Regional inkişaf proqramları Azərbaycan iqtisadiyyatına böyük töhfələr
verib
Bu fikirləri Prezident İlham Əliyev
Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün
sosial-iqtisadi inkişafının yekunlarına və
qarşıda duran vəzifələrə həsr olunmuş
iclasında bildirib
Ölkədə aparılan müstəqil
dövlət quruculuğu prosesində iqtisadi islahatların və
inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan
modeli formalaşıb. Bu modelin
fərqləndirici xüsusiyyətini inkişaf üzrə
müəyyən olunmuş istiqamətlərin sahəvi
proqramlarla əlaqələndirilməsi, iqtisadi
inkişafın obyektiv qanunauyğunluqlarını nəzərə
alan, gələcəyə hesablanan və cəsarətli qərarların
qəbul olunması və mütərəqqi dünya təcrübəsinə
arxalanması təşkil edir.
Regional
inkişafa kompleks məsələ kimi yanaşan dövlət
başçısı İlham Əliyev I Dövlət
Proqramında nəzərdə tutulmamış bir sıra məqsədlərin
gerçəkləşdirilməsi üçün
2009-2013-cü illəri əhatə edən yeni regional
proqramın hazırlanmasını da diqqət mərkəzində
saxlamışdır. Dövlət başçısı belə
bir sənədin hazırlanması barədə hələ
2007-ci ildə - regionların sosial-iqtisadi inkişafına dair
birinci Dövlət Proqramının imzalanmasının
dördüncü ilinə həsr olunmuş müşavirədə
məlumat verərək bildirmişdir ki, qarşıda duran
vacib vəzifələrdən biri də məhz Azərbaycanın
regionlarında formalaşdırılan infrastrukturun Avropa
Birliyi meyarlarına çatdırılmasıdır.
Dövlət
başçısı İlham Əliyevin 14 aprel 2009-cu il
tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
başlıca məqsədi bu sahədə həyata
keçirilən siyasətin davamı olaraq ölkədə
qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaqdır.
Sahibkarlığın inkişafı da ölkə
iqtisadiyyatının şaxələndirilməsi
baxımından həyata keçirilən dövlət siyasətinin
aparıcı istiqamətlərindən birini təşkil
edir. Dövlət Proqramında davamlı iqtisadi inkişafın
təmin edilməsi baxımından kiçik və orta
sahibkarlığın (KOS) dünya iqtisadiyyatına
inteqrasiyasının sürətləndirilməsi, ixrac
potensialının artırılmasında və cəmiyyətin
sosial problemlərinin həllində KOS-un rolunun gücləndirilməsi;
sahibkarlıq fəaliyyətinin sahə, regional və texnoloji
baxımdan strukturunun optimallaşdırılması;
kiçik, orta və iri müəssisələr arasında
qarşılıqlı səmərəli əməkdaşlığın,
o cümlədən istehsal-kooperasiya əlaqələrinin
genişləndirilməsi; yerli iqtisadiyyatın
yönümünü nəzərə almaqla rayonlarda
işsizlər üçün kadrların peşə
hazırlığının təkmilləşdirilməsi mərkəzlərinin
yaradılması; sahibkarlıq fəaliyyətinə
müdaxilələrin qarşısının alınması
mühüm vəzifələr kimi qarşıya
qoyulmuşdur.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında digər vacib məqam insan amili ilə şərtlənmiş, yeni sosial infrastruktur obyektlərinin - təhsil, mədəniyyət, səhiyyə, rabitə müəssisələrinin tikintisi, yeni yolların çəkilişi və əsaslı bərpası istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində insan amilinin yüksəlişinə, bölgələrdə mədəni-intellektual potensialın güclənməsinə, mənəvi-əxlaqi dəyərlərin daha möhkəm əsasda intişar tapmasına zəmin yaratmışdır. "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" - deyən dövlət başçısı İlham Əliyev bölgələrdə yaşayan vətəndaşların sosial-infrastruktur baxımından paytaxtla bərabər səviyyədə layiqli həyat tərzinin təmin olunmasına, regional inkişafdakı fərqin doğurduğu mənəvi-psixoloji fəsadların aradan qaldırılmasına çalışmışdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünun sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bildirib: "Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramı bu ilin birinci rübündə uğurla icra edilir. Proqram bu il başa çatacaqdır. Əminəm ki, proqram artıqlaması ilə icra ediləcəkdir. Çünki son illər ərzində proqrama əlavələr edilmişdir, yeni proqramlar qəbul olunmuşdur. Bu proqramın icrası nəticəsində ölkəmizdə bir milyon yüz mindən artıq iş yeri açılmışıdı ki, onların 30 mini bu ilin birinci rübündə yaradılmışdır. Əlbəttə, bu göstərici də qeyri-neft sektorunda əldə edilən uğurlarla bilavasitə bağlıdır. Çünki əsas iş yerlərini yaradan sahələr qeyri-neft sənayesi və kənd təsərrüfatıdır.
Regionlarda
quruculuq işləri aparılır, sosial infrastruktur
yaradılır. Hesab edirəm ki, 2013-cü ildə bu istiqamətdə
əsas məsələlər öz həllini tapacaqdır.
Sosial infrastrukturun modernləşdirilməsi və yenidən
yaradılması ilə bağlı müvafiq göstərişlər
verilmişdir. Dövlət büdcəsində bu məqsədlər
üçün kifayət qədər böyük məbləğlər
nəzərdə tutulur və vaxtaşırı Prezidentin
Ehtiyat Fondundan bu məqsədlərə əlavə vəsait
ayrılır. Deyə bilərəm ki, iki regional inkişaf
proqramı Azərbaycan iqtisadiyyatına çox böyük töhfə
vermişdir. Əgər 2004-cü ildə birinci proqram qəbul
olunmasaydı, indi hazırda şaxələndirilmiş
iqtisadiyyatdan söhbət belə gedə bilməzdi".
Ümumiyyətlə,
dövlət başçısı İlham Əliyevin son 10
ildə imzaladığı 50-ə yaxın dövlət
proqramı ölkə həyatının ən müxtəlif
sahələrində kompleks islahatların əsasını
qoymuşdur. İnkişaf prosesində ahəngdarlıq,
yüksək dinamizm təmin edilmiş, ölkənin
mövcud resursları keçid dövrü üçün
səciyyəvi problemlərin tez bir zamanda aradan
qaldırılmasına yönəlmişdir. İnkişaf,
sosial təminat və struktur yönümlü bu layihələr
ilk növbədə hər bir vətəndaşın layiqli
həyat tərzinin təmin olunmasına, insan hüquq və
azadlıqlarının təminatına, dövlət idarəçiliyinin
çevik və işlək mexanizmlər əsasında həyata
keçirilməsinə - bir sözlə, davamlı və
sabit inkişafa xidmət etmişdir.
Regionların
sosial-iqtisadi inkişafına dair Dövlət
Proqramının icra vəziyyətini daim diqqət mərkəzində
saxlayan Azərbaycan Prezidenti mütəmadi olaraq regionlara səfərlər
edərək görülən işlərlə əyani
tanışlıq imkanı qazanmış, mövcud problemlərin
həlli üçün yerli icra orqanlarının rəhbərlərinə
müvafiq tapşırıqlar vermiş, məmurlar
qarşısında vəzifə məsuliyyətini, vətəndaşlara
həssas münasibət məsələsini
aktuallaşdırmışdır. Kampaniyaçılıqdan
tamamilə uzaq olan bu səfərlər dövlət
başçısına vətəndaşların həyat tərzi,
düşüncələri, arzu və istəkləri, eyni
zamanda, regionların inkişafı istiqamətində həyata
keçirilən tədbirlərlə yaxından tanış
olmaq imkanı yaradır.
Dövlət
başçısının praqmatizmə və real əməli
siyasətə söykənən siyasətinin əsas qayəsində
məhz insan amili dayanmış, cənab İlham Əliyev
xalq qarşısında verdiyi bütün vədlərə
sadiq qalmaqla hər bir azərbaycanlının layiqli Prezidenti
olduğunu təsdiqləmişdir. "Hər bir məmur
xalqının xidmətçisi olmalıdır" - deyə
hakimiyyəti xalqa layiqli xidmət məramı kimi dəyərləndirən
dövlət başçısı eyni zamanda Nazirlər
Kabinetinin müntəzəm olaraq xalq qarşısında
hesabat verməsini, görülən işlər barədə
ictimaiyyətin hərtərəfli məlumatlandırılmasını
demokratik idarəetmənin zəruri tələbi kimi önə
çəkmişdir. Dövlət başçısı
ötən 10 ildə ayrı-ayrı məmurlara etimad
meyarını məhz onların fəaliyyətinə nəzərən
müəyyənləşdirmiş, ictimaiyyətin
görülmüş işlər, qarşıda duran məqsədlər
və həyata keçiriləcək layihələr barədə
məlumatlandırılmasını zəruri saymışdır.
Dövlət başçısının qətiyyəti və
prinsipiallığı hökumətin daha çevik və məsuliyyətli
fəaliyyətini şərtləndirməklə
yanaşı, həyata keçirilən islahatların səmərəli
nəticələr verməsini də təmin etmişdir.
Həyata
keçirilən iqtisadi siyasətin əsasən sosialyönümlü
mahiyyət daşıması bir sıra reallıqlarla şərtlənmiş,
cəmiyyətin sosial sifarişini əks etdirmişdir. Aztəminatlı
vətəndaşların sosial müdafiəsi,
istehsalçı və istehlakçının
maraqlarının uzlaşdırılması, bir sözlə,
sosial-liberalizm xətti cənab İlham Əliyevin prezidentlik
dövrünü səciyyələndirən prioritet istiqamətlərdən
biri kimi diqqəti çəkir. Azərbaycanda yeni mülkiyyət
formalarının yaranması, sahibkarlığın sürətli
inkişafı, qiymətlərin tənzimlənməsi əhalinin
sosial baxımdan nisbətən zəif təbəqəsinin
maraqlarını inkar etmir. Bu təbəqənin maraqları
mütləq nəzərə alınır, hər bir
islahatın bu təbəqənin maraqlarına vura biləcəyi
cüzi ziyan belə təxirəsalınmaz sosial müdafiə
tədbirləri hesabına kompensasiya edilir.
Ünvanlı
sosial yardım alan vətəndaşlar dövlət tərəfindən
qayğı ilə əhatə olunur. 123 min ailə orta hesabla
117 manat olmaqla dövlətdən bu yardımı alır. Aztəminatlı
əhalinin yaşayış səviyyəsinin
yaxşılaşdırılmasında, yoxsulluğun aradan
qaldırılmasında ünvanlı sosial yardım sistemi ilə
paralel olaraq ölkəmizdə mütərəqqi dünya təcrübəsindən
irəli gələn mexanizmlərin tətbiqinə də
üstünlük verilir. Bu məqsədlə hazırlanan
"Özünədəstək" - birdəfəlik
ünvanlı sosial yardım proqramının icrası da
uğurla davam etdirilir. Proqram şəxsi yardımçı
təsərrüfatlarını inkişaf etdirmək istəyən
aztəminatlı ailələrə bir il ərzində ala biləcəkləri
ünvanlı sosial yardımın məbləğinin
qabaqcadan birdəfəlik formada ödənilməsini nəzərdə
tutur. Aztəminatlı ailələrin daimi məşğulluğunu,
potensial imkanları müqabilində şəxsi təsərrüfatlarını
yaradaraq inkişaf etdirmələrini, dövlət
yardımından asılı vəziyyətdən
çıxmalarını özündə ehtiva edən bu
proqram ilk dəfə 2011-ci ildə Tovuz rayonunda sınaqdan
keçirilmişdir. Əldə olunan müsbət təcrübə
əsas götürülərək 2012-ci ildə Füzuli,
Ağdam, Beyləqan, Ağcabədi, Masallı, Xaçmaz,
İsmayıllı, Ağstafa, Qazax, Tovuz, Daşkəsən
rayonlarında, Sumqayıtda, habelə Bakının Nizami
rayonunda icra olunmuşdur.
Dövlət
başçısı İlham Əliyevin sosial sahədə
diqqətçəkən addımlarından biri də
2006-cı ilin aprel ayının 17-də "Ahıl vətəndaşların
sosial müdafiəsinin gücləndirilməsi üzrə
Dövlət Proqramı" haqqında sərəncam
imzalaması olmuşdur. Bununla da ahıl vətəndaşların
hüquqları artırılmış, onların ölkənin
sosial-iqtisadi həyatında iştirakı təmin
edilmişdir. Bu kateqoriyadan olan vətəndaşların
sosial-mədəni tələblərinin ödənilməsi,
sağlamlıqlarının qorunması və sosial müdafiəsinin
təmin edilməsi, həmçinin bu işdə ictimai
bölmənin fəaliyyətinin artırılması istiqamətində
ciddi addımlar atılmışdır.
Qeyri-neft
sektorunun sürətli inkişafı, infrastruktur təminatının
genişləndirilməsi istiqamətində tədbirlərin
davam etdirilməsi əhalinin sosial rifah halının da ildən-ilə
yaxşılaşmasına əlverişli imkan yaradır.
Bütün sahələrdə əldə olunan yüksək
nəticələr bu siyasətə alternativin
olmadğını bir daha sübuta yetirir.
Elnur HACALIYEV
Azərbaycan.-2013.- 19 aprel.- S.3.