O günləri unutmaram
1995-ci il dekabr ayının 30-da Səttar Bəhlulzadə adına sərgi salonunda doqquz yaşlı Əli Cəfərin fərdi sərgisi keçirilirdi. Sərginin açılışında ümummilli lider Heydər Əliyev də iştirak edirdi. Ulu öndər sərgidən aldığı təəssüratları mərasim iştirakçıları ilə bölüşərək əsərlərini maraqla izlədiyi balaca rəssamı uğurlarına görə təbrik edərək dedi:
"Bugünkü sərgi bizi daha çox sevindirdi. Çünki doqquz yaşlı uşağın belə əsərlər yaratması və sərgisinin təşkil olunması respublikamızın mədəni həyatında böyük hadisədir. Ümidvaram ki, bu, rəssamlıq sənətində və mədəniyyətimizdə yeni istedadın kəşfi deməkdir. Əli Gəfəri yeni işlər yaratmağa sövq edən onun fitri istedadıdır... Ümidvar olmaq istəyirəm ki, Azərbaycanda istedadlı rəssam yetişir və onu parlaq gələcək gözləyir".
Nitqinin
sonunda Heydər Əliyev Mədəniyyət Nazirliyinə, Rəssamlar
İttifaqına və digər aidiyyəti təşkilatlara
tapşırdı ki, Əlinin istedadının
inkişafı üçün lazımi şərait
yaratsınlar.
Əli Cəfərlə bir neçə dəfə görüşmüşük. Onun haqqında mətbuatda müxtəlif vaxtlarda yazılar dərc edilib. Müsahibimizlə söhbət zamanı söylədi:
- Mənim həyatımda Heydər Əliyevin böyük rolu var. Tale məni ulu öndərlə rastlaşdırmasaydı, bəlkə də mənim yaradıcılığımda bu qədər uğurlar olmazdı. İki yaşımdan rəsm çəkirəm. İlk sərgim altı yaşımda Uşaq Yaradıcılığı Dövlət Rəsm Qalereyasında müvəffəqiyyətlə keçirilib. İşlərimlə tanış olan peşəkar rəssamlar mənə öz tövsiyələrini veriblər. İki il sonra isə Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin sərgi salonunda 70-dən artıq əsərim nümayiş etdirildi. Yadımdadır, o vaxt mətbuatda xəbərlərə belə bir başlıq çıxarmışdılar: "Balaca Pikassomuzun səkkiz yaşı var". Üçüncü sərgim isə mənim həyatımın, demək olar ki, istiqamətini yeni zirvələrə doğru yönəltdi. O günü heç vaxt unuda bilmirəm.
1995-ci ildə Səttar Bəhlulzadə adına Rəsm Qalereyasında 100 işim nümayiş etdirildi. Mənim üçün unudulmaz və dəyərli bir məqam idi ki, Heydər Əliyev bu mərasimdə iştirak edirdi. Ulu öndər böyük səbir və maraqla əsərlərimə tamaşa etdi, mənə xeyir-dua verdi, yeni əsərlər yazmağa ruhlandırdı. Onun tövsiyəsi heç vaxt yadımdan çıxmaz. Bir daha mənə xatırlatdı ki, Azərbaycan rəssamlıq məktəbi çox zəngindir. Müxtəlif illərdə yaşayıb-yaradan rəssamlarımız dünya mədəniyyəti və incəsənətinə qiymətli mədəni dəyərlər bəxş ediblər. Bu sırada mənim də adımın olacağına böyük ümid bəslədiyini bildirdi. Elə bil mənə dünyanı bağışladılar. Böyük ruhla, həvəslə işləməyə başladım. 2009-cu il noyabrın ilk günü Heydər Əliyevin sərəncamı ilə adım "Qızıl kitab"a yazıldı və ulu öndər tərəfindən təsis edilən xüsusi təqaüdə layiq görüldüm. Yadımdadır, o sərəncamdan bir gün əvvəl Türkiyənin milli bayramı şərəfinə keçirilən mərasimdə 30-a qədər rəsm əsərim "Gülüstan" sarayının foyesində sərgilənirdi. Unudulmaz Heydər Əliyev də həmin tədbirdə iştirak edirdi. Yenə də eyni maraq və məhəbbətlə əsərlərimə baxaraq "Çox gözəl, tarixi keçmişimizlə bağlı rəsmlərdir" söylədi. Məni 16 yaşımda bu cür qiymətləndirməsi və dəyərləndirməsi Heydər Əliyevin böyüklüyündən, sənətə, mədəniyyətə bağlılığından, gənclərə inamından, bir sözlə, incəsənətə göstərdiyi qayğıdan xəbər verirdi. Mən açıq deyəcəyəm, Heydər Əliyevin mənə diqqət və həssas münasibəti olmasaydı, bəlkə də sonra mən bu sənətdən əl çəkərdim. Heydər Əliyevin dahiliyi, ucalığı ondadır ki, o, insanın daxili aləmini oxumağı çox gözəl bacarırdı. Bir dəfə adamın gözlərinə baxmaqla sanki içindən nə keçirdiyini duyurdu. O, məni ilk dəfə görəndə doqquz, ikinci dəfə görüşəndə on altı yaşım var idi. Aradan bu qədər illər keçməsinə baxmayaraq, fenomen yaddaşa malik Heydər Əliyev məni dərhal tanıdı, məsləhətlər verdi, öz üzərimdə ciddi çalışmağımı tapşırdı. Əlbəttə, sənət öz yerində, amma mənə elə gəlir ki, bu müdrik şəxsiyyətin sənətimə göstərdiyi diqqət, verdiyi qiymət qədər indən belə mənim mükafatım ola bilməz. İnanın ki, ömrümün sonunadək nə qədər uğur qazansam da, təltiflərə, mükafatlara layiq görülsəm də, mənim üçün həyatımda Heydər Əliyevin verdiyi qiymətdən böyük hadisə olmayacaq".
...İndi Əli Cəfərin 27 yaşı var. Müəyyən problemlərlə, qayğılarla üzləşsə də, ulu öndərin ona verdiyi tövsiyəni unutmayıb. Hazırda Rəssamlıq Akademiyasında dərs deyir. Yenə də sənət aləmindədir, öz işi ilə məşğuldur. "Hər dəfə əlimə fırça alanda Heydər Əliyevin tövsiyələri yadıma düşür. Nüfuzedici baxışlarını üzərimdə hiss edirəm. Mən bütün ömrüm boyu yaradacağım əsərləri ulu öndərə hesabat kimi işləyəcəyəm" söyləyən gənc rəssamın baxışları uzaqlara dikildi...
Flora XƏLİLZADƏ
Azərbaycan.-2013.- 17 aprel.- S.8.