Azərbaycanı heç kəs heç nəyə məcbur edə bilməz

 

Bunu Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bildirib.

 

 Beynəlxalq miqyasda hər bir ölkənin inkişaf səviyyəsini, nüfuzunu, dünyada qazandığı etimadı və digər bu kimi əsas xüsusiyyətlərini xarakterizə edən əsas cəhətlərdən biri onun yeritdiyi siyasətin məzmun və mahiyyətidir. Təbii ki, hər ölkə dünya birliyinin bir subyekti olaraq həm özünün milli maraqlarına cavab verən, həm də müstəqil siyasət həyata keçirmək istəyir.

Lakin təcrübə göstərir ki, bəzi dövlətlər, xüsusən Ermənistan kimi forpost statusu daşıyan ölkələr dünyada nəyin baş verib-verməməsindən asılı olmayaraq, ümumiyyətlə, nəinki müstəqil xarici, hətta daxili siyasət belə həyata keçirə bilməkdən məhrumdurlar. Belə ölkələrin siyasi hakimiyyətlərinin həm beynəlxalq məsələlərlə bağlı baxışları, həm də daxili həyata hesablanmış addımları mütləq vassallığında olduqları dövlətlərlə razılaşdırılır. Ermənistanın beynəlxalq əməkdaşlığı kənar dövlətlərlə, hətta xaricdəki diaspor təşkilatları ilə razılaşdırmadan həyata keçirməsinin mümkünsüzlüyü, daxili iqtisadiyyatının aparıcı sahələrinin, xüsusilə energetika sektorunun tamamilə xarici investorlardan asılı vəziyyətə düşməsi bu ölkənin müstəqil siyasətinin olmamasını təsdiqləyən faktordur.

Bununla yanaşı, qloballaşan və dəyişən dünya nizamı da hər ölkəyə müstəqil siyasət yeritməyə imkan vermir. Bu gün beynəlxalq münasibətlər sistemində baş qaldıran təbəddülatlar, dünyanı cənginə alan maliyyə-iqtisadi böhran, enerji təhlükəsizliyi məsələlərinin getdikcə daha aktual şəkil alması, sivilizasiyalararası dialoqun təhdidi bir sıra dövlətləri həyata keçirdikləri ənənəvi və oturuşmuş siyasətə yenidən baxmağa vadar edir. Bəzən isə həmin ölkələrin özləri də istəmədən məhz bu kimi səbəblərdən həyata keçirdikləri siyasəti kənar təsirlərlə uzlaşdırmaq, müəyyən diktələri qəbul etmək məcburiyyətində qalırlar.

Hazırda postsovet ölkələrinin əksəriyyətində bu mənzərəni görmək mümkündür. Onlardan fərqli olaraq, Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin tamamilə müstəqil olması dünyanın qəbul və etiraf etdiyi reallıqdır. Ulu öndərin əsasını qoyduğu siyasi kursu layiqincə davam etdirən, dəyişən dünyanın yeni çağırışlarına uyğunlaşdıraraq daha da zənginləşdirən Prezident İlham Əliyevin hələ illər öncə dediyi "Azərbaycanla təzyiq dilində danışmaq olmaz" ifadəsi real həyatımızda, ölkəmizin xarici siyasətində hər an öz təsdiqini tapmaqdadır.

Azərbaycan olduqca həssas bölgədə yerləşir. Ölkəmizin malik olduğu zəngin təbii resurslar bu həssaslığı daha da artırır. Cəmi 23 ildir müstəqilliyini bərpa edən dövlətimizin son 20 ildə nail olduğu möhtəşəm nailiyyətlər məhz həyata keçirilən siyasətin milli maraqlara cavab verməsindən, müstəqil kurs seçməsindən irəli gəlir. Müəllifi Heydər Əliyev olan və bu gün uğurla həyata keçirilən yeni neft strategiyasının tam müstəqil olması bəllidir. Elə bu müstəqillik də hazırda bizə həmin strategiyanın bəhrəsini ürəkdolusu dadmağa, qürurlanmağa imkan verir. Cənubi Qafqazda Azərbaycandan başqa heç bir ölkə 48 milyard dollar həcmində valyuta ehtiyatlarına malik deyil. Ölkəmizin yeritdiyi tam müstəqil siyasətin nəticəsidir ki, Azərbaycan region ölkələrini cəlb edərək Bakı-Tbilisi-Qars, TANAP kimi dünyaya səs salan iri iqtisadi layihə həyata keçirir, həm də xarici yardım və kredit olmadan.

Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzvlüyü, beynəlxalq təhlükəsizlik məsələlərində ortaya qoyduğu fəal və aparıcı mövqe də ölkəmizin, sözün əsl mənasında, müstəqil dövlət olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, əməkdaşlıq meydanı olan Azərbaycanın beynəlxalq sanksiyalarla üzləşmiş İranla bağlı baxışları da dövlətimizin müstəqil, kənar təsirləri və təzyiqləri qəbul etməyən siyasət yeritməsinin göstəricisidir.

Azərbaycanda xarici hərbi bazanın olmaması da ölkə rəhbərliyinin həyata keçirdiyi siyasətin müstəqilliyinin, xalqın və dövlətin maraqlarına tam cavab verməsinin göstəricisidir. Son vaxtlarda mətbuatın daha çox yer ayırdığı Qəbələ Radiolokasiya Stansiyası ilə bağlı cərəyan edən proseslər də nəticə etibarilə Azərbaycanın siyasi və iqtisadi maraqlarını əsas tutan siyasət həyata keçirdiyini göstərdi. Məlum olduğu kimi, Rusiya Qəbələ Radiolokasiya Stansiyasına görə 7 milyon dollar icarə haqqı ödəyirdi. Bu məbləğ heç bir halda standart iqtisadi və kommersiya normalarına uyğun olmadığından rəmzi xarakter daşıyırdı. Məhz buna görə də Azərbaycan Qəbələ Radiolokasiya Stansiyasının icarə haqqının artırılması məsələsini qaldırdı. Prezident İlham Əliyev "Rossiya-24" telekanalına müsahibəsində bu məsələnin olduqca dolğun izahını verib: "Biz Rusiyanın hərbi texnikasını dünya qiymətlərinə uyğun alırıq... Əgər biz dünya qiymətlərinə uyğun alırıqsa, bütün başqa haqq-hesabları da dünya qiymətlərinə uyğun aparırıqsa, onda icarə qiyməti də buna uyğun, yaxud buna yaxın olmalıdır".

Bu tələbin qarşısında hansısa arqument səsləndirmək mümkün deyil. Təbii ki, Rusiyanın özündə də Qəbələ Radiolokasiya Stansiyasının mənəvi və fiziki baxımdan köhnəldiyini başa düşürdülər. Ona görə də icarə haqqının artırılması ilə bağlı danışıqlar prosesi istənilən halda Azərbaycanı qane edən məcrada getdi və Rusiya bu obyektdən istifadəni dayandırdı. Bütövlükdə bu prosesin özü də beynəlxalq müstəvidə Azərbaycanın tam müstəqil siyasət yeritməsinin növbəti əyani nümayişi oldu.

Dinamik inkişaf edən Azərbaycan regionun lideridir və bu statusu daim daşıyacağı şübhəsizdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin xarici siyasətinin prioritetləri qətiyyətlə, inamla həyata keçirilir və praktikada uğurlu nəticələrlə özünü təsdiq edir. Eyni zamanda, təcrübə göstərir ki, Azərbaycanın qətiyyətli xarici siyasət kursu region səviyyəsində pozitiv geosiyasi dəyişiklikləri sürətlə stimullaşdırır. Azərbaycan Cənubi Qafqazın lider dövləti olaraq yalnız əməkdaşlıq və inteqrasiya istiqamətində fəaliyyət göstərir. Lakin ölkəmiz yeni beynəlxalq enerji layihələri, iqtisadi əməkdaşlıq proqramları və mədəniyyətlərarası dialoqa xidmət edən tədbirlər həyata keçirdikcə antimilli qüvvələrin, antiazərbaycançı şəbəkənin təxribatçılıq hərəkətləri də müşahidə olunur. Lakin bütün bu təhdidlərə baxmayaraq, Azərbaycanı öz yolundan döndərmək və nəyəsə vadar etmək mümkün deyil. Prezident İlham Əliyev "Rossiya-24" telekanalına  müsahibəsində dediyi kimi, bizi heç kəs heç nəyə məcbur edə bilməz.

İndi dünyada geosiyasi situasiya elə dəyişir ki, hər bir dövlət nəinki müstəqil xarici siyasət yeritməyə, hətta öz maraqlarını qorumağa qadir olmalıdır. Azərbaycanın bugünkü inkişaf templəri, dünya birliyindəki yeri və nüfuzu, beynəlxalq münasibətlər sistemindəki mövqeyi ölkəmizin tam müstəqil xarici siyasət yeritdiyini, özünün milli maraqlarını uğurla qoruduğunu təsdiq edir.

 

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.-2013.- 18 aprel.- S.10.