Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları Heydər Əliyev Fondunda olmuşlar

 

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) əməkdaşları aprelin 18-də Heydər Əliyev Fondunda olmuşlar.

AzərTAc xəbər verir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə bağlı ziyarətə gələn Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarına Fondun fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir. Müxtəlif sosial-iqtisadi, mədəni layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin və tarixinin təbliğinə kömək edir.

XDMX-nin əməkdaşlarına Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən, ulu öndərin həyatının ən müxtəlif məqamlarını əks etdirən, tariximizin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan eksponatlara diqqətlə nəzər yetirmişlər. Onlar görkəmli siyasi xadimin uşaqlıq və gənclik illərinə, Moskvada keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi genişmiqyaslı fəaliyyətinə aid materiallara, Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin keçdiyi ərazilərin maketinə maraqla tamaşa etmişlər.

Sonra Fondun qonaqları Heydər Əliyevin şərəfli ömür yolundan bəhs edən "Böyük ömrün anları" sənədli filminə baxmışlar.

XDMX-nin əməkdaşları Fonddan zəngin təəssüratla ayrılmışlar.

 

 

Azərbaycan.-2013.- 19 aprel.- S.2.