«İçərişəhərin qorunmasında Heydər Əliyevin rolu» mövzusunda konfrans keçirilmişdir

 

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində (DTMQİ) ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, bu qurumun və Azərbaycan Memarlar İttifaqının  birgə təşkilatçılığı ilə "İçərişəhərin qorunmasında Heydər Əliyevin rolu" mövzusunu əhatə edən konfransda İçərişəhər Ağsaqqallar Şurasının üzvləri, Azərbaycan Memarlar İttifaqı, "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun, Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət, ArxeologiyaEtnoqrafiya institutlarının əməkdaşları, media nümayəndələri və idarənin əməkdaşları iştirak etmişlər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin İçərişəhərdə gəzintilərini əks etdirən fotoşəkillərdən ibarət videoçarx nümayiş olunmuşdur.

Tədbiri giriş sözü ilə açan "İçərişəhər" DTMQİ-nin rəisi Mikayıl Cabbarov ümummilli liderimiz Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mədəni irsin qorunub saxlanmasındakı fəaliyyətini, o cümlədən tarixi abidələrə olan xüsusi məhəbbətini vurğulamışdır. O, ulu öndərin dəfələrlə məhv olmaq təhlükəsi ilə üzləşən İçərişəhərin qorunması, eləcə də bərpası və təbliği istiqamətindəki xidmətlərindən bəhs etmişdir.

Bildirilmişdir ki, ölkəmizdə tarixi abidələrin qorunmasının əsası ötən əsrin 70-80-ci illərdə qoyulmuşdur. Bu dövrdə tarixi qoruqların hüquqi statusunun müəyyən edilməsi, İçərişəhərin bərpası və regenerasiyası barədə sənəd layihəsi hazırlanmış, həmin layihədə İçərişəhərin idarəyə çevrilməsi nəzərdə tutulmuşdur.

Qeyd edilmişdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mədəni irs sahəsində görüləcək işlər, o cümlədən İçərişəhər diqqət mərkəzində olmuşdur. Ulu öndərin "Bakı şəhərində İçərişəhər Tarix-Memarlıq Qoruğunun mühafizəsi və bərpası ilə bağlı bəzi tədbirlər haqqında" 2003-cü il 17 fevral tarixli sərəncamı bunun bariz nümunəsidir.

Nəzərə çatdırılmışdır ki, bu siyasət ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının İçərişəhərin yüksək standartlar səviyyəsində bərpa edilməsi, dünyada tanınması, turizm və davamlı yaşayış obyekti kimi qorunub saxlanması istiqamətində gördüyü işlər xüsusi vurğulanmışdır.

Bildirilmişdir ki, ayrıca bir struktur kimi Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi yaradılmış və İçərişəhər UNESCO-nun Mədəni İrs Siyahısına daxil edilmişdir. Azərbaycan Memarlar İttifaqının sədri Elbəy Qasımzadə qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan tarixinə, tarixi əks etdirən memarlıq abidələrinə münasibəti xüsusi olmuşdur. Onun hakimiyyətə qayıdışından sonra abidələrə yenidən dövlət səviyyəsində diqqət göstərilməyə başlanılmışdır.

Bildirilmişdir ki, bu gün İçərişəhərin qorunması və yeni funksiyada istifadəsi həyata keçirilirbu istiqamətdə görülən işlər gözəl bir örnəkdir.

"İçərişəhər" DTMQİ-nin aparat rəhbəri Eldar Pirimov ümummilli lider Heydər Əliyevin həyatı və yaradıcılığı, ölkədə sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət sahələrində gördüyü işlərdən, bu sahələrdə kadr hazırlığı istiqamətindəki fəaliyyətindən danışmış, onunla bağlı xatirələrini bölüşmüşdür.

"İçərişəhər" Ağsaqqallar Şurasının üzvü Səadət Qəndilova ulu öndərin Azərbaycanın və İçərişəhərin tarixindəki fəaliyyəti barədə məruzə ilə çıxış etmişdir. Bildirmişdir ki, dövlətin keçdiyi ayrı-ayrı tarixi mərhələləri özündə əks etdirən abidələr ulu öndər Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. Vurğulamışdır ki, ulu öndər Novruz bayramını hər zaman İçərişəhərdə keçirmişdir.

Nazirlər Kabinetinin humanitar məsələlər şöbəsinin müdiri İsmayıl Sadıqov Prezident İlham Əliyevin ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin qeyd olunması haqqında müvafiq sərəncamına əsasən silsilə tədbirlərin keçirildiyini vurğulamış və bu tədbirin də onlardan biri olduğunu diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, belə tədbirlərin keçirilməsi xalqın dahi liderinə göstərdiyi dərin ehtiramın bariz nümunəsidir. O, həmçinin xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarının və səfirliklərin xətti ilə 50 ölkədə ümummilli lider  Heydər Əliyevə həsr olunmuş tədbirlərin keçirildiyini söyləmişdir.

İdarənin rəisi Mikayıl Cabbarov Prezident İlham Əliyevin 2013-cü il aprelin 16-da "Qız qalasının bərpa və konservasiyasının sürətləndirilməsi və muzey ekspozisiyasının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında" sərəncam imzaladığını və burada bərpa işlərinin cari ilin sentyabrında başa çatdırılmasının nəzərdə tutulduğunu qeyd etmişdir. Rəis tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 18 aprel.- S.8.