Vətəndaşlıq mədəniyyəti Azərbaycanın güclü dövlətə çevrilməsinin həlledici resursudur

 

Vətəndaş olmaq - vətənin güclü dövlətə çevrilməsinə töhfə verməkdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında dövlət-vətəndaş münasibətlərinin ana xəttini təşkil edən başlıca prinsip bir daha vurğulanmışdır: "Dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, hər şey Azərbaycan vətəndaşı üçün edilir".

Azərbaycanın güclü dövlət olması üçün bütün fəaliyyət ilk növbədə Azərbaycan vətəndaşının hərtərəfli və güclü inkişafının təmin edilməsinə yönəlmişdir və siyasi liderimiz bunu ardıcıl olaraq bəyan edir. Təbii olaraq sual  yaranır: vətəndaş olaraq dövlətimizin bu həssaslığına kifayət dərəcədə qarşılıqlı cavab verə bilirikmi? Hüquqlarımız qədər öhdəliklərimiz barədə də təsəvvürlərimiz varmı?

Son günlər cəmiyyətdə müzakirə edilən məsələlərin müşahidəsi bu sualları cavablandırmaq üçün bir sıra qənaətlərə gəlməyi mümkün edir. Bunlardan birincisi odur ki, Azərbaycan xalqı, vətəndaşı, gənci bu illərdə olduğu kimi, yenə də öz dövlətinin yanındadır. İkinci qənaət isə onu deməyə imkan verir ki, cəmiyyətdə, xüsusilə gənclər sırasında milli təəssübkeşliyin və tarixi yaddaşın möhkəmləndirilməsi, vətənpərvərliyin tərbiyəsi səhəsində səylərimiz daha intensiv olmalı, sistemli şəkildə həyata keçirilməlidir. Ehtimal olunan hər cür cəhdlərə qarşı sarsılmaz mənəvi müqavimət formalaşmalıdır. Bu istiqamətdə diqqət mərkəzində olan əsas məsələlərdən biri də cəmiyyətdə "vətəndaş olmaq nə deməkdir" sualına dair aydın təsəvvürlərin formalaşmasıdır.

Dövlət və vətən vahid tam təşkil edən anlayışlardır. Vətəndaş olmaq böyük hüquq və nemətdir! Vətəni sevmək - birmənalı olaraq dövləti sevmək deməkdir! Vətənini sevən vətəndaş - güclü dövlətin hər şeyə qadir olan qüvvəsidir.

Tarixdən məlum olan həqiqətdir ki, vətəni, məmləkəti "dövlət" zirvəsinə ucalda bilmək vətənini sevən insanların - vətəndaşların missiyasıdır. Vətənlərinin adını dünyanın siyasi tarixinə yaza bilən və qüdrətli ölkəyə çevirənlər həm də dövlətin əbədi olaraq ən ali vətəndaş örnəyinə çevriliblər. Bu, həmişə belə olub və  belə olacaq!

Vətəndaş da, vətəndaşlıq mədəniyyəti də olduqca dinamik məzmunlu anlayışdır. Bu sahədə hər hansı problemlərin mövcudluğunun səbəblərini təhlil etmək istəsək,  "obyektiv, yoxsa  subyektiv səbəblərdir" sualına cavabı görəcəyik. Hesab edirik ki, başlıca məsələ subyektiv müstəvidədir. Dövlət obyektiv olaraq vətəndaşını bütün siyasətinin mərkəzində yerləşdirib. Onun maraqlarına,  yaşadığı vətənin mənafeyinə xidmətdədir. Bəs vətəndaş necə, öz öhdəliklərini dərk edə bilirmi? Bu torpağın üzərində gəzmək, mənəvi haqqı qazanmaq üçün nə edir?

Vətəndaşlıq mədəniyyəti və vətənpərvərlik tərbiyəsi əvvəllər necə idi, indi nə vəziyyətdədir və gələcək perspektivləri  necə olacaq?

Vətənpərvərlik tərbiyəsi hər zaman konkret-tarixi xarakter daşıyır və olduqca dinamik anlayışdır. Vətəndaşlıq tərbiyəsi müasir dövrdə xüsusilə vacib əhəmiyyət kəsb edir. Belə ki, gənclərin dünyagörüşü hazırda bir tərəfdən manipulyasiya obyektinə çevrilmişdir. Digər tərəfdən isə qloballaşan və liberal dəyərlərin üstünlük təşkil etdiyi dünyada maddiyyat amilinin önə çıxması da  reallıqda müşahidə edilən meyillərdən biridir.

Müasir elmə görə, "vətənpərvərlik" - vətənin tarixinə, keçmişinə və gələcəyinə rəğbət və bağlılıqda ifadə olunan hissdir. "Vətənpərvərlik" hər bir dövlətin milli ideyasının mahiyyətidir. Əgər bu sahədə müəyyən problemlər olarsa, bu o  deməkdir ki, milli ideyanın mühüm bir tərkibinin reallaşması ləngiyə bilər.

"Müqəddəs yer boş qalmır" deyimini yada salsaq, bu sahədə hər gün, hər saat tədbirlərin ardıcıl olaraq görülməsi zəruridir. Bu istiqamətli tədbirlərin həyata keçirilməsi zamanı kəmiyyət deyil, keyfiyyət  meyarları üstünlük təşkil etməlidir.

Vətəndaşlıq mədəniyyətinin, tərbiyəsinin dövlətçiliyin  qorunması üçün həyati vacib resursa çevrilməsini istəyiriksə, onun mənası və mahiyyətinə dair təsəvvürlər aydın olmalıdır. Həm də hədəf yalnız gənclər deyil, bütün cəmiyyət, sosial təbəqələr olmalıdır. Dünyadakı kimi! Tutduğu mövqe və statusdan asılı olmayaraq!

Bəzən "vətən" və "dövlət" anlayışlarını ayırmaq cəhdlərini görürük. Gerçəklikdə isə bu anlayışların bir-birindən təcrid edilməsi mümkün deyil, yaxud da söz oyunudur! Üstəlik də əgər əməllərdə təzahür edirsə, onun adı vətənə xəyanətdir!

Ümumən qəbul edilmiş elmi qənaətə görə, "vətəndaşlıq" - insan və dövlətin qarşılıqlı öhdəliklərində ifadə olunan davamlı siyasi-hüquqi münasibətləri, bağlılığı deməkdir. "Vətəndaşlıq" bu cür imkanları olmayan digər  insanlarla müqayisədə  müəyyən hüquqlara və vəzifələrə malik olmaq deməkdir. Buna görədir ki, hüquqi  statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarından və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.

Vətəndaş-dövlət münasibətlərinin tarixi qədimdir. Maraqlıdır ki,  müasir sivilizasiyanın yarandığı qədim Romada əhalinin yalnız 10 faizi vətəndaşlar hesab edilirdi. Afina demokratiyasında vətəndaşlığa qəbul etmək təntənəli mərasimlə müşayiət olunduğu kimi, "şəhər-dövlət" (polis) əleyhinə törədilən əməllərə görə vətəndaşlıqdan ömürlük məhrum da edilirdilər.

Bu baxımdan dövlət-vətəndaş münasibətlərində də tarixən fədakarlıq və qəhrəmanlıqla yanaşı, eyni zamanda qarşılıqlı irad və tənqidlər də olub və olacaq. Ən başlıcası odur ki, vətənin qüdrətli dövlət olması naminə edilən təşəbbüslər qarşılıqlı olaraq onun möhkəmlənməsinə xidmət edib

Bu istiqamətdə fəaliyyət göstərən və göstərmək istəyən istənilən fərd olsun, ya da təsisat - onlara hər cür dəstək göstərilməlidir. Belə bir durumda vətəndaşlıq mədəniyyətinin tərbiyəsi xüsusilə dövlətin prioritet sahələrindən birinə çevrilir. Mövzunun müzakirəsi mövcud vəziyyətə nəzər salmağı tələb edir.

 

Ən böyük azərbaycanlı - ulu öndərin həyatı vətəndaşlıq örnəyi idi

 

Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycanın milli qəhrəmanları və vətənimizin azadlığı uğrunda şəhidlərin ailə üzvləri ilə görüşdəki çıxışında demişdir: "Vətəndaş" sözü böyük sözdür, müqəddəs sözdür. "Vətəndaş" sözü o deməkdir ki, hər bir vətəndaş öz vətəninə sadiq, vəfalı  olmalıdır, onun   müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır".

Bu vətəni bizə Tanrı bəxş edib, əcdadlarımız, tarixi şəxsiyyətlərimiz onu qoruyub,  saxlayıb. Bu dövləti - suveren Azərbaycanı isə ötən əsrin 90-cı illərinin əzab-əziyyəti ilə xalqla çiyin-çiyinə dahi siyasət öndəri - ümummilli lider Heydər Əliyev yaradıb. Taleyin möcüzəsi kimi ulu öndərin memarı olduğu müstəqil dövlətçiliyimiz qurulub və tarixdə ilk dəfə özünü "müstəqil Azərbaycan vətəndaşı" adlandıra biləcək yeni nəsil yaranıb.

18 oktyabr 1993-cü il tarixdə Azərbaycanın Müstəqillik Gününun ikinci ildönümü münasibətilə xalqa təbrikini yada salanda onun vətəndaş və dövlət münasibətlərinə verdiyi dəyər gözlərimiz önündə canlanır. O zaman müstəqillik o qədər kövrək, dövlətin taleyi o qədər qeyri-müəyyən idi ki, ümummilli lider Heydər Əliyev öz təbrikini müraciət üstündə - müstəqil olmaq istəyən vətəndaşlara xitab üzərində qurmuşdu: "Hörmətli həmvətənlər! Bu gün Azərbaycanın həyatında əlamətdar gündür - dövlət müstəqilliyinin ikinci ildönümüdür.  Mən bu əlamətdar gündə respublikamızın bütün vətəndaşlarına müraciət edirəm. Bu müstəqilliyi daimi etmək üçün fədakar əməyə dəvət edirəm. Mən bu gün Azərbaycan Silahlı Qüvvələrinə, vətənini əziz sayan, onu sevən hər bir vətəndaşa müraciət edirəm. Biz taleyimizi özümüz həll etmək imkanı qazanmışıq. Ancaq bu imkanları əldə saxlamaq, müstəqilliyi daimi etmək qarşımızda duran əsas vəzifələrdir. Bir dövlət başçısı kimi mən bu vəzifələri özümün ümdə vəzifələrim hesab edirəm. Ümid edirəm ki, hər bir vətənpərvər azərbaycanlı, bu yurdun vətəni sevən hər bir sakini bunları özünün şəxsi vəzifələri hesab edəcəkdir. Bu ümidlərlə sizə həyatınızın bütün sahələrində uğurlar diləyirəm".

 

Vətəndaş cəmiyyəti. Vətəndaşlıq  mədəniyyəti - müqayisə nəyi göstərir?

 

Vətəndaşlıq, vətənpərvərlik - ilk növbədə mədəniyyətdir. Ancaq heç bir qanun özlüyündə cəmiyyətə hazır vətəndaş bəxş edə bilməz, bu, gərəkli şərtlərdən yalnız biridir.

Müstəqilliyin  əldə edilməsi ilə eyni vaxtda Azərbaycanda demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna başlanmışdır. Bu illər  həm də vətəndaş cəmiyyəti təsisatlarının intibah dövrü olmuşdur. Müstəqillik illərində Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşması və inkişafı respublikada baş verən demokratikləşmə proseslərinin əsas göstəricilərindən birinə çevrilmişdir.    Əsas nailiyyətlərdən biri də vətəndaş-dövlət münasibətlərinin yeni modelinin, vətəndaşların təşəbbüskarlığı üçün dialoq məkanının formalaşması olub.

Vətəndaş cəmiyyətinin təkamülünə tarixi-müqayisəli yanaşma göstərir ki, onun mahiyyətində müxtəlif mövqelər mövcuddur. Vətəndaş cəmiyyətinin tarixi tiplərinin tədqiqi bu sosial fenomenin zaman gedişində dinamik dəyişikliyə uğrayan məzmuna malik olduğunu üzə çıxarır. Buradan belə bir nəticə çıxır ki, informasiya və biliyə əsaslanan cəmiyyətdə vətəndaş cəmiyyətinin mənası yeniləşməyə bilməz. Bütövlükdə indiyə qədər mövcud olan tərifləri birləşdirən bir ümumi xüsusiyyət  isə mahiyyətcə belə səslənir: vətəndaş müvafiq problemlərin həllinin fövqünə qalxarsa, o zaman "vətəndaş" adlana bilməz və siyasiləşən  institutlara çevrilər. İnformasiya və biliyə əsaslanan cəmiyyət  dövründə bu institut sosial sifarişlərə çevik cavab verə bilən təşəbbüslərin, kreativ vətəndaşlıq funksiyasının əsas daşıyıcıları kimi çıxış edir və fəaliyyətlərini də buna müvafiq olaraq qurmalıdır.

Hazırda ölkədə 4000-ə yaxın qeyri-hökumət təşkilatı (QHT), 20-yə yaxın  QHT koalisiyası, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası fəaliyyət göstərir. Bütün bunlar alqışlanmalı olan çox böyük nailiyyətlərdir.

Eyni zamanda, hüquq və öhdəliklər bir-biri ilə bağlı anlayışlardır. Sözünün kökündə "vətəndaş" sözü olan bu təsisatlarda çoxsaylı "vətəndaş hüquqları cəmiyyətləri" olduğu kimi, vətəndaş öhdəlikləri cəmiyyətlərinin də olması gözləniləndir. Vətəndaş cəmiyyətinin 5 minə yaxın təsisatı arasında bu ideyaya xidmət edənlər çoxdur. İstər Dağlıq Qarabağ münaqişəsinə dair Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması yönündə, istər milli qəhrəmanlarımızın cəmiyyətə tanıdılması yönündə gərəkli işlər görülür. Bu da çox təbiidir. Belə ki, sözünün kökündə vətəndaş olan bir cəmiyyəti məhz vətəndaşlıq mədəniyyəti olan insanlarla qurmaq mümkündür. Çünki vətəndaşsız, dövlətini sevməyən fərdlərdən "vətəndaş cəmiyyəti" qurmaq mümkünsüzdür!

Qeyd edilən  məsələdə vətəndaş cəmiyyəti və onun tərəfdaşları olduqca geniş anlayışdır və çoxsaylı subyektlərə malikdir. Həmin subyektlərin bir neçəsinə  ardıcıl olaraq nəzər salaq. Məsələn, siyasi partiyaların, hərəkatların, gənclər təşkilatlarının proqramlarında bu mövzuya - vətəndaşlıq mədəniyyətinin formalaşmasına  münasibət necədir?

"Yeni Azərbaycan Partiyasının Proqramı"na nəzər salsaq, burada əsas ideoloji prinsiplərdən biri azərbaycançılıq, vətənçilik prinsipidir. Bu prinsipə görə, "Yeni Azərbaycan Partiyası dilindən, dinindən, etnik və sosial mənşəyindən asılı olmayaraq Azərbaycan dövlətinə və onun qanunlarına tabe olan, ölkəmizdə və onun hüdudlarından kənarda yaşayan bütün Azərbaycan vətəndaşlarını Azərbaycan xalqı, Azərbaycanı isə onların ümumi, bölünməz vətəni, doğma yurdu hesab edir. Partiyamız Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, adət-ənənələrinin, milli əxlaqi mentalitetinin, dilinin, dininin qorunmasını hamı üçün ümumi vətən hesab olunan və xalqımızın dövlətçilik hisslərini, dövlət rəmzini yaşadan vahid Azərbaycan dövləti  ilə bağlayır.

Azərbaycan dövləti bizim milli varlığımızın, birliyimizin, dinc və firavan həyatımızın təmin edilməsinin, hər kəsin hüquq və azadlıqlarının qorunmasının yeganə, etibarlı vasitəsidir! Odur ki, partiyanın üçüncü əsas prinsipi özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən azərbaycançılıq və vətənçilikdir". Partiya gənclərlə sıx, birgə fəaliyyət göstərir.

Digər partiyaların nizamnamələrində, gənclər təşkilatlarında da, bir qayda olaraq, "azərbaycançılıq", "dövlətçilik" ifadələri vurğulansa da, bunlar formal xarakter daşıyır. Çünki reallıqda əksər partiyaların fəaliyyəti bu sözlərin həqiqi məna və mahiyyətindən uzaq olan fəaliyyəti nümayiş etdirməklə məşğuldur.

 

Vətəndaşlıq duyğusu olmayan "vətəndaşlar"...

 

Dünyada elə dəyərlər var ki, onları seçmirlər. Bu dəyərlərin sayı çox az olduğu üçün onları sadalamaq olar. Bu, doğulduğun vətən, vətəndaşı olduğun dövlət, mənsub olduğun millət, mənəvi prinsiplərindir! Yəni onları seçim etmək mümkün deyil. İnsanları vətən amili birləşdirir! Başqa çox şeylərin ayırdığı cəmiyyəti də dövlət kimi özünü təsdiq edən vətən sarsılmaz edir! Lakin təbii ki, bu, həmin mənəvi birlik formasını - dövlətin dəyərini  anlayanlar üçündür.

Postmodern qloballaşan cəmiyyətdə bəzən vətən, vətənpərvərlik anlayışlarını dəbdən düşmüş mövzu hesab edənlər də var. Xüsusilə də bu insanlar kateqoriyasına mənsub olanların istinad etdiyi, daha doğrusu, təzim etdikləri Qərb məkanında. Qərbə təzim edənlər üçün burada "vətən" və "dövlət" anlamlarına verilən dəyərə də bələd olmaq pis olmazdı. Həmin dövlətlərin vətəndaşları öz vətəninə xidməti hər şeydən öndə qoyur.    

Lakin qeyd etdiyimiz kimi, seçimi mümkün olmayan dövlətçilik dəyərlərini  seçmək istəyənlər mövcuddur. Belə yaşayanlar üçün bəlkə də ən böyük cəza elə onların "vətənsiz və bayraqsız", dövlətini və kimliyini bilmədən yaşamalarıdır. Belələri vətəndaşları olduqları dövlət haqqında yalnız uydurma və mənfi informasiyanın toplanmasını, milli mənəviyyata və qanuna zidd olaraq tirajlanmasını özlərinə "missiya" seçirlər.

Onlar  özlərinin xəyal etdiyi kimi, nə demokratik düşüncə, nə də peşəkarlığına görə deyil, yalnız  Azərbaycan əleyhinə olduqları üçün  maliyyə mənbələri tapırlar. Demokratiya barədə anlayışları isə belədir ki, hansı ölkədə "dövlətçilik dəyərlərinin inkarı" yoxdursa, deməli, orada demokratiya, azadlıq yoxdur, yəni bu qədər bəsit düşünənlər var.

Onlar Azərbaycanın suveren, beynəlxalq münasibətlərin bərabərhüquqlu subyekti, regionda bütün sahələrdə lider ölkə kimi özünü tanıdan müstəqil dövlət olduğunu dərk etmək səviyyəsində deyillər. "Dünyanın paytaxtı" kimi etalon hesab  etdikləri xarici dairələrin buyuruqlarını yerinə yetirmək üçün bu  "əyalət düşüncəsi"nin sahibləri dəridən-qabıqdan çıxırlar. Müstəqil dövlətinə deyil, təzim etdikləri, maliyyə bosları ilə təmasda olmaqla "demokratik" hesab edənlərin əslində "əyalət düşüncəsi" ilə yaşadıqlarına yalnız acımaq qalır. Xarici dəstəkçilər öz işini görür, öz dövlətlərinə xidmət edirlər. Başqa məsələdir ki, ona öz dövlətinə xidmət etməsi üçün "xidmətçilər", onun ölkəsini dünyanın paytaxtı, özlərini isə asılı hiss edən əyalət təfəkkürlü buyuruq qulları lazımdır. Bu məqsədlə istifadə etdiyi Azərbaycandakı yalnız  ad və soyadlarından azərbaycanlı olduqları, mənəviyyatca xəyanətə, erməniliyə xidmət edənlər tapmaq çətin deyil!

Məsələ burasındadır ki, kiminçünsə "vətən", "dövlət", "vətəndaşlıq" anlayışları ayrılmaz vəhdət təşkil edir, kiminçünsə bunlar başqa-başqa şeylərdir.

Reallıqda aramızda bu illərdə özünü "vətəndaş" adlandıran, eyni zamanda dövlətçiliyə qarşı çıxmağı peşə seçən adamlar da var. Ən dözülməz vəziyyət onda yaranır ki, onlar vətən, dövlət haqda gəlişigözəl sözlər söyləyir, onun adından sui-istifadə edərək vətənə xəyanət sayılan addımlar atırlar.

Digər paradoks ondan ibarətdir ki, öz partiyalarının, hərəkatlarının adında "vətəndaş" sözündən gen-bol istifadə etməyə üstünlük verirlər (Bu yaxınlarda dövlətçilik əleyhinə əməllərdə ittiham edilən "Nida" Vətəndaş Hərəkatı kimi). Lakin bu sözün mahiyyətini dərk edirlərmi?

Gecə-gündüz dövlətin onlar üçün etməli olduqlarına dair iddialar səsləndirən  bu adamlar bir dəfə də olsun özlərinə sual vermirlər: onlar vətən üçün nə isə ediblərmi?

Belə insanların sayı xoşbəxtlikdən az olsa da, bu, cəmiyyəti və ziyalıları düşündürməlidir. Çünki məhz bu kateqoriyadan olanlar Azərbaycan dövlətinin xaricdə və daxildə güclənməsini istəməyən, onun əleyhinə çalışanların başlıca hədəfini təşkil edirlər. Həmin qüvvələr onlarla həm ideoloji, həm də praktiki olaraq ciddi şəkildə işləyirlər.

Bilərəkdən və bilməyərəkdən "dövlət və xalq", "vətən və vətəndaşlıq" anlayışlarını süni şəkildə bir-birindən ayıraraq düşmənçilik mövqeyində dururlar. Hələ sadalanan anlayışların mahiyyətini və mənasını tam dərk etməyən neçə-neçə gənci yanlış yola salaraq onların arxasında gizlənmək - bundan böyük rəzalət ola bilməz! Bəlkə də o gənclər öz həyatlarında böyük işlər görə bilərdilər. Lakin nə təhsil, nə karyera imkanlarını sınamağa fürsət verməyərək cinayətkarlığa, xəyanətə sövq edirlər. Ən dəhşətlisi odur ki, taleyindən xətt çəkilən bu insanların düşdükləri  vəziyyətə görə heç bir məsuliyyət daşımırlar.

Bu gün müstəqil dövlətimizin ərazi bütövlüyü pozulub, vətənimizim bir parçası işğal edilib. Pafosdan çox uzaq olaraq demək istərdik ki, vətən təəssübkeşi olan, onun ağrısını hiss edən hər bir azərbaycanlı üçün bu ümummilli problem hər şeydən öndədir. Müharibə şəraitində yaşayırıq. Xain düşmən gülləsinə tuş gələn, atəşkəsin pozulması nəticəsində həlak olan əsgərlərimiz də, Milli Qəhrəman zirvəsinə yüksələn Mübariz kimi oğullarımız da var!

 

Hüquqi baxımdan şəxsiyyət vəsiqəsinin olması avtomatik olaraq vətəndaş olmaq deyil 

 

Bu gün demokratik dövlətdə yaşayırıq və şəxsiyyət vəsiqəsi alan hər kəs ən azı  de-yure olaraq Azərbaycan vətəndaşı hesab olunur. Bununla yanaşı, vətəndaş olmaq missiyasının dərk edilməsi barədə düşünülmür.

Yəqin xatırlatmağa dəyər ki, adətən dövləti qarşısında böyük xidmətləri olan insanlar haqda danışanda ən yüksək  xüsusiyyət kimi "vətəndaş" sözünü vurğulayır, işlədirik. Məsələn, xalqına xidmət edən görkəmli insanlardan söz açanda "həm ziyalı, həm də vətəndaş, alim-vətəndaş, siyasi xadim-vətəndaş" deyimlərinə rast gəlirik. Bu, hər birimizi düşündürməlidir. Yəni alim, ziyalı, tədqiqatçı, siyasətçi olmaqla yanaşı, əvvəl dövlətinin təəssübünü çəkən vətəndaş olmaq hər kəsə nəsib olan xoşbəxtlik deyil.

Vətəndaşlıq - yalnız şəxsiyyət vəsiqəsində müvafiq qeydiyyat demək deyil. Bu, bütöv bir anlayışdır və sözün kökündəki "vətən" kimi mənəvi anlayışla bağlıdır.

Torpağını, tarixini, mədəniyyətini, dilini, dinini, mənəvi dəyərlərini və ənənələrini sevməyən vətəndaş sayıla bilməz! Vətəndaş - mənəviyyat kateqoriyasıdır və onu yalnız hüquqi başa düşənlər mənəvi haqqını itirmiş olur.

Azərbaycan Respublikasının Konstitusiyasına görə: "Maddə 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi. I. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır". Reallıqda gördüyümüz cəhdlər bunun əksini deməyə imkan verir.

Azərbaycan Respublikasının vətəndaşlığı haqqında qanuna görə isə: "Maddə1. Vətəndaşlıq hüququ. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır".

Təbii ki, vətəndaşlıq haqda qanun demokratik cəmiyyətdə bütün məqamları təfərrüatı ilə əhatə etmək imkanında deyil. Vətəndaşlıq yalnız milliyyət də demək deyil. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən və Şəhidlər xiyabanında uyuyan qardaş xalqların neçə-neçə nümayəndəsi ən şərəfli vətəndaşlarımızdır.

 

 

(Ardı var)

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları

komitəsinin sədri, professor

 

Azərbaycan.-2013.- 17 aprel.- S.10.