İskəndərov ölkəmizdə dövlət-din
münasibətləri, həmçinin Azərbaycandakı
dini tolerantlıq barədə konfrans
iştirakçılarına məlumat vermişdir.
Komitə
sədri bildirmişdir ki, Azərbaycanda
dövlət-din münasibətləri dünyəvilik prinsipləri
ilə tənzimlənir. Din və hökumət qurumları
bir-birilərindən ayrı olduqlarına baxmayaraq, dini və
dünyəvi dəyərlərin inkişafına hökumət
qurumlarının yaxından dəstəyi vardır. O qeyd
etmişdir ki, bu, öz ifadəsini ən gözəl şəkildə
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin
dediyi "Bizim dövlətimiz dünyəvi dövlətdir.
Ancaq biz dindən ayrı deyilik" kəlamında
tapmışdır.
E.İskəndərov
bildirmişdir ki, Azərbaycan dövləti dini dəyərlərin
qorunmasına xüsusi diqqət yetirir. Dini dəyərlər
xalqımızın mənəvi irsi hesab edilir. Komitə sədri
qeyd etmişdir ki, bu istiqamətdə bütün müvafiq
qurumların xətti ilə işlər aparılır. Ulu
öndərimizin dediyi "dinimiz xalqımızın milli-mənəvi
sərvətidir" kəlmələri aparılan bu strateji xəttin
nəzəri-praktiki əsasını təşkil edir.
E.İskəndərov vurğulamışdır ki, sovet
dövründə dağıdılmış dini abidələrin
yenidən tikilməsi, bərpası işi sürətlə
aparılır. Bildirilmişdir ki, dövlət qurumları
dini icmaların problemlərinin həlli üçün ciddi
işlər görür ki, bu da Azərbaycanda dünyəviliyin
əsas təzahürlərindən biridir. Azərbaycanda fəaliyyət
göstərən əsas dini icmaların rəhbərlərinin
ali dövlət tədbirlərində yaxından
iştirakı, Prezident İlham Əliyevin təşəbbüsü
ilə dini icmalara maliyyə yardımı göstərilməsi
bunun əyani təsdiqidir.
Tədbirdə
çıxış edən Ukraynanın müftisi Ə.Təmim,
Qırğız Respublikası Dini İşlər üzrə
Dövlət Komissiyasının rəhbəri A.Jumabayev,
Qazaxıstanın Dini İşlər Agentliyi sədrinin
müavini Q.Şoykin, Tacikistanın müftisi S.Əbdülqədirzadə,
Serbiyanın baş müftisi M.Yusufspahiç və
başqaları konfransın əhəmiyyətindən
danışmış, Azərbaycandakı tolerantlığı
yüksək qiymətləndirmişlər.
Çıxış edənlər dini həmrəyliyin,
sülhün vacibliyindən danışmış, islamda
radikalizmi, ekstremizmi pisləmiş, bununla birgə mübarizə
aparmağın vacibliyini diqqətə
çatdırmışlar.
Konfransda
bildirilmişdir ki, MDB Müsəlmanları Məşvərət
Şurası dövlətlər tərəfindən dinlərarası
dialoqa verilən önəmi dəstəkləyir və öz
fəaliyyətində dini mərkəzlərlə, həmçinin
beynəlxalq cəmiyyətlərlə əlaqələrin
genişlənməsinə səy göstərir.
Sonda
konfrans iştirakçıları dinlər, konfessiyalar və
sivilizasiyalar arasında dialoqa, multikulturalizm və
tolerantlıq ənənələrinə xüsusi əhəmiyyət
verən Azərbaycan dövlətinin rolunu yüksək qiymətləndirmiş,
tədbirin keçirilməsində yaradılan şəraitə
görə minnətdarlıqlarını bildirmişlər.
İştirakçılar
həmçinin konfransa diqqət və mənəvi dəstək
nümayiş etdirmiş MDB, Baltikyanı, Avropa ölkələrinin,
Türkiyə və İranın dövlət
başçılarına, dini liderlərinə və ictimai
xadimlərinə öz təşəkkürlərini
bildirmişlər. Konfransın sonunda yekun sənədi qəbul
edilmişdir.
Azərbaycan.-2013.- 17 aprel.- S.7.