Konstitusiya Məhkəməsində
Türkiyə Yüksək Yurisdiksiya Məhkəməsinin nümayəndə
heyəti ilə görüş olmuşdur
Aprelin
16-da Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində
ölkəmizdə səfərdə olan Türkiyə
Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar
Özgüldürün rəhbərlik etdiyi nümayəndə
heyəti ilə görüş olmuşdur.
Görüşdən
əvvəl türkiyəli qonaqlar Fəxri xiyabana gələrək
ulu öndər Heydər Əliyevin xatirəsini anmış,
məzarı önünə əklil qoymuşlar. Görkəmli
oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın
xatirəsi yad olunmuş, məzarı üzərinə
gül dəstəsi qoyulmuşdur.
Qonaqlar,
həmçinin Şəhidlər xiyabanını ziyarət
etmiş, Azərbaycanın müstəqilliyi və ərazi
bütövlüyü uğrunda mübarizədə həlak
olmuş qəhrəman vətən övladlarının xatirəsini
yad etmişlər. Sədr F.Abdullayev Konstitusiya Məhkəməsində
görüşün səmimi və dostluq şəraitində
keçəcəyini, türkiyəli həmkarının səfər
çərçivəsində müstəqil Azərbaycanın
uğurları ilə yaxından tanış olmaq imkanı əldə
ediləcəyini bildirmişdir.
Azərbaycan
ilə Türkiyəni dərin tarixi köklərin bağladığını
qeyd edən F.Abdullayev hər iki ölkənin dostluq və
qardaşlıq münasibətlərinin daim davam edəcəyinə
əmin olduğunu demişdir. Konstitusiya Məhkəməsinin
sədri Azərbaycan ilə Türkiyə arasında məhkəmə-hüquq
əməkdaşlığının uğurla inkişaf
etdiyini bildirmiş, bu əlaqələrin getdikcə daha
genişlənəcəyini vurğulamışdır.
Azərbaycanda
gedən sürətli inkişaf prosesindən, bütün sahələrdə
həyata keçirilən islahatlardan danışan F.Abdullayev
bütün bu müvəffəqiyyətlərin Prezident
İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində
əldə olunduğunu diqqətə
çatdırmışdır.
Konstitusiya
Məhkəməsinin fəaliyyətindən danışan sədr
Konstitusiya Məhkəməsinin qəbul etdiyi qərarlar
haqqında ətraflı məlumat vermişdir.
Türkiyə
Yüksək Yurisdiksiya Məhkəməsinin sədri Sərdar
Özgüldür səmimi şəraitdə keçən
görüşə və ətraflı məlumata görə
təşəkkür etmişdir. S.Özgüldür iki
ölkənin məhkəmə orqanlarının bütün
görüşlərinin hər zaman dostluq münasibətləri
çərçivəsində keçdiyini
vurğulamışdır.
Xalqlarımız
arasında tarixən qardaşlıq əlaqələrinin
olduğunu qeyd edən Yüksək Yurisdiksiya Məhkəməsinin
sədri bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin
unudulmaz sözləri ilə desək, biz "bir millət, iki
dövlət"ik.
Türkiyəli
qonaq iki ölkə məhkəmələri arasında əməkdaşlığın
daha da inkişaf etdiriləcəyinə əminliyini
bildirmişdir. Görüşdə qarşılıqlı
maraq doğuran bir sıra hüquqi məsələlər də
müzakirə olunmuşdur.
Azərbaycana
səfər çərçivəsində türkiyəli
qonaqlar Gəncə şəhərinin qədim tarixi abidələri
və görməli yerləri ilə də tanış
olacaqlar.
AzərTAc
Azərbaycan.-2013.-
18 aprel.- S.8.