Prezident İlham Əliyev Makedoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etmişdir

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Makedoniyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qoran Taskovskinin etimadnaməsini qəbul etmişdir.

Səfir Qoran Taskovski fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Qoran Taskovski etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Qoran Taskovski Makedoniya Prezidenti Gyorge  İvanovun salamlarını dövlət başçısına çatdırdı. Azərbaycanda sürətli iqtisadi inkişaf proseslərinin şahidi olduğunu vurğulayan səfir ölkəsinin də yaxşı iqtisadi göstəricilər qazandığını dedi. O, iqtisadi sahədə əlaqələrimizin genişləndirilməsi üçün iş adamlarının qarşılıqlı səfərlərini təşkil etməyin zəruriliyini qeyd etdi.

Makedoniya Prezidenti Gyorge İvanovla görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğuladı. İqtisadi sahədə əməkdaşlığı genişləndirməyin vacibliyini qeyd edən Prezident İlham Əliyev qarşılıqlı investisiya qoyuluşunun, ticarət və birgə layihələrin həyata keçirilməsinin və digər sahələrdə imkanların müəyyənləşdirilməsinin önəmini vurğuladı.

Dövlət başçısı Prezident Gyorge  İvanovun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Makedoniya dövlətinin başçısına çatdırmağı xahiş etdi.

 

 

AzərTAc

 

Azərbaycan.-2013.- 19 aprel.- S.1.