Bakıda Gənclər Təşkilatları Milli Şurasının yeni ofisi açılmışdır

 

Aprelin 17-də Bakıdakı Gənclər Evində yerləşən Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) yeni ofisinin açılış mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki,  tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyası, Gənclər və İdman, Təhsil nazirlikləri, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu, yerli və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəsmiləri iştirak etmişlər.

Mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirmişdir ki, ARGTMŞ-nin sıralarında gəncləri təmsil edən 104 təşkilat birləşmişdir. Əminəm ki, Milli Şura yaxın vaxtlarda sıralarını daha da genişləndirərək mövqeyindən asılı olmayaraq respublikanın bütün gənclər təşkilatlarını özündə cəmləşdirəcəkdir.

Şöbə müdiri qeyd etmişdir ki, ARGTMŞ Azərbaycanın gəncliyini təmsil edir. Düşünürəm ki, bu Gənclər Evi onların təlim keçmələri və intellektlərini artırmaları baxımından böyük rol oynayacaq, eyni zamanda yeni-yeni təşəbbüslərlə çıxış edən bir mərkəzə  çevriləcəkdir.

Azərbaycanda gənclər hərəkatının çox geniş vüsət aldığını deyən gənclər və idman nazirinin müavini İntiqam Babayev vurğulamışdır ki, bu gün ölkəmizdə 230-dan artıq gənclər təşkilatı fəaliyyət göstərir. Artıq müxtəlif məkanlarda gəncləri birləşdirən  resurs bazalar formalaşmaqdadır.

Dövlət proqramı çərçivəsində müxtəlif regionlarda gənclər  evlərinin açılışının nəzərdə tutulduğunu xatırladan nazir müavini demişdir ki, ilk belə mərkəz bu günlərdə Mingəçevirdə açılmışdır. Bu gün isə paytaxtda ARGTMŞ-nin yeni ofisi fəaliyyətə başlayır. ARGTMŞ ölkəmizdə gənclər təşkilatlarını öz sıralarında birləşdirən böyük bir qurumdur. Bir neçə təşkilat birləşərək belə bir Gənclər Evini yaratmışlar. Bu mərkəzin qapıları bütün gənclər təşkilatları üçün açıqdır.

ARGTMŞ-nin sədri Şahin Seyidzadə isə bildirmişdir ki, Gənclər Evi gənclər təşkilatlarının fəallığının artırılması, yaradılmış imkanlar vasitəsilə onların təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının inkişaf etdirilməsi məqsədilə yaradılmışdır. Bu mərkəz gənclər üçün yeni imkanlar açır. Xüsusilə də gənclər təşkilatlarının inkişaf etdirilməsi istiqamətində kitabxana, təlimlərin və tədbirlərin təşkili üçün təlim və görüş otaqları, təcrübə proqramı, təşkilati dəstək və tərəfdaşlıq kimi imkanlar yaradır. 

Sonra iştirakçılar mərkəzlə yaxından tanış olmuş, onlara Gənclər Evi və ARGTMŞ-nin yeni ofisi barədə ətraflı məlumat verilmişdir.

 

 

Azərbaycan.-2013.- 18 aprel.- S.6.