Həyatımda ən unudulmaz an

 

XX əsrin dühaları sırasında zəmanəmizin görkəmli siyasi və dövlət xadimi, xalqımızın dahi oğlu Heydər Əliyevin adı öncül sıralarda çəkilir. Əbədiyaşarlıq ulu öndər Heydər Əliyevə ona görə nəsib olub ki, o, doğulub boya-başa çatdığı Azərbaycan və mənsub olduğu xalq üçün möhtəşəm işlər görmüş, əvəzsiz xidmətlər göstərmiş, həm də dünya siyasətində öz sözünü demişdir.

Hər bir insan hörmət və ehtiram bəslədiyi dahi şəxsiyyətlərdən birini özü üçün ideal seçir, onun həyat yolundan və dəyərli fəaliyyətindən nümunə götürür. Mən hələ orta məktəbdə oxuduğum illərdə ulu öndər Heydər Əliyevə sonsuz ehtiram bəsləmişəm, onu özümə ideal sanmışam.

Yaxşı xatirimdədir, orta məktəbi bitirib hüquqşünas olmaq arzusu ilə sənədlərimi Azərbaycan Dövlət Universitetinə (Bakı Dövlət Universitetinə) verəndə mənə ikiillik əmək stajına malik olmağımı bildirdilər. Beləliklə, həmin il ali məktəbə qəbul olunmaq şansımı itirdim. Qayıdıb rayonumuzda, daha doğrusu, yaşadığım ərazidəki sovxozda əmək fəaliyyətinə başladım. İşdə böyük həvəslə çalışırdım, adım qabaqcıl fəhlələr sırasında çəkilirdi. Fəal gənc kimi sovxozumuzdarayonda keçirilən tədbirlərdə müxtəlif  məzmunlu çıxışlar edirdim. O illərdə ulu öndər Heydər Əliyevin dediyi "Qoy ədalət zəfər çalsın!" sözləri şüar kimi dillərdə səslənir, insanlarda nikbinlik, hədsiz ruh yüksəkliyi oyadırdı.

Onu da deyim ki, çalışdığım sovxoz yaşıl çay yarpağı, sitrussubtropik meyvələr istehsalına görə nəinki respublikamızda, hətta SSRİ miqyasında qabaqcıl təsərrüfat kimi tanınırdı. Sovxozda işgüzar ab-hava hökm sürürdü. Fəhlələrə böyük qayğı göstərilir, onların əməkləri yüksək qiymətləndirilirdi.

Sovxozumuza mötəbər qonaqlar gəlirdi. 1974-cü ilin yanvar ayında və 1980-ci ilin yayında o vaxt Azərbaycan KP MK-nın birinci katibi olan Heydər Əliyev sovxozumuza gəlmiş, təsərrüfatda görülən işlərlə maraqlanmış, əməkçilərlə səmimi görüşlər keçirmişdir.

Həyatımda ən udulmaz gününü, 1982-ci il iyunun 30-u tarixini heç vaxt unutmuram. Həmin gün ulu öndər Heydər Əliyev yenidən bizim sovxoza gəlmişdi. Ulu öndər Heydər Əliyev həmin gün sovxozumuzun çay plantasiyalarını, sitrus bağlarını gəzdi, əməkçilərlə səmimi görüş keçirdi. Həmin görüşdə mən də iştirak etdim və çıxış üçün mənə söz verdilər. Çıxışım ulu öndər Heydər Əliyevin xoşuna gəlmişdi. Ulu öndərlə görüşəndə məndən hansı peşəyə sahib olacağımı soruşdu. Qətiyyət və inamla:  "Hüquqşünas olacağam", - dedim.

- Hüquqşünas olmaqda məqsədin nədir? Prokuror olmaq istəyirsən, yoxsa hakim?

- Hakim olacağam, - deyə inamla cavab verdim.

Bu əminliyim cəsarətlə cavab verməyim Heydər Əliyevin xoşuna gəldi razılıqla gülümsəyərək: "Mən əminəm ki, sən hüquqşünas da olacaqsan, hakim ", - dedi. Bu sözlər hüquqşünas olmaq arzumu daha da artırdı, bu peşəyə məhəbbətimi bir az da gücləndirdi. Bilirdim ki, hüquqşünas peşəsi həm çətin məsuliyyətli, həm şərəflidir. Özümə söz verdim ki, əgər bu peşəyə yiyələnsəm, saf əməllərimlə etimadı doğruldacağam.

Elə həmin il, 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil oldum. 1987-ci ildə oranı müvəffəqiyyətlə bitirdim doğma Astaraya təyinat aldım. İxtisasım üzrə çalışdığım sahələrdə həmişə ədalət prinsipinə əməl etmiş, vətəndaşların hüquqlarının qorunmasına çalışmışam. Artıq 12 ildən çoxdur ki, Astara Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinə rəhbərlik edirəm. İşlədiyim illərdə ulu öndər Heydər Əliyevin respublikamızın hüquq-mühafizə orqanları, bu orqanlarda çalışan əməkdaşlar, həmçinin dövlət qulluqçuları qarşısında qoyduğu vəzifələri, verdiyi tövsiyələri fəaliyyətimdə proqram kimi əsas tutmuşam.

Minnətdarlıq qürur hissi ilə deyə bilərəm ki, ulu öndər Heydər Əliyev respublikamızın hər bir guşəsinə, o cümlədən Astaraya daim diqqət qayğı göstərmişdir. Ulu öndər 11 dəfə Astaraya səfər etmişdir. Ulu öndər 1998-ci il oktyabrın 5-də prezident seçkiləri ərəfəsində Astarada seçicilərlə görüşü zamanı Astara astaralılar haqqında söylədiyi səmimi sözlər bu gün qəlbimizdədir: "Astara Azərbaycanın cənubunda dövlətçiliyin sütunlarından biridir. Astaralılar bu sütunun etibarlı keşikçiləridir, dövlətçiliyə sədaqətlidirlər".

 

 

Bəsti ƏLİYEVA,

Astara Rayon İcra Hakimiyyəti başçısı

aparatının Hüquq şöbəsinin müdiri

 

Azərbaycan.-2013.- 18 aprel.- S.7.