Hüquqi islahatlarda novatorçuluq xətti
Ulu öndər
Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları keyfiyyətcə yeni mərhələdə
uğurla davam etdirilir
Antik
yunan mütəfəkkiri Siseron yazırdı ki, insanlar həqiqi
azadlığa qovuşmaq, sərbəst yaşamaq
üçün qanuna tabe olmalıdırlar. Bəşəriyyətin
tarixi təkamül prosesi də təsdiqləyir ki, yalnız ədalət,
müdriklik, humanizm kimi ali dəyərləri öz şəxsiyyətində
birləşdirərək kamillik zirvəsinə yüksəlmiş
liderlər qanuna söykənən cəmiyyət yaratmaq
idealı ilə yaşamış və fəaliyyət
göstərmişlər. Gücün siyasətinə
qarşı siyasətin gücünü qoyaraq "Haqlı
adam həmişə güclüdür" düsturunu işə
salan belə xariqüladə şəxsiyyətlər
xalqlarının taleyində əvəzsiz rol oynamış,
beləliklə, həm də tarixdə əbədiyaşarlıqlarını
təmin etmişlər.
XX əsrdə
xalqımızın dünya siyasətinə bəxş etdiyi
qeyri-adi və fenomen şəxsiyyət - ümummilli lider Heydər
Əliyev də özünün təkmil dövlətçilik
konsepsiyasında ədalət, qanunçuluq və hüquq
qaydalarının təminatına hər zaman prioritet verərək
bu meyarları demokratik inkişafın başlıca leytmotivi
saymışdır. "Ədaləti ədalətsizliklə
bərpa etmək olmaz", - deyərək ictimai həyatın
ən müxtəlif sahələrində haqq-ədalət
prinsipinin qorunmasına çalışan, bunu idarəçiliyin
başlıca formuluna çevirən Heydər Əliyev dühası
yalnız bu yolla dövlətlə xalq arasında möhkəm
mənəvi, siyasi və hüquqi bağlantıya,
qarşılıqlı etimada nail olmağı mümkün
hesab etmişdir. Liberalizmin fərdi hüquq və
azadlıqların müstəsna prioritetinə əsaslandığını
peşəkar strateq kimi daim nəzərə alan Heydər Əliyev
dövlətin mənafeyinə xələl gətirmədən
hər bir vətəndaşın qanuni hüquqlarının
yüksək səviyyədə təmin edildiyi təkmil idarəçilik
sisteminin formalaşmasına nail olmuşdur. Böyük
öndər insan və vətəndaş hüquq və
azadlıqlarının müdafiəsini dövlətin
fundamental vəzifəsi saymış, xalqa təmənnasız
xidməti özünün həyat kredosuna çevirmiş,
qurub-yaratmaq, yaxşılıq etmək idealı ilə
yaşamış və zəngin mənəvi keyfiyyətlərilə
milyonların qəlbində ölməzlik məşəli
yandırmışdır.
Tarixi
təcrübə sübut edir ki, müxtəlif zaman və məkanlarda
yaranan hər bir əlverişli şəraitdə xalq malik
olduğu mənəvi-intellektual potensialı, zəngin mədəniyyəti
və milli özünüdərk səviyyəsi ilə
öz yüksək azadlıq idealına, tarixin
yaddaşında saxlanan milli dövlətçilik, müstəqillik
ənənələrinin bərpasına can atır. Bu mənada,
indi mütləq əksəriyyət etiraf edir ki, zəngin
dövlətçilik ənənələrinə malik Azərbaycan
xalqı üçün belə real tarixi şans ötən
əsrin ikinci yarısında - ulu öndər Heydər Əliyev
1969-cu ilin 14 iyulunda respublika rəhbəri seçiləndən
sonrakı mərhələdə yaranmışdır.
Bütöv və kamil şəxsiyyət olan Heydər Əliyevin
hələ o dövrdən sosial ədalət,
düzgünlük və humanizm prinsiplərinə söykənməsi,
ilk növbədə, onun yüksək daxili demokratizmindən
və hər kəsə örnək olacaq vətəndaşlıq
məsuliyyətindən irəli gəlmişdir. İlk
gündən respublikanın müxtəlif problemlərinə
toxunan ümummilli lider hüquq-mühafizə
orqanlarındakı nöqsanlara, ən başlıcası, vətəndaşların
hüquq və azadlıqlarının təminatı sahəsində
mövcud olan problemlərə diqqət çəkmiş, onların
həlli yollarını göstərmişdir. Azərbaycana rəhbərlik
edən şəxsin bu cür cəsarətli mövqeyi o
dövrdə imperiya rəhbərlərinə qətiyyən
xoş gəlməsə də, həmin şəxslər Heydər
Əliyev dühasının xalq arasındakı hörmət
və nüfuzu qarşısında susmağa, onunla
hesablaşmağa məcbur olurdular.
Fransız
mütəfəkkiri Ş.Mönteskyenin fikridir: "Liderlik
lazımi anda cəsarət nümayiş etdirmək
bacarığıdır". Ulu öndər Heydər Əliyevin
də şəxsiyyət kimi böyüklüyünü təcəssüm
etdirən ən başlıca xüsusiyyətlərdən
biri də onun siyasi fəaliyyətinin bütün mərhələlərində
ümumxalq mənafeyi ilə bağlı məsələlərdə
heç bir riskdən çəkinməməsi, cəsarət
və qətiyyət göstərməsi, ədalət
meyarına sadiqliyidir. 1982-ci ildən sonrakı mərhələdə
- SSRİ rəhbərliyində olanda da Heydər Əliyev
doğma Vətənini, xalqını unutmamış, hər
zaman Azərbaycanın mənafeyini müdafiə etmişdir.
1990-cı ilin 20 yanvarında həyatını risk
qarşısında qoyaraq ailəsi ilə birgə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələn Heydər
Əliyev Bakı şəhərinə təcavüz
olunması barədə qərar qəbul edən ittifaq rəhbərlərinin
hərəkətlərini bağışlanılmaz siyasi səhv
adlandırmış, faciənin törədilməsində
günahkar olan respublika və imperiya rəhbərlərini
açıq ittiham etmişdir.
Avropa
siyasətçilərinin həyata keçirmək istədiyi
bir layihə dalana dirənəndə Uinston
Çörçildən soruşublar ki, bəs indi neyləməliyik?
Siyasət nəhəngi heç nə olmayıbmış
kimi, təmkinini pozmayaraq demişdir ki, siyasətdə
gedişlər tükənmir. Ulu öndər Heydər Əliyevin
diqqətçəkən fitri idarəçilik keyfiyyətləri
sırasında onun ən ekstremal, çətin və millətin
taleyi baxımından məsuliyyətli dönəmlərdə
ictimai mənafeləri özündə tamamilə ehtiva edən
qətiyyətli, eyni zamanda, yaranmış şərait
üçün ən optimal qərarlar qəbul etmək məharəti
yəqin heç zaman xatirələrdən silinməyəcək.
Yaxşı xatırlayırıq ki, 1991-1993-cü illərdə
Azərbaycanda iqtisadi tənəzzül güclənmiş,
siyasi böhran dərinləşmiş, cəbhə bölgəsində
hərbi uğursuzluqlar artmış, ölkə vətəndaş
qarşıdurması, parçalanma həddinə
çatmış, insan hüquq və azadlıqlarının
müdafiəsi sahəsində acınacaqlı vəziyyət
yaranmışdı. 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər
Əliyev Azərbaycan dövlətçiliyini iflasdan, fəlakətdən
qurtarmış, dövlətçiliyi möhkəmlətmiş,
onu xain əllərdən, çevriliş, qiyam cəhdlərindən
hifz edərək dirçəliş və inkişafa
doğru yönəltmişdir.
1993-cü
ilin ikinci yarısından etibarən Heydər Əliyevin rəhbərliyi
altında demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğu yolunda atılan addımlar, milli dövlətçilik
ənənələrinə, beynəlxalq standartlara əsaslanan
köklü hüquq islahatları insan hüquq və
azadlıqlarının təminatı sahəsində əsaslı
dönüşə səbəb olmuşdur. Ulu öndər
özünəməxsus müdrikliklə bəyan etmişdir
ki, siyasi sabitliyə nail olmadan yeni idarəetmə sisteminə
keçidi reallaşdırmaq, bazar iqtisadiyyatı və
demokratiya kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq
mümkün deyildir. Heydər Əliyev Azərbaycanda milli
dövlətçiliyin prioritet inkişaf istiqamətlərini
müəyyənləşdirərkən xalqın milli
mentalitetinin səciyyəvi cəhətlərini də nəzərə
almışdır.
Dövlət
başçısı İlham Əliyevin "Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin 90 illiyi
haqqında" fərmanında deyilir: "Dahi Heydər Əliyev
şəxsiyyətinin Azərbaycan dövlətçilik
tarixində müstəsna yeri vardır. Azərbaycançılıq
məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər
Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi
və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində
Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni
potensialından istifadə edərək Şərqlə Qərb
arasında etibarlı körpü rolunu oynamağa
başlamış və dünyanın ən dinamik inkişaf
edən ölkələrindən birinə
çevrilmişdir".
Ulu
öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı ən böyük xidmətlərindən
biri də müstəqil respublikamızın ilk
Konstitusiyasının yüksək demokratik meyarlar əsasında
hazırlanması və ümumxalq səsverməsi yolu ilə
qəbul edilməsi olmuşdur. 1995-ci ilin 12 noyabrında qəbul
edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyası
ölkənin gələcək inkişaf prioritetlərini
müəyyənləşdirməklə yanaşı, insan
hüquq və azadlıqlarının təminatını
dövlətin ali məqsədi kimi ön plana
çıxarmışdır.
Fransız
filosofu Deni Didro özünün "Fəlsəfi
düşüncələr"ində yazırdı ki, ən
pis qanun işləməyən qanundan daha yaxşıdır.
Bu mənada, Azərbaycanda qanunların yeni dövrün tələblərinə
uyğun müasirləşdirilməsi prosesi mütərəqqi
dünya təcrübəsi nəzərə alınmaqla həyata
keçirilmiş, 1996-2003-cü illərdə respublikamız
insan hüquq və azadlıqlarının, demokratik təsisatların
təminatı ilə bağlı bir sıra beynəlxalq
konvensiyalara, sazişlərə qoşulmuşdur. 1998-ci ilin 22
fevralında ümummilli lider Heydər Əliyev "İnsan və
vətəndaş hüquqlarının və
azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər
haqqında" fərman imzalamış, insan hüquqları
sahəsində həyata keçirilən tədbirlərin
istiqaməti və konsepsiyası səhih şəkildə
müəyyən edilmişdir. İnsan hüquqları sahəsində
proqram rolunu qerçəkləşdirən bu sənədlə
insan hüquqları məsələsi ümumdövlət səviyyəsinə
qaldırılmışdır.
Ədalət
mühakiməsinin müstəqil və qərəzsiz məhkəmələr
tərəfindən həyata keçirilməsi ideyası əsrlərdir
ki, ədalətli cəmiyyətin əsas təməl
daşlarından biridir. Yunan filosofu Platon yazırdı ki,
"Ədalətlə idarə olunan cəmiyyətdə
yaxşı vətəndaş olmaq asandır". Azərbaycan
üçün demokratik, hüquqi və dünyəvi
dövlət quruculuğu yolunu seçmiş ümummilli lider
Heydər Əliyev ölkəmizdə müstəqil məhkəmə
hakimiyyətinin formalaşmasına xüsusi diqqət
yetirmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 1996-cı il 21 fevral tarixli sərəncamı
ilə yaradılmış Hüquq İslahat Komissiyası tərəfindən
işlənib hazırlanmış "Konstitusiya məhkəməsi
haqqında", "Məhkəmələr və hakimlər
haqqında" qanunlar ölkəmizdə məhkəmə-hüquq
islahatları sahəsində aparılan ilk mühüm
addımlar olmaqla müstəqil məhkəmə sisteminin
yaradılmasına və fəaliyyət göstərməsinə
imkan yaratmışdır. 1998-ci il 1 dekabr tarixli "Məhkəmələr
və hakimlər haqqında" Azərbaycan Respublikası
qanununun tətbiq edilməsi və məhkəmə islahatlarının
həyata keçirilməsinə dair tədbirlər barədə"
fərman əsasında ardıcıl surətdə gerçəkləşdirilən
məhkəmə islahatlarının başlıca məqsədi
qanunun aliliyinin təmini, məhkəmə hakimiyyətinin
dövlət idarəçilik mexanizmində nüfuzlu və
müstəqil təsisat kimi təşəkkül tapması,
ədalət mühakiməsinin həyata keçirilməsi
zamanı insan hüquq və azadlıqlarının müdafiəsinin
yüksək səviyyədə təşkili, peşəkar
hakim korpusunun formalaşdırılması və digər
konseptual məsələlərin həlli olmuşdur.
Həmin
qanuna əsasən, hakimiyyətin üç müstəqil
qolundan biri olan məhkəmələr dünyanın mütərəqqi
təcrübəsinə əsaslanan modeldə
formalaşdırılmışdır. Bu modelə əsasən,
ölkəmizdə birinci instansiya, apelyasiya və kassasiya
instansiyalı üçpilləli məhkəmə sistemi fəaliyyət
göstərir. Üçpilləli məhkəmə sistemi ədalət
mühakiməsinin səmərəliliyinin
artırılmasına xidmət etməklə işlərə
birinci instansiya qaydasında baxılmasına, bundan sonra
onların hüquqa və fakta görə apelyasiya
qaydasında yoxlanılmasına, daha sonra isə kassasiya
qaydasında yenidən baxılmasına imkan yaradır. Bu
sistem birinci instansiya məhkəməsinin buraxdığı
hər hansı səhvin yuxarı məhkəmə
instansiyalarında aradan qaldırılmasına, işlərə
düzgün və obyektiv baxılmasına şərait
yaradır.
"Azərbaycan
Respublikasında hakim vəzifəsinə namizədlərin
seçilməsi qaydalarının təkmilləşdirilməsi
haqqında" 2000-ci il 17 yanvar tarixli fərman isə hakimlərin
seçilməsi prosesinin təşkili, məhkəmə fəaliyyəti
ilə bağlı digər funksiyaların həyata
keçirilməsi məqsədilə yüksək məhkəmə
sədrlərindən, ədliyyə nazirindən ibarət tərkibdə
Azərbaycan Respublikası Prezidenti yanında Məhkəmə-Hüquq
Şurası təsis edilmiş, hüquq sistemində
köklü dəyişikliklərə səbəb olan tədbirlər
görülmüşdür. Məhkəmə-Hüquq
Şurası Azərbaycan Respublikasında müstəqil məhkəmə
sisteminin təmin edilməsi, vakant hakim vəzifələrinə
hakim olmayan namizədlərin seçilməsinin təşkili,
hakimlərin fəaliyyətinin qiymətləndirilməsi,
onların iş yerinin dəyişdirilməsi, vəzifədə
irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb
edilməsi, habelə məhkəmə hakimiyyətinin
özünüidarə funksiyalarını həyata
keçirən müstəqil orqan kimi fəaliyyət göstərir.
Həmin
vaxtdan etibarən keçmiş sovet respublikaları
arasında demək olar ki, ilk dəfə Azərbaycanda həbs
və insan hüquqlarını məhdudlaşdıran digər
prosessual məcburiyyət tədbirlərinin tətbiqi məhkəmələrin
müstəsna səlahiyyətinə aid edilmişdir. Həmçinin
məhkəmələr üzərində hər hansı, o
cümlədən prokuror nəzarəti ləğv olunaraq, əksinə,
demokratik məhkəmə nəzarəti institutu
formalaşdırılmışdır. 2000-ci ildə dövlətçilik
tariximizdə ilk dəfə olaraq hakimlər şəffaf
prosedurlar əsasında, o cümlədən test üsulu ilə
imtahanla seçilmiş, nəticədə hakim korpusu təzələnmişdir.
Görülmüş tədbirlər əhali arasında məhkəmələrə
inamı artırmış, məhkəmələr barədə
keçmiş Sovetlər Birliyindən miras qalmış
"cəza orqanı" təəssüratı aradan
qalxmış, nəticədə məhkəmələrə
müraciətlərin sayı xeyli çoxalmışdır.
Ümummilli lider Heydər Əliyev sonrakı mərhələdə də ölkə həyatının bütün sahələrində çevik və işlək mexanizmlər üzərində çoxşaxəli islahatları təmin etmişdir. 2002-ci il avqustun 24-də keçirilən ümumxalq səsverməsi ilə (referendum) Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişiklikləri bu mənada xüsusi xatırlatmaq lazımdır. Həmin əlavə və dəyişikliklərin bir hissəsi məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı olmuşdur. Belə ki, Konstitusiyanın Apellyasiya Məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddəsi yeni redaksiyada verilmiş, prokurorluğun məhkəmə prosesində iştirakı əsasən cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılmış, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyası ləğv edilərək onun yalnız kassasiya instansiyası olması təsbit edilmişdir.
Ulu öndər Heydər Əliyev deyirdi: "İslahat o zaman uğurlu nəticələr verir ki, onun həyata keçirilməsi zəruriliyi cəmiyyətin sosial sifarişinə çevrilsin". Cəmiyyətin təkamül sistemini, habelə dövlət idarəçilik mexanizmlərinin səmərəli fəaliyyətini tənzimləyən qanunların dövrün tələblərinə uyğun müasirləşdirilməsi ictimai zərurətdən irəli gələndə səmərəli olur. Yeni, müasir və təkmil dövlətçilik modelinin yaradılması, demokratik idarəetmə meyarlarının cəmiyyət həyatının ən müxtəlif sahələrində bərqərar olması çevik hüquqi mexanizmlərin formalaşdırılmasından bilavasitə asılıdır.
Bu gün fəxarət hissi ilə deyə bilərik ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatları son 10 ildə onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla davam etdirilir. Şübhəsiz, ictimai münasibətlər qanunlarla tənzimləndiyindən, cəmiyyət həyatındakı mühüm yeniliklər hüquq sistemində də dəyişikliklər və yeniləşmə tələb edir. Dövlət başçısı peşəkar siyasətçi kimi bu amili ciddiliklə nəzərə alır, sosial-iqtisadi uğurların miqyasına, habelə cəmiyyətin demokratik şüur səviyyəsinin yüksəlməsinə paralel olaraq qanunların liberallaşdırılmasını, məhkəmələrin fəaliyyətinin müasirləşdirilməsini vacib sayır.
Prezident İlham Əliyevin inamla həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının əsas qayəsində həm də regionlarda yaşayan vətəndaşların qanuni maraq və mənafeyinin ədalət mühakiməsi yolu ilə qorunması mexanizmlərinin təkmilləşdirilməsi olmuşdur. 2006-cı il 19 yanvar tarixli "Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərman bölgələrdə yaşayan vətəndaşların məhkəmələrə müraciət imkanlarının genişləndirmiş, bu sahədə bir sıra mütərəqqi yeniliklərə imkan yaratmışdır. Fərman əsasında Bakıda, Gəncədə, Sumqayıtda, Şəkidə və Şirvanda Apelyasiya məhkəmələri, Naxçıvanda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə, Bakıda 2 saylı Yerli İqtisad Məhkəməsi, Sumqayıt və Şəkidə yerli İqtisad məhkəmələrinin yaradılmışdır.
Xatırlatmaq lazımdır ki, həmin fərmana qədər Azərbaycanda yalnız bir Apelyasiya Məhkəməsinin fəaliyyət göstərməsi, ilk növbədə, regionlarda yaşayan insanlar üçün ciddi problemlər doğurur, onların qanuni mənafelərinin yüksək səviyyədə təminatına əngəllər yaradırdı. Vətəndaşlar birinci instansiya məhkəmələrinin qərarlarından verdikləri apelyasiya şikayəti ilə əlaqədar uzaq məsafə qət edərək Bakı şəhərinə gəlməyə, əksər hallarda prosesin müəyyən səbəblərdən təxirə salınması ilə bağlı geriyə dönməyə məcbur olurdular. Apelyasiya şikayətlərinin çoxluğu əksər hallarda ədalətli məhkəmə araşdırması apararaq qətnamə çıxarmaq imkanlarını da məhdudlaşdırırdı. Regionlarda apelyasiya məhkəmələrinin fəaliyyətə başlaması bu sahədə ciddi dönüş yaratmış, vətəndaşların apelyasiya məhkəmələrinə müraciət imkanları asanlaşmışdır.
Məhkəmə-hüquq islahatları çərçivəsində hakimlərin sayının azlığının ədalət mühakiməsinin tam obyektiv və qanunamüvafiq şəkildə həyata keçirilməsində mühüm amil olduğu ciddiliklə nəzərə alınmışdır. Prezident İlham Əliyevin 2006-cı il 17 avqust tarixli "Azərbaycan Respublikası məhkəmələri hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında" fərmanı ilə respublika məhkəmələrində hakimlərin sayının 153 ştat vahidi artırılması da cinayət işlərinin daha obyektiv şəraitdə araşdırılması istəyindən irəli gəlmişdir. İlk dəfə təsis olunaraq hakimliyə namizədlərin seçilməsi kimi mühüm vəzifəni yerinə yetirən Hakimlərin Seçki Komitəsinin məqsədyönlü fəaliyyətinin nəticəsi kimi 2007-ci ildə 55 nəfər, 2008-ci ildə 102 nəfər, 2010-cu ildə 78 nəfər hakimliyə namizəd ən şəffaf və mütərəqqi üsulla seçilərək hakim vəzifələrinə təyin olunmuşlar.
Ümumilikdə son 5 il ərzində ölkədə 20-dək yeni regional məhkəmələr, o cümlədən Apelyasiya, Ağır cinayətlər, İnzibati-iqtisadi məhkəmələr fəaliyyətə başlamışdır. Ölkənin sürətli iqtisadi inkişafı ilə əlaqədar məhkəmələrin iş yükünün dəfələrlə çoxalması nəzərə alınaraq məhkəmə aparatı işçilərinin sayı 75 faiz artırılmış, hər bir hakimə köməkçi ştatı ayrılmışdır.
Məhkəmə fəaliyyətini tənzimləyən qanunvericiliyə 22 iyun 2010-cu il tarixdə edilmiş dəyişikliklər, habelə məhkəmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının 2010-cu il 15 iyul və 9 avqust tarixlərində imzaladığı fərmanların ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rolu olmuşdur. Bu tədbirlər nəticəsində əhalinin məhkəmələrə müraciət imkanlarının asanlaşdırılması məqsədilə ölkənin əlavə dörd bölgəsində regional Ağır cinayətlər məhkəmələrinin təsis edilməsi, dövlət orqanları tərəfindən insan hüquqlarına ciddi əməl olunmasının təmini məqsədilə ölkə tarixində ilk dəfə olaraq yeddi bölgədə İnzibati-iqtisadi məhkəmələrin yaradılması, Hərbi məhkəmə sisteminin təkmilləşdirilməsi, habelə hakim ştatlarının sayının daha 25 faiz artırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Regional Ağır cinayət, İnzibati-iqtisadi və Hərbi məhkəmələrin tezliklə fəaliyyətə başlaması üçün qısa müddət ərzində mühüm təşkilati tədbirlər həyata keçirilmiş, nəticədə 12 yeni regional məhkəmə fəaliyyətə başlamışdır.
Ulu öndər
Heydər Əliyevin layiqli davamçısı, dövlət
başçısı İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən məhkəmə-hüquq
islahatları göstərir ki, Azərbaycanda qanunun aliliyinin təminatı,
məhkəmə hakimiyyətinin dövlət idarəçilik
mexanizmində nüfuzlu və müstəqil təsisat kimi təşəkkül
tapması, ədalət mühakiməsinin həyata
keçirilməsi zamanı insan hüquq və
azadlıqlarının müdafiəsinin yüksək səviyyədə
təşkili, peşəkar hakim korpusunun
formalaşdırılması, məhkəmələrin fəaliyyətində
şəffaflığın təmin edilməsi və digər
konseptual məsələlərin həlli xüsusi diqqət mərkəzindədir.
İnanırıq ki, bu islahatlar respublikamızda
qanunçuluğun, hüquq qaydalarının daha da möhkəmlənməsinə,
habelə Azərbaycanın beynəlxalq arenadakı demokratik
imicinin yüksəlməsinə imkan yaradacaqdır.
Qürbət ƏSGƏROV,
Şirvan Apelyasiya Məhkəməsinin
sədri
Azərbaycan.-2013.- 18 aprel.- S.7.