Mingəçevirdə Heydər Əliyev
Mərkəzinin açılışı olmuşdur
Azərbaycan Prezidenti İlham Əliyevin
Mingəçevir şəhərinə səfəri
Azərbaycan
Prezidenti İlham Əliyev aprelin 16-da Mingəçevirə səfəri
çərçivəsində Heydər Əliyev Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı mərkəzin rəmzi
açılışını bildirən lenti kəsdi.
Mingəçevir
şəhərinin inkişafı ümummilli lider Heydər Əliyevin
daim diqqət mərkəzində olmuşdur. Ulu öndər
Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün
dövrlərdə Mingəçevirin inkişafına mühüm
töhfə vermişdir. Ümummilli liderin bu fəaliyyətini
Mingəçevir şəhər ictimaiyyəti ehtiramla yad
edir. Mingəçevir şəhərində inşa olunan
Heydər Əliyev Mərkəzi də ulu öndərin zəngin
həyat yolunun səhifələrini vərəqləməyə,
Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər
salmağa imkan verir.
Şəhər
icra hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat
verdi ki, mərkəzin tikintisinə 2008-ci ilin avqustunda
başlanmışdır. Altı min kvadratmetrlik ərazidə
inşa olunan mərkəzdə ən müasir standartlar tətbiq
edilmişdir. Ulu öndərin zəngin irsinin öyrənilməsi
və gələcək nəsillərə
çatdırılması məqsədilə yaradılan mərkəz
ümummilli liderin xatirəsinin əbədiləşdirilməsi
istiqamətində görülən tədbirlərdən
biridir. Mərkəzdə ulu öndərin ölkəmizə
rəhbərliyinin müxtəlif dövrlərini əks etdirən
fotostendlər qurulmuşdur.
Prezident
İlham Əliyev mərkəzin akt zalı ilə
tanış oldu. Bildirildi ki, 570 yerlik geniş və
işıqlı akt zalında şəhər və respublika
səviyyəli tədbirlərin, konfransların və
iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdəki
xüsusi guşədə dövlət atributları
haqqında məlumat verilir. Burada həmçinin Azərbaycanın
zəngin dövlətçilik tarixini əks etdirən lazer
lövhə yaradılmışdır. Mərkəzə gələn
hər bir kəsin Azərbaycanın tarixi ilə bağlı
dolğun məlumat əldə etmək imkanı vardır.
Qeyd
olundu ki, mərkəzin ikinci mərtəbəsindən sərgi
zalı kimi də istifadə ediləcəkdir. Hazırda burada
mingəçevirli rəssamların və heykəltəraşların
əl işləri nümayiş olunur. Mərkəzdə gənclərin
müasir texnoloji yeniliklərlə yaxından tanış
olmaları, onların bilik və bacarıqlarının
inkişafı üçün kurslar təşkil ediləcəkdir.
Bunun
üçün internet sinfi, elektron kitabxana və kompyuter mərkəzi
qurulmuşdur. Mərkəzdə ulu öndər Heydər Əliyevin
irsini öyrənən və Prezident İlham Əliyevin fəaliyyətindən
bəhs edən monitor zallar da fəaliyyət göstərəcəkdir.
Bundan əlavə, məktəblilərin Azərbaycanın zəngin
tarixini dərindən öyrənmələri
üçün xüsusi dərnəklər, o cümlədən
müasir formatlı kinozal, sərgi salonu, fotostudiya, dizayn və
rəsm studiyası yaradılmışdır.
Sonra
dövlət başçısı mərkəzdə şəhər
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Şəhər
ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident
İlham ƏLİYEV dedi:
- Mən
sizi ürəkdən salamlayıram. Bu gün Mingəçevirdə
çox əlamətdar bir gündür. Biz Mingəçevirdə
Heydər Əliyev Mərkəzinin
açılışına toplaşmışıq.
Çox gözəl, möhtəşəm binadır. Həm
xarici gözəlliyi ilə seçilir, əlbəttə ki,
daxili tərtibatı da çox yaxşıdır, yüksək
səviyyədə tikilmişdir. Əlbəttə ki, ulu
öndərin yubileyi ərəfəsində Mingəçevirdə
belə Mərkəzin açılışı çox
böyük məna daşıyan bir hadisədir.
Ulu
öndər bütün dövrlərdə öz Vətəninə
sədaqətlə, ləyaqətlə xidmət etmişdir.
1970-1980-ci illərdə onun rəhbərliyi altında Azərbaycan
sovet məkanında ən qabaqcıl yerlərə qalxa
bilmişdir. Mingəçevir üçün o illər ərzində
çox böyük işlər
görülmüşdür. Mingəçevirin sovet məkanında
çox böyük sənaye mərkəzinə çevrilməsi
də məhz ulu öndərin adı ilə bağlı
olmuşdur. Əlbəttə, müstəqillik dövründə
Heydər Əliyevin xidmətləri o qədər
böyükdür ki, bu barədə danışmaq
üçün saatlarla vaxt lazımdır. Ən ağır
illərdə xoşagəlməz halların
qarşısı məhz onun rəhbərliyi ilə
alındı və Azərbaycan inkişaf yoluna qədəm
qoydu.
Müstəqilliyimizin
ilk illəri hamımızın yaxşı yadındadır.
O vaxt əslində, Azərbaycanın müstəqil ölkə
kimi yaşaması sual altında idi. Əvvəlki rəhbərlik
ölkəni uçurum kənarında qoymuşdu. Azərbaycan
xalqının iradəsi, o cümlədən mingəçevirlilərin
ulu öndərə olan inamı vəziyyətin köklü
şəkildə dəyişməsinə gətirib
çıxardı. 1993-cü ildən bu günə qədər
Azərbaycan inkişaf yolu ilə gedir, uğurla və sürətlə
gedir. Bu gün də ulu öndərin siyasi xətti davam
etdirilir. Hər bir yerdə, hər bir bölgədə və
hər bir istiqamət üzrə onun qoyduğu yol bu gün
inkişaf yoludur.
Mingəçevirin
inkişafı da çox sürətlidir. Son illər bu şəhərdə
böyük işlər görülüb. Şəhər
gözəlləşib, abadlaşıb. Yeni gözəl
binalar tikilibdir, küçələr genişləndirilibdir.
İctimai yerlər yaradılıbdır, parklar
salınıbdır. Bu gün bir daha gedən işlərlə
tanış oldum. Görürəm ki, doğrudan da,
bütün işlər böyük zövqlə, keyfiyyətlə
aparılır. İnsanların rahat yaşaması
üçün bütün işlər
görülübdür.
Əvvəlki
dövrlərdə də Mingəçevirdə olarkən
açılışlarda iştirak etmişdim. Keçən
dəfə biz Kür avarçəkmə bazasının
açılışını qeyd etdik. Bu da ölkə
miqyasında nadir bir idman və turizm obyektidir.
Çox
şadam ki, biz bu bazanı nəinki bərpa edə bildik, ən
yüksək dünya standartlarına cavab verən bir idman və
turizm mərkəzini yarada bilmişik. Əlbəttə ki, gələcəkdə
şəhərin inkişafı üçün turizm sektoru
önəmli rol oynaya bilər və oynamalıdır.
Çox şadam ki, sahilin o biri tərəfində yeni hotellər,
istirahət zonaları tikilir.
Mingəçevirin
çox gözəl iqlimi, çox gözəl təbiəti
vardır. Kür çayı boyu yerləşən ən
gözəl şəhərdir. Kür çayının rəngi
də burada çox gözəldir, çox şəffafdır.
Belə bir rəng heç bir başqa yerdə yoxdur. Bunu siz də
bilirsiniz, biz də bilirik. Əlbəttə, Mingəçevirin
bu gözəl təbii vəziyyətindən biz gərək
maksimum dərəcədə istifadə edək. İş
adamları buraya investisiya qoymalıdır. Mingəçevir
Azərbaycanın çox böyük turizm mərkəzinə
çevrilməlidir. Bunu etmək üçün bir daha demək
istəyirəm ki, bütün imkanlar vardır. Artıq tikilən
hotellər də turizm sektorunun inkişafına xidmət
göstərəcəkdir. Eyni zamanda, biz gərək Mingəçeviri
böyük sənaye mərkəzi kimi inkişaf etdirək. Mən
Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə
bağlı xüsusi göstəriş vermişəm. Əslində,
Azərbaycanda üç böyük sənaye mərkəzi
müəyyən olunubdur - Bakı, Sumqayıt və Gəncə.
Mingəçeviri də biz bu siyahıya əlavə etməliyik.
Sovet vaxtında burada çoxlu müəssisələr fəaliyyət
göstərirdi. Sonra onların bir çoxu bağlandı.
Biz Mingəçeviri yenidən böyük sənaye mərkəzinə
çevirməliyik. Buna nail olmaq üçün artıq
hökumətə müvafiq göstərişlər
verilmişdir. İndi işlər gedir ki, Mingəçevirdə
texnologiya parkı yaradılsın. Dövlətin dəstəyi
ilə burada bir neçə iri müəssisə yaradılsın
ki, iş yerləri çoxalsın. Bilirəm, baxmayaraq ki, son
illərdə Mingəçevirdə iş yerləri ilə
bağlı böyük işlər görülübdür,
amma hələ də işsizlər vardır. Biz gərək
şərait yaradaq ki, onlar işlə təmin olunsunlar və öz maddi vəziyyətlərini
yaxşılaşdıra bilsinlər. Ona görə Mingəçevirin
gələcək inkişafı sənayenin, turizmin
inkişafı ilə bağlı olacaqdır. Əlbəttə
ki, sosial infrastrukturun yaradılması və müasirləşdirməsi
istiqamətində də işlər gedəcəkdir.
Mənə
verilən məlumata görə şəhər xəstəxanası
o qədər də yaxşı vəziyyətdə deyildir. Xəstəxananın
yenidən qurulmasına ehtiyac vardır. Bu barədə
göstəriş veriləcəkdir.
Eyni
zamanda, Mingəçevirdə hələ ki, Olimpiya mərkəzi
tikilməyibdir. Düzdür, biz daha çox Kür avarçəkmə
bazasının tikintisi ilə məşğul idik. Bu da əlbəttə
ki, ölkə miqyasında böyük bir idman qurğusudur.
Ancaq Kür avarçəkmə bazasında daha çox
peşəkar idmançılar məşğul olurlar.
Olimpiya mərkəzlərində isə adi vətəndaşlar,
gənclər, uşaqlar, yeniyetmələr idmanla məşğul
olmalıdırlar. Ona görə Mingəçevirdə şəhər
xəstəxanası, Olimpiya mərkəzi, turizm obyektləri
və sənaye müəssisələrinin yaradılması gələcək
illərdə bizim üçün əsas istiqamət
olacaqdır.
Şübhəsiz
ki, sosial cəhətdən ən ağır vəziyyətdə
olan soydaşlarımız, məcburi köçkünlərin
problemləri də öz həllini tapmalıdır. Bu gün
böyük bir şəhərcik açılır. Mingəçevirdə
20 mindən artıq köçkün məskunlaşıbdır,
onların problemləri də tədricən öz həllini
tapır. Mingəçevirdə bundan sonra da
köçkünlər üçün yeni binalar, evlər
tikiləcəkdir.
Yəni,
Mingəçevirin timsalında biz ümumiyyətlə,
ölkəmizin inkişaf modelini görürük -
güclü sənaye potensialı, sosial məsələlərin
həlli, sosial infrastrukturun yaradılması və qeyri-neft
sektorunun inkişafı. Çünki bizim üçün, yəni,
dövlət, hökumət üçün gələcək
illərdə əsas vəzifə bunlardan ibarət olacaq ki,
ölkəmiz hərtərəfli inkişaf etsin, bütün
bölgələr daha da böyük inkişafa nail olsun və
iqtisadiyyatın dayanıqlılığını təmin
etmək üçün qeyri-neft sektorunun inkişafına
daha da böyük təkan verilsin. Bu ilin birinci rübündə
qeyri-neft sektorumuz 11,4 faiz artmışdır. Bu da hesab edirəm
ki, dünya miqyasında ən yüksək göstəricidir.
Əlbəttə,
Mingəçevirin gələcək inkişafı və
şəhərin abadlaşması daim diqqət mərkəzində
olacaqdır. Mən dəfələrlə Mingəçevirdə
olmuşam, bundan sonra da olacağam, sizinlə birlikdə
bütün bu işləri görəcəyik. Bir daha sizi bu
gözəl hadisə münasibətilə təbrik edirəm.
***
Ölkəmizin
və Mingəçevirin inkişafına göstərdiyi diqqət
və qayğıya görə şəhər ictimaiyyəti
adından Prezident İlham Əliyevə təşəkkür
edən Bəhmən NƏCMƏDDİNOV dedi:
- Möhtərəm
cənab Prezident! Mingəçevir şəhərinə
xoş gəlmisiniz! İcazə verin, mingəçevirlilər
adından Sizi bu gözəl sarayda salamlayım. Hamıya məlumdur
ki, Mingəçevirin inkişafında, bugünkü günə
çatmasında ulu öndərin çox böyük zəhməti
olmuşdur. Məhz ulu öndərin böyük təşəbbüsü
və qətiyyəti sayəsində Mingəçevir Azərbaycanın
energetika mərkəzinə çevrilmişdir. Siz bilirsiniz
ki, Cənubi Qafqazın ən iri enerji nəhəngi olan istilik
elektrik stansiyası məhz Mingəçevirdə ulu öndərin
qətiyyəti nəticəsində tikilmişdir və bu
gün də bu stansiya Azərbaycan iqtisadiyyatında
böyük əhəmiyyət kəsb edir.
Bu
möhtəşəm sarayın tikintisində bütün
mingəçevirlilər fəal iştirak etmişlər və
bizim nəsil bildiyiniz kimi, ümummilli lider Heydər Əliyevin
dövründə böyümüşük, onun irsini
gözəl bilirik. Bu saray gənclərimizin gələcəkdə
ulu öndərin dərin irsini, həyat məktəbini
öyrənmək üçün çox gözəl bir
yer olacaqdır. Burada gənclərimiz müxtəlif klublarda
öz bilik və intellekt səviyyələrini artıracaqlar,
özlərinə lazım olan məşğuliyyətləri
artıq burada tapa biləcəklər.
Sizin sayənizdə
ölkəmizin iqtisadiyyatı çox sürətlə
inkişaf edir. Buna misal olaraq Dünya İqtisadi Forumunun
Bakı şəhərində keçirilməsini göstərmək
olar. Bu, Azərbaycanın bugünkü dünya
iqtisadiyyatında hansı səviyyədə olduğunu təsdiqləyən
bir göstəricidir. Orada iştirak edən qonaqların Azərbaycan
iqtisadiyyatına, Azərbaycanın inkişafına verdiyi qiymətlər
ürəyimizi dağa döndərdi. Bunların
hamısı Sizin apardığınız düzgün siyasətin
nəticəsidir. Azərbaycan durmadan inkişaf edir. Bu,
danılmaz bir faktdır. Belə inkişaf edən bölgələrdən
biri də Mingəçevir şəhəridir.
Bu gün
Siz qeyd etdiniz, Mingəçevir şəhəri
abadlaşır, gözəlləşir, gözəl xiyabanlar
tikilir, parklar açılır, belə möhtəşəm
saraylar istifadəyə verilir, qaçqınlarımız-köçkünlərimiz
üçün gözəl binalar tikilir, infrastruktur dəyişir.
Bu, bizi çox sevindirir. Mingəçevirə göstərdiyiniz
yüksək diqqət və qayğıya görə Sizə,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya
mingəçevirlilərin böyük təşəkkürünü
çatdırmaq istəyirəm.
Biz Sizin
ötən bazar günü Nazirlər Kabinetinin
iclasındakı çıxışınızı diqqətlə
izləmişik və Mingəçevirə verdiyiniz bu
töhfəni böyük səmimiyyətlə
qarşılayırıq. Bəli, həqiqətən, Mingəçevir
buna layiqdir.
Siz qeyd
etdiyiniz kimi, Mingəçevirdə keçmişdə iri sənaye
müəssisələri var idi və burada 18 mindən
artıq əhali çalışırdı. Amma bu gün
baxmayaraq ki, Sizin göstərişinizlə burada emal, istehsal,
tikinti müəssisələri işləyir, əhalinin xeyli
hissəsi işlə təmin olunub, amma işsizlik problemi yenə
də vardır. Sizin bu qərarınızdan sonra işsizliyin
aradan götürülməsinə çox böyük təkan
veriləcəkdir. Mingəçevirin iqtisadi potensialı
güclənəcək, şaxələnəcəkdir.
Mingəçevirlilər
ulu öndərə sadiq olduqları kimi, həmişə
Sizinlə olacaqlar və gələcəkdə bütün
işlərini Sizin tələbləriniz səviyyəsində
qurmağa çalışacaqlar. Ulu Tanrıdan Sizə, ailə
üzvlərinizə Azərbaycanın çiçəklənməsində,
inkişafında yeni-yeni nailiyyətlər və uğurlar
arzulayırıq. Çox sağ olun.
***
Prezident
İlham ƏLİYEV: - Sağ olun, doğrudan da, Mingəçevirin
gələcək inkişafı üçün əsas məsələ
yeni iş yerlərinin açılmasıdır.
Çünki şəhərdə quruculuq-abadlıq işləri
çox yaxşı gedir, yeni parklar salınır, ictimai yerlər
yaradılır, eyni zamanda, bütün infrastruktur layihələri
uğurla icra edilir. Mənə verilən məlumata görə,
qazlaşdırma Mingəçevirdə 94 faizə
çatmışdır. Yəni, ümumi ölkə üzrə
qazlaşdırma hələ ki, o səviyyədə deyildir.
İçməli su, elektrik enerjisi ilə heç bir problem
yoxdur. Təbii ki, Mingəçevir bütün ölkəmiz
üçün elektrik enerjisi istehsal edir.
Yolların
çəkilişi son illər ərzində çox
yaxşı getmişdir - şəhər yolları
abadlaşıb, gözəlləşib, indi yeni layihələr
icra edilir. Belə gözəl obyektlər tikilir. Bu gün,
eyni zamanda, Gənclər evi də açılacaqdır. Yəni,
sosial infrastrukturla bağlı dediyim kimi, xəstəxana,
Olimpiya mərkəzi tikiləcəkdir. Ona görə yeganə
əsas məsələ iş yerləridir və bu istiqamət
üzrə biz daha da fəal işləyəcəyik ki, gələcəkdə
Mingəçevirdə də işsizliyin səviyyəsi
ölkədə olduğu kimi olsun. Çünki son illər ərzində
Azərbaycanda işsizlik böyük dərəcədə
aşağı düşmüşdür və statistikaya
görə cəmi 5,2 faiz təşkil edir. Mingəçevirdə
isə bu göstərici əfsuslar olsun ki, daha
böyükdür. Ona görə biz əsas yükü verəcəyik
bu məsələlərə. Verilən göstərişlər
və hazırlanan layihələr əminəm ki, yaxın
zamanlarda Mingəçevirdə bir neçə iri müəssisənin
yaradılmasına gətirib çıxaracaqdır. Dövlət,
əlbəttə ki, öz üzərinə düşən
vəzifəni icra edəcək. Bu layihələr dövlət
dəstəyi ilə icra ediləcəkdir və eyni zamanda,
biznes qurumlarını da biz yeni müəssisələrin
yaradılması üçün Mingəçevirə
istiqamətləndirəcəyik. Bu gün Azərbaycanda
şirkətlərin böyük hissəsi dövlət tərəfindən
dəstək görür və Sahibkarlığa Kömək
Milli Fondunun xətti ilə bu il 250 milyon manat güzəştli kreditlər
veriləcəkdir. Yəni, dövlətin kifayət qədər
imkanı var ki, istənilən coğrafi məntəqəyə
bu investisiyaları yönəltsin. Əlbəttə, Mingəçevir
burada ön planda olacaq, çünki buna böyük ehtiyac
vardır. Əminəm ki, gələcək illərdə Mingəçevirin
böyük sənaye şəhəri kimi şöhrəti
yenə də yüksək səviyyədə olacaqdır.
Bir daha
sizə təşəkkür edirəm, sağ olun.
***
Sonra xatirə
şəkli çəkdirildi.
***
Mərkəzlə
tanışlıqdan sonra Prezident İlham Əliyevə
Müşfiq Mirzəyev adına "Dostluq" parkında
aparılan yenidənqurma işləri ilə bağlı məlumat
verildi. Qeyd olundu ki, parkda tikinti işlərinə bu ilin
yanvarında başlanmışdır. Ümumi ərazisi
altı hektar olan parkda müasir işıqlandırma sistemi və
fəvvarə quraşdırılmış, geniş
yaşıllıq zolaqları salınmış, dekorativ
ağac və kollar əkilmişdir. İndi parkda yay konsert səhnəsi
tikilir. Burada açıq havada şəhər əhəmiyyətli
müxtəlif tədbirlər və konsert proqramları təşkil
olunacaqdır. Parkda müxtəlif istirahət guşələri,
həmçinin uşaqların əylənmələri
üçün hər cür şərait yaradılacaq,
müasir attraksionlar və uşaq yelləncəkləri quraşdırılacaqdır.
Artıq 100 müasir oturacaq qoyulmuşdur.
Dövlət
başçısına məlumat verildi ki, ətrafdakı fərdi
evlər və digər binalarda da əsaslı təmir işləri
aparılacaqdır. Yaşıllaşdırılan ərazidə
avtomatik suvarma sistemi artıq
quraşdırılmışdır. Bir sözlə,
müasir standartlar səviyyəsində inşa olunan park
şəhər əhalisinin və qonaqların ən sevimli
istirahət mərkəzlərindən birinə çevriləcəkdir.
Azərbaycan
Prezidenti yeni parkın tikintisi ilə bağlı
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.1-2.