Çexiya Respublikası Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır

 

Dünən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Çexiya  Respublikası Deputatlar Palatasının sədr müavini, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Hamaçek ilə görüşüblər.

Komitə sədrinin müavini Sevinc Fətəliyeva  bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilə Çexiya Respublikası arasında əlaqələr daha da inkişaf edib. Bu gün biz bir çox sahələrdə, xüsusən də beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq edirik. Bakı Slavyan Universitetində tələblərə çex dili və çex mədəniyyəti öyrədilir. Bu da bütövlükdə elmi ictimaiyyət arasında əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

S.Fətəliyeva Dağlıq Qarabağ münaqişəsi barədə qonaqlara ətraflı məlumat verib, Çexiya parlamentində Xocalı soyqırımı ilə bağlı qəbul olunmuş qətnaməyə görə təşəkkürünü bildirib. Qeyd edib ki, hər zaman Azərbaycanın haqlı mövqeyini müdafiə edən Çexiya Respublikası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.

Çexiya Respublikası Deputatlar Palatası sədrinin müavini Yan Hamaçek isə deyib ki, Azərbaycan və çex xalqları arasında oxşarlıqlar çoxdur.  Çexiya dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın genişlənməsində maraqlıdır.

Yan Hamaçek Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin, eləcə də digər beynəlxalq təşkilatlarda qəbul olunmuş qərarların yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolu, bu cür səfərlərin əhəmiyyəti və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Azərbaycan.-2013.- 18 aprel.- S.6.