Bakıda «Nəsillərin görüşü» adlı «dəyirmi masa» keçirilmişdir

 

Aprelin 17-də Bakıda "Azərbaycan" qəzetinin təşəbbüsü ilə Azərbaycan Ağsaqqallar Şurası (AAŞ) üzvlərinin və respublikamızın aparıcı gənclər təşkilatlarının təmsilçilərinin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, "Nəsillərin görüşü" adlı "dəyirmi masa"nı açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov ulu öndərin 90 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlərin keçirildiyini bildirmişdir.

Ağsaqqallarımızın xalqımızın zəngin mənəvi sərvəti olduğunu vurğulayan B.Sadıqov cəmiyyətdə sülhün, sabitliyin təmin edilməsində, gənclərimizin milli vətənpərvərlik ruhunda böyüməsində onların rolunu yüksək qiymətləndirmişdir.

Bu gün ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu qeyd edən baş redaktor, onların daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə edildiyini demişdir. Savadlı, vətənpərvər gənclərin yetişdirilməsinin müstəqil Azərbaycanı inkişaf etdirmək baxımından əhəmiyyətini vurğulayan deputat, bu baxımdan nəsillərin görüşünün vacibliyindən danışmışdır. O, ağsaqqallarımızla görüşdə respublikamızın 22 nüfuzlu gənclər təşkilatının rəhbərlərinin və təmsilçilərinin iştirak etdiklərini vurğulamışdır.

AAŞ-nin sədri, Milli Məclisin deputatı Fəttah Heydərov nəsillər arasında əlaqələrin yaradılması, gənclərimizin milli vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından görüşün əhəmiyyətini vurğulamışdır. Ağsaqqalların həmişə cəmiyyətin həyatında mühüm rol oynadıqlarını diqqətə çatdıran F.Heydərov onların respublikamızın müstəqilliyinin qazanılmasında, ölkəmizin dinamik inkişafında, gənclərimizin əsl vətəndaşlar kimi yetişdirilməsindəki xidmətlərindən danışmışdır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan AAŞ-nin sədri gənclərimizin bu prosesdə fəal rol oynadıqlarını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin ulu və ən nümunəvi ağsaqqal kimi dövlətimizə və xalqımıza şərəflə xidmət etdiyini diqqətə çatdıran F.Heydərov gənclərimizin dahi şəxsiyyətin zəngin irsini öyrənərək onun yolu ilə getmələrinin vacibliyindən danışmışdır. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanı sürətli inkişaf yoluna çıxarmışdır. Bu baxımdan ulu öndər Heydər Əliyevin Azərbaycan üçün açdığı yol bizim hər birimiz, o cümlədən gənclərimiz üçün ən doğru yoldur. Bunun üçün gənclərimiz ümummilli liderin zəngin irsini dərindən öyrənməlidirlər. Bu məsələdə ağsaqqallarımızın üzərinə böyük məsuliyyət düşür. Ona görə də belə görüşlərin tez-tez keçirilməsi çox vacibdir.

Bu gün ağsaqqallarımızın gənclərimizlə fəxr etdiklərini bildirən AAŞ-nin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Teymur Bünyadov ulu öndər Heydər Əliyevin dünya miqyaslı böyü şəxsiyyət, ən böyük ağsaqqalımız olduğunu vurğulamışdır. Bildirmişdir ki, ulu öndərin uzaqgörən siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin də ağsaqqallarımıza və gənclərimizə böyük diqqətlə yanaşması çox sevindirici haldır.

Azərbaycan Prezidentinin müstəqil siyasət yürüdərək ölkəmizin ərazi bütövlüyünün bərpası, respublikamızın inkişafı istiqamətində  yorulmadan çalışdığını diqqətə çatdıran akademik gənclərimizi dövlətimizin başçısının ətrafında sıx birləşməyə, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırmışdır.

Ölkəmizin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunmasında və təbliğində ağsaqqalların rolunu yüksək qiymətləndirən Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov gənclərlə görüşün mütəmadi qaydada keçirilməsi təklifi ilə çıxış etmişdir.

AAŞ-nin sədr müavini, AMEA-nın müxbir üzvü Südeyif İmamverdiyev, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev, AAŞ-nin Yasamal rayon təşkilatının sədri Kərim Kərimov, Dünya İqtisadi Forumunun Qlobal Gənclər Şəbəkəsinin Azərbaycan üzrə təmsilçisi Nərmin Məmmədova və digərləri ulu öndər Heydər Əliyevin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində ağsaqqallarımızın, gənclərimizin rolundan və vəzifələrindən danışmışlar.

"Dəyirmi masa" müzakirələrlə davam etmişdir.

 

 

Azərbaycan.-2013.- 18 aprel.- S.8.