Müstəqil Azərbaycanın
xilaskarı
Azərbaycanın otuz ildən
artıq bir dövrünü
əhatə edən şanlı tarixi ulu öndər
Heydər Əliyevin adı ilə qırılmaz surətdə
bağlıdır. Bu illər ərzində
xalqın ictimai-siyasi, iqtisadi
və mədəni həyatında dirçəliş və
tərəqqiyə nail olunmuşdur.
Heydər Əliyev Azərbaycanı bir
dövlət kimi zamanın ağır və
sərt sınaqlarından üzüağ
çıxarmışdır.
Ulu
öndər böyük siyasi və dövlət xadimi,
xalqın şəksiz lideri olaraq hələ
sağlığında canlı əfsanəyə
çevrilmişdi. Heydər Əliyev fenomeni həmişə
diqqətləri cəlb etmiş, onun heyrət doğuracaq dərəcədə
coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə
də dünya mətbuatında geniş
işıqlandırılmışdır.
Heydər Əliyev möhkəm iradə sahibi olmuşdur. Planetimizin müasir siyasətini müəyyən edən dünya liderləri içərisində seçilib-sayılan, hamı tərəfindən qəbul olunan dahi şəxsiyyət olmuşdur. Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olmuşdur.
Ulu öndər birinci dəfə siyasi hakimiyyətə gələndə (1969-cu ilin 14 iyul tarixində) Azərbaycan iqtisadi və mədəni sahədə tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin hakimiyyətə gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mədəniyyətin tərəqqisi dövrü yaşanmışdı. Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin bir şəkildə inteqrasiyası prosesi hələ 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən qoyulmuş potensiala əsaslanır.
Ötən əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəllərində müstəqillik hərəkatının geniş vüsat alması Heydər Əliyevin hakimiyyətinin birinci dövründəki həmin iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri SSRİ-nin bir sıra respublikalarında özünü aşkar göstərdiyi halda, güclü iradə sahibi olan Heydər Əliyev Azərbaycanda yaradıcı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə etmək, Azərbaycanın dövlətçilik tarixində müstəqilliyi təmin edən dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. Məhz həmin illər ərzində Bakıda ən böyük abadlıq-quruculuq işləri aparılmış, Heydər Əliyevin təşəbbüsü ilə çox sayda memarlıq abidəsinin bərpası mümkün olmuşdu. Ulu öndər Azərbaycan xalqının tarixi keçmişində, mənəvi-mədəniyyət tarixində iz qoymuş şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsir edəcəyini çox gözəl bilirdi. Heydər Əliyevin mədəniyyətimizə, tariximizə dərin ehtiram nümayiş etdirərək göstərdiyi qayğı sayəsində Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, tarixi şəxsiyyətlərin hər biri üçün mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmış, Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileyləri müntəzəm surətdə qeyd olunmuş, onlara yüksək dövlət mükafatları, orden, medallar, fəxri adlar və s. verilmişdir.
Heydər Əliyevin Azərbaycanın gələcəyini düşünərək uzaqgörənliklə atdığı addımlardan biri də azərbaycanlı gənclərin SSRİ-nin nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi təşəbbüsü oldu ki, bu da dəyərli təhsil ənənəsinin əsasını qoydu.
Ulu öndərin başçılığı ilə 1969-1982-ci illərdə Azərbaycandakı intibahı şərtləndirən amillərdən biri də respublikada təhsilin inkişafına xüsusi diqqət yetirməsi, gəncliyin ana dilində təhsilinə üstünlük verməsi olmuşdur. Milli hərbçi kadrların hazırlanması da xalqın müstəqil gələcəyini görən Heydər Əliyevdən ötrü xüsusilə böyük əhəmiyyətli məsələ idi.
Heydər Əliyevin gələcəyin müstəqil Azərbaycanını nəzərdə tutaraq milli məfkurənin yüksəliş və xalqın milli dövlətçilik arzularının daha da güclənməsi üçün dövlət quruculuğu sahəsində gördüyü mühüm işlərdən biri respublikamızın xarici aləmlə elmi-texniki, iqtisadi və mədəni əlaqələrinin genişləndirilməsi üçün göstərdiyi maksimum səylərdir. Azərbaycanın tanınması üçün Bakıda ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlər təşkil olunurdu. SSRİ respublikaları və sosialist düşərgəsi ölkələrində, eləcə də digər xarici ölkələrdə Azərbaycan mədəniyyəti və incəsənəti günləri keçirilirdi.
Bu həmin dövr idi ki, hətta Moskvada, Leninqradda (indiki Sankt-Peterburqda) çıxan jurnallarda işıq üzü görə bilməyən yazılar fəal vətəndaşlıq nümunəsi kimi Bakıda dərc oluna bilir, müəllifləri şəxsən Heydər Əliyev səviyyəsində hər cür hücumdan və qəsdlərdən qorunurdu.
Azərbaycan xalqı milli dövlətçiliyini itirmək təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda taleyini yenə də Heydər Əliyevə etibar etmişdir. Həmin tarixi zaman kəsiyində xalqın səsinə səs verən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıtmışdı. Xalq öz xilaskarının bu qayıdışını ümid və sevinclə qarşılamış, həmin gün Milli Qurtuluş Günü kimi müstəqil Azərbaycanın tarixinə yazılmışdır.
1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın istəyi ilə ikinci dəfə hakimiyyət sükanı arxasına keçərək özünün siyasi bacarığı, gücü sayəsində ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bildi, xalqı bir məfkurə ətrafında səfərbər edib onun qəlbində sabaha inam hissi yaratmağı bacardı. Bütün bu illər ərzində əsl rəhbər kimi Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya çatdıra bilmişdir. Bu mərhələdən başlayaraq Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Azərbaycanın müdrik rəhbəri həmişə öz sözü, sanbalı ilə seçilmişdir. Ümumxalq məhəbbəti qazanan Heydər Əliyevin bitməz-tükənməz enerjisi xalqı yaradıcılıq uğurlarına ruhlandırmışdır.
Ulu öndərin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mənəvi həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranmış, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlanmışdır. Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi bir tərəfdən Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılmış, digər tərəfdən atəşkəsə nail olunmaq üçün bütün siyasi və diplomatik vasitələr işə salınmış, bunun da nəticəsində 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəs əldə edilmişdir.
Azərbaycanın daxilində yaranmış nisbi sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqdan istifadə edərək 1994-cü ilin sentyabr ayında "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi imzalandı. Bununla da Heydər Əliyev tərəfindən işlənib hazırlanmış və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən yeni neft strategiyası həyata keçirilməyə başlandı.
Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara, siyasi anarxiya və eksperimentlərə son qoyulmuş, ölkədə cinayətkarlığın qarşısı tam alınmış, bütün qanunsuz silahlı dəstələr ləğv olunmuşdu ki, bunlar da bütövlükdə Azərbaycanda dövlət quruculuğu prosesinin uğurla aparılması üçün şərait yaratmışdı. 1994-cü ilin oktyabr və 1995-ci ilin martında dövlət çevrilişi cəhdlərinin qarşısı Heydər Əliyevin qətiyyəti sayəsində alınmış, dövlət müstəqilliyi qorunub saxlanmışdır. Ölkəmizdə müstəqil dövlət təsisatlarının yaranması və dövlət quruculuğu prosesi böyük vüsət almış, bunun da əsasını müstəqil Azərbaycanın qəbul etdiyi ilk Konstitusiya təşkil etmişdi. Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsi Heydər Əliyevin adı ilə bağlıdır.
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalət, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyulmuşdur. Heydər Əliyevin apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmişdir. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunması, özəlləşdirmə proqramının icrası, sahibkarlığın inkişafı, aqrar islahatların həyata keçirilməsi bu siyasətdə prioritet olmuşdur. Heydər Əliyev demokratik, hüquqi dövlət quruculuğu istiqamətində davamlı siyasət yeridərək ölkədə insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin bərqərar olması üçün əsaslı zəmin yaratmışdır.
Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda etiraf olunan uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıqla və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bugünü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olmuşdur.
Ulu öndərin fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilmişdir. Heydər Əliyevin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil etmişdir.
Heydər Əliyev Azərbaycanın təbii sərvətlərindən, əlverişli strateji-coğrafi mövqeyinin üstünlüklərindən ölkənin milli mənafelərinə uyğun şəkildə istifadə edilməsinə yönəldilmiş irimiqyaslı beynəlxalq iqtisadi sazişlərin işlənib hazırlanması və həyata keçirilməsi sahəsində son dərəcə gərgin və səmərəli fəaliyyət göstərmişdir. Dahi şəxsiyyətin təşəbbüsü ilə böyük siyasi məna kəsb edən bir sıra dünya miqyaslı iqtisadi proqramların həyata keçirilməsində Azərbaycan aparıcı rol oynamışdır.
Ümummilli lider Heydər Əliyevin "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" ifadəsi dünya azərbaycanlılarının şüarı olmaqla soydaşlarımızın həmrəyliyinin bünövrəsinə çevrilmişdir. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illər ərzində Heydər Əliyev tərəfindən aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində Azərbaycanın xaricdəki diaspor təşkilatları, inkişaf etmiş və öz vətənləri ilə sıx bağlılıqlarını nümayiş etdirmişlər. Bu gün dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikasını öz vətənləri sayması, onu milli ruhun, milli-mənəvi dəyərlərin, milli mədəniyyətin məbədi kimi qəbul etməsi və azərbaycançılıq ideyası ətrafında birləşməsi məhz Heydər Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir.
Xalqımız haqlı olaraq Heydər Əliyevə müstəqilliyimizin təminatçısı, müasir Azərbaycan dövlətinin memarı kimi baxır. Çoxşaxəli və zəngin fəaliyyəti nəticəsində Heydər Əliyev dünyada tanınmış ictimai-siyasi xadim kimi tarixi şəxsiyyətə çevrilmişdir. Heç də təsadüfi deyil ki, siyasi uzaqgörənlik, qətiyyət, möhkəm iradə, fədakarlıq, tarixi prosesləri hərtərəfli təhlil etmək, milli təəssübkeşlik hissi, xalqına, vətəninə sonsuz məhəbbət kimi ali keyfiyyətləri ilə səciyyələnən bu görkəmli siyasətçini nüfuzlu dövlət başçıları ilə müqayisə edirlər. Həqiqətdir ki, Heydər Əliyev öz siyasi fəaliyyəti dövründə həmişə xalqının mənafeyini düşünmüş və bu istiqamətdə məqsədyönlü iş aparmışdır.
Bu siyasi kurs müasir mərhələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heydər Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının davamlı olması Azərbaycanı daha da qüdrətləndirir. 2003-2012-ci illərdə aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində ümumi daxili məhsul 3 dəfə, qeyri-neft sektorunda isə 2,4 dəfə artmışdır. Son 9 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 28,8 dəfə artaraq 46 milyard dolları ötmüşdür. Yoxsulluğun səviyyəsi 44,6 faizdən 6 faizə, işsizlik isə 5 faizə qədər azalmışdır. Azərbaycan iqtisadiyyatına yönəldilən 128,3 milyard dollar investisiyadan 65,7 milyard dollarını daxili investisiyalar təşkil etmiş və xarici ticarət dövriyyəsi 6,4 dəfə artmışdır.
Son 9 il ərzində 2500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 olimpiya idman kompleksi və digər sosialyönümlü obyektlər istifadəyə verilmişdir. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının dörddə üç hissəsi Azərbaycanın payına düşür. Dünyanın ən nüfuzlu "Standart Poor's", "Fitch" və "Mood'y" beynəlxalq agentliklərinin Cənubi Qafqazda investisiya reytinqinə layiq gördükləri ilk ölkə də məhz Azərbaycandır.
"Qlobal Rəqabətlilik Hesabatı"nda ölkəmiz 144 ölkə arasında 46, MDB məkanında isə ardıcıl olaraq dord ildir ki, birinci yerdədir. Beynəlxalq imici durmadan yüksələn Azərbaycan "Yüksək insan inkişafı" və "Yuxarı orta gəlirli" ölkələr qrupuna daxildir.
Beləliklə,
Heydər Əliyevin perspektivdə nəzərdə tutduğu
iqtisadi ideyalar və arzular artıq gerçəkliyə
çevrilmişdir. Bütün mənalı həyatını
öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi
və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan
xalqının tarixində dərin iz buraxaraq əsl dövlət
idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan
xalqının hələ neçə-neçə nəsli
bu böyük məktəbdən, Heydər Əliyevin zəngin
siyasi irsindən ölkəmizin inkişafı,
xalqımızın rifahı naminə faydalanacaqdır.
Rafiq ABBASOV,
Hüquqşünas
Azərbaycan.-2013.- 17 aprel.- S.8.