Həkim dostumu
xatırlayarkən...
Mən həyatım boyu Azərbaycanın bir çox ziyalıları, ictimai-siyasi xadimləri ilə uzun illər dostluq münasibətlərində olmuşam. Belə insanlardan biri də tanınmış həkim-cərrah, Azərbaycan Tibb Universitetinin II Cərrahi xəstəliklər kafedrasının dosenti, tibb elmləri namizədi Namiq Ziyad oğlu Məmmədovdur. O, Azərbaycan elminin ən məhsuldar alimlərindən olmaqla, sözün həqiqi mənasında, əsl vətəndaş və nurlu bir insan idi. Xarakterinə xas olan sadəlik, təbiilik, səmimiyyət, xeyirxahlıq, alicənablıq, müstəsna qayğıkeşlik onu ətrafdakılara doğmalaşdıran və sevdirən ən mühüm keyfiyyətlər idi. Namiq Məmmədovda o qədər nəcib xüsusiyyətlər var idi ki, onları saymaqla qurtarmaz. Amma amansız ölüm onu bizdən tez ayırdı. 66 yaşında qəflətən dünyasını dəyişdi.
Namiq Məmmədov 1946-cı ildə Zəngilan rayonunda dövrünün geniş məlumatlı, el ruhunu duyan və bu ali dəyərlərə pərəstiş edən, yurdunun, obasının böyük hörmət və ehtiramını qazanan tanınmış alim-bioloq Ziyad Məmmədovun ailəsində anadan olmuşdu. Elə bir ailədə ki, orada xeyirxahlıq, alicənablıq, insansevərlik kimi xüsusiyyətlər nəsildən-nəslə keçmişdi. Lenin ordenli, Sosialist Əməyi Qəhrəmanı Ziyad Məmmədov övladlarına daim mənəvi təmizlik, paklıq aşılamışdı. Milli-mənəvi dəyərlərimizdən qaynaqlanan belə bir tərbiyə bu ailənin övladlarının hamısına xalq üçün gərəkli insanlar kimi yetişməyə imkan vermişdi. Ziyad müəllimlə bizim sıx, ailəvi dostluq əlaqələrimiz var idi. Onun müdrik söhbətlərindən həmişə nə isə əxz edir, öyrənirdin, içində sanki daxili sakitlik tapırdın. Namiq Məmmədov da atası ilə fəxr edirdi, amma heç vaxt onun şan-şöhrətinə sığınmır, ləyaqətli alim ömrü yaşayır, tanınmış həkim-cərrah kimi fəaliyyət göstərirdi. Həkimlik sənətinə məhəbbəti isə onu uşaqlıq illərindən məftun etmişdi.
Tibb Universitetinin müalicə-profilaktika fakültəsini 1969-cu ildə bitirən N.Məmmədov həkim-cərrah kimi əmək fəaliyyətinə Zəngilan rayonunun mərkəzi xəstəxanasında başlamışdı. 1972-ci ildə Namiq Məmmədov Bakıya qayıtmış və 5 saylı kliniki xəstəxanada peşəsini davam etdirmişdir. Onu hələ tələbə olduğu illərdən cərrahlığa böyük həvəs göstərən və bu sahədə fəal çalışan gənc mütəxəssis kimi tanıdığım üçün təqdimatını da özüm yazmışdım. Yanılmamışdım. Öz üzərində daim işləyən istedadlı həkim elmi axtarışlar aparır, təcrübədə, yəni, gündəlik işində mühüm nəticələr əldə edirdi. Onun elm və cərrahlıq sahəsindəki uğurlarını mütəmadi izləyirdim. N.Məmmədov çox az müddətdən sonra cərrahi şöbənin müdiri vəzifəsinə təyin olunur. Onun xəstəliklərin diaqnozunun qoyulmasında yüksək intellektual qabiliyyəti və bir çox mürəkkəb planlı və təcili cərrahi əməliyyatların aparılmasında müstəsna fəaliyyəti diqqətdən kənarda qalmır və eyni zamanda, elmi işlərin aparılmasında qazandığı uğurlar tibb ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır.
N.Məmmədovun elmi axtarışları və onların nəticələri bu gün də praktiki cərrahlıqda aktual olaraq qalmaqdadır. Tanınmış cərrah 1988-ci ildə "Kəskin qastroduodenal qanaxmalarda iynəsiz pnevmatik inyektorun tətbiqi" mövzusunda dissertasiya işini müdafiə edir və tibb elmləri namizədi elmi dərəcəsini alır. Bütövlükdə N.Məmmədov mədə-bağırsaq orqanlarının cərrahi xəstəliklərin diaqnostikasına və cərrahi müalicəsinə həsr edilmiş 10-dan çox elmi məqalənin müəllifi idi və bunların bir neçəsi orijinal elmi əsər kimi xarici ölkələrin nüfuzlu tibb jurnallarında çap olunmuşdu.
Namiq
Məmmədov tərəfindən iynəsiz pnevmatik inyektorun
praktiki cərrahiyyədə tətbiqi ilə əlaqədar
topladığı və orijinallığı ilə fərqlənən
təcrübəsi, onun nəticələri keçmiş
SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində
nümayiş etdirilmişdi.
1980-ci
ildə alim Azərbaycan Tibb Universitetinin cərrahi xəstəliklər
kafedrasının assistenti, 1991-ci ildən ömrünün
axırına qədər həmin kafedranın dosenti vəzifəsində
çalışmışdır. Onun gənc həkim-cərrah
kadrlarının yetişdirilməsində xidməti
çoxdur. Kliniki cərrahiyyədən oxuduğu mühazirələr,
apardığı praktik məşğələlər
universitetin müalicə fakültəsinin yuxarı kurs tələbələri
və internalar arasında ona böyük nüfuz gətirmişdi.
Cərrahiyyə
üzrə hazırlıq keçən bütün həkim
cərrahlar həmişə N.Məmmədovun yanında
olmağa, onunla birlikdə çalışmağa səy
göstərmişlər.
Respublikamızda
müasir endoskopik diaqnostika və müalicə
metodlarının ilkin tətbiqində N.Məmmədovun rolu
çox böyük olmuşdur. Mədə və oniki barmaq
bağırsağın xora xəstəliyində və
onların ağırlaşmalarının cərrahi müalicəsində
bir neçə yeni cərrahi əməliyyat növlərinin
ölkəmizdə tətbiqi və onların ilk icrası da
onun adı ilə bağlıdır. Şübhəsiz ki,
bütün bunlar tibb ictimaiyyətində və yüzlərcə
şəfa verdiyi insanlar arasında alimin yüksək
ixtisaslı klinisist və cərrah kimi tanınmasına səbəb
olmuş, minlərlə insanın, elin-obanın sevimlisinə
çevrilmişdi.
N.Məmmədov
həmkarları, dostları və müalicə etdiyi insanlar
arasında təkcə məşhur cərrah və pedaqoq kimi
deyil, sadə, mehriban, iştirak etdiyi məclislərə məzəli
söhbətləri ilə xoş ovqat qatan, hər kəsdə
isti münasibətlər yaradan bir insan kimi sevilmişdi. O, hər
zaman - gecə-gündüz insanların xəstəliklərlə
əlaqədar problemlərinə daim yüksək məsuliyyətlə
yanaşmış, həkimlik sənətinin tələblərinə
sadiq olmuşdu. Köməyə, dəstəyə ehtiyacı
olanlara əl tutmağı özünün insanlıq borcu
saymışdı.
Namiq
Məmmədovun əziz xatirəsi dostlarının, həmkarlarının,
minlərlə şəfa verdiyi insanların, tələbələrinin
və onu tanıyanların yaddaşından heç vaxt silinməyəcəkdir.
Böyükkişi AĞAYEV,
Azərbaycan Tibb Universitetinin
Cərrahi
xəstəliklər
kafedrasının müdiri, akademik
Azərbaycan.-2013.- 18 aprel.- S.12.