Avropaya inteqrasiya xarici
siyasətimizin prioritet istiqamətidir
Aprelin
17-də Milli Məclisin Sədri Oqtay Əsədov Bakıda səfərdə olan
Çexiya Respublikasının Deputatlar Palatasının sədrinin
müavini Yan Hamaçekin rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüşüb. Görüşdə
Azərbaycan-Çexiya dostluq əlaqələri müzakirə
olunub.
Oqtay Əsədov
bildirib ki, qarşılıqlı səfərlər və
keçirilən görüşlər ikitərəfli
münasibətlərin, xüsusən də parlamentlərarası
əlaqələrin daha da yaxşılaşmasına xidmət
edir. Azərbaycan və
Çexiya Respublikası müxtəlif sahələrdə
əlaqələrin inkişafına böyük önəm
verirlər.
İki
ölkə arasındakı əməkdaşlığa
toxunan Oqtay Əsədov qeyd edib ki, Azərbaycanla Çexiya
arasında iqtisadi əlaqələr inkişaf edir. Ötən
il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi
610 milyon ABŞ dolları təşkil edib. 2011-ci illə
müqayisədə bu rəqəm iki dəfə artıb.
Bununla belə iqtisadi əlaqələrin daha da genişləndirilməsi
üçün iqtisadiyyatın qeyri-neft sektorunda da geniş
imkanlar var.
İkitərəfli
münasibətlərin dərinləşməsində
parlamentlərin rolunu vurğulayan sədr deputatların
müxtəlif beynəlxalq təşkilatlarda
qarşılıqlı maraq doğuran məsələlər
ətrafında fikir mübadiləsi aparmasını yüksək dəyərləndirdi.
Bildirdi ki, NATO-nun Sülh naminə tərəfdaşlıq
proqramı, Avropa İttifaqının Şərq tərəfdaşlığı
layihəsi Avropa ölkələri, o cümlədən
Çexiya ilə əməkdaşlıq üçün
yaxşı zəmin yaradır.
Bu gün
Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin prioritet
istiqamətini təşkil edir - deyən Oqtay Əsədov bu
cür yüksək səviyyəli səfərlərin əlaqələrimizin
inkişafı üçün daha geniş imkanlar
yaradacağına inandığını bildirdi.
Dövlətlərimiz
arasında əlaqələrin inkişafında parlamentlərin
rolunu, deputatlarımızın beynəlxalq təşkilatlardakı
birgə fəaliyyətini xüsusi qeyd edən Oqtay Əsədov Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ probleminə də toxunub. Bildirib ki, bu
münaqişə ilə bağlı bir sıra beynəlxalq
təşkilatların məlum qətnamələri hələ
də yerinə yetirilməmiş qalır. Təcavüzkar Ermənistan
tərəfi hələ də torpaqlarımızı
işğal altında saxlamaqla beynəlxalq hüquq
normalarını kobud şəkildə pozmaqda davam edir. Azərbaycan
isə münaqişənin beynəlxalq hüquq normaları
çərçivəsində sülh yolu ilə həllinə
tərəfdardır.
Xocalı
soyqırımının tanınması ilə bağlı
Çexiya parlamentində görülən işləri
yüksək dəyərləndirən Milli Məclisin Sədri
Dağlıq Qarabağ problemi ilə əlaqədar məsələlərə
həssas yanaşmanın vacibliyini qeyd edib.
Görüş
üçün təşəkkürünü bildirən
Yan Hamaçek Azərbaycana səfərindən
məmnun qaldığını ifadə edib. Azərbaycanın
son illərdə sosial-iqtisadi sahədə əldə etdiyi
uğurları təqdir edən Çexiya Respublikası
parlamentinin sədr müavini səfəri
zamanı ölkəmizdə aparılan böyük
tikinti-quruculuq işlərinin bir daha şahidi olduğunu
bildirib. Qarşılıqlı səfərlərin,
keçirilən görüşlərin ikitərəfli əlaqələrimizin
daha da möhkəmlənməsinə yaxşı töhfə
verəcəyini xüsusi qeyd edib.
Bildirib ki, əsas məqsəd ölkələrimiz
arasında əlaqələri hərtərəfli inkişaf
etdirməkdir.
Sonda hər
iki ölkənin parlamentindəki dostluq qruplarının fəaliyyətinin
genişləndirilməsi, qarşılıqlı səfərlərin
intensivləşdirilməsi və s. məsələlər ətrafında
geniş fikir mübadiləsi aparılıb.
Elçin CƏFƏROV
Azərbaycan.-2013.- 18 aprel.- S.6.