Xarici İşlər Nazirliyində
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana nəzərdə tutulmuş səfəri və qurumun gündəliyində duran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.
E.Məmmədyarov vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionda davamlı sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir. Münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması vacibdir.
Ermənistan rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu deyən nazir ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması prosesində fəallığının artırılmasının vacibliyini vurğulamışdır.
Ermənistan tərəfinin Xocalı aeroportunun işə salınacağı ilə bağlı bəyanatlarına toxunan E.Məmmədyarov qeyd etmişdir ki, belə bir addım Çikaqo Konvensiyasının kobud surətdə pozulması deməkdir. Bütün beynəlxalq qanunvericilik Azərbaycanın bu məsələdə tutduğu mövqeyinin haqlı olduğunu əks etdirir.
* * *
Aprelin 16-da xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Parlamentinin Deputatlar Palatasının xarici əlaqələr komitəsinin sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Azərbaycan-Çexiya münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulamışdır. E.Məmmədyarov ölkələrimiz arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji, infrastruktur sahələrdə genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.
Parlament diplomatiyasının əhəmiyyətini qeyd edən nazir Çexiya-Azərbaycan dostluq qrupunun fəaliyyətinin və xüsusilə də bu səfərin bütövlükdə ölkələrimiz arasında münasibətlərin genişləndirilməsinə töhfəsini verəcəyini vurğulamışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan E.Məmmədyarov məsələnin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd etmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Çexiyaya təşəkkürünü bildirmişdir.
Azərbaycana
səfər etməkdən məmnun olduqlarını deyən
Y.Hamaçek ölkəmizin iqtisadi inkişaf sürətindən
təsirləndiyini bildirmişdir. Ölkəsinin Azərbaycanı
özünün strateji tərəfdaşı hesab etdiyini
qeyd edən qonaq respublikamızın Çexiyanın və
bütövlükdə Avropanın enerji təhlükəsizliyinə
verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Ölkələrimiz
arasında əməkdaşlığın turizm, mədəniyyət
və s. sahələrdə inkişafı üçün
geniş potensialın olduğunu qeyd edən Y.Hamaçek Azərbaycan
ilə Çexiya parlamentləri arasında əlaqələrin
genişləndirilməsinin vacibliyini
vurğulamışdır. Qonaq bu cür səfərlərin
ölkələr arasında münasibətlərə
mühüm töhfə verdiyini demişdir.
Görüşdə,
həmçinin regional məsələlər, Azərbaycan-Avropa
İttifaqı əməkdaşlığı və
"Şərq tərəfdaşlığı"
proqramı ilə bağlı fikir mübadiləsi
aparılmışdır.
* * *
Aprelin
16-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov
Argentinanın ölkəmizdə yeni təyin olunmuş səfiri
Karlos Dante Riva ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyindən AzərTAc-a verilən məlumata görə, görüşdə E.Məmmədyarov argentinalı diplomatı ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmiş və onun fəaliyyətinin ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.
Ölkələrimiz arasında münasibətlərin genişlənməsindən məmnunluğunu bildirən nazir bir çox sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların olduğunu vurğulamışdır.
Ölkəsinin
Azərbaycan ilə münasibətlərə mühüm
önəm verdiyini qeyd edən argentinalı diplomat
respublikamızda fəaliyyəti müddətində ikitərəfli
əlaqələrin inkişafı istiqamətində əlindən
gələni edəcəyini vurğulamışdır.
* * *
Aprelin
16-da xarici işlər naziri Elmar Məmmədyarov Çexiya
Respublikası Deputatlar Palatasının sədri Yan
Xamaçekin başçılıq etdiyi nümayəndə
heyəti ilə görüşmüşdür.
AzərTAc
xəbər verir ki, görüşdə bütün sahələrdə
ikitərəfli münasibətlərin yüksək səviyyədə
olduğu qeyd edilmişdir. Yan Xamaçek bildirmişdir ki,
"görüşlər zamanı Azərbaycanla Çexiya
arasında strateji münasibətlərin yüksək səviyyədə
olmasından razılıq hissi ifadə edilmişdir".
Dağlıq
Qarabağ münaqişəsi və Xocalı
soyqırımı haqqında Çexiyanın xarici işlər
naziri Karel Şvartsenberqin sözləri barədə
Çexiyanın mövqeyinə dair jurnalistlərin sualına
cavab verərkən Yan Xamaçek demişdir ki, Çexiya bu
münaqişənin aktuallığını gözəl
başa düşür və belə hesab edir ki, indiki
status-kvo qeyri-məqbuldur, münaqişə dinc yolla, erməni
silahlı qüvvələrinin Qarabağdan
çıxarılması haqqında BMT qətnamələrini
nəzərə almaqla həll edilməlidir. Yan Xamaçek həmçinin
qeyd etmişdir ki, Xocalı soyqırımı barədə
Karel Şvartsenberqin sözləri onu təəccübləndirmişdir
və o, nazirin fikri ilə razı deyildir.
Azərbaycan.-2013.- 17 aprel.- S.7.