Heydər Əliyev - 90: regionların sosial-iqtisadi inkişafı

 

"Azərbaycan" qəzetinin Sabirabad Rayon İcra Hakimiyyəti ilə birgə keçirdiyi "dəyirmi masa"

 

Qarşıdan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi gəlir. Bu əlamətdar hadisə ilə bağlı müxtəlif layihələr həyata keçirən "Azərbaycan" qəzeti həmçinin ayrı-ayrı mövzularda səyyar "dəyirmi masa"lar təşkil edir. Növbəti belə "dəyirmi masa" Sabirabad rayonunda baş tutdu.

 

Tədbiri giriş sözü ilə açan "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

 

- Azərbaycanı müstəqil dövlət quruculuğuna aparan keşməkeşli və şərəfli yol ulu öndər Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi dövründən başlayır. 1969-cu ildə Azərbaycana rəhbər seçilən Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk günlərindən Azərbaycanda böyük bir inqilabın başlandığı göz önündə idi. Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını, dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi. Ulu öndər respublikanın üzləşdiyi problemləri ilk gündən düzgün müəyyənləşdirməklə onların həlli üçün lazımi iradə, qətiyyət və prinsipiallıq göstərdi. Fitri istedadı, yüksək təşkilatçılıq və idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna gətirməyə müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi.

Ümummilli lider Heydər Əliyev iqtisadi inkişafla yanaşı, respublikada milli-mənəvi ruhu yüksəltməklə azərbaycanlıların öz tarixi ənənələrinə, köklərinə bağlılığını sürətləndirməyə çalışırdı. Müxtəlif tədbirlərdə azərbaycanca çıxış etməklə cəmiyyətə milliləşmənin zəruriliyi çağırışını yayır, milli dilə, dinə, dəyərlərə bağlı olmağı, tarixi irsi yaşatmağı ictimai fikrə böyük müdrikliklə təlqin edirdi. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər Azərbaycanda milli özünüdərki gücləndirir, müstəqil düşüncəyə, dövlətçilik təfəkkürünə yol açırdı. Böyük öndər sovet ideologiyasının bütün maneələrini yararaq Azərbaycanda milli özünüdərk məsələlərini önə çəkməyi, repressiya xofundan don vurmuş azərbaycanlı şüurundakı bu qorxunu aradan qaldırmağı, cəmiyyəti bütün sahələr üzrə mənəvi yüksəlişə ruhlandırmağı, ona qol-qanad verməyi bacarmışdı. Ulu öndər Heydər Əliyev sovet Azərbaycanına rəhbərlik etdiyi dövrləri xatırlayarkən deyirdi: "Biz sovet rejimində yaşayırdıq. Məgər biz bu rejimi dəyişə bilərdik? Amma iş ondadır ki, bu rejim altında olsa da, sən xalqın, millətin üçün nə edirsən? Əgər bu rejimi dəyişdirə bilmirsənsə, onda onun imkanlarından istifadə edib xalqına kömək göstər. Mən bunu etdim. Azərbaycan o illərdə çox yüksəklərə qalxdı".

Hər bir dövlətin mövcudluq tarixində ciddi sınaqlar qarşısında qaldığı, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar çoxdur. Fəqət, ən çətin, ekstremal siyasi şəraitdə millətin iradəsini və istəklərini, dövlətin diplomatiya və strategiyasını, cəmiyyətin həmrəyliyini və konsensusunu yaratmağa qadir şəxsiyyətin sayəsində dövlətlər öz varlığını davam etdirmiş, millətlər dirçəlmişdir. 1991-ci ilin oktyabrından 1993-cü ilin iyununadək ölkədə cərəyan edən mürəkkəb və ziddiyyətli proseslər, eyni zamanda, ölkənin müstəqilliyi üçün real təhdidlərin meydana çıxması, vətəndaş qarşıdurması meyillərinin güclənməsi, hüquqi nihilizmin, xaos və anarxiya mühitinin dərinləşməsi göstərdi ki, ölkəni yaranmış acınacaqlı vəziyyətdən yalnız Heydər Əliyev kimi müdrik və uzaqgörən şəxsiyyət xilas edə bilər.

Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi ilk gündən Azərbaycanı qurmağa, onun milli dövlətçilik atributlarını formalaşdırmağa başlamış, müstəqilliyini şərti müstəqillik aktı və bəyanatlar səviyyəsindən çıxarmışdır. Müstəqillik yolunun bir çoxlarının düşündüyündən də uzun və əzablı yol olduğunu yaxşı bilən ümummilli lider Heydər Əliyev, ilk növbədə, Azərbaycanı taleyin ixtiyarına buraxılmış dövlət düşüncəsindən uzaqlaşdırmışdır. Eyni zamanda, müstəqilliyimizin əbədiliyinə xələl gətirəcək, ölkəmizi yenidən hansısa dövlətin müstəmləkəsinə çevirə biləcək amilləri aradan qaldırmışdır.

Ulu öndər Heydər Əliyev bu mərhələdən Azərbaycanın yeni dövr üçün demokratik inkişaf modelini müdrikliklə irəli sürmüş, eyni zamanda, bu mütərəqqi dəyişikliklərin ictimai şüurda tədricən qəbul olunması zərurətini önə çəkmişdir. Ulu öndərin dövlətçilik konsepsiyası Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmuşdur. İctimai-siyasi sabitlik faktoru bu modelin əsas dayaqlarından, istinad nöqtələrindən biridir. Şübhəsiz, sabitliyə nail olmadan yeni idarəetmə sisteminə keçid formulunu reallaşdırmaq, bazar iqtisadiyyatı və demokratiya, insan hüquqları kimi fundamental prinsiplərin tətbiqinə nail olmaq mümkün deyil. Məhz bu sabitliyin, iqtisadi tərəqqinin nəticəsidir ki, hazırda demokratik normalar qanunların və milli dəyərlərin tənzimlədiyi sərhədlərdən kənara çıxmır və dialektik inkişafa uyğun olaraq getdikcə ictimai şüur tərəfindən tam şəkildə mənimsənilir.

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyinin, prinsipiallığının və siyasi iradə nümayişinin məntiqi nəticəsi olaraq 1994-cü ildə "Əsrin müqaviləsi"nin əfsanədən reallığa çevrilməsi ölkənin bütün strateji əhəmiyyətli sahələrinin inkişafına təkan vermişdir. "Əsrin müqaviləsi"nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə daha böyük uğurlar gətirən bu strategiyanın əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahı naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Bu strategiyanın həyata keçirilməsi iqtisadi maraqlarla yanaşı, milli təhlükəsizlik maraqlarının təmin olunmasına yönəlmişdir. Heydər Əliyevin təməlini qoyduğu uğurlu neft strategiyası təkcə dövlətin iqtisadi maraqlarının realizə edilməsinə deyil, paralel olaraq dövlət müstəqilliyinin qorunub saxlanmasına yönələn siyasi xəttin yürüdülməsinə, buna uyğun əlverişli situasiyanın formalaşdırılmasına xidmət etmişdir.

Bu gün Azərbaycan dövləti, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi altında gələcəyə, inkişafa doğru məhz Heydər Əliyevin təməlini qoyduğu yol ilə inamla irəliləməkdədir. Son on ilin siyasi, iqtisadi, sosial mənzərəsi göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderin siyasi kursunun varisliyini təmin edə biləcək alternativsiz siyasi lider olduğunu təsdiqləmiş, ictimai inamı tam doğrultmuşdur. Dövlət başçısının fəaliyyətinin üstün cəhəti məhz bundan ibarətdir ki, o, mövcud gerçəklikləri obyektiv şəkildə qiymətləndirməyi, milli maraqlar naminə cəsarətli addımlar atmağı, yaranmış ekstremal şəraitdə ən optimal qərarlar qəbul etməyi, ölkənin taleyüklü problemlərinə həssaslıqla yanaşmağı bacarır.

Prezident İlham Əliyevin ən böyük məqsədlərindən biri Azərbaycanı inkişaf etmiş ölkələrin cərgəsinə çıxarmaqdır. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən dövlət proqramları, müxtəlif layihələr məhz bu məqsədə xidmət edir. Hələ sovet dönəmində Sabirabad rayonu böyük inkişaf yolu keçmişdi. Heydər Əliyev dəfələrlə bu rayona səfər etmişdi. Yaşlı nəslin nümayəndələri həmin səfərləri yaxşı xatırlayırlar və yəqin ki, çıxışlarda bu barədə söhbət açacaqlar. Bu gün isə Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurlu nəticəsi bütün rayonlar kimi, Sabirabadda da yaxından hiss olunur. Bu barədə danışmaq üçün söz Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova verilir.

 

Nazim İSMAYILOV:

- Həlledici məqamlarda xalqı üzləşdiyi çətinliklərdən xilas etmək böyük və qüdrətli şəxsiyyətlərin çiyninə düşür. Ölkənin, xalqın taleyində ümummilli liderin rolu və tarixi missiyası da bununla müəyyən olunur. Geniş zəkası, fitri uzaqgörənliyi, dəmir məntiqi, polad iradəsi ilə ətrafındakılardan daim fərqlənən Heydər Əliyevin simasında Tanrı xalqımıza XX əsrdə əsl xilaskar bəxş etmişdir. Heç təsadüfi deyildir ki, xalqımız və Vətənimiz üçün ən çətin vaxtlarda tarix də o böyük şəxsiyyəti seçmişdir.

Ötən əsrin 70-ci illərində xalqımızın milli özünüdərki, vətənpərvərlik hissinin oyanışı da Heydər Əliyevin adı ilə bağlıdır. Həmin dövrdə yeni, iri sənaye müəssisələrinin yaradılması, bu müəssisələrdə istehsal edilən məhsulların xarici bazarlara ixracına başlanması, milli mənliyin formalaşmasına güclü təsir edən ana dilinin inkişafına qayğı göstərilməsi, mədəniyyətin zənginləşdirilməsi, xalqın intellektual səviyyəsinin yüksəldilməsi, xüsusən gənclərin ən müasir bilik və texnologiyalara yiyələnməsi üçün xaricdəki dünya şöhrətli ali təhsil müəssisələrinə göndərilməsi, Bakıda ilk hərbi məktəbin təşkil edilməsi və digər məqsədyönlü tədbirlər bugünkü müstəqil dövlətçiliyimizin bünövrəsini təşkil etmişdir.

Sabirabad rayonunun da dirçəlişi həmin dövrə aiddir. Heydər Əliyev Sabirabada 14 dəfə səfər edib. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət obyekti tikilib, Kür çayı üzərindən nəhəng körpü çəkilib, əhaliyə təbii qaz verilib.

1991-ci ildə müstəqillik qazanmış Azərbaycanın qarşısında dövlətin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlət qurulması, ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və rifahının yaxşılaşdırılması kimi mühüm vəzifələr dururdu. Bunun üçün məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət proqramı hazırlanıb həyata keçirilməli, ölkənin iqtisadi, siyasi, əqli potensialından səmərəli istifadə olunmalı idi. Lakin 1991-1993-cü illərdə bu istiqamətdə heç bir iş görülmədi. Qısa müddətdə bir-birini əvəz edən iqtidarlar Azərbaycanın daxili və xarici siyasətini xarakterizə edən vahid prinsipial xətt yeritmədi. Dövlət idarəçiliyi eyni məqsədə, ölkənin müstəqilliyinin qorunması və inkişaf etdirilməsi işinə yox, təsadüf nəticəsində hakimiyyətə yiyələnmiş adamların məsuliyyətsiz, bir-birini inkar edən bəyanatlarına əsaslanırdı. Respublikanın sərvətləri talan edildi, xalqın gərgin əməyi ilə yaradılmış iqtisadi potensial dağıdıldı, milli hisslər, vətənpərvərlik duyğuları ayaqlar altına atıldı.

Ən ağrılısı o idi ki, xalqımız müstəqilliyini itirmək təhlükəsi qarşısında qalmışdı. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay çəkmişdi. Onun varisi kimi yaranan Azərbaycan Respublikasının ömrü daha qısa ola bilərdi. Belə bir vəziyyətdə Ermənistanın təcavüzü nəticəsində torpaqlarımız zəbt olunurdu. Bakıda isə hakimiyyətə yiyələnmək uğrunda mübarizə güclənir, hər siyasi təşkilat özünə silahlı dəstə yaradır, ölkədə özbaşınalıq hökm sürürdü. Nəticədə 1993-cü ilin iyununda müstəqil dövlətçiliyimiz böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı. Səriştəsiz və bacarıqsız iqtidarın yeritdiyi siyasət ölkəni vətəndaş müharibəsi həddinə gətirdi. Azərbaycan gözümüz qarşısında parçalanıb əldən gedirdi.

Ölkənin belə ağır vəziyyətində xalqın yeganə ümid yeri Heydər Əliyev idi. Bir vaxtlar özlərindən başqa heç kimi bəyənməyən "bəy"lər artıq çıxılmaz vəziyyətdə olduqlarını başa düşmüşdülər. Xalqın çağırışı ilə Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. İyunun 15-də isə Milli Məclisin iclası onu böyük səs çoxluğu ilə Ali Sovetin sədri seçdi.

Heydər Əliyevin məqsədi vəziyyəti normallaşdırmaq, vətəndaş həmrəyliyi yaratmaq, sabitliyə nail olmaq, müstəqilliyi qorumaq idi. İnsanların hava qaralandan sonra küçəyə çıxmağa ürək etmədiyi, sabaha inamsızlıqdan doğan qorxu və təlaşın hökm sürdüyü, insanların çörəklə imtahana çəkildiyi, kriminal qüvvələrin adamları vahimə içərisində saxladığı bir dövrdə hakimiyyət sükanı arxasına keçən Heydər Əliyev Azərbaycan xalqını və dövlətini rüsvayçılıqdan və məhv olmaqdan xilas etdi.

 Heydər Əliyev ilk günlərdən ölkəmizin daxili və xarici siyasətinin əsas istiqamətlərini müəyyənləşdirdi. Ulu öndərin uzaqgörənliyi, beynəlxalq aləmdə baş verən prosesləri düzgün qiymətləndirməsi sayəsində tez bir zamanda nəinki erməni təcavüzkarlarının hücumlarının qarşısı alındı, hətta işğal altında olan bəzi ərazilər azad edildi. 1994-cü ilin mayında atəşkəs razılığından sonra ölkəmiz Heydər Əliyevin milli inkişaf strategiyasını həyata keçirmək üçün əmin-amanlıq şəraiti qazandı.

Lakin qeyd olunmalıdır ki, 1993-1994-cü illərdə ölkə Prezidentinin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunub saxlanılması strategiyasının həyata keçirilməsinə həm daxili, həm də xarici düşmənlər mane olmağa çalışırdılar. Amma nə terrorçular, nə də dövlət quruculuğu işini pozmaq və ona hər cür ziyan vurmaq istəyən cinayətkar qruplar Heydər Əliyevin iradəsini qıra bilmədilər. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycanın beynəlxalq nüfuzunun artması dövlətçiliyimizə qarşı çevrilən qüvvələri çaxnaşmaya saldı. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdlərinin, Prezidentin keçəcəyi körpünü partlatmaq, təyyarəsini vurmaq və digər neçə-neçə sui-qəsd planlarının qarşısının alınması Heydər Əliyev qüdrətini, onun Azərbaycan dövlətçiliyini qorumaq gücünə malik olduğunu bir daha sübut etdi.

Respublikamızda həyatın bütün sahələrində tənəzzülə son qoyulandan, xüsusilə dövlətçiliyə meydan oxumaq istəyən güc mərkəzləri məhv olunandan sonra iqtisadi islahatları həyata keçirmək üçün əlverişli şərait yarandı. Ölkədə aqrar islahatlar keçirildi. Kəndlilər torpağın tam sahibi oldular. Sənaye sahəsində aparılan özəlləşdirmə sahibkarlığın inkişafına təkan verdi. Ölkədə islahatların həyata keçirilməsi üçün güclü hüquqi baza yaradıldı. 1995-ci ildə ilk milli Konstitusiyamız qəbul olundu. Azərbaycan ən nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Avropa Şurasının üzvlüyünə qəbul edildi. Hüquqi, dünyəvi və demokratik dövlət quruculuğu yolunda əsaslı addımlar atıldı. Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin tikintisi ilə Azərbaycan nəinki regionda, hətta dünyada nüfuz sahibinə çevrildi.  

Ulu öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi, zəngin dövlətçilik təcrübəsi, iti zəkası, möhkəm iradəsi və qətiyyəti sayəsində ölkəmizdə içtimai-siyasi sabitlik bərqərar olundu, xalqımız azərbaycançılıq ideyası ətrafında sıx birləşdi. İllər ərzində müstəqil dövlətimizin inkişafı yolunda ən böyük maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması istiqamətində ardıcıl səylər göstərilməklə yanaşı, genişmiqyaslı ordu quruculuğu işləri də aparıldı.

Bu, bir həqiqətdir ki, xalqımızın milli özünüdərki, dövlətçilik ənənələri, vətənpərvərlik hissinin oyanışı Heydər Əliyevin adı ilə bağlıdır. İllər ötdükcə bu şəxsiyyətin əzəmətini daha aydın dərk edir, qoyub getdiyi tarixi irsin, ideyaların yüksək dəyərini dərindən anlayırıq. Heydər Əliyevin həyat yolu, əməlləri tarixin və xalqın yaddaşına ona görə əbədi həkk edilib ki, o, dogma Azərbaycanı müstəqil bir dövlət kimi dünyaya tanıdıb və Azərbaycanımızın müstəqilliyinin əbədiliyini təmin edib. Əgər 20 il əvvəl xalqın iradəsi ilə dövrümüzün müdrik şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz nə müstəqil dövlətdən, nə qüdrətli və tərəqqi edən ölkədən, nə də yeniləşən Azərbaycandan danışa bilərdik.

Heydər Əliyev şəxsiyyətinin böyüklüyü həm də ondadır ki, o, dövlət quruculuğu prosesinin ardıcıllığını təmin edəcək əsasları da formalaşdırdı. Ulu öndər cənab İlham Əliyevin şəxsində Azərbaycanın müstəqilliyinin, ölkəmizin sosial-iqtisadi, mədəni yüksəlişinin daimiliyini, dönməzliyini təmin edəcək layiqli davamçısını müəyyənləşdirdi. Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında yüksəliş dövrünü yaşayır, daha da güclənir, qüdrətlənir, nüfuzunu artırır. Heydər Əliyev siyasətini uğurla, yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın müstəqilliyini gündən-günə möhkəmləndirir, milli mənafelərimizi cəsarətlə və uğurla müdafiə edir, qloballaşmanın doğurduğu əngəlləri və maneələri qətiyyətlə dəf edir. Beləliklə, Azərbaycan xalqı Heydər Əliyev yolu ilə öz parlaq gələcəyinə doğru inamla, sürətlə irəliləyir.

İqtisadi artım sürətinə görə dünyada birincilər sırasında olmaq ölkəmizin davamlı inkişafının ən mühüm göstəricisidir. Prezident İlham Əliyevin dediyi kimi, indi elə bir problem yoxdur ki Azərbaycan dövləti onu həll etmək iqtidarında olmasın. Azərbaycan Prezidentinin islahatlar kursu ölkəmizin inkişafını təmin edib. İqtisadiyyatın inkişafı bütün istiqamətlərdə genişmiqyaslı tədbirlərin görülməsinə şərait yaradıb. İqtisadi potensialımızın ildən-ilə artması, neftdən əldə edilən vəsaitdən düzgün istifadə olunması, büdcə gəlirlərinin durmadan çoxalması perspektivi də imkanların daha da genişlənəcəyinə inamı artırır. Dövlət başçısının yürütdüyü iqtisadi inkişaf strategiyasının əsas qayələrindən biri regionların tarazlı inkişafına nail olmaqdır.

Sabirabad rayonu da Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. 2010-cu ildə Kür və Araz çaylarının yaratdığı təbii fəlakət zamanı rayon sakinləri bunun bir daha şahidi oldular. Əhalinin ən çətin anlarında dövlət başçısı onlara dayaq durdu, dərdlərinə şərik çıxdı, bütün zəruri köməyin göstərilməsini təmin etdi. Çox qətiyyətlə deyərdim ki, məhz Prezident İlham Əliyevin sayəsində insan itkisi olmadan fəlakətin qarşısı alındı.

Prezident İlham Əliyev sel və daşqınların nəticələrinin aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün iki dəfə Sabirabada səfər etmişdir. 2011-ci il mayın 5-də etdiyi səfəri zamanı daşqına məruz qalmış Qasımbəyli kəndində yeni çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmiş, sonra həmin kənddə əsaslı təmir edilmiş tam orta məktəbin binası ilə tanış olmuş və içtimaiyyətin nümayəndələri ilə görüşmüşdür. Ölkə başçısı kənd sakinləri ilə görüşündə görülən işlərdən razılıq etmiş, qarşıda duran vəzifələrdən danışmış, lazımi tövsiyə və tapşırıqlarını vermişdir. Prezident İlham Əliyevin birbaşa diqqətinin nəticəsidir ki, artıq fəlakətin törətdiyi dağıntıların nəticələri demək olar ki aradan qaldırılıb. Subasmaya məruz qalan evlərin yerində möhkəm özüllü müasir evlər tikilib. Dəymiş ziyana görə 17 milyon manatdan çox kompensasiya verilib, sosial obyektlərdə əsaslı təmir işləri aparılıb. Bu istiqamətdə işlər bu gün də davam etdirilir.

Bu gün Sabirabad əsl tikinti meydançasını xatırladır. Kür çayı üzərindən körpü salınıb, uzun illər sakinlər üçün problem yaradan "Axmaz" durğun su hövzəsinin qurudulmasına başlanılıb. Əhalinin təbii qazla təchizatında böyük irəliləyişlərə nail olunub. Son 2 ildə 9 kəndə mavi qaz verilib, daha 17 kəndin də qazlaşdırılması işləri sürətlə aparılır. Yaxın vaxtlarda əlavə 15 kəndin qazlaşdırılmasına başlanacaq. Rayon üzrə elektrik təsərrüfatı, icməlı su və kanalizasiya sistemi də yenidən qurulur. Hacıqabul-Sabirabad-Horadiz magistral avtomobil yolunun rayonumuzdan keçən hissəsinin əsaslı təmiri başa çatmaq üzrədir.

Bizim borcumuz ölkə Prezidentinin rayonumuza göstərdiyi diqqət və qayğıya əməli işimizlə cavab verməkdir. Biz Sabirabadın əvvəlki şöhrətini bərpa etmək üçün böyük abadlıq-quruculuq işlərini sürətlə aparırıq. Sabirabadı Muğanın daha abad, daha füsunkar mərkəzinə çevirmək üçün bütün qüvvələri səfərbər etmişik.

Bugünkü inkişafa, sabitliyə görə biz Heydər Əliyevə borcluyuq. Heydər Əliyev yolu şərəfli yoldur. Məhz bu yol Azərbaycanı daha işıqlı, daha xoşbəxt sabaha qovuşduracaqdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasətin layiqli davamçısı olduğunu əməli işi ilə sübut etmişdir.

 

Bəxtiyar SADIQOV:

- Sabirabad hələ sovet dövründə Azərbaycanın inkişaf etmiş rayonlarından biri olub. Bu gün isə ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində yeni dövrünü yaşayır. Regionların inkişafına dair dövlət proqramlarının uğurlu icrası Sabirabadın yüksəlişində əsas amilə çevrilib. Eyni zamanda, diqqətiçəkən məqamlardan biri də iqtisadi sahədə keçmiş ənənələrin bərpa olunmasıdır. Bu barədə çıxış üçün söz "Axısxa" istehsal kooperativinin sədri Hətəmşah Məcidova verilir.

 

Hətəmşah MƏCİDOV:

- Qüdrətli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi tək azərbaycanlılar üçün deyil, bütün türk dünyası üçün əlamətdar bayramdır. Ulu öndərin işıqlı xatirəsi bizim üçün əziz və unudulmazdır!

Sabirabad rayonu böyük kənd təsərrüfatı rayonu kimi həmişə dövlətin diqqət mərkəzində olmuşdur. Ölkənin ərzaq təhlükəzsizliyi proqramına sanballı töhfələr verən sabirabadlılar bütün zamanlarda mütərəqqi texnologiyanı, qabaqcıl təcrübəni cəsarətlə tətbiq etmiş, fərəhli nailiyyətlər qazanmışlar. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi birinci dövrdə tez-tez Sabirabada səfər edər, sadə zəhmət adamları ilə səmimi görüşlər keçirər, onların qayğıları ilə maraqlanardı. Onun müdrik tövsiyələri firavan həyatımızı təmin edir, halal süfrəmizin bərəkəti aşıb-daşırdı!

Sovet vaxtı Sabirabad rayonunun qabaqcıl təsərrüfatlarından olan "Axısxa" kolxozunda müxtəlıf məsul vəzifələrdə çalışmışam. Heydər Əliyev cəsarətlə aqrar islahatlara başlayanda bu işin səmərə verməyəcəyinə də inananlar var idi. Lakin Heydər Əliyevin iradəsi çox şübhələri alt-üst etdi. Sabirabadlılar aqrar islahatları ölkədə birincilər sırasında, həm də uğurla həyata keçirib yeni istehsal münasibətlərini inamla formalaşdırdılar.

Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş aqrar siyasət bu gün də Sabirabadda uğurla və müasir dövrün xüsusiyyətlərinə uyğun yaradıcılıqla həyata keçirilir. Rayonumuzun əməkçiləri bol kənd təsərrüfatı məhsulları istehsalı sahəsində öz nailiyyətlərini ildən-ilə artırırlar. Torpaq islahatı nəticəsində rayonumuzda 23763 ailəyə, 102.583 nəfərə 45.236 hektar torpaq sahəsi verilmişdir. İndi rayonumuzda istehsal olunan kənd təsərrüfatı məhsullarının hamısı özəl sektorun payına düşür. Keçən il 56.399 hektarda əkin aparılmış, 150 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Ötən il 67,7 min ton taxıl, 4053 ton pambıq, 14.245 ton kartof, 43.215 ton tərəvəz, 15.317 ton meyvə, 54.375 ton bostan məhsulları, 13 min ton ot, 84,6 min ton süd, 47,3 milyon ədəd yumurta istehsal edən kənd əməkçiləri bu il nailiyyətləri daha da möhkəmləndirmək əzmi ilə çalışırlar. Sabirabad kəndlisi ölkə süfrəsinə bol və keyfiyyətli ərzaq məhsulları vermək üçün səy və bacarığını əsirgəmir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunu yaradıcılıqla davam etdirən Prezident İlham Əliyev aqrar sahədə də varislik ənənəsinə sədaqət göstərir. Dövlət başçısı müasir dövrdə iri istehsal kooperasiyaları yaratmağın böyük iqtisadi səmərə verəcəyini dönə-dönə bəyan etmişdir. Cənab Prezidentin ölkədə aqrar sahəni inkişaf etdirməyə hesablanan bu çağırışına ilk səs verənlər sırasında məhz sabirabadlılar dayanırlar. Biz iqtisadi sahədə keçmiş ənənələri bərpa etməklə rayonumuzun yeni iqtisadi yüksəlişinə zəmin yaradırıq. Özündə yeni istehsal münasibətlərini formalaşdıran "Axısxa" istehsal kooperativi artıq ikinci ildir ki, fəaliyyət göstərir. İxtiyarımızda 245 hektar əkinəyararlı torpaq sahəsi vardır. 71 ailəni birləşdirən 280 nəfərin çalışdığı kooperativ mehriban bir ailəni xatırladır. Hər il bol taxıl, bostan-tərəvəz məhsulları, yem bitkiləri əkib-becəririk.

Sabirabadda yeni tipli iqtisadiyyatın formalaşması respublika səviyyəsində böyük maraqla qarşılanır. Keçən il Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun rəhbərlik etdiyi bir qrup mütəxəssis bizim kooperativdə olmuş, fəaliyyətimizlə maraqlanmış, eyni zamanda, dəyərli tövsiyələr vermişlər.

Bu il Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək. Biz kənd əməkçiləri bacarığına, gücünə-qüvvəsinə güvəndiyimiz cənab İlham Əliyevləyik. Prezident seçkilərində yalnız ona səs verəcəyik.

 

Bəxtiyar SADIQOV:

- Azərbaycanın iqtisadi yüksəlişi vaxtilə ölkənin qarşısında dayanan bütün problemlərin yoluna qoyulması üçün geniş imkanlar yaradıb. Bu sırada əhalinin sosial problemlərinin həllini xüsusi qeyd etməliyik. İndi Azərbaycanda elə bir sosial zümrə yoxdur ki, dövlətin artan iqtisadi gücünü hiss etməsin! Aztəminatlı ailələrə ünvanlı sosial yardımların verilməsi, müharibə veteranları və əlillər, şəhid ailələri, qaçqın və məcburi köçkünlər üçün evlərin inşası, hər il pensiyaların artırılması dövlətin sosial siyasətinin bəhrələridir. Bu mövzuda danışmaq üçün söz Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İçtimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Füzuli Paşayevə verilir.

 

Füzuli PAŞAYEV:

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyini əhalinin aztəminatlı və imtiyazlı təbəqələri də əziz bayram kimi qeyd edir. Çünki ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi bütün dövrlərdə əhalinin aztəminatlı təbəqələrinə xüsusi diqqət və qayğı göstərmiş, bunu dövlətin sosial siyasətinin mühüm istiqaməti kimi qəbul etmişdir.

Əhalinin aztəminatlı hissəsinin - pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının, bu qisimdən olan bütün insanların sosial müdafiəsini yaxşılaşdırmaq daim dövlətin diqqət mərkəzində olmuş və olmaqdadır. Respublikada son illər ərzində müdafiə sisteminin müasir tələblərə uyğunlaşdırılması istiqamətində bir sıra addımlar atılmışdır. Mövcud sosial müdafiə sisteminin bazar iqtisadiyyatının mühitinə uyğunlaşdırılaraq keyfiyyətcə yenidən qurulması, pensiya sistemində beynəlxalq normalara və inkişaf etmiş ölkələrin təcrübəsinə əsaslanan islahatların aparılması sosial siyasətin strateji istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir.

Təkcə ötən il rayonumuzda pensiyaçılara 29 milyon 920 min manat məbləğində pensiya və müavinət, Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən 6251 nəfərə 3 milyon 501 min manat məbləğində sosial müavinət verilmişdir, 502 nəfərə isə sosial müavinət təyin edilmişdir.

Aztəminatlı ailələrin sosial rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən vacib tədbirlərdən biri də əhaliyə ünvanlı sosial yardımların verilməsidir. 2012-ci ildə 2245 ailəyə, yəni 10102 nəfərə 2 milyon 276 min manat məbləğində ünvanlı sosial yardım verilmiş, il ərzində 1957 ailəyə, yəni 8806 nəfərə ünvanlı sosial yardım təyin edilmişdir.

Respublikada həyata keçirilən sosial proqramlardan biri də sovet dövründən qalmış əmanətlərə görə vətəndaşlara kompensasiyaların verilməsi olmuşdur. Dövlət tərəfindən vətəndaşlara 100 milyon manatlarla kompensasiya verilmişdir. Rayonumuzda da bu proqramın icrası ilə bağlı tədbirlər həyata keçirilmiş və əmanətçilərə 4,5 milyon manat vəsait ödənilmişdir.

Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Sabirabad rayon təşkilatı özündə 223 şəhid ailəsini, 135 Qarabağ müharibəsi əlilini, Çernobıl Əlilləri Cəmiyyətinin rayon şöbəsi isə 30 nəfəri birləşdirir. Son üç ildə şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə 56 mənzilli 3 çoxmərtəbəli yaşayış binası və 16 fərdi ev verilmişdir. Bunlarla yanaşı, kəndlərdə yaşayan bu qrupdan olan insanların mənzil-məişət şəraitini yaxşılaşdırmaq üçün də bir sıra tədbirlər görülmüşdür. 37 şəhid ailəsinin, 3 Çernobıl əlilinin mənzilində təmir-bərpa işləri aparılmış, ailə vəziyyəti ağır olan 9 nəfər Qarabağ müharibəsi əlili himayəyə götürülmüşdür. 46 nəfər İkinci Dünya və Qarabağ müharibəsi əlilinə pulsuz "Lifan" markalı avtomobil verilmişdir. Əlamətdar bayramlarda və tarixi günlərdə onlara bayram sovqatları və yaxud maddi yardım verilməsi də ənənə halını almışdır.

Rayonda milli azlıqlarla müntəzəm iş aparılır. Rus icmasının üzvlərinin qaldırdıqları hər bir məsələyə diqqətlə yanaşılır. Ötən ildə də pravoslavların Pasxa bayramı rayon icra hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir.

2012-ci ildə qaçqın və məcburi köçkünlərin sosial müdafiəsi daha da gücləndirilmişdir. Rayonumuzda məskunlaşan 5946 nəfər məcburi köçkünün, 2305 nəfər qaçqının yaşayış şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması üçün müəyyən işlər görülmüşdür. 316 hektar əkinəyararlı torpaq sahəsi onların istifadəsinə verilmiş, heyvandarlıqla məşğul olan məcburi köçkün ailələrinə 194 hektar örüş sahəsi ayrılmışdır. Bu il Güdəcühür və Şəhriyar köçkün düşərgələrində məskunlaşmış 440 ailəyə Güdəcühür kəndi ərazisində iki qəsəbənin salınması nəzərdə tutulmuşdur.

Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün də əsaslı tədbirlər görülmüşdür. Köçkünlər ilboyu fasiləsiz elektrik enerjisi ilə təmin edilmiş, onların tibbi müayinə və müalicəsi üçün lazımi şərait yaradılmışdır. Dövlət Neft Fondunun vəsaiti hesabına bu kateqoriyalı insanlara payız-qış mövsümündə yanacağın vaxtında və nöqsansız çatdırılması üçün bütün zəruri tədbirlər görülmüşdür. Qaçqınların da mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün kompleks tədbirlər görülmüşdür. 17 qaçqın ailəsi üçün Azadkənd kəndində 14, Qaratəpə kəndində 3 ev tikilib istifadəyə verilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük humanizmindən doğan ideyaları uğurla həyata keçirilir. Biz öz vətəndaşına sahib çıxan, onun yaxşı yaşaması üçün zəruri tədbirlər görən bir dövlətin vətəndaşı olmağımızla qürur duyuruq. Bizi daim diqqətində saxlayan Prezident İlham Əliyevlə qürurlanırıq. Bizim də prezidentliyə yeganə namizədimiz ancaq İlham Əliyevdir.

 

Bəxtiyar SADIQOV:

- İnkişaf olan yerdə abadlıq da var, quruculuq da. Bu gün Azərbaycanın hər yerində abadlıq və quruculuq işləri əsas fəaliyyət istiqamətlərindən biridir. Sabirabad şəhərinin küçələri ilə hərəkət etdikcə burada da genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparıldığını gördük. Bu gün Sabirabadda yaraşıqlı binalar inşa olunur, yol infrastrukturu yenidən qurulur, küçələr abadlaşdırılır. Bu mövzuda çıxış üçün söz Ziyalılar Cəmiyyəti Sabirabad rayon təşkilatının sədri Böyükağa Həmidova verilir.

 

Böyükağa HƏMİDOV:

- Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində də, müstəqillik dövründə də böyük iqtisadi potensiala malik olan Sabirabad rayonunun inkişafına xüsusi qayğı və diqqət göstərmişdir. Qüdrətli dövlət başçısının Muğan düzünün yüksəlışinə verdiyi böyük önəmin məntiqi nəticəsidir ki, bu bölgə o zaman da, indi də aqrar sahədə böyük güc mərkəzi olmuşdur.

Ölkədə xaos, anarxiya və özbaşınalığın hökm sürdüyü, Azərbaycanın dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üzləşdiyi bir zamanda ulu öndər Heydər Əliyev müdrikliyi, uzaqgörən siyasəti və əvəzolunmayan rəhbərlik və təşkilatçılığı ilə özünün "Şah əsəri" olan müstəqil Azərbaycanı yaratdı! Onu bu günün və gələcəyin gənclərinə ərməğan etdi!

Ulu öndər hakimiyyətdə olduğu illərdə Azərbaycanın, onun regionlarının xoşbəxt və firavan həyat sürməsi üçün var quvvəsini sərf etmişdir. Onun diqqət və qayğısı biz sabirabadlılardan da kənarda qalmamışdır. Təsadüfi deyildir ki, ulu öndər 14 dəfə Sabirabad rayonuna səfər etmiş və hər gəlişi rayon üçün böyük yeniliklərə səbəb olmuşdur.

Mən həmin illərin canlı şahidi olmaqla yanaşı, keçən dövr ərzində görülən işlərin bilavasitə iştirakçısıyam. Muğan düzünü cənnətə döndərməyə çalışan Heydər Əliyev Sabirabadın tikilib-qurulmasına həmişə qayğı ilə yanaşırdı. Məhz ulu öndərin təşəbbüsü, tapşırıq və göstərişləri ilə Sabirabadda çox sayda sosial obyektlər, fabrik və zavodlar, məktəb, xəstəxana, mədəniyyət müəssisələri tikilib istifadəyə verilmişdir. Rayonda torpaqların meliorasiya edilərək yararlı hala salınması, taxılçılıq, pambıqçılıq və heyvandarlıq sahəsində əldə edilən nailiyyətlər onun gərgin zəhmətinin nəticəsi hesab etmək olar. Əməksevər insanlara fəxri adların, orden və medalların, Prezident təqaüdünün verilməsi, 4 nəfərin Sosialist Əməyi Qəhrəmanı kimi yüksək ada layiq görülməsi o dövrün unudulmaz xatirələridir. Heydər Əliyevin rayonumuzda keçirdiyi hər bir görüş, müşavirə və yığıncaq, sözün əsl mənasında, həyat dərsi idi.

Heydər Əliyevin elmə, təhsilə, səhiyyəyə və mədəniyyətə verdiyi qiymətin bir nümunəsi də orta məktəbi qurtaran gənclərin SSRİ-nin mərkəzi şəhərlərinə, xüsusilə Moskva, Leninqrad, Kiyev və digər bu kimi iri şəhərlərə oxumağa göndərilmələri olmuşdur.

Ulu öndərin müəyyən etdiyi uzun bir dövrü əhatə edən fəaliyyət proqramı bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin yorulmaq bilmədən apardığı siyasət, regionların sosial-iqtisadi inkişafı haqqında dövlət proqramlarının həyata keçirilməsi, regionlarda aparılan sosial-mədəni quruculuq işləri, xalqımızın rifah halının, yaşayış tərzinin gündən-günə yüksəlməsi, əməkhaqlarının, pensiyaların, sosial yardımların artırılması, kənd təsərrüfatının inkişafı üçün edilən güzəştlər, təhsilə, səhiyyəyə və mədəniyyətə, ən ümdəsi, insan amilinə göstərilən qayğı, müstəqil Azərbaycanımızın dünyaya səs salan təntənəsidir.

Hörmətli Prezidentimizin son iki ildə Sabirabadın sosial-iqtisadi inkişafı üçün imzaladığı 7 mühüm sərəncam, ayrılan vəsaitlər Sabirabadın, sözün əsl mənasında, yenidən qurulmasına xidmət edir. Bunun nəticəsidir ki, rayonumuz hazırda tikinti meydançasını xatırladır. Son iki ildə 17 kəndi əhatə edən 68 kilometr kəndarası asfalt yolların çəkilməsi, Kür çayı üzərində salınan ikinci körpü, uzun müddət Sabirabad şəhər əhalisinin ağrılı yeri olan malyariyanın ocağı sayılan "Axmaz"ın qurudulması, kanalizasiya sisteminin qurulması üçün görülən işlər, YAP Sabirabad rayon təşkilatı, Maliyyə idarəsi üçün inzibati binaların, Heydər Əliyev Mərkəzinin, analoqu olmayan xəstəxana binasının, 1200 şagirdlik M.Ə.Sabir adına 1 saylı tam orta məktəb üçün binanın inşası, şəhərə və çox sayda kəndə təbii qazın verilməsi, əhalinin işığa və içməli suya olan tələbatının ödənilməsi rayon sakinlərində minnətdarlıq hissi ilə qarşılanır.

Sabirabada dahi şairimiz M.Ə.Sabirin adının verilməsinin 80 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, rayonun ictimai-siyasi həyatında fərqlənən 20 nəfər sabirabadlıya fəxri adların, orden və medalların verilməsi ölkə rəhbərliyinin bizlərə olan diqqət və qayğısının ifadəsidir. Biz sabirabadlılar göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə öz dərin minnətdarlığımızı bildiririk.

Sabirabadlılar Prezident İlham Əliyevin apardığı siyasəti bəyənir, uğurlarını alqışlayırlar. Məlum olduğu kimi, 2013-cü il respublikamızda prezident seçkiləri ilidir. Prezident İlham Əliyevin indiyədək 5 dəfə Sabirabada səfərini, hər gəlişinin yeni-yeni uğurlarla yadda qalmasını, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün həyata keçirdiyi konkret tədbirləri qiymətləndirən sabirabadlılar öz seçimlərini artıq ediblər. Bu seçim cənab İlham Əliyevdir!

 

Bəxtiyar SADIQOV:

- 2004-cü ildən fəaliyyətə başlayan Heydər Əliyev Fondu ötən 9 ildə ulu öndərin adını layiqincə daşıdığını təsdiq edib. Bu gün Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində mərhəmət və xeyirxahlıq ünvanı kimi tanınır. Fond ölkəmizdə demək olar ki, bütün sosial və humanitar istiqamətlər üzrə, o cümlədən mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçirir, Azərbaycanın dünyada tanıdılmasına xidmət edir. Heydər Əliyev Fondu Sabirabadda da xeyirxahlığın, mərhəmətin və quruculuğun ünvanına çevrilib. Bu barədə məlumat vermək üçün söz Cəngən kənd tam orta məktəbin direktoru, respublikanın qabaqcıl təhsil işçisi Sevinc Mirzəyevaya verilir.

 

Sevinc MİRZƏYEVA:

- Unudulmaz rəhbərimiz Heydər Əliyev hələ sağlığında xalqımızın qəlbində özünə əbədi abidə ucaltmış, müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə dövlətimizi dünyada tanıtmışdır. Ulu öndər demişdi: "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur". Məncə, bundan işıqlı, bundan aydın siyasi ideya ola bilməz.

Heydər Əliyev xalqımızın ləyaqət və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə güvənc yeri olmuşdur. Azərbaycanın son yarım əsrə yaxın bir dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində xalqın içtimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi bu böyük şəxsiyyətin adı ilə bağlıdır.

Bu, bir həqiqətdir ki, hər zamanın özünəməxsus tələbi və vəzifələri var. Ümummilli lider Heydər Əliyev də Azərbaycanımızın qarşısında duran vəzifələri dəqiq göstərərək dövlətimizin təməl prinsiplərini müəyyən edib. Bu gün Azərbaycan məhz həmin prinsiplərə istinad edərək yüksəlir, Prezident İlham Əliyevin rəhbərliyi altında zirvələr fəth edir.

Azərbaycan iqtisadi və sosial inkişaf sahəsində dünyaya səs salıb. Beynəlxalq münasibətlərdə dost dövlətlərin sayı durmadan artır. Elə bunun parlaq təcəssümüdür ki, ölkəmiz böyük səs çoxluğu ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü seçildi. Bu, Prezident İlham Əliyevin sayəsində Azərbaycanın tarixi siyasi qələbəsidir!

Bu gün Sabirabad rayonu da inkişaf yolundadır. Prezidentimizin diqqət və qayğısı sayəsində son illər rayonumuzda çoxsaylı işlər görülüb. Artıq rayonumuz Kür çayının yaratdığı fəlakətdən özünə gəlib. Su basmış kəndlərdə bir-birindən yaraşıqlı evləri, məktəbləri görəndə dövlətimizin qüdrətinə "əhsən" deyirsən! Doğrusu, indiki uşaqlara, sözün yaxşı mənasında, adamın paxıllığı tutur. Burada həm müəllimlər, həm də şagirdlər üçün hər cür şərait yaradılıb. Mürsəlli, Qasımbəyli, Əsgərbəyli, keçən ilin axırlarında istifadəyə verilən Eynulla Nadirov adına 8 saylı, Nizami Gəncəvi adına 5 saylı, Nizamikənd, Yuxarı Axtaçı kənd və neçə-neçə digər məktəblər də həsəd aparılacaq səviyyədə yenidən tikilib. Sabirabadlılara, təhsilimizə göstərilən bu qayğı biz müəllimlərdən daha səylə çalışmağı tələb edir. Zəhmətimiz hədər getmir. Təkcə ötən il rayonumuzun 227 məzunu ali məktəblərə qəbul olunub, 19 nəfəri qəbul imtahanlarında 500-dən yuxarı bal toplayıb.

Bu mötəbər tədbirdə bir məsələni xüsusilə vurğulamaq istəyirəm. Keçən il rayonumuzda ilk dəfə olaraq ali məktəblərə qəbul olunan tələbələrlə rayon icra hakimiyyətində görüş keçirilməsi, onların mükafatlandırılması hər bir gəncdə böyük ruh yüksəkliyi yaratmışdır. Bu diqqətə görə minnətdarlığımızı bildiririk!

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyini əziz el bayramı kimi qeyd edərkən ulu öndərin adını daşıyan fondun məqsədyönlü fəaliyyətini də minnətdarlıqla xatırlamaq lazımdır. Heydər Əliyev Fondunun prezidenti, UNESCO  İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkədə milli təhsilin, səhiyyənin və mədəniyyətin hamisi kimi böyük şöhrət qazanmışdır. Heydər Əliyev Fondunun qayğısından Sabirabada da pay düşür. Fondun maliyyə dəstəyi ilə rayonumuzda iki məktəb tikilib istifadəyə verilmişdir. Keçən il fondun bağışladığı 3 avtobus rayonun ən ucqar kəndlərində işləyir. Rayonun bütün imtiyazlı təbəqələrinə əlamətdar bayramlarda fond tərəfindən ərzaq bağlamaları verilməsi bir ənənə şəklini alıb. Biz fondun qayğı və diqqətini həmişə öz üzərimizdə hiss edirik.

Bütün respublikada olduğu kimi, Sabirabadda da Heydər Əliyev Fondu xeyirxahlığın və mərhəmətin simvoluna çevrilmişdir. Müxtəlıf problemlərlə üzləşən rayon sakinlərinin fonda ünvanladığı hər bir müraciətə qayğı və həssaslıqla yanaşılması sabirabadlılarda hədsiz razılıq və minnətdarlıq hissi doğurur. Rayonumuzun təhsil, səhiyyə və mədəniyyət işçiləri də Heydər Əliyev Fondunun mənəvi dəstəyindən yetərincə bəhrələnirlər.

Fürsətdən istifadə edib kənd camaatının minnətdarlığını da ifadə etmək istəyirəm. Müdriklərimiz "yol mədəniyyətdir, yol rahatlıqdır", - deyiblər. Bizim kənd də daxil olmaqla, 11 kəndi əhatə edən 46 kilometr uzunluğunda yeni asfalt yolun çəkilişinə başlanılıb. Hacıqabul-Sabirabad-Horadiz magistral avtomobil yolunun rayonumuzdan, o cümlədən kəndimizin yaxınlığından keçən hissəsinin əsaslı təmiri aparılır. Sovetlərin ən imkanlı vaxtında kəndlərə belə diqqət olmayıb.

Yalnız qüdrətli dövlətlərdə xalqını, millətini sevən rəhbərlər insanlara belə qayğı göstərirlər. Sevinirik ki, belə bir qüdrətli dövlətin vətəndaşıyıq. Biz sevinirik və qürur duyuruq ki, İlham Əliyev kimi xalqının qeydinə qalan, dünya şöhrətli və müdrik dövlət başçımız, qüdrətli Prezidentimiz var!

 

Bəxtiyar SADIQOV:

- Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra Azərbaycanda gənclərin də problemlərinə diqqətlə yanaşıldı. Bu istiqamətdə konkret dövlət siyasəti hazırlandı. Bu gün Prezident İlham Əliyev həmin siyasəti uğurla davam etdirir. Bunun nəticəsidir ki, gənclərə mühüm dövlət vəzifələri həvalə edilir, gənclərimiz təhsil üçün xarici ölkələrə göndərilir. İndi Azərbaycan gəncinin səsi ən mötəbər ünvanlardan gəlir. Bu barədə danışmaq üçün söz Azərbaycan Vətəndaş Cəmiyyətndə Debat İçtimai Birliyinin Aran Regional Debat Mərkəzinin sədri Murad Həsənliyə verilir.

 

Murad HƏSƏNLİ:

- Vətənimiz Azərbaycanı dağılmaqdan, parçalanmadan xilas edən, qüdrətli dövlətimizi quran ulu öndər Heydər Əliyev hər birimizin qəlbindədir. Məhz Heydər Əliyev bizi bugünkü işıqlı günə çıxardı, ölkəmizi dünyada tanıtdı! Gənclərimizə də doğru yolu ulu öndər göstərdi. Hələ sovetlər dövründə "gənclər gələcəyimizin qurucularıdır" - deyərək mükəmməl təhsil almaları üçün minlərlə gənc Sovet İttifaqının ən nüfuzlu ali məktəblərinə göndərdi. Zamanın sərt qadağalarına baxmayaraq, ölkəmizdə ilk hərbi məktəbləri də məhz dahi rəhbərimiz yaratdı. Ulu öndər xalqımızın çağırışı ilə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da ölkəmizdə gənclər siyasətinin əsasını qoydu, gəncliyə geniş yol açdı. Onun bizə ərməğan etdiyi yol şərəfli yoldur, işıqlıdır!

Biz mənən xalqımızın ümummilli liderinə çox borcluyuq. Onun irsini öyrənmək, özü də mükəmməl öyrənmək hər birimizin borcudur. Bu gün rayonumuzda  möhtəşəm bir bina - Heydər Əliyev Mərkəzi inşa olunur. Bu bina Vətənini, millətini sevən hər kəs üçün müqəddəs və əziz bir məkan olacaq! Bu məkan biz gənclərə də böyük Heydər Əliyev kimi yaşamaq və işləmək öyrədəcəkdir. Nə qədər Azərbaycan, nə qədər Azərbaycan xalqı var, Heydər Əliyev də olacaqdır!

Biz çox bəxtiyarıq ki, Prezident İlham Əliyev bizi Heydər Əliyev yolu ilə daha böyük qələbələrə və uğurlara aparır. Gənclərin təhsili ilə bağlı bir-birinin ardınca proqramlar qəbul edilır və gəncliyə hər cür şərait yaradılır. Bu sonsuz diqqət və qayğıya görə ali rəhbərimizə gənclərimizin dərin minnətdarlığını bildiririk.

Müasir Azərbaycan gəncliyi özünün inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatlarında iştirak edərək uğurlu nəticələrə imza atırlar, üçrəngli bayrağımızı göylərə qaldırırlar.

"İdman ili" elan etdiyiniz 2012-ci ili sabirabadlı gənclər də uğurla yola saldılar. Rayonda demək olar ki, hər gün Prezident İlham Əliyevin təşəbbüsü ilə tikilən Olimpiya İdman Kompleksində bir-birindən maraqlı yarışlar keçirildi, qaliblər mükafatlandırıldı. Rayonumuzun onlarla yetirməsi beynəlxalq və ölkə yarışlarının çempionu oldular.

İndi ölkəmiz Avropa Olimpiya Oyunlarına hazırlaşır. Sevinirik ona görə ki, Avropada ilk Olimpiya Oyunları Azərbaycanda keçiriləcək. Bu, ölkəmizin gücünün, qüvvətinin göstəricisidir. Bu, həm də Prezidentimizin qüdrətinin təcəssümüdür! Qürurla deyə bilərik ki, Prezident İlham Əliyevin möhtəşəm fəaliyyəti hər birimiz üçün örnəkdir. Biz vətənsevərliyi, doğma diyara vurğunluğu dövlət başçımızdan öyrənmişik, gələcəyə açıq gözlə baxırıq.

Lakin təəssüf hissi ilə demək istəyirik ki, xarici düşmənlərimizin əli ilə vətənini, torpağını satmağa hazır olan bəzi pozucu qüvvələr, bu torpağın suyundan içərək böyüyən, bu dövlətdə təhsil alan bəzi gənclər ölkəmizdə daxili sabitliyi pozmağa, xaos yaratmağa, respublikada günbəgün artan inkişaf prosesinə mane olmağa, Azərbaycanı beynəlxalq arenada nüfuzdan salmağa cəhd edirlər. Biz belə halları lənətləyirik və hər vaxt yumruq kimi birləşərək müstəqil dövlətimizin suvernliyinə xələl gətirənləri, haqq yolumuz üstündə dayananları süpürüb atmağa hazırıq.

Ölkəmizin hər yerində olduğu kimi, son illər Muğanımızın bu baş şəhərinin gözəlləşməsi də mənim kimi yüzlərlə gəncə yeni ruh verib, işləmək əzmi gətirib. İndi Sabirabad yenidən tikilir. Hər tərəfdə bir işgüzarlıq əhval-ruhiyyəsi duyulur. Yollar çəkilir, körpülər, park və xiyabanlar salınır. Məktəblər inşa olunur. Təkcə keçən il 6 yeni məktəb tikildı, uşaqların yaxşı təhsil alması üçün hər cür şərait yaradıldı.

Virtual dünyamız yeni dönəmə daxil olub. Gənclər bu dünyada xüsusilə fərqlənirlər. Bu gün sürətli inkişafın mayasında elektron məkan dayanır. Təsadüfi deyil ki,  Prezident İlham Əliyev 2013-cü ili "İnformasiya-kommunukasiya texnologiyaları ili" elan etmişdir. Deməli, biz sürətli, daim inkişafda olan bir aləmdəyik.

Qətiyyətlə deyə bilərik ki, xoşbəxt gələcəyimizin sükanı çox etibarlı və bacarıqlı əllərdədir. Ona görə qarşıdakı prezident seçkilərində yeganə namizədimiz cənab İlham Əliyevdir. Biz gənclər İlham Əliyev siyasətinə səs verəcəyik.

"Dəyirmi masa"da çıxış edən Sabirabad rayon Suvarma Sistemləri İdarəsinin rəisi Əflan Aslanov bildirdi ki, Azərbaycanda meliorasıyanın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

Ulu öndərin şəxsi təşəbbüsü və bilavasitə iştirakı ilə respublikamızda müasir texniki səviyyəlı meliorasiya və irriqasiya sistemləri yaradılmış, iri su anbarları, hidroqovşaqlar, nasos stansiyaları və digər qurğular tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Azərbaycanda birinci hakimiyyəti dövründə Sabirabadda da torpaqların suvarılmasına, meliorasiya işlərinin vaxtında aparılmasına böyük diqqət yetirmişdir. Elə bu sahədə görülən səmərəli işlərin nəticəsi idi ki, Sabirabad rayonu pambıq istehsalını 110 min tona çatdırmışdı, taxılçılıqda yüksək məhsuldarlığa nail olmuşdu.

Fərəhlənirik ki, bu gün ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezıdent İlham Əliyev bu sahəyə çox böyük önəm verir. Dövlət başçısının şəxsi təşəbbüsü və rəhbərliyi altında yeni-yeni irimiqyaslı meliorasiya və irriqasiya sistemlərinin tikintisi uğurla davam etdirilir. Meliorasiyanın inkişafı üçün Dünya Bankının kredit xətləri meliorasiya və irriqasiyanın potensial sahələrinə yönəldilir. Belə ki, həmin kredit xətlərindən ayrılmış investisiyalar hesabına Sabir kanalı üzərində 4 ədəd baş səviyyəqaldırıcı qurğu tikilmişdir. Əhmədabad kəndində 1299 ha ərazidə cəmiyyətimizin və hökumətimizin Dünya Bankı ilə birlikdə malıyyələşdirdiyi "SİB-lərin inkişafına Dəstək Layihəsi" çərçivəsində suvarma infrastrukturu müasir səviyyədə yenidən qurulur, hazırda bu sahədə təmir-bərpa işləri uğurla davam etdirilir.

Prezident İlham Əliyevin ölkə əhalisinin ərzaq məhsulları ilə təminatını daha da yaxşılaşdırmaq tədbirləri barədə müvafiq fərmanına uyğun olaraq, "Sabirabad rayonunda yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması" layihəsinin ilkin texniki-iqtisadi əsaslandırılması başa çatdırılmışdır. Layihə nəticəsində Muğangəncəli kəndində Kür çayı üzərində məhsuldarlığı 11,5 m3 san olan nasos stansiyası qurulacaq və vurulan su yeni çəkilən ümumi uzunluğu 66 km olan magistral və təsərrüfatlararası kanallar vasitəsilə suvarma suyu ilə təmin edilərək 13866 ha torpaq yeni əkinə yararlı torpaq sahələri dövriyyəsinə qoşulacaqdır. Bu layihələrin gerçəkləşməsi ilə ucqar kəndlərimizin su təminatı daha da yaxşılaşacaq, yeni əkin sahələri dövriyyəyə qoşulmaqla bol kənd təsərrüfatı məhsulları istehsalının dinamik inkişafına imkanlar yaranacaq.

Rayonun Ulacalı və Əhmədabad kəndlərində Dünya Bankının vəsaiti hesabına Sudan İstifadə Edənlər birliklərinin inkişafına dəstək layihəsi həyata keçirilir ki, bu da həmin ərazilərdə mövcud suvarma və drenaj-kollektor şəbəkələrinin əsaslı şəkildə yenidən qurulmasını təmin edəcək.

 

"Dəyirmi masa"ya yekun vuran Bəxtiyar SADIQOV dedi:

- Ümummilli lider Heydər Əliyev xalqının əsrlər boyu cilalanmış dövlətçilik təfəkkürü, siyasi dünyagörüşü, milli dəyərləri əsasında optimal dövlət modeli və siyasi varislik ənənələri yaratmış şəxsiyyət idi. Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işləri hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Və hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyi ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar ümummilli lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir.

Qarşıdan prezident seçkiləri gəlir. Çıxışlarda da bu barədə deyildi. Azərbaycan xalqı Heydər Əliyev siyasətinə alternativ görmür! Çünki məhz bu siyasət Azərbaycanı müstəqil dövlət olaraq yaşadır, möhkəmləndirir, xalqımızı firavan edir! Ona görə qarşıdan gələn prezident seçkilərində Azərbaycan xalqı cənab İlham Əliyevin namizədliyini dəstəkləməklə Heydər Əliyev siyasətinin davam etdirilməsinə səs verəcəkdir.

 

 

Azərbaycan.-2013.- 19 aprel.- S.3-4.