Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
"Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Hacıqabul rayonunda da uğurla həyata
keçirilir. Son illərdə rayonda bir sıra mühüm
infrastruktur layihələri yerinə yetirilmiş, istehsal
müəssisələri yaradılmış, rayon mədəniyyət
sarayı əsaslı təmir olunmuş, ümumtəhsil məktəbləri
yenidən qurulmuş, Uşaq Tibb Mərkəzi, 50
çarpayılıq xəstəxana-poliklinika və digər
sosialyönümlü obyektlər tikilib istifadəyə
verilmiş, yeni yollar çəkilmiş, genişmiqyaslı
abadlıq-quruculuq işləri görülmüşdür.
Hacıqabul
şəhərində abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda rayon üzrə
müəyyən olunmuş tədbirlərin həyata
keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1.
Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi
məqsədi ilə Hacıqabul Rayon İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 17 aprel
2013-cü il
Azərbaycan.-2013.- 18 aprel.- S.5.