Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi təntənə ilə qeyd olunmuşdur

 

Aprelin 16-da Rusiya paytaxtının möhtəşəm konsert salonlarından birində - Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük zalında dahi Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Qara Qarayevin 95 illik yubileyi münasibətilə təntənəli gecə keçirilmişdir.

 Azərbaycanın Rusiyadakı səfirliyinin və Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi gecədə ölkəmizin Moskvadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak etmişlər.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu gecəni açaraq bildirmişdir ki, Qara Qarayev təkcə Azərbaycan xalqının deyil, həm də bütün keçmiş SSRİ xalqlarının bəstəkarı idi. Görkəmli Rusiya bəstəkarı Dmitri Şostakoviçin tələbəsi olmuş Qara Qarayev Azərbaycanda bütöv bir məktəbin yaradıcısıdır və onun yetirmələri bu gün də musiqinin müxtəlif janrlarında gözəl əsərlər yaradırlar.

Səfir demişdir: "Qara Qarayev SSRİ-nin ən yüksək mükafatlarına layiq görülmüşdür. O, SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, akademik, professor idi. 1945-ci ildə "Vətən" operasına görə Stalin mükafatına layiq görülmüşdür. Həmin dövrdə bu mükafat gənc bəstəkarın yaradıcılığına verilən böyük qiymət idi. Qara Qarayev XX əsr musiqi tarixində çox parlaq iz qoymuşdur".

Gecənin bədii hissəsində Azərbaycan dirijoru Elşad Bağırovun rəhbərliyi ilə P.Çaykovski adına Böyük Simfonik Orkestrin ifasında dahi bəstəkarın "Don Kixot" simfonik qravürləri, skripka ilə orkestr üçün konsert (solist Alyona Bayeva), "İldırımlı yollarla" baletindən süita səslənmişdir. 

Yubiley gecəsində Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Azərbaycan səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri iştirak etmişlər.

Təntənəli gecədə iştirak edən tanınmış jurnalist,  Rusiyanın "Kultura" telekanalının aparıcısı Vladislav Flyarkovski AzərTAc-ın müxbirinə demişdir: "1970-ci ilədək Bakıda yaşasam da, təəssüf ki, Qara Qarayevi şəxsən tanımaq şərəfinə nail olmamışam. Mən onun yaradıcılığının heyranıyam. Ümumiyyətlə, əzəli vətənim Azərbaycanın ruhu duyulan musiqini dinləməyi çox sevirəm. Moskvada Azərbaycan musiqisini dinləmək üçün bütün işlərimi təxirə salıram. Xüsusilə də bu gün Qara Qarayevin əsərləri mənə zövq verdi. Alyona Bayeva məharətli skripka ustasıdır. Bugünkü gecə üçün məşhur "Qvarneri" skripkasını ona skripkaçıların Paqanini adına Moskva Beynəlxalq müsabiqəsinin təsisçisi Maksim Viktorov təqdim etmişdir. Bir sözlə, Qara Qarayev, P.Çaykovski adına Böyük Simfonik Orkestr, "Qvarneli" skripkası, Alyona Bayeva bir gecədə taleyin hədiyyəsidir".

Yubiley gecəsində iştirak edən Azərbaycanın Milli Konservatoriyasının rektoru, xalq artisti Səyavuş Kərimi demişdir: "Moskvada Qara Qarayevin əsərlərindən ibarət konsert proqramının təşkil olunması Azərbaycan musiqi mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətli layihədir və belə konsertlər təkcə Rusiyada deyil, digər xarici ölkələrdə də təşkil olunur. Qara Qarayev Azərbaycan bəstəkarlıq məktəbinin zirvəsində duran bəstəkarlardandır. Qara Qarayevin musiqisi sevilir, dünyanın bir çox ölkələrində səslənir və bunu Azərbaycan musiqi mədəniyyətinin təntənəsi kimi dəyərləndirmək olar".

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.-2013.- 18 aprel.- S.9.