İnsan hüquqları üzrə müvəkkil Xaçmaz Qubada ictimai dinləmələr keçirmişdir

 

İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Prezidentin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın (MFP) təbliği və tətbiqinin müzakirəsi ilə bağlı Xaçmaz və Qubada ictimai dinləmələr keçirmişdir.

AzərTAc xəbər verir ki, Xaçmaz Mədəniyyət Evində keçirilmiş ictimai dinləmədə icra hakimiyyətinin, məhkəmə, daxili işlər orqanları və prokurorluğun rəhbər işçiləri, bələdiyyələrin, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatlarının, KİV-lərin və icmaların, milli azlıqların nümayəndələri iştirak etmişlər.

Rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycanın demokratik yolla irəlilədiyini, ölkə Prezidentinin dəstək və qayğısı nəticəsində, regionların sosial-iqtisadi inkişafı proqramına müvafiq olaraq respublikamızda, o cümlədən Xaçmaz və ətraf rayonlarda geniş abadlıq-quruculuq işlərinin, habelə sosial-iqtisadi inkişaf siyasətinin uğurla həyata keçirildiyini, əhalinin vəziyyətinin yaxşılaşdığını bildirmişdir.

Rayon məhkəməsinin sədri Əlövsət Paşayev ölkəmizdə insan hüquqlarının təmininin prioritet məsələlərdən olduğunu, "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın əhəmiyyətini qeyd etmiş, adıçəkilən sənədin icrası ilə bağlı görülmüş işlərdən, vətəndaşların qəbulu və müraciətlərinə baxılması, onların həllinə yönəlmiş tədbirlər haqqında ətraflı məlumat vermişdir.

Ombudsman Elmira Süleymanova  ölkədə normativhüquqi bazanın yaradılması, insan hüquqlarının qorunması, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində çox ciddi işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Qeyd olunmuşdur ki, 2006-cı ildən uğurla həyata keçirilən  "İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın davamı olaraq yeni prioritetlərə uyğun istiqamətlər müəyyən edilmiş, bugünədək respublikanın  50-dən çox şəhər və rayonunda ictimai dinləmələr keçirilmişdir.

Müvəkkil bəzi problemləri qeyd etmiş, insan hüquqları sahəsində vəzifələrin birgə səylərlə uğurla həyata keçiriləcəyini vurğulamışdır. O bu regionda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi və digər zəruri məsələləri müzakirəyə çıxarmışdır.

Tədbirin sonunda Elmira Süleymanova ombudsman təsisatının və bir sıra dövlət qurumlarının qaynar xətləri barədə məlumat vermiş, insanların müraciətlərinə müvafiq orqanlar tərəfindən daim vaxtında və operativ baxılmasını tövsiyə etmişdir.

Günün ikinci yarısında ictimai dinləmələr Qubada keçirilmişdir.

 

 

Azərbaycan.- 2013.- 17 aprel.- S.10.