Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan hakimiyyətinin vətəndaş təşəbbüslərinə verdiyi önəmdir

 

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin 5 illiyi münasibətilə yubiley mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimə hökumət rəsmiləri, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların və yerli QHT-lərin təmsilçiləri qatılmışlar.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının dövlətlə vətəndaş cəmiyyəti institutları arasında mühüm əməkdaşlıq körpüsü olduğunu vurğulamışdır. Ə.Həsənov bildirmişdir ki, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan adlı vətəndaş cəmiyyəti platformasında 5 ildir cəmiyyətin əsas institutlarından biri kimi bizimlə bir sırada addımlayır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra demokratiksiyasi plüralistik cəmiyyət quruculuğunu dövlət siyasətinin əsas prioritetlərindən biri kimi elan etmişdi. Bu istiqamət ulu öndərin təşəbbüsü ilə işlənib hazırlanaraq 1995-ci ildə qəbul olunan Azərbaycan Respublikasının yeni Konstitusiyasının mühüm prinsiplərindən biri kimi ölkəmizin əsas qanunvericilik bazasına daxil edildi. 1997-ci ildə biz ilk dəfə BMT ilə birlikdə bu istiqamətdə Resurs Mərkəzi yaratdıq. Əlbəttə, bu mərkəz QHT-lərə yalnız informasiya dəstəyi verə bilirdi. Amma bu gün Azərbaycan xarici QHT-lərə donorluq edə bilir. Bu yaxınlarda dövlət başçısının tapşırığı və QHT-lərin missiyasına daxil olan yeni təşəbbüslə biz Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə xarici QHT-lər üçün qrant layihələri elan edəcəyik.

Ötən dövrdə bu istiqamətdə görülmüş işlərə nəzər salsaq, Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin məğzini anlamış olarıq, - deyən Ə.Həsənov bildirmişdir ki, Azərbaycan cəmiyyəti demokratik bir cəmiyyətdir. Bu cəmiyyətdə vətəndaş təşəbbüsləri dövlət səviyyəsində dəstəklənir. Biz nəinki təkcə vətəndaş təşəbbüslərinə meydan veririk, eyni zamanda, o təşəbbüslərin reallaşması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır. Vətəndaş təşəbbüsləri sistemləşdirilərək həm Azərbaycanın daxili, həm də xarici siyasətində milli resurs kimi istifadə olunur.

Şöbə müdiri qeyd etmişdir ki, vaxtilə dövlət tərəfindən irəli sürülən Şuranın yaradılması təşəbbüsünə bəzi dırnaqarası "dostlar" şübhə ilə yanaşırdı. Yadınızdadırsa, 5 il bundan əvvəl bu Şuranın yaradılması ərəfəsində biz beynəlxalq təşkilatlarla birlikdə böyük müşavirə keçirdik. O müşavirədə açıq şəkildə bəyan etdim ki, Azərbaycan dövlətinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını yaratması və konsepsiya qəbul etməsi, o cümlədən dövlət büdcəsindən maliyyə vəsaitinin ayrılması yalnız bir məqsədə xidmət edir - bütün fəal vətəndaşların təşəbbüsləri dövlət tərəfindən dəstəklənsin, onların dövlət həyatında iştirakı təmin olunsunbu istiqamət Azərbaycanın gücünə güc qatsın. Bu gün demək olar ki, bütün mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində QHT-lərdən və ictimai şuralardan istifadə olunur. Bu gün bütün qanun və qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. Biz bunu Azərbaycanı insan hüquqlarının, vətəndaş təşəbbüslərinin pozulması ilə ittiham edən təşkilatların diqqətinə çatdırmalıyıq.

Bu gün dünyada QHT-lərin maliyyələşməsində subyektiv mülahizələrin, subyektiv məqamların əksini tapdığını vurğulayan Ə.Həsənov demişdir ki, bizi tənqid edən, islamafobiya xəstəliyinə tutulmuş beynəlxalq QHT-lər, hüquq müdafiə təşkilatları vardır. Bu gün bəlli dövlətlərin, bəlli qüvvələrin sifarişlərini yerinə yetirərək müəyyən dövlətlərə, xalqlara qarşı kampaniya aparırlar. Onlardan fərqli olaraq, Azərbaycanda dövlətdən maliyyə yardımı alan heç bir QHT-yə dövlət tərəfindən sifariş verilmir. Bu mənada Azərbaycan cəmiyyətinin ayrılmaz tərkib hissəsinə çevrilmiş və beş ildir ki, bizimlə addım-addım gələcəyə doğru irəliləyən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Azərbaycan hakimiyyətinin, Azərbaycan cəmiyyətinin vətəndaş təşəbbüslərinə verdiyi önəmdir.

Biz vətəndaş cəmiyyəti institutlarına, azad mediaya, siyasi partiyalara və bütövlükdə vətəndaş cəmiyyətini təmsil edən digər qurumlara ona görə dəstək vermirik ki, bunları kiməsə göstərmək istəyirik. Ona görə dəstək veririk ki, bu, bizim inkişafımızın əsas atributlarıdır, bu, bizim tutduğumuz yolun əsas mahiyyətini təşkil edir və biz vətəndaş cəmiyyəti quruculuğu ilə xalqımızın, dövlətimizin maraqlarını təmin edirik.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev qurumun yaranma tarixi barədə məlumat verərək bildirmişdir ki, Şuranın 11 üzvündən 8-i QHT-lərin, 3-ü isə müvafiq dövlət qurumlarının təmsilçiləridir. Keçən il Şura üzvlüyünə ikinci seçkilər keçirilmiş və dövlət başçısının sərəncamı ilə yeni Şura üzvləri təyin edilmişdir. Şuranın qərarları Katiblik tərəfindən həyata keçirilir.

Ötən 5 ildə Şura Azərbaycan cəmiyyəti, Azərbaycan Hökuməti və QHT-ləri qarşısında öz vəzifələrinin öhdəsindən layiqincə gəlməyə çalışmışdır. Azərbaycanda vətəndaş cəmiyyətinin gücləndirilməsi naminə Şura 1500-dən artıq QHT layihəsini dəstəkləmişdir. Həyata keçirilmiş layihələr çərçivəsində 2 minə yaxın təlim keçirilmiş, 21 film, 67 elektron resurs yaradılmış, 152 kitab çap edilərək yayılmışdır.

Şura sədri qeyd etmişdir ki, ötən 5 ildə qurumun fəaliyyətini beynəlxalq standartlara uyğun qurulması, QHT-lərə dövlət dəstəyinin həyata keçirilməsi baxımından uğurlu saymaq olar.

Yubiley münasibətilə Şuranı ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar adından Avropa İttifaqının ölkəmizdəki nümayəndəsi Roland Kobia təbrik etdi. R.Kobia bu illər ərzində Azərbaycan QHT-ləri ilə Avropa İttifaqının müvafiq qurumları arasında əməkdaşlığın davam etdirildiyini və Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində QHT əməkdaşlığının daha da genişləndirilməsinin vacibliyini vurğuladı.

QHT-lər adından Şuranı təbrik edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni 5 il ərzində Şura-QHT əməkdaşlığının yüksək səviyyədə qurulduğunu və Şuranın QHT-lərdən gələn bütün dəyərli təşəbbüsləri dəstəklədiyini qeyd etdi.

Sonra R.Zeyni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətində göstərdiyi xidmətə görə A.Quliyevə Milli QHT Forumunun nişanını təqdim etdi.

Tədbirdə həmçinin Şuranın 5 illik fəaliyyətini əks etdirən kitabın və filmin təqdimatı keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 17 aprel.- S.7.