Rüstəm İbahimbəyov milli dəyərlərdən uzaq Milli Şura yaradır

 

Radikal müxalifət düşərgəsində cərəyan edən proseslərin təhlili göstərir ki, imkanları ilə iddiaları tərs mütənasiblik təşkil edən, real situasiyanı dəyərləndirə bilməyən partiya rəhbərləri ənənəvi dağıdıcı və inkarçı xislətdən hələ də azad ola bilməyiblər. Bu qüvvələr öz fəaliyyətlərini dağıdıcılıq planları üzərində qurmağa, ictimai-siyasi vəziyyəti süni şəkildə gərginləşdirməyə və ölkənin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışırlar. Düşərgə təmsilçilərinin vaxtaşırı müxtəlif adlar altında "birlik" formatları yaratmaları gündəmdə qalmağa hesablanmış addım kimi qiymətləndirilə bilər.

Bununla belə, saxta birlik görüntüsü yaradan partiya rəhbərlərinin "birincilik" uğrunda mübarizəyə start vermələri onların əsl simalarını cəmiyyətə bir daha açıb göstərir. Prezident seçkiləri öncəsi düşərgə daxilində yaranan müxtəlif formatlı "birlik"lərə nəzər saldıqda onların hansı məqsədlə yarandığını görmək mümkündür.  

Əvvəlcə "Ziyalılar qrupu"nda təmsil olunan şəxslərin ümummilli maraqlar pərdəsi altında gizlənərək şəxsi ambisiyaları uğrunda mübarizə apardıqları bəlli oldu. "Reneqatlar" dəstəsinin antiazərbaycançı şəbəkənin təsiri altına düşərək spekulyasiya etmələri və hətta erməni təəssübkeşliyi onların da "siyasi fəaliyyət"ləri barədə tam təsəvvür formalaşdırdı.   

Antiazərbaycançı şəbəkənin böyük oyunlarının xırda oyunçusuna çevrilən Ə.Naibovun ardınca "Ziyalılar qrupu"nun təsisçisi Rüstəm İbrahimbəyovun Rusiyanın "Rosbalt" agentliyinə verdiyi müsahibə onun əsl ermənipərəst simasını açıqlığı ilə ortaya qoydu. Bu adam Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə münasibətdə ermənilərin maraqlarına uyğun mövqe sərgilədi.

Azərbaycanın milli maraqlarına qarşı çıxış edən Rüstəm İbrahimbəyovun bu günlərdə Milli Şura yaratmaq ideyası ilə çıxış etməsi isə ikrah hissi doğurur. Onun qurumun məqsəd və məramı barədə fikirlərinə diqqət yetirək: "Hazırda Milli Şuranın personal heyətinin formalaşdırılması prinsipləri barədə razılıq əldə olunub, tanınmış ictimai və siyasi xadimlərlə danışıqlar aparılır. Çox güman ki, aprelin sonlarında - mayın əvvəllərində Milli Şuranın tərkibi ölkənin aparıcı partiyaları və hərəkatları tərəfindən təsdiqlənəcək və öz işinə başlayacaq. Şuraya aparıcı demokratik partiyaların və hərəkatların, hüquq müdafiə təşkilatlarının nümayəndələri, görkəmli ictimai xadimlər daxil olacaq. Bu, birləşdirici orqan olacaq".

Əvvəla, aqressiv müxalifət düşərgəsində "birlik" istiqamətində atılan hər bir addımın ciddi fiaskoya uğradığı son vaxtların təcrübəsində bir daha təsdiqini tapıb. Düşərgədə "vahid namizəd" məsələsinin gündəmə gəlməsi ilə "birlik" formatlarının siyasi yükünün olmadığı dəfələrlə üzə çıxıb. "El" hərəkatının rəhbəri Eldar Namazov, eləcə də AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbərin prezident seçiklərində öz namizədliklərini irəli sürəcəklərini bəyan etmələri ümumilikdə düşərgədə hansısa birgə əməkdaşlığın olacağını şübhə altına alıb. Yəni, bu fakt aqressiv müxalifətin vahid siyasi çətir altında birləşməsinin qeyri-mümkünlüyünü bir daha təsdiqləyir.

Milli Şuranın yaranması və orada "aparıcı" partiya rəhbərlərinin təmsilçiliyi məsələsinə gəlincə isə bu "format"ın da konturlarını müəyyənləşdirmək olar. Hər bir yeni təşəbbüsün arxasında müəyyən maraqlar dayanır. R.İbarahimbəyovun ötən həftə Milli Şura ilə bağlı mətbuata açıqlaması onun da müəyyən maraqlar çərçivəsində hərəkət etdiyini göstərir. O, həmin vaxt bildirmişdi ki, Milli Şura onu seçkilərdə namizəd kimi dəstəkləsə, etiraz etməz?! Yenə də ambisiya, yenə də birinci olmaq xəstəliyi.

Bununla da  Milli Şuranın hansı məqsədə xidmət edəcəyi indidən bəlli olur. Milli Şura adının gündəmə gətirilməsi və bundan siyasi mübarizədə spekulyasiya obyekti kimi istifadə edilməsi Azərbaycan dövlətçiliyinə, müstəqillik tariximizə xəyanət kimi dəyərləndirilə bilər. Məlum olduğu kimi, məhz 1918-ci ilin 28 mayında Azərbaycan Milli Şurası İstiqlal bəyannaməsi ilə müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını elan etmişdi. Azərbaycanın müstəqillik qazanması uğrunda mübarizə aparan görkəmli ictimai-siyasi xadimlərin toplaşdığı Milli Şura dövlətçiliymiz qarşısında böyük xidmətlər göstərmişdi. Bugünkü Milli Şuranın başında isə ermənilərə sevgisinin olduğunu açıq etiraf edən R.İbahimbəyov dayanır. Onun "Şuraya" dəvət etdiyi insanlar isə adını "ziyalı" qoyan Ə.Naibov kimi dönüklərdən, milli maraqlar qarşısında məsuliyyət hissi olmayan "reneqatlar" dəstəsi və siyasi riyakarlardan ibarətdir.

Ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun sabahını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaşlıq mövqeyi olmalıdır. Əsl ziyalı mövqe dəyişikliyindən, avantürizmdən uzaq olmalıdır. Təəssüflər olsun ki, bu insanlar ziyalı missiyasını ləyaqətlə daşıya bilməyərək xalqın nifrətini qazanıblar. 

 

 

Elnur HACALIYEV

 

Azərbaycan.-2013.- 18 aprel.- S.11.