Azərbaycan Prezidenti İlham Əliyev Çexiya
Deputatlar Palatasının sədr müavininin
başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də
Çexiya Respublikasının Deputatlar Palatasının sədr
müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan
Hamaçekin başçılıq etdiyi nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət
başçısı ölkələrimiz arasında ikitərəfli
əlaqələrin möhkəmləndirilməsinə xidmət edən
qarşılıqlı səfərlərin və
görüşlərin önəmini vurğuladı. Enerji
sahəsində əməkdaşlığın genişləndirilməsi
üçün yaxşı imkanların olduğunu deyən
Prezident İlham Əliyev bildirdi ki,
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini bundan sonra da
verməkdə davam edəcəkdir. Ölkələrimizin istər
ikitərəfli, istərsə də Avropa İttifaqı
çərçivəsində uğurlu əməkdaşlıq
etdiyini söyləyən dövlət başçısı
Çexiyada bu əməkdaşlığa mane olan
addımların atıldığını da təəssüflə
qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Çexiyanın
xarici işlər naziri Karel Şvarsenberqin Azərbaycan və
Xocalı soyqırımı ilə bağlı həqiqəti
əks etdirməyən və heç bir əsası olmayan, qərəzli
bəyanatlar verməsi Çexiya-Azərbaycan əlaqələrinin
genişləndirilməsinə mane olan addımlardandır. Bu
cür bəyanatların qəbuledilməz olduğunu deyən
dövlət başçısı Çexiya rəhbərliyinin
ikitərəfli əlaqələrin inkişafına xələl
gətirən bu cür hallara
münasibət bildirəcəyinə ümidvar olduğunu
bildirdi.
Prezident
İlham Əliyev Çexiya-Azərbaycan dostluq qrupunun sədri
kimi Yan Hamaçekin Azərbaycana bu səfərinin parlamentlərarası
əlaqələrin daha da möhkəmləndirilməsi
işinə xidmət edəcəyinə əminliyini bildirdi.
Çexiya
Respublikasının Deputatlar Palatasının sədr
müavini, Çexiya-Azərbaycan dostluq qrupunun sədri Yan
Hamaçek ölkələrimiz arasında ikitərəfli əlaqələri
müxtəlif istiqamətlərdə, o cümlədən
parlamentlərarası əməkdaşlıq sahəsində
daha da genişləndirməyin əhəmiyyətini qeyd etdi. O,
Çexiya parlamentinin Deputatlar Palatasının xarici əlaqələr
komitəsinin Xocalı faciəsinin 21-ci ildönümü ilə
əlaqədar müdafiəsiz dinc əhaliyə qarşı
törədilmiş etnik təmizləməni, kütləvi
qırğın və soyqırımını qətiyyətlə
pisləyən qətnamə qəbul etdiyini vurğuladı.
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.5.