Sözün yiyəsi olmaq lazımdır, qulu yox...

 

Bəlkə də bu mövzunun üzərindən sükutla keçərdik. Əgər Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun müsahibəsindəki fikirlər adi bir insanın ünvanına yönəlsəydi, bunu onun əsəbləri, dünyagörüşü ilə bağlayaraq əhəmiyyət verməmək olardı. Amma o yerdə ki söhbət uzun illər Qaçaq Nəbinin həyat yoldaşı olmuş, el arasında şəninə qoşmalar söylənmiş, mahnılar oxunmuş Həcərdən gedirsə, Azərbaycan poeziyasının qüdrətli nümayəndəsi Səməd Vurğunun adı hallanırsa, danışmamaq olmazdı.

El qəhrəmanı Nəbini, Həcəri görənlərin əksəriyyəti yaxın müddətədək sağ idi. Ötən əsrin əvvəllərində Zəngəzur mahalında at oynatmış bu igidin ona həm həyatda, həm də qəhrəmanlıqda yar olmuş Həcərin bu cür təhqir və böhtan əsasında təqdimatına nə ehtiyac var? "Azərbaycan xalqının bir faciəsi var. 70 il sovet imperiyası alıtnda qalmışıq. Deyirlər ki, Azərbaycan qadınlarının əsas simvolu Həcərdir, Nigardır. Həcər rəsmən yeddi ərə gedib, bunun ikisi erməni olub". Bu xoşagəlməz söz-söhbət bir dəfə də mətbuata çıxarılmışdı, haqlı tənqidə məruz qaldı. İlin-günün bu vədəsində keçmişi təftiş etmək, olan və olmayan şeyləri təzədən gündəmə gətirmək nəyi dəyişdirir? Haqq dünyasına qovuşmuşların mürgüsünü dağıtmaq günahdır, axı! Bununla Sərdar Cəlaloğlu nə demək istəyir? Azərbaycan qadınları bu günəmi qalıb özünə ermənidən yar seçsin? Tarix boyu erməni qızları türk oğlanlarını tora salmağa çalışıblar. Çox halda da istəklərinə nail olublar. Türk qızları isə heç vaxt bu səhvi etməyiblər! Bəlkə də barmaqla sayılası qəbahətə yol verən olub, onun da üstündən sükutla keçiblər. Daha biz nəslin uzun illər Həcər, Nigar deyərək öyündüyümüz, qəhrəmanlığına, vəfasına, həyat yoldaşına sadiqliyinə inandığımız rəhmətliklərin ünvanına bu cür təhqiredici ifadələr işlətmək bir azərbaycanlı kişisinə yaraşarmı? Yəni, Sərdar Cəlaloğlu bu qədər gücsüzdür ki, ölmüş, sümükləri belə çürümüş qadınların adına böhtan yaymaqla məşğuldur? Bəlkə də onun illər boyu apardığı mübarizənin, əməyinin üstünə özü tərəfindən bu dərəcədə qara xətt çəkmək başqası tərəfindən mümkün olmazdı. Adamın özünün özünə etdiyini heç düşməni də edə bilməz!

Burada söhbət nə müxalifətdən gedir, nə də iqtidardan. Məsələ milli duyğularda, düşüncədə, şərəfdə və izzətdədir! Hər şeyi yazmaq olar! Yeri gələndə, yalan da söyləmək mümkündür! Amma elə məsələlər, elə incə mövzular var ki, gərək orada ehtiyatlı olasan! Yerinə düşməyən bir söz, düşüncəsiz və kobud ifadə hərlənib-fırlanıb millətin, xalqın könlünə dəyər! Bax, narazılıq da onda baş qaldırır. Milli-mənəvi dəyərlərə toxunmaq, ölülərin ünvanına hədyan danışmaq, haqq dünyasında olanlara şər atmaq, həqiqətlərin üzərindən qara xətt çəkmək, yalanı düz şəklində təqdim etmək, dövrün, zamanın, ideologiyanın, qılınc  kəsərli diktaturanın doğurduğu dəhşətləri görməmək, repressiyaların üstündən sükutla keçmək, əsl baiskarı göstərməmək, günahı bir nəfərdə görmək yaramaz!

İşğalçının nə milləti, nə də vətəni var! Səməd Vurğun isə Azərbaycan poeziyasının, ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biridir. Belə hallar əvvəllər də baş verib. Dərin savada, dünyagörüşə, ədəbi təfəkkürə malik olmayanlar, Səməd Vurğun dövrünü yaxşı bilməyənlər Lenindən, partiyadan, komsomoldan, eləcə də quruluşun özünəməxsusluğundan, diktəsindən yazanları az qala dar ayağına çəkir və qınayırdılar. Bir anlığa təsəvvür edək ki, 31 yaşlı gənc Səməd qara tufanın qarşısında nə etməli idi? Öz-özünü odlara atmalı idi, məni də "sürgün edin" deməli idi, "məni də güllələyin" söyləməliydi? Tutaq ki, bu qara caynaqlara ilişərdi Səməd Vurğun. Baxın, ədəbiyyatımız nə qədər solğun görünərdi? Səməd Vurğunun şeirləri Azərbaycan poeziyasına əbədi şölələnən işıq gətirdi və oxucusunun yaddaşına məhəbbətlə daxil oldu. İndinin özündə də onun hətta partiyadan yazdığı şeirləri oxuyanda belə orada poetik nəfəs duyursan. Çünki həmin şeirlər o qədər qüdrətli və təsirlidir ki, kəsb etdiyi mənasından çox misraların ovqatı insanı ovsunlayır. Bəli, Səməd Vurğun "26-lar" poemasını yazıb. 26-lara Bakı şəhərində abidə qoyulmuşdu, adını müxtəlif müəssisələrə və rayonlara vermişdilər. Tarix və ədəbiyyat dərsliklərində 26-larla bağlı mövzular var idi. Dərs keçirdik, öyrənirdik. Qırx il öncə oxuduğum bu poemanı indi də əzbər söyləyərəm. Bu, quruluşun, ideologiyanın tələbi idi! Səməd Vurğun da yaşamağa məcbur və məhkum olduğumuz sovetlər birliyinin şairi idi! Bir məsələ də var ki, o dövrdə hər kəs kommunist ideologiyasına sidq-ürəklə inanırdı. Onun həqiqətən də Yer üzünün xoş gələcəyi olacağına ümidlər bəsləyirdi. Biz mikoyanlara da, şaumyanlara da inanmışdıq. O dövrdə indiki kimi mətbuat, televiziya kanalları, daha nələr yox idi ki, hər şeyi xalqa olduğu kimi çatdırsın! Bir də həqiqəti kim deyirdi ki? Hansı arxiv idarəsinin qapısı açıq idi ki, gedib orada təftiş aparasan, araşdırasan, öyrənəsən, biləsən, Rəsulzadə dost, Şaumyan düşməndi?! KQB-nin də qılıncı elə işləyirdi ki, baş qaldırmaq mümkün deyildi! Belə bir ağır zamanın içində Səməd Vurğun nə etməli idi? Məgər repressiyaya düçar olmuş yazıçı və şairlər sovet hökumətini tərənnüm etməmişdilər?

Ağır repressiyalardan, müharibələrdən, daha dəhşətli nələrdən qurtulmuş xalqın nəfəs dərimində sidq- ürəkdən tapındığı məhz Kommunist partiyası idi. Bəlkə Sərdar Cəlaloğlu heç pioner də olmayıb, boynuna qırmızı qalstuk da bağlamayıb? Dövrləri qarışdırmaq, dünən kommunist olanı bu gün düşmən libasında təqdim etmək nə dərəcədə məntiqli və obyektivdir! Nə yaxşı ki sizlərin əlində hakimiyyət yoxdur. Yoxsa ötən əsrin 30-cu illərindəki repressiyalar indikinin yanında toya getməli olardı... Çünki pioner, komsomol, kommunist olmuşların divanı başlasaydı, Azərbaycan tarixində kimsə salamat qalmazdı.

Maraqlıdır ki, cəmiyyətdə baş vermiş narazılıqdan sonra Sərdar Cəlaloğlu dediyi sözün üzərindən qaçaraq hər şeyi saytın üstünə yıxır. Bilirsinizmi, hörmətli Sərdar Cəlaloğlu, nə qədər sözü deməmisiniz, o, sizin qulunuzdur. Elə ki ağzınızdan çıxdı, işlər tərsinə olur!

"Vaqif" dramı haqqında söylənilən fikirlərdə də yanlışlığa yol verilib. Görünür, Sərdar Cəlaloğlu bu dramın necə yazılma səbəbindən xəbərsizdir. Repressiyaların Azərbaycanı bürüdüyü bir vaxtda Şuşada olan Səməd Vurğun Cıdır düzündə Molla Pənah Vaqifin qanqalların, tikanların içində itən qəbrini tapıb, onu ziyarət edib, ağlaya-ağlaya, əlləri qanaya-qanaya bu klassik şairimizin dəfn olunduğu məzarın üstünü təmizləyib. Əvvəlcə "Şairin ölümü" adlı şeirini, sonra da "Vaqif" dramını qələmə alıb. Səməd Vurğun dövrünün övladı idi. Bir həqiqəti demək üçün minbir döngədən keçmək lazım gəlirdi. Vaqifi Azərbaycan xalqına, oxucularına və ədəbiyyatına Səməd Vurğun qaytardı! Məhz Səməd Vurğunun bu əsərindən sonra Vaqif unudulmazların sırasında əzəmətlə dayandı! Gedin teatrlardan soruşun, görün bu əsər neçə dəfə oynanılıb? Azərbaycan aktyor sənətinin tanınmış nümayəndələri baş qəhrəmanı oynamaq üçün necə həsəd çəkiblər? Böyük bir yaradıcı kollektiv yetişib bu əsərin sayəsində. Ədəbiyyat, poeziya elə ümmandır ki, o, çirkabı saxlamır, mütləq sahilə atır. Əsl poeziya incidi, torpağın altında da basdırılsa da, tapılan kimi öz qiymətində və dəyərindədir.

Səməd Vurğun sürgünə göndərilmədi, amma həbs edilmişdi. Bu, faktdır! Sadəcə, bir təsadüf onu bu çalağanın caynağından xilas etdi. Ədəbiyyatımız qazandı, şairin özü isə mənəvi zərbə aldı, sağalmaz xəstəliyə düçar oldu. Heç 50-ni tamamlamamış min ilin qocasına döndü. Saçları qar kimi ağappaq, gözləri dolu, həmişə düşüncəli, həmişə kədərli. Hətta yaradıcılığının müəyyən anımlarında da öz səhvlərindən söz açdı.

Tarixin qaranlıq səhifələrinə işıq saçanda müəyyən faktlarla rastlaşmalı olursan. Məlum təzadlarına, repressiyalarına, təzyiqlərinə baxmayaraq, oktyabr inqilabı Azərbaycana yeni həyat gətirdi. Bu gün dünya standartları səviyyəsində fəaliyyət göstərən mədəniyyətimizin, elmimizin, təhsilimizin çağlayışı o vaxtdan başladı. Bu, ayrı söhbətdir ki, bir əlində tərəqqi bəxş edən inqilab, o biri əlində də iti qılınc tutmuşdu. Nə yaxşı ki, bu qılıncın tişəsi Səməd Vurğuna toxunmadı! Sərdar Cəlaloğlu həqiqətən bu qədər də xəbərsiz ola bilməz! Bütün varlığı və istəkləri ilə torpağına, Vətəninə bağlı olan Səməd Vurğunun bu günədək heç kəsdə görünməyən məziyyətləri var idi. Elə xeyirxah təbiətə malik idi ki! Neçə-neçə kasıbın əlindən tutub, tələbələrə öz maaşından "təqaüd" göndərib, qışın soyuğunda əynindən paltosunu, papağını, şərfini çıxararaq Moskvanın küçələrində dişi-dişinə dəyən azərbaycanlı tələbələrə bağışlayıb! Etdiyi yaxşılıqları bir dəfə də dilə gətirib öz xatirələrində yazmayan Səməd Vurğun dünyasını dəyişəndə deyilənə görə, həmin insanlar bir də ona görə ağlayırmışlar ki, "yetim qaldıq"! Səməd Vurğunun tabutunu Azərbaycan Dövlət Filarmoniyasından Fəxri xiyabanadək insanlar çiyinlərində gətiriblər. Xatirələrdən də bəllidir ki, böyük şairlə vidalaşmağa gələnlərin sayı-hesabı bilinmədiyindən insan axınının ucu-bucağı görünmürmüş. Qoşa qala qapısınadək uzanan insan izdihamını heç bir göstərişlə ora yığmamışdılar. Bu, xalq məhəbbəti idi!

Səməd Vurğun millətinin qəlbində, onu sevənlərin könlündə əbədidir! Bu gün azadlıq şairləri adlandırdığımız Bəxtiyar Vahabzadə, Məmməd Araz, Xəlil Rza Ulutürk özlərini həmişə Səməd Vurğunun şagirdləri sayıblar. Xalqına, torpağına, Vətəninə bağlılığından doğan inama söykənərək Səməd Vurğun bir xəbərdarlığını öz poeziyasına belə naxışlamışdı: "Demə Səməd Vurğun gəldi-gedərdi, unutmaz bu oba, bu mahal məni..."

Bax, beləcə, Sərdar Cəlaloğlu! Söz deyəndə yüz ölçüb bir biçmək gərəkdir! İndi özünü quluna çevrildiyin sayğısız sözlərin yaratdığı qınaqdan xilas edə bilərsənmi? Zirvəyə nə qədər daş atsan, ətəyinə də çatmayacaq!

Bir də Səməd Vurğun kimi söz ustadlarını pis niyyətlə təftiş etmək yox, yaxşı-yaxşı oxumaq, anlamaq və duymaq lazımdır!

 

 

Flora XƏLİLZADƏ,

Azərbaycan Yazıçılar Birliyinin

üzvü, əməkdar journalist

 

Azərbaycan.-2013.- 18 aprel.- S.11.