Ölkədə iqtisadi
sahədə ən yüksək artım tempi İKT sektorunda qeydə
alınmışdır
Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN)
2013-cü ilin birinci rübünün yekunlarına dair
kollegiya iclası keçirilmişdir.
Nazirlikdən
AzərTAc-a bildirmişlər ki, rabitə və informasiya
texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti
İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin
2013-cü ilin birinci rübünün sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunmuş iclasında
dövlət başçısının nitqindən irəli
gələn vəzifələr barədə danışaraq
ötən müddətdə respublikada aparılan uğurlu
iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik
inkişafına və artım tempinə nail olunduğunu qeyd
etmişdir.
Sürətli
inkişafda qeyri-neft sektorunun aparıcı sahəsi kimi
informasiya-kommunikasiya texnologiyalarının (İKT) müstəsna
yeri olduğunu vurğulayan nazir "İnformasiya-kommunikasiya
texnologiyaları ili" çərçivəsində bu sahənin
üzərinə daha böyük vəzifə və öhdəliklərin
düşdüyünü xatırlatmış, sektorun
inkişafı ilə bağlı gələcək plan və
perspektivlərdən söz açmışdır.
Daha
sonra kollegiya iclasında cari ilin birinci rübündə rabitə
və informasiya texnologiyaları sektorunda
görülmüş işlər və əldə olunan nəticələr
barədə məruzə dinlənilmişdir. Bildirilmişdir
ki, ölkədə iqtisadi sahədə ən yüksək
artım 14,3 faiz olmaqla İKT sektorunda qeydə
alınmışdır.
Sonra
məruzə ətrafında RİTN-in bir sıra birlik və
müəssisələrinin rəhbərləri
çıxış etmişlər.
Kollegiyaya
yekun vuran Ə.Abbasov gələcək hədəflərə
toxunaraq, dövlət başçısının sahə ilə
bağlı müvafiq fərman və sərəncamlarında,
o cümlədən dövlət proqramlarında nazirliyin
üzərinə düşən vəzifələrin
icrasının vacibliyini qeyd etmişdir. Nazir cari ildə qabaqcıl texnologiyaların
istehsalı və ixracı ilə məşğul olacaq
özəl və innovativ sahibkarlığın
inkişafı üçün xüsusi mühitin
yaradılması, korrupsiyaya qarşı mübarizə tədbirləri
kimi, "E-hökumət", "Elektron imza",
ümumilikdə elektron xidmətlərin həcminin
artırılması və sürətləndirilməsi, eyni zamanda genişzolaqlı internet
xidmətlərinin ölkənin bütün ərazisində
tətbiqi ilə bağlı layihəyə
başlanılması, rəqəmli TV yayımı, poçt
sahəsində qeyri-ənənəvi xidmətlərin
genişləndirilməsi, informasiya təhlükəsizliyi və
s. məsələlərlə bağlı müvafiq
tövsiyə və tapşırıqlarını vermişdir.
Azərbaycan.-2013.- 18 aprel.- S.6.