Gəlin yerimizi səhv salıb siyasət oyunu oynamayaq

 

Mən ömrünü Azərbaycan mədəniyyətinin inkişafına və təbliğinə həsr etmiş bir insanam. İllər boyu ölkədə gedən mürəkkəb siyasi proseslərlə maraqlansam da, heç vaxt siyasətə qarışmaq istəməmişəm. Düşünmüşəm ki, bu işlə siyasətdə daha səriştəli, daha peşəkar olanlar - siyasi səhnədə sözü qiymətli və keçərli sayılan, gördüyü , göstərdiyi fəaliyyət cəmiyyətə, insanlara xeyir gətirən, dövlətin iqtisadi həyatını, vətəndaşların rifah halını yüksəltməyə gücü çatan, hər bir ailənin, hər bir fərdin dərd-sərini, qayğılarını yüngülləşdirmək yollarını daha yaxşı görən savadlı, intellektli, necə deyərlər, seçilmişlərin seçilmişləri məşğul olsa, Azərbaycanın dünyadakı imicinə müsbət salto gətirə bilər. Ancaq... lakin... amma...

Bəli, bu ciddi, həyati əhəmiyyətli bir görəvin bir əmması var ki, Azərbaycanda yerindən duran hər kəs "siyasətçidir", hər şeyi hər kəsdən daha "yaxşı", daha "mükəmməl" və daha "çox bilir", özünü hamıya ağıl vermək iqtidarında hesab edir, meydanda daha ucadan bağırmağa başlayır. Belələri bir küncdə gizlənib hələ siyasətin, dövlətçiliyin nə olduğunu bilməyən yeniyetmələrin, əqidəsi yetərincə formalaşmayan uşaqların əlinə plakat verib, ovcuna daş basaraq ortalığı qarışdırmağa çalışırlar. Siyasət dərsini küçə və meydanlarada alan, ətraflarına 50-60 adam toplayıb "mitinq" keçirən və bu "mitinqdə" topladıqlarını ağıllarına və ağızlarına gələn çəfəngiyyatı qışqırmağa təhrik edən "siyasətbazların" illərdən bəri səngiməyən arzusunu - hakimiyyətə canatma hərisliyini görəndə öz-özümə düşünürəm ki, əcəba, bu adamların dünyada gedən proseslərdən xəbərləri yoxmu? Məgər bu cılız partiyaların "məşhur liderləri" müsəlman ölkələrində "ilanı Hacı Əhməd əli ilə tutan" Qərbin məlum qüvvələrinin məkrli siyasətini başa düşmək qabiliyyəti bu qədərmi korşalıb? Bəlkə müxalif cəbhənin məqsədi ara-sıra onlara havadarlıq edən Qərbdəki "dostlarının" dəyirmanına su tökmək, onlardan aldıqları qrantların əvəzini bu yolla ödəməkdir? Yoxsa, başqa cür bunu necə başa düşəsən?

Bizim siyasi səhnədən illər boyu enməyən aqressiv müxalifət qüvvələrimizə Azərbaycanda Misirin, Liviyanın "narıncı inqilab"ımı lazımdır, yoxsa dünyada var-dövləti yadlar tərəfindən talan olunan, vətəndaşları bir tikə çörəyə möhtac qalan İraqda baş verənlərin təkrarımı? Bəlkə bizim bu "meydangirlər" xristian dövlətlərin səxavətlə göndərdiyi silahla öz ölkəsini məzarıstana çevirən, "Allahu Əkbər!" nidaları ilə canı canından, qanı qanından olan qardaş-bacılarını, günahsız körpələri, qocaları qətlə yetirməkdən usanmayan Suriyanın təcrübəsindən bəhrələnmək istəyirlər? Yox, qardaşlar, axar suya ikinci dəfə girmək mümkün olmadığı kimi, siyasət aləmində də keçmişin acı təcrübələrini təkrar-təkrar bizim insanımıza yaşatmaq sizin həddiniz deyil, biz bir daha sizin arxanızca düşüb hər sözünüzə əl çalan millət olmaq fikrində deyilik! Çünki biz bu ağrılı yaddaşımızın yaralarını hələ tam sağalda bilməmişik!

Biz 90-cı illərdə gəncliyi oğurlanmış, arzuları tar-mar olunmuş, idealları əlindən alınmış nəslin nümayəndələriyik. Biz onsuz da ölməkdə olan SSRİ-nin yarımcan cəsədinə yüzlərlə insanımızı və ən ümdəsi ümidlərimizi, inamımızı qurban vermiş dünənki Azərbaycan gəncləriyik. Sovetlər Birliyi dağılanda onun tərkibindəki 15 respublikanın bəlkə də heç biri bizim çəkdiyiz zülmü çəkmədi! Niyə? Çünki orada hakimiyyət kreslosuna oturmaq üçün bizdəki qədər bir-birinə müxalif olan qüvvələr yox idi! Çünki o respublikalarda Vətənin taleyi, dövlətin mənafeyi, ölkənin gələcəyi, vətəndaşların təhlükəsizliyi şəxsi ambisiyaların fövqündə dayanırdı. Sizsə, bu gün də başında liderlik havası qalan cənab müxalifətçilər, sizə inanan, sizə güvənib günlərlə Azadlıq meydanından çəkilməyən insanları 20 Yanvar gecəsindən keçməyə vadar etdiniz, yüzlərlə insanımızın qanına bais oldunuz. Düzdür, "Torpaq uğrunda ölən varsa, Vətəndir!" - deyirik. Ancaq bu insanlar, ürəyini qumbara əvəzinə ovcunda sıxıb sovet ordusunun Azərbaycana yürüdülən quldur dəstələrinin üstünə cəsarətlə gedəndə, siz öz isti mənzillərinizin tül pərdələri arxasında dayanıb Bakının qan gölünə dönmüş küçələrində hara gəldi çovuyan qəfil güllələrdən yayınmağa can atanların fəryadını eşidirdiniz! Axı bu insanların günahı nə idi?! Sizə güvənmələrimi, sizə inanmalarımı?!

Bu məqamda heç vaxt unutmadığım bir əhvalatı xatırladım. O vaxt Salyan rayon mədəniyyət şöbəsinin müdiri işləyirdim və Milli Məclisdə təmsil olunan rayon rəhbərliyi ilə bir məsələ barədə görüşməli idim. Lakin içəri keçmək mümkün deyildi! Elə sizin təhrikinizlə Ali Sovetin qarşısına toplaşan kütlə inadla "Mütəllibov rejiminə istefa!" - qışqıranda, coşub-daşan ehtirasını cilovlaya bilməyən gənclər binanın iri pəncərələrindən birinin şüşəsini sındırdılar. Çilik-çilik olub caamatın üstünə tökülən şüşə parçalarına məhəl qoymadan içəri atılan ortayaşlı bir qadını rəhmətlik Bəxtiyar Vahabzadə yerə yıxılmaq təhlükəsindən qurtarıb sakitcə: "Ay bacı, bir səbrin olsun, axı içəri girib neyləyəcəksən?" - deyə sual edəndə, o qadın qeyzlə üzünü xalq şairinə tutub ərk qarışıq bir hikkə ilə qəzəbini büruzə verdi: "Yox, Bəxtiyar müəllim, bu xına o xınadan deyil!" - dedi.

Bax, belə sadəlövh, sadədil, sizə bütün varlığı ilə inananların çiyninidə gəldiniz hakimiyyətə və o qadınların da, ora toplaşan yüzlərlə insanın da ümidini puça çıxardınız, insanların ədalətli hakimiyyət, sivil idarəemə arzusunu gözündə qoydunuz! İllər sonra təsadüfən o qadınla bir məclidə üz-üzə gəldik. Təbii ki, o, məni tanımadı, amma mən onun, bir neçə il əvvəl, Ali Sovetin irilaylı pəncərəsinin çiliklənmiş şüşələrinə məhəl qoymadan qəzəblə içəri girən və bircə kəlməsi ilə ətrafına az qala od püskürən qadının par-par yanan o gözlərini görmədim. Mənim yaddaşımda əbədi kök salan o hadisəni bütün detalları ilə ona xatırlatdım, məlul-məlul üzümə baxdı və sakitcə: "Onlar bizi aldadıb yarı yolda qoydular, müəllim!" - dedi.

İllər sonra bu hadisəni ona görə xatırladım ki, bu gün sizin arxanızca gələn insanlar, xüsusilə də hələ yaxşını yamandan, doğrunu yalandan ayırmaq iqtidarında olmayan yeniyetmələr, cavanlar, yəni gəncliyi aldadılmışların övladları, sizin hansı xislətin yiyəsi olduğunuzu bilsinlər və o xanım kimi sonradan ölən ümidləri, puç olmuş arzuları üçün heyifslənməsinlər!

Lap əvvəldə qeyd etdim ki, mən mədəniyyət işçisiyəm, sənət, səhnə, ədəbiyyat, söz adamıyam. Elə buna görə də sizin kimi siyasi cümləpərdazlıq edib, illərdən bəri əzbərlədiyiniz siyasi terminlərlə danışmaq niyyətindən uzağam və sizə çox sadə bir sual vermək istəyirəm: Vətəndaşı olduğunuz, hakimiyyətə gələcəyiniz təqdirdə əhalisinə cənnət vəd etiyiniz Azərbaycanda sizi qane edə biləcək heçyoxdurmu?

Siz ölkədə baş verən köklü dəyişikliyi, rayonların iqtisadi cəhətdən inkişaf etdirilməsi naminə görülən işləri, çəkilən yolları, hər gün dəyişib gözəlləşən şəhərləri, möhtəşəmliyinə görə dünyanın ən ünlü paytaxtları sırasında adı qürurla çəkilən Bakının hər kəsi heyran edən modern tikililərini, fərqli infrastrukturunu, xarici qonaqların da heyrətinə səbəb olan yeni arxitektura incilərini niyə ğörmək istəmirsiniz?!

Sizi insanların dincrahat həyatı, firəvanlığı, aztəminatlı ailələrə dövlət qayğısının artması, yeni yerlərinin açılması, azad ticarət zonasının yaradılması, bir sözlə, son on ildə əldə olunan uğurlar niyə bu qədər narahat edir?!

Niyə siz əsl müxalifətçiliyin nə olduğunu indiyədək öyrənməmisiniz, ya da öyrənmək sizə sərf etmir, desəm daha düzgün olmazmı?

Yəni, doğrudanmı, prezident olmaq o qədər asan bir işdir ki, bu ölkədə hər kəs prezident olmaq istəyir, ölkəyə rəhbərlik iddiasına düşür?!

Mən dəfələrlə xarici ölkələrin ən mötəbər səhnələrində birincilik qazanıb Azərbaycanın bayrağını qürurla dalğalandıran incəsənət ustalarımızla birgə bu fəxri anı yaşayanlardan biri kimi bu gün inamla deyə bilərəm ki, milli mədəniyyətimizə bəlkə də heç zaman bu qədər qayğı və maraq göstərilməmişdir! İndi mədəniyyətimizin, ulu muğamımızın şöhrəti dünyanı dolaşmaqdadır, idmançılarımızın qələbəsindən dünya fəxrlə danışır. Amma siz nədənsə bu barədə susmağa üstünlük verirsiniz. Kor tutduğunu buraxmayan kimi siz də, cənab dağıdıcı müxalifətçilər, narazılığınızdan əl çəkmirsiniz, ağa qara deməkdən yorulmursunuz. İllər boyu camaatı inandırmağa çalışırsınız ki, guya siz hakimiyyətə gəlsəniz, sehirli çubuğunuzu bircə dəfə yuxarı qaldırmaqla Qarabağ problemini həll edəcəksiniz, insanların hamısı bir andaca milyonçu olacaq, heç bir problem qalmayacaq. Amma unudursunuz ki, bu nağılları biz 90-cı illərdə sizin ağzınızdan çox eşitmişik! Əgər doğrudan da, belə səriştəli, belə qabiliyyətli idinizsə, niyə o vaxtlar müxtəlif vəzifələrlə "şərəfləndirdiyiniz" cəbhədaşlarınızın heç biri xalqın sevgisini qazana bilmədi, əksinə, hərəsi bir biabırçılıq çıxarıb, işdən qovuldu?! Dünya tarixində vəzifənin dondurulması ideyasını da məhz sizdən eşitdik!

Siz bu gün iqtidarı əsgər ölümlərində ittiham edirsiniz. Amma unudursunuz ki, siz bu şəbehi artıq bir dəfə oynamısınız! Hakimiyyət olimpinə yüyürdüyünüz vaxt gözünüz necə tutulmuşdusa, Qarabağda şəhid olmuş cavanların cənazəsini Ali Sovetin qarşısında yerə düzüb siyasi opponentlərinizdən haqq-hesabistefa tələb edirdiniz! Bu idimi sizin siyasi yetkinliyiniz, insanlığınız, şəhid ruhuna hörmətiniz, oğul itirən ailələrə təsəlliniz?!

Niyə yaddaşınız belə gödəkdir, cənablar?

Siz deyildinizmi, bir-birinizi hər kəsin gözü qabağında təhqir etməkdən belə çəkinməyən?

Siz deyildinizmi tabeliyinizdə olan məmurların başında stəkan sındıran?

Bu millətin yaddaşı hələ korşalmayıb, hələ də 90-cı illərdə baş verən olayların şahidləri və aldanaraq sizə qoşulan, amma sonradan əsl həqiqəti dərk edən, sizin iç üzünüzü görən, məramınızı anlayaraq sizdən uzaqlaşan insanlar hələ ki, sağdır və biz övladlarımızı, gələcəyimiz olan cavanları sizin qaragüruh ideyalarınıza qurban vermək istəmirik.

Bəli, əziz həmvətənlər! Gəlin böyük siyasətə qoşulmazdan öncə bütün bunları düşünək! Yerlərini səhv salıb böyük siyasət oyunu oynayanlara inanmayaq!

Doğrudan da, fəlakət oluruq biz - səhv düşəndə yerimiz!..

 

 

Əliqismət LALAYEV,

Azərbaycan Dövlət Musiqili

Komediya Teatrının

 direktoru, əməkdar incəsənət

xadimi, fəlsəfə doktoru

 

Azərbaycan.-2013.- 18 aprel.- S.11.