Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
XX əsrin ortalarında su elektrik
stansiyasının tikilməsi ilə əlaqədar
yaradılmış Mingəçevir şəhəri,
sonralar xalqımızın ümummilli lideri Heydər Əliyevin
diqqət və qayğısı, şəxsi təşəbbüsü
və qətiyyətlə həyata keçirdiyi məqsədyönlü
tədbirlər nəticəsində respublikamızın
energetika mərkəzi olmaqla yanaşı, həm də iri sənaye
şəhərinə çevrilmişdir. Burada ölkənin
enerji təminatında müstəsna əhəmiyyət kəsb
edən İstilik Elektrik Stansiyası, habelə elektroenergetika,
maşınqayırma, neft-kimya, yüngül və yeyinti məhsulları
sənayesi müəssisələri tikilmişdir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramlarının
icrası nəticəsində son illərdə Mingəçevir
şəhərində mühüm infrastruktur layihələri
yerinə yetirilmiş, bir sıra yeni istehsal və emal müəssisələri
açılmış, "Kür" Olimpiya Tədris
İdman Mərkəzi, Mingəçevir Dövlət Dram
Teatrı yenidən qurulmuş, Heydər Əliyev Mərkəzi,
Gənclər evi inşa
edilmiş, "Sahil" və "Dostluq" parklarında
genişmiqyaslı abadlıq-quruculuq işləri həyata
keçirilmiş, məcburi köçkün ailələri
üçün 10 ədəd 9 mərtəbəli binalardan
ibarət məhəllə salınmışdır.
Bununla
yanaşı son 20 ildə əhalisinin 20 faizə qədər
artaraq yüz min nəfərə çatması, 21 min nəfər
məcburi köçkünün məskunlaşması Mingəçevir
şəhərinin əsaslı şəkildə inkişaf
etdirilməsini, əhalinin məşğulluq probleminin həlli
məqsədi ilə sənaye potensialının genişləndirilməsini,
xüsusilə də yeni müəssisələrdən ibarət
iri texnoparkların yaradılmasını zəruri etmişdir.
Eyni zamanda, əhaliyə göstərilən sosial xidmətin
keyfiyyətinin yaxşılaşdırılması
üçün müvafiq infrastruktur layihələrinin həyata
keçirilməsi, o cümlədən olimpiya idman kompleksinin
tikilməsi, mərkəzi xəstəxananın əsaslı
təmiri, 13 məktəb binasının inşası və
ya yenidən qurulması, qazlaşdırma işlərinin
başa çatdırılması, su-kanalizasiya sistemlərinin
tikintisinin sürətləndirilməsi, çoxmənzilli
yaşayış binalarında təmir-bərpa işlərinin
aparılması, lift təsərrüfatının və
istilik sisteminin əsaslı şəkildə yenidən
qurulması tələb olunur.
Mingəçevir
şəhərinin kompleks inkişafı və respublikanın
sənaye mərkəzlərindən birinə çevrilməsi
üçün, o cümlədən sosial xidmət
infrastrukturunun yeniləşdirilməsi, müasir şəhərsalma
prinsiplərinə ciddi riayət etməklə geniş
abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nda müəyyən olunmuş digər
tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi
məqsədi ilə Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1.
Mingəçevir şəhərinin sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Mingəçevir Şəhər İcra Hakimiyyətinə
Azərbaycan Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 5,0 (beş)
milyon manat ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan məbləğdə
maliyyələşməni müəyyən olunmuş qaydada
təmin etsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli
gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 18 aprel 2013-cü
il
Azərbaycan.-2013.- 19 aprel.- S.2.