Vətəndaşlıq mədəniyyəti Azərbaycanın güclü dövlətə çevrilməsinin həlledici resursudur

 

Vətəndaş olmaq - Vətənin güclü dövlətə çevrilməsinə töhfə verməkdir

 

 Vətəndaş olmaq tarixi kollektiv yaddaşa malik olmaq deməkdir

 

Ümumən qəbul edilmiş  qənaətə görə, "milli qələbələr kimi, milli faciələr də xalqın birləşməsində əvəzsiz rol oynayır".

Tale elə gətirib ki, Azərbaycan xalqının yaddaşında tariximizin hər ayı, hər məqamı həm qürur dolu, həm də faciəli hadisələrlə həkk olunub. Bu, başqa xalqlarda da belədir. Bu baxımdan, tariximizə, təqvimin milli yaddaşda əks-səda verən məzmununa biganəlik və onun mənasını dərk etməmək vətəndaşlıq anlamı ilə ziddiyyət təşkil edir.

Təbii ki, "xaricdən buyuran rəhbərlər" bilməyə bilər. Lakin yaddaşı olan və özünü vətəndaş hesab edənlər üçün müstəqillik tarixində təqvimin   ayları Azərbaycanın düşmənlərinə qarşı  milli müqavimətin  nümunələri ilə yaddaşlara həkk edilib. Birdəfəlik dərk etmək lazımdır ki, Azərbaycan dövləti bir ildə üç  prezidentin dəyişdiyi, müstəqilliyin yenicə  ayaq tutub yeridiyi   illərdə   sarsılmadısa, daha heç zaman sarsılmayacaq! Regionun və dünyada inkişafın lideri olan güclü dövləti sarsıtmaq  ağılsızların xəyalıdır. Keçmiş və müasir tariximizin yaddaşına belə münasibət  bəsləmək, bu qəbildən olan adamları xalqımızdan daha da uzaqlaşdırır, eyni zamanda, xalqımızı iqtidarın  ətrafında daha da sıx birləşdirir.

Digər tərəfdən, tarixi yaddaşa prinsipial münasibət həm də baş verən hadisələrə, kimin kim olduğuna bir ayna tutur. Bu aynada Azərbaycan gəncləri, onun siyasi şüuru, mədəniyyəti, dövlətçilik hissləri, milli kimliyi bir damla suda olduğu kimi əksini tapır. Onun hansı idealları seçməsi, kimi özünə lider hesab etməsi bir daha aşkarlanır. Bu   göstərir ki, dövlətçilik hissi olan gənclər  müqayisəedilməz çoxluq təşkil edir. 20 ildən çox davam edən Dağlıq Qarabağ münaqişəsi ümummilli problem kimi dövlətçilik hisslərinin formalaşmasını daha da gücləndirib. Gənclər bilir ki, bu ölkə  də, onun gələcəyi də onlarındır.

XX əsrin əvvəllərində xaricdə təhsil alan ziyalı maarifçilərimiz millətin, milli kimliyin, milli ideologiyanın canı-ürəyi oldular. Bu gün də yaşayan milli dövlətçilik simvollarının və atributlarının yaradıcıları kimi qalmaqdadırlar. Onlar tarixə belə düşdülər. İndi - XXI əsrin əvvəllərində də dövlətimizin dəstəyi ilə müxtəlif ölkələrdə təhsil alıb Vətənə dönən gənclərimiz onun tarixində yeni səhifələr yazır! Bununla yanaşı, xaricdə təsir altına düşərək yolundan azanlar, Vətəni haqda böhtan və iftira yaymaqla "tarixə düşmək istəyən" cılız fərdlər də var ki, onlar Azərbaycanda  gənc nəslin kimdən örnək aldığını hələ bilmirlər.

Son dövrdə dövlətimizin daxili sabitliyini pozmaq məqsədi güdən bəzi hadisələrin baş verməsi, onun təşəbbüskarlarının milli heysiyyətinə, dövlətçilik duyğusuna, insanların həmrəylik və vətəndaşlıq prinsiplərinə nə dərəcədə sadiq olduqlarına  bir daha nəzər salmağa imkan verdi. Cəmiyyət bir daha əmin oldu ki, yaşanan bədbəxt hadisələrdən şou düzəldənlər  insanlıq duyğusundan məhrumdurlar.

Dövlətimizlə, onun dayağı olan Milli Ordumuzla  bağlı   faciələrdən siyasi məqsədlərə xidmət edən "şok şoular düzəltməklə", məqsədyönlü şəkildə mənfi ictimai rəy formalaşdırmaqla  hara qədər gəlmək olarsa, artıq gəliblər! Halbuki Azərbaycan cəmiyyəti üçün, xüsusilə də müharibə şəraitində yaşayan bir dövlət kimi pozitiv ictimai rəyin formalaşması taleyüklü məsələdir.

XIX əsrdə yaşamış ictimai-siyasi xadim  Stiven Dekaturun müəllifi olduğu və sonradan Amerika siyasi ənənəsinin səciyyəvi prinsipinə çevrilən deyim var:

"Mənim ölkəm başqaları ilə münasibətlərdə haqlı olmaya bilər. Lakin haqlı olsa da, olmasa da, bu mənim vətənimdir". (Maccenzie. Life of Decatur). Daha sonra bu ifadə öz dövlətinin siyasətinin başqa ölkələrin xoşuna gəlib-gəlməməsindən asılı olmayaraq, Vətənə, onun maraqlarına xidmətin meyarına çevrilir.  Uinston Çörçil də bu sözü  nitqində işlətdiyi üçün  əsasən ona aid edilir.

Vətənə və dövlətçilik əleyhinə çağırış cəhdlərində nə qədər qanun pozuntusunun olması özü də ayrıca, geniş təhlil  obyekti olmalıdır. Bir sıra dövlətlərdə bu qəbildən olanlar "xarici bosların təzyiq agentləri" kimi adlandırılır, müvafiq qanunla fəaliyyətləri tənzim edilir. Azərbaycanda da xalqın nəzərində çoxdan arzuolunmaz  kimi tanınanlara bu praktikanın tətbiq edilməsinin, hər kəsin öz adı ilə çağırılmasının vaxtıdır.

XXI yüzillkdə müstəqilliyin qorunması xüsusilə şərəfli və daha mürəkkəb olduğu üçün milli birlik daha da sarsılmaz olmalıdır. Azərbaycanın bu gününü təmin edən təməl qüvvə kimi, onun gələcək qüdrətinə aparan yol da milli birlikdən keçir.   Biz dövlətçilik duyğusu olmayan, "formal olaraq vətəndaş sayılanların" azadlıq, demokratiya anlamını müstəqillik dövründə xalqımızın yaddaşına həkk olan bu cür birlik və qürur günlərində bir daha müşahidə edirik. "Mən Azərbaycan vətəndaşıyam!"- demək haqqını qazanmaq üçün istər hüzn günlərində, istərsə də milli bayram günlərində xalqla bir sırada olmaq lazımdır. Həmin sırada deyil, ondan kənarda olanlar  özlərinin "Azərbaycan vətəndaşı" adlandırmaq haqqını itiriblər!

Azərbaycanda daxili ictimai-siyasi sabitliyi pozmaq cəhdləri ilə ona təzyiq etmək niyyətində olanların yadına Böyük Depressiya illərində Franklin Ruzveltin bu deyimini salırıq: "Bizim qorxduğumuz yeganə şey varsa, o da qorxu hissi ola bilər. Bu hiss bizə yaddır". 

 

Vətənpərvərlik deyəndə, ilk növbədə, gənclər göz önünə gəlir

 

Haradan qaynaqlandığından asılı olmayaraq, dövlətçiliyimizə edilən hücumlara layiqli cavab vermək üçün ictimai rəyi səfərbər etmək çox vacibdir. Tariximizin ən ağır sınaqlarından siyasi liderimizin ətrafında sıx birləşməklə çıxdığımızı, milli  birliyi hər şeydən üstün tutan xalq olduğumuzu dünyaya və bu birliyə qəsd etmək fikrində olanlara  yalnız bu yolla bəyan edə bilərik. Burada vətənpərvərlik tərbiyəsinin alternativi yoxdur.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "İlham Əliyev yeni əsrin yeni lideridir" adlı müsahibəsində qeyd edir: "Baş verən proseslər onu deməyə əsas verir ki, ölkənin tam əksəriyyət təşkil edən sağlam gəncliyi indiyə qədər olduğu kimi, bundan sonra da dövlət başçısının yürütdüyü siyasəti dəstəkləyəcək, heç vaxt dağıdıcı qrupların siyasi avantürasının iştirakçısına çevrilməyəcəkdir. Bu gün sağlam gənclik müxtəlif antimilli qrupların təsiri altına düşmüş həmyaşıdları ilə təmas qurmalı, onları səhv yoldan çəkindirməlidir. Bunun üçün onlar müxtəlif tədbirlərdə, auditoriyalarda, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə disput və müzakirələrdə daha fəal iştirak etməli, öz mövqelərini ortaya qoymalıdırlar. Universitetlərdə tələbə gənclər təşkilatları bu istiqamətdə səylərini artırmalıdırlar".

Biz əcdadlarımızın böyük əməlləri ilə yalnız fəxr etməklə kifayətlənməməliyik, həm də bu keyfiyyətləri itirməmək, həyatda onların bizə yol yoldaşı olması üçün əməli fəaliyyət göstərməliyik. Bunu xüsusilə yaşlı nəsli əvəz edəcək gənclər yadda saxlamalıdırlar.

Şübhə yoxdur ki, öz tarixi keçmişi kimi möhkəm bünövrəyə arxalanmayan xalqın gələcəyi ola bilməz. Xalqın keçmiş tarixinin məşhur obrazları, bu tarixdəki böyük şəxsiyyətlərin həyat örnəyi burada həlledici rola malikdir.

Azərbaycanın müharibə vəziyyətində olması vətəndaşlarımızın, xüsusilə gənc nəslin milli vətənpərvərlik ruhunun yüksəldilməsi kimi vacib məsələyə daha məsuliyyətli yanaşma tələb edir. Vətənpərvərlik vətənə sevgi, doğma yurdun inkişafı, çiçəklənməsi, Vətənlə bağlı əsrlərlə formalaşmış idealların qorunması və təbliği və s. məsələləri əhatə edən geniş mövzudur. Kütləvi informasiya vasitələrinin bu mövzu ilə bağlı konsepsiyasının hazırlanmasına böyük ehtiyac var.  

 

Vətəndaşlıq mədəniyyəti. Başqa ölkələrdə o, necə formalaşdırılır?

 

Vətənpərvərlikdən danışanda C.Kennedidən məşhur olan sitat gətirirlər: "Vətənin sənin üçün nə etdiyini soruşma, sənin vətən üçün nə etdiyini soruş".  Təkcə buna  görə deyil,  bir çox səbəblərə görə Amerika təcrübəsinə nəzər salmaq maraqlı olardı.

Amerika vətəndaşlıq mədəniyyətinin, vətəndaş tərbiyəsinin  unikal fenomen olmasına dair dünyada yekdil qənaət var. Yəni, bu nə sirrdir ki, hər bir vətəndaş üçün bu ölkədə hər şeyin ən yaxşı olduğu fikri inanc səviyyəsindədir. Ən paradoksal məqam odur ki, amerikalılar özlərini başqa dövlətlərin vətəndaşlarından  üstün, ağıllı, savadlı hesab etmirlər. Sadəcə, mütləq əmindirlər ki, onların dövləti dünyada ən yaxşı dövlətdir.

Bax, bu cür mütləq əminlik - vətəndaş tərbiyəsinin son hədəfidir və öyrənilməli təcrübədir. Amerikaya ilk dəfə qədəm basan insan  hər yerin  dövlət bayrağına qərq olduğunun fərqindədir. Amerika vətənpərvərliyi - amerikalının təbii həyat tərzidir. Normal, savadlı, sağlam düşüncəli vətəndaş olmaq, deməli, vətənpərvər olmaq deməkdir.

Rəsmi sosioloji sorğular bunu göstərir: Amerika ailəsinin 75 faizi öz ölkəsinə görə qürur hissi yaşayır və onun beynəlxalq siyasətini  bəyənir; 50 faiz amerikalı dövlət bayrağını öz evindən (eyvanından) asır; 25 faiz əhali avtomobolini bayraqla bəzəyir, yaxud da prezidentinə dəstəyi bildirən  vətənpərvər çağırışlar yazır!

Hər kəsin kino sənətinin - Hollivudun bu sahədə fəaliyyəti haqda  məlumatı var.  Təsadüfi deyil ki, Oskar mükafatının son təqdimindən sonrakı müzakirələrin yekunu belə bir qənaət oldu: "Amerikada kinoda həmişə vətənpərvərlik qalib gəlir". Sonuncu təqdimat mərasimində 47 filmin içərisində "Arqo" filmi məhz  vətəndaşın öz dövləti, öz soydaşı haqda düşüncəsi, onunla həmrəyliyi ən yüksək, ali dəyər hesab etməsi haqdadır.

Əlbəttə, vətəndaş olmaq təmənna, mükafat üçün deyil! Amma hər il "Ən yaxşı vətəndaş" medalına kim layiq görülə bilər - sualı amerikalıları düşündürür.  Hər il Prezident Obama  dövlətçilik üçün qeyri-adi iş görən,  öz əməli və fəaliyyəti    ilə fərqlənən amerikalıya ölkənin ali mükafatlarından olan "Vətəndaş medalı"nı ("Citizen Medal") təqdim edir.

"Vətəndaş medalı" özünün daimi işi və bilavasitə fəaliyyəti ilə yanaşı,  insanlara  qayğı göstərən, kömək edən, cəmiyyətdə birliyə xidmət edən amerikalılara təqdim edilir. Hər il ənənəvi olaraq əhali arasında sorğu keçirilir və "Vətəndaş medalı"na namizədlər müəyyən edilir.

Müstəqillik bayramı (İndependence Day) ərəfəsində kütləvi mədəniyyət formatının təbliği cizgi filmləri ilə başlayır. Uşaqların milli ruhda tərbiyəsində maarifləndirici verilişlər, cizgi filmləri xüsusi əhəmiyyətə malikdir.  Amerikada demək olar ki, bütün milli və ya dini bayramlar haqda  cizgi filmləri çəkilib və məhz körpəlikdən, ana südü ilə kütləvi mədəniyyət formasında vətəndaşlara aşılanır.

Hər ştatın avtomobil  nömrəsində  vətənpərvərlik devizi yazılır, yaxud şəkili təsvir edilir. Səhərlərdəki tıxaclarda sürücülər öz həmkarlarının avtomobil nömrələrini oxuduqca əsəbləri sakitləşir, qürur hissi ilə əvəzlənir. Belə deyim var ki, "Amerikada  avtomobil tıxaclarında 2 saat qalan sürücü  100 faizlik vətənpərvərə çevrilir!" Digər maraqlı məqamlardan biri odur ki, veteranların  öz avtomobil  nömrələrində xidmətlərini və  "veteran" sözünü ən böyük hərflərlə təsvir etmək hüququ var.

ABŞ-da bütün dövlət və özəl orta məktəblərdə  dərslər  səhərlər siniflərdə və ya idman zallarında, əlləri ürəklərinin üstündə  "Bayrağa Sədaqət Andı"nı ifa etməklə başlayır. Amerika bayrağının  simvolu olan dəyərlər haqda cəmi 31 sözdən ibarət olan bayraq andı   onların dövlətə sədaqətini bir daha billdirmək üçün oxunur.

"Bayrağa Sədaqət Andı" 1892-ci ildə Amerikanın kəşf edilməsinin 400 illik yubileyi üçün yazılıb. "Mən ABŞ və respublikanın, Tanrının səması altında vahid, bölünməz və hamı üçün ədalətli olan xalqın  bayrağına sadiq olduğuma  and içirəm".  Bu və digər  ardıcıl tədbirlərin nəticəsidir ki, vətənpərvərlik amerikalının formal deyil, real həyat tərzidir və yaşam formasına çevrilmişdir.

Ölkənin paytaxtı nəinki yalnız Amerikanın, eləcə də bütün  hərbi  abidə və memorialların paytaxtıdır. Deyilənə görə, dünyanın heç bir yerində  müharibə və veteran komplekslərinin cəmlənməsi ilə məşhur olan ikinci bir şəhər yoxdur.

ABŞ-ın başqa ölkələrdə  müharibələrə münasibəti ilə bağlı fikirlər müxtəlif ola bilər. Lakin  onların dövlətçilik uğrunda həlak olanların xatirəsini  əbədiləşdirmək ənənəsi təqdirəlayiqdir və örnəkdir. Əsgəri xidmətin şərəf borcu kimi təbliği üçün  müxtəlif qoşun növlərinin reklam günləri keçirilir. Minlərlə yeniyetmə və gənclər  şəhər meydanlarında əsl döyüşçülər və döyüş texnikası ilə canlı təmasda olurlar. Çoxsaylı veteran cəmiyyətlərinin  vətənpərvərlik yönündə ictimai təbliğat fəaliyyəti dövlət tərəfindən həm maddi, həm də mənəvi şəkildə dəstəklənir.

Finlandiyada isə milli bayramlarda məşəllə  yürüş edirlər. Müstəqillik uğrunda həlak olanları yad edirlər. 

Təbii olaraq, hər bir dövlətin özünəməxsus vətənpərvərlik  məktəbi və ənənəsi olmalıdır. Lakin bu o demək deyil ki, müsbət dünya təcrübəsindən bəhrələnmək olmaz. İnkişaf etməkdə olan ölkələrin  problemləri eyni ilə Amerikada da olub və mövcuddur. Lakin Amerika xalqı bütün çətinliklərdən məhz  vətənpərvərliyi və dövlətçiliyinə sədaqəti hesabına çıxa bilib.

Bu cür mərasimlərin ənənəyə çevrilməsi ayrı-ayrı siyasi qrupların, həmçinin xarici qüvvələrin gənclərimizin   təcrübəsizliyindən sui-istifadə etməyə çalışaraq onlardan öz maraqlarını reallaşdırmaq və digər  dağıdıcı məqsədlər üçün istifadə etmək cəhdlərinin qarşısını alan tədbirlər sırasında olmalıdır.

 

Vətəndaş mövqeyinin formalaşmasının vahid sistemi, konsepsiyası olmalıdır

 

 Vətənpərvərliyin tərbiyəsi və təbliği ümumdövlət qayğısı ilə yanaşı, həm də hər bir vətəndaşın, cəmiyyətin birgə səylərini tələb edir.   Biz vətəndaş olmağı, vətənpərvərliyi kütləvi mədəniyyət dilində təbliğ edə bilirikmi?   Kütləvi informasiya vasitələrində qeyd edilən məsələ ilə bağlı nə kimi işlər görülür?  Ədəbiyyat, mədəniyyət, milli humanitariya nə edir? Ziyalılarımız nə təklif edir? Səbəblərdən biri bəlkə vətəndaşlıq mövqeyinin  nəzəri əsaslarının zəif işlənməsindədir. Üstəlik də bəzi "ziyalılar" antivətənpərvərliklə məşğuldurlar.  

Ailədən müəssisələrə, cəmiyyətə qədər vətəndaşlıq məktəbinin ab-havası olmalıdır.  Müvafiq olaraq da bütün təsisatlar, dövlət orqanları, vətəndaş cəmiyyəti, siyasi partiyalar, gənclər  təşkilatları və digər qurumların fəaliyyətinin bu  prinsiplə qurulması  günün tələbidir.

Vətəndaşların dövlətçilik ruhunda tərbiyəsi işində  elm, mədəniyyət və təhsil sahəsi xüsusi məsuliyyət daşıyır. Müasir dövrdə vətənpərvərliyin formalaşmasının yeni üsul və metodlarına, müasir humanitar texnologiyalara xüsusi diqqət yetirilməlidir. Burada qeyd edildiyi kimi, yaxın və uzaq ölkələrin təcrübəsinin öyrənilməsi də ilk məsələlərdən biridir.

Milli ideya, mənəvi dəyərlər, tarixi təəssübkeşlik,  dövlətin bugünkü uğurlarına sevinmək və sabahı üçün inam və qürur duymaq, onun dünya xəritəsində layiqli yerini tutmasına töhfə vermək - bütün bunları duymadan vətəndaş olmaq mümkün deyil!

Qeyd edilən sahədə məqsədlərin əldə edilməsi üçün paralel olaraq həm real, həm də virtual məkanlarda intensiv işin aparılması lazımdır. Bu sahədə kütləvi informasiya vasitələrinin üzərinə çox böyük iş düşür.  Vətəndaş mövqeyinin formalaşmasının vahid sistemi, konsepsiyası olmalıdır. Onun əsasında birgə səylərlə miqyaslı və kompleks tədbirlər həyata keçirilməlidir. Xüsusilə də informasiya məkanında ən qısa zamanda mövcud boşluqların doldurulmasına çalışılmalıdır.

Vətəndaşlıq tərbiyəsinin səmərəliliyi iki əsas amildən asılıdır: mövcud obyektiv və subyektiv  şərtlərin təhlili; tərbiyə işinin əsas iştirakçılarının qarşılıqlı münasibətlərinin qurulması;

Azərbaycanın dövlət rəmzləri vətənpərvərlik tərbiyəsində misilsiz dəyərə və ideoloji-tərbiyəvi əhəmiyyətə malikdir.

Dünyanın bütün dövlətlərinin özünəməxsus dövlət rəmzləri mövcuddur və bu rəmzlər onların tarixi keçmişlərini də, işıqlı gələcəklərinə doğru olan yolunu da əks etdirir. Hər bir xalqın düşüncəsi onun milli atributlarında öz əksini tapır. Çünki atribut xalqın kimliyinin ifadəçisidir. Müstəqil  dövlət, ilk növbədə,  öz atributlarını təsis edir ki, dövlətçiliyinin simasını təqdim edir. Milli rəmzlər milli birliyin və azadlığın ən böyük mübarizə simvoludur. Bayraq dövləti təmsil edir, bu simvolun sayəsində onu tanıyırlar, onunla hesablaşırlar.   

Prezident  İlham Əliyevin  "Dövlət Bayrağı" meydanının yaradılması haqda qərarı və təşəbbüsü sayəsində vətənpərvərliyin tərbiyəsi üçün daha çox imkanlar yaranıb. "Dövlət Bayrağı" meydanı Azərbaycanın ən görməli məkanına çevrilib. Bayraq Vətən rəmzidir, dövlətçiliyimizin gerçəkliyə çevrilmiş rəmzidir.

Bayraq Azərbaycan dövləti ilə hesablaşmaq, ona sayğı deməkdir! Bayraq qələbə deməkdir! Bayraq əmanət deməkdir!

Ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyi üçün əlindən gələni etdi. Güclü, qüdrətli dövlət quraraq onu bizlər, gələcək nəsillər üçün əmanət qoyub getdi. Ulu öndərin siyasətini davam etdirən Prezident İlham Əliyev "Dövlət Bayrağı meydanının yaradılması haqqında" sərəncam verdi. Azərbaycan Bayrağı bu gün nəinki qəddini düzəltdi, dünyada ən yüksək zirvələrə boylandı. Göstərdi ki, müstəqillik Azərbaycan xalqının milli sərvətidir. Bu sərvət daimidir, dönməzdir, əbədidir. Onu qorumaq isə zaman-zaman dünyaya gələcək yeni-yeni nəsillərin müqəddəs borcudur! Bayraq Birlik deməkdir! Bu, Azərbaycanın ərazi bütövlüyünün mütləq bərpa olunacağı qələbə gününün rəmzidir! Onun Xankəndidə dalğalanacağı gündən soraq verən simvoldur!

Vətənpərvərlik tərbiyəsinin qanunverici əsaslarının müəyyən edilməsi və həyata keçirilməsi  təcrübəsi də mövcuddur. Bu sahədə müxtəlif ölkələrdə tətbiq edilən  təcrübədən bəhrələnmək olar. Bu gün müxtəlif dövlətlərin medialarında "vətən andı", "vətən borcu", "vətənpərvərlik kodeksi" və s. kimi mövzular qaldırılır və müfaviq sənədlərin qəbul edilməsinə dair müzakirələr gedir.

Bir çox dövlətlərdə "Vətəndaşların vətənpərvərlik tərbiyəsi haqqında Konsepsiya" qəbul edilib və dövlətin bu sahədə elmi əsaslandırılmış baxışlarını əks etdirir. "Vətənpərvərlik tərbiyəsi  üzrə şuralar" fəaliyyət göstərir. Bu təcrübənin tətbiqi barədə düşünmək lazımdır. Aparılan iş şəraitə müvafiq olaraq dəyişir və müvafiq strategiyanın da dəyişməsini tələb edir. Bugünkü manipulyasiya 20 il əvvəl təsəvvür edilə bilməzdi. Deməli, dəyişən reallıq həm də kompleks və sistemli şəkildə vətəndaş tərbiyəsinin vasitələri və üsullarının, subyektləri və  mexanizmlərinin yenilənməsini tələb edir.

Normativ-hüquqi bazada da bu, öz əksini tapmalıdır.  Hərbi, təhlükəsizlik, müdafiə, elm, təhsil qanunlarına müvafiq düzəlişlər edilməlidir. Müvafiq dövlət proqramı qəbul edilməlidir. Kiçik yaşlarından tutmuş ali təhsil müəssisələrinədək, eləcə də fasiləsiz olaraq vətəndaşlıq tərbiyəsinin aparılması üçün  ictimaiyyətşünaslar  öz konsepsiyalarını təqdim etməlidirlər.    

 

İnamımız milli gücümüzə çevrilir

 

XX əsrin  30-cu illərində Amerika xalqı F.Ruzveltə, 50-ci illərdə alman xalqı Konrad Adenauerə inandı. 90-cı illərdə ümummilli lider Heydər Əliyevə inanan  Azərbaycan xalqı, bu  gün onun müstəqillik siyasətinin davamçısı - Prezident  İlham Əliyevə inanır. Dövlət başçısının  cəmiyyətimizdə, Azərbaycanın isə dünyada artan imici, nüfuzu, xalqın etimad və  dəstəyi kimi heç nə ilə müqayisə  edilməyən kapitala,  uğurlarımıza konvertasiya olunur.    

İngiltərənin məşhur  humanist yazıçısı Uilyam Hezlit  insanların şəxsiyyətlərə, liderinə inamını izah etmək üçün yazırdı: "Mən baş verən prosesləri tam mənada dərk etmək iqtidarında deyiləm, lakin mən öz liderimə inanıram. İnamımız nə qədərdirsə, gücümüz də  o qədərdir".

Azərbaycan tarix boyu öz müstəqillik məqamını  gözləyib, ümummilli lider Heydər Əliyevin sayəsində ona yetişib. Çünki Azərbaycan vətəndaşı hər zaman dahi şəxsiyyətin  yanında idi. Xalqımız on il əvvəlkindən daha qüdrətli dövlətdə yaşayır, deməli, 10 il sonra  bundan qat-qat güclü ölkədə yaşayacaqdır! Bu günün gənc vətəndaşlarının tarixi şansı - məhz həmin qüdrətli Azərbaycan dövlətini yaratmaq və qürurla sonrakı nəslə çatdırmaq missiyası var. Bu ənənənin əbədi olaraq yaşadılması  müstəqilliyimizin qarantı olub, ölkəmizdə vətəndaşlıq mədəniyyətinin formalaşmasını prioritet məsələyə çevirir.

 

 

Rəbiyyət ASLANOVA,

Milli Məclisin İnsan hüquqları

 komitəsinin sədri, professor

 

Azərbaycan.-2013.- 17 aprel.- S.10.