Aslan ASLANOV: «PANİA saytı sayəsində
biz region ölkələrində baş verən hadisələr
haqqında operativ məlumat alırıq»
Azərbaycan
Dövlət Teleqraf Agentliyinin - AzərTAc-ın baş
direktoru Aslan Aslanov Qara Dəniz Milli İnformasiya Agentlikləri
Assosiasiyasının (PANİA-BSANNA) Soçidə
keçiriləcək konfransı ilə əlaqədar
İTAR-TASS agentliyinə müsahibə vermişdir.
Aslan
Aslanov öz müsahibəsində qeyd etmişdir ki,
qloballaşmaqda olan dünyada informasiyaya tələblərin
artması ilə əlaqədar xəbər agentliklərini
birləşdirən regional təşkilatların fəaliyyəti
aktuallaşır.
Onun
sözlərinə görə, XXI əsrdə informasiya
jurnalistikası tamamilə dəyişmişdir, bu gün həmin
jurnalistikanın qarşısında tamam yeni məsələlər
durur. Aslan Aslanov vurğulamışdır: "Xəbər
agentliklərinin auditoriyası daim inkişafdadır.
İnsanlar istəyirlər ki, xəbərlər həmişə
onların yanında olsun, onları müşayiət etsin.
Bundan əlavə, sosial şəbəkələr də ənənəvi
jurnalistikanı xeyli sıxışdırmışlar.
İnformasiya agentliklərinin buna qarşı təkbaşına
müqavimət göstərməsi çətindir".
Bununla əlaqədar o, milli informasiya agentliklərini birləşdirən
regional təşkilatların zəruri olmasını qeyd
etmişdir.
AzərTAc-ın
baş direktoru bildirmişdir ki, PANİA-nın Soçidə
keçiriləcək konfransında bu assosiasiyanın Baş
Katibliyinin yaradılması təklifi ilə
çıxış etmək niyyətindədir. Aslan Aslanovun
fikrincə, PANİA-nın baş katibi vəzifəsini də
təsis etmək olar.
"Assosiasiyanın
üzvü olan bütün informasiya agentlikləri növbə
ilə, rotasiya qaydasında Baş Katibliyə rəhbərlik
edə bilər. Üzvlük haqqı məsələsinə
də baxılmasını vacib hesab edirəm. Bizim fikrimizcə,
assosiasiyanın üzvü olan bütün informasiya agentlikləri
PANİA-nın və onun saytının fəaliyyətinə
maddi dəstək kimi cüzi, simvolik də olsa müəyyən
məbləğ ödəyə bilərlər" - deyən
Aslan Aslanov daha sonra əlavə etmişdir ki, maliyyə vəsaitlərinin
qoyulması PANİA-nın internet səhifəsinin
effektivliyini, onun mobilliyini artırmağa, əhatə dairəsini
genişləndirməyə imkan verər.
AzərTAc-ın
baş direktoru vurğulamışdır ki, PANİA-nın
saytı sayəsində biz region ölkələrində
baş verən hadisələr haqqında operativ informasiya
alırıq. Aslan Aslanov
demişdir: "Sevindirici haldır ki, son vaxtlar
PANİA-nın saytında mətnli və foto-materiallarla
yanaşı, video-informasiya da yerləşdirilir. Lakin hələlik
bunlar azdır. Güman edirəm ki, üzvlük haqları
hesabına müəyyən maliyyə axınları
saytın texniki imkanlarını genişləndirməyə,
saytda yerləşdirilən video və infoqrafika
materiallarının həcmini artırmağa imkan verəcəkdir.
PANİA internet resursu assosiasiyanın üzvü olan agentliklərin
saytlarında yayılmaq üçün gündəlik həyatımızın
reallığına çevrilmiş multimedia məhsulları
mübadiləsində körpü rolu oynaya bilər. Bundan əlavə,
videoxəbərlərin daha intensiv yayılması
bütün dünyada həm bizim regiona, həm də
assosiasiyanın fəaliyyətinə marağı
artıracaqdır".
Aslan
Aslanov belə hesab edir ki, PANİA çərçivəsində
əməkdaşlıq təkcə informasiya mübadiləsi
ilə məhdudlaşmamalıdır.
AzərTAc-ın
baş direktoru demişdir: "Biz müxtəlif mövzularda,
məsələn, regionda təbiətin mühafizəsi, idman
və digər məsələlərə dair foto-sərgilər
və jurnalist işlərinin müsabiqələrini
keçirə bilərdik".
AzərTAc
Azərbaycan.-2013.- 18 aprel.- S.9.