Mingəçevirdə Gənclər evi istifadəyə verilmişdir
Azərbaycan
Prezidenti İlham Əliyevin Mingəçevir şəhərinə
səfəri
Aprelin
16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Mingəçevirdə Gənclər evinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı Gənclər evinin rəmzi
açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə, regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, o cümlədən Mingəçevirdə Gənclər evinin yaradılması da bu məqsədə xidmət edir.
Bildirildi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin martında başlanmış, bu ilin aprelində başa çatdırılmışdır. Ümumi sahəsi 980 kvadratmetr olan Gənclər evinin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Mərkəzdə gələcəkdə şəhər gəncləri arasında intellektual oyunların keçirilməsi nəzərdə tutulmuşdur.
Qeyd olundu ki, gənclərimizin vətənpərvərlik ruhunda böyüməsi prioritet məsələlərdən biridir. Bunun üçün burada "Vətənpərvərlik klubu" yaradılmışdır. İnformasiya guşəsindən isə gənclər ən son məlumatları əldə edəcəklər. Ayrıca yaradılmış internet otağında bütün kompyuterlər internetə qoşulmuşdur. Gənclər evində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Masaüstü oyunlar zalında gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait yaradılmışdır. Sərgi salonunda isə hazırda dünyanın müxtəlif ölkələrindən olan gənc rəssamların əl işləri sərgilənir. "ART studiya"da ən son texnologiyalar quraşdırılmışdır. Burada gənclər müxtəlif növ verilişlər hazırlamaq imkanı əldə edəcəklər. Gənclər evində istedadların hazırlığı laboratoriyası fəaliyyət göstərəcəkdir. Bu layihə dövlət proqramı çərçivəsində Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Texnika və ixtiralar klubu da gənclər üçün mühüm əhəmiyyətə malikdir. Burada gənclərə həm yeni ixtiralar, həm ən son texnikalar haqqında məlumat veriləcəkdir. Gənclər onları maraqlandıran bütün suallara "qaynar xətt" xidmətindən cavab ala biləcəklər. Konfrans zalında gənclərlə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulur. Gənclər evində həmçinin "yaşıl şəhər" ekologiya dərnəyi, kitabxana və karyera mərkəzi fəaliyyət göstərəcəkdir. Gənclər evi gənclərin asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Prezident
İlham Əliyevə ölkəmizdə inşa olunan və
tikintisi nəzərdə tutulan idman qurğuları, 2015-ci ildə
Bakıda keçiriləcək Avropa Oyunları ilə
bağlı görülən işlər barədə də
məlumat verildi.
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.2.