İnsanların rifahına xidmət edən
siyasətin banisi
Ulu öndər
Heydər Əliyevin müəyyən etdiyi əhalinin sosial
müdafiəsi kursu Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməklə yanaşı, həm də
yeni mexanizm və vasitələrlə zənginləşdirilir
Böyük
siyasi və tarixi hadisə ərəfəsindəyik. Qarşıdan
ulu öndər, Azərbaycan dövlətçiliyi naminə
fədakar fəaliyyəti nəticəsində
xalqımızın ümummilli liderinə çevrilmiş
Heydər Əliyevin 90 illik yublileyi gəlir. Bu böyuk hadisə
respublikamızın hər yerində böyük ehtiram və
sonsuz sevgi hissi ilə qeyd edilir. Zaman kəsiyi uzandıqca Heydər
Əliyev dühasının müstəqil və müasir Azərbaycanın
tarixindəki əvəzsiz rolu, siyasi uzaqgörənliyi və
əzmkarlığı, dövlətçiliyimizin möhkəmlənməsinə,
müstəqilliyimizin əbədi olmasına verdiyi töhfələr
daha dərindən dərk edilir, bu dahi şəxsiyyətin
siyasi əzəməti barədə yeni fikir yürütməyə
mənəvi ehtiyac duyulur. Bu məqalədə ulu öndər
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən
sosial siyasətin bəzi aspektlərini və Prezident İlham Əliyevin
modern dövlət quruculuğu prosesində sosial siyasətin
prioritetlərini təhlil etməyə
çalışacağıq.
Müasir elmi-nəzəri mülahizələrə görə, sosial siyasət dedikdə əhalinin həyati mənafeyinin təmin olunmasına yönəldilmiş konkret tədbirlər sistemi nəzərdə tutulur. Sosial siyasət çoxcəhətli prosesdir, o, mürəkkəb struktura malikdir. Bu siyasətin hər hansı bir göstəricisini əsas götürərək bütövlükdə cəmiyyətin ümumi inkişafı haqqında fikir yürütmək olar. Bütövlükdə isə sosial siyasətin başlıca məqsədi yoxsulluğun və sosial təzadların olmadığı, yüksək həyat səviyyəsinə malik, sosial ziddiyyətlərin kəskin münaqişələrsiz həll edildiyi bir cəmiyyəti formalaşdırmaqdan ibarətdir. Sosial siyasətin vəzifələri həm də insanların tələbatının və maraqlarının ödənilməsi üçün şərait yaratmaqdan, hər kəsdə fəal həyat mövqeyi formalaşdırmaqdan, ayrı-ayrı vətəndaşlara, sosial qruplara yardım göstərməkdən, onların sosial müdafiəsini və reabilitasiyasını təşkil etməkdən, maddi imkanlardan səmərəli istifadə etməyi öyrətməkdən, cəmiyyətin əmək qabiliyyətli hər bir üzvünün həyat səviyyəsinin onun öz səylərindən asılı olduğunu dərk etdirməkdən ibarətdir. Bütün təbəqə və qrupların maraqlarını nəzərə alan sosial siyasət cəmiyyətin sabitliyinə, kollektiv həmrəyliyə, sosial gərginliyin aradan qaldırılmasına, ictimai əxlaqın humanistləşməsinə, əlverişli sosial-psixoloji iqlimin yaranmasına kömək edir. Müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin vaxtilə əsasını qoyduğu sosial siyasətin üstünlüyü məhz bu cür mütərəqqi konsepsiyalara əsaslanmasıdır.
Heydər Əliyevin hakimiyyətə gəlişinədək ölkədə populist, heç bir iqtisadi qanunlara cavab verməyən sosial siyasət mövcud idi. Bu siyasət ayrı-ayrı sosial qruplara ünvansız, ehtiyaclarını dəqiqliklə qiymətləndirmədən güzəşt və imtiyazların verilməsini nəzərdə tuturdu. Əhalinin sosial müdafiəsinə bu cür yanaşma nəticə etibarilə sosial ədalətsizliyə və sosial müdafiəsizliyə gətirib çıxarırdı. O dövrdə məlum proseslər fonunda sosial sferada baş qaldıran problemləri orta və yaşlı nəsil yaxşı xatırlayır. Bununla yanaşı, inflyasiya, iqtisadiyyatın güclü böhran yaşaması, əvvəlki iqtisadi əlaqələrin dağılması və yenilərinin yaranmaması, bir yandan isə ölkəmizin zorla cəlb olunduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi fonunda əhali yoxsulluq həddinə düşmüş, özünün minimal sosial tələbatlarını ödəmək imkanlarından məhrum olmuşdu.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Təbii ki, yeni sosial siyasətin formalaşması dövlətin kompleks inkişafının və yeni iqtisadi sistemə keçidinin tərkib hissəsi kimi nəzərdən keçirildi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi və Azərbaycan xalqının sosial rifahının artırılmasını, əhalinin bütün təbəqələri üçün bərabər sosial təminatı fəaliyyətinin başlıca məqsədi kimi elan etdi. Ulu öndərin ölkənin böyük perspektivlərinə hesablanmış strateji proqramının başlıca məqsədlərindən biri xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi idi.
Yeni, kövrək addımlarını atan Azərbaycan özünün hədəflərini düzgün müəyyən etmişdi. Bu, hüquqi aspektdə demokratik, hüquqi, iqtisadi aspektdə bazar münasibətlərinə rəvac verən, sahibkarlığı və çoxmülkiyyətçiliyi dəstəkləyən, sosial aspektdə isə hər kəsin layiqli həyat səviyyəsini təmin etməyi öhdəsinə götürən güclü dövlət ideyası idi. Heydər Əliyev güclü dövlət ideyasına sadiq qalaraq, ilk növbədə, sosial problemlərin həlli sahəsində dövlətin rolunun artırılmasına xüsusi əhəmiyyət verirdi. Bunu ulu öndərin 1994-cü ildə imzaladığı fərmanlar da göstərir. Bunlardan biri "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və iqtisadiyyatın maliyyə vəziyyətinin sabitləşdirilməsi tədbirləri haqqında" 1994-cü il 15 iyun tarixli fərmandır. Bu sənədin əsas məqsədlərindən biri mövcud olan inflyasiyanın qarşısının alınmasına yönəlmişdi və bu, həmin dövr üçün olduqca vacib əhəmiyyət kəsb edirdi. Bu sənəddən gələn vəzifələrin daha effektiv yerinə yetirilməsinə nail olmaq və yol verilən bəzi qüsurların aradan qaldırılması üçün Heydər Əliyev "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında" 1994-cü il 24 oktyabr tarixli növbəti sənəd imzaladı. Yeni fərman bilavasitə əhalinin sosial müdafiəsinin daha etibarlı şəkildə qorunmasına xidmət etdi. Ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi olan Konstitusiyada isə Azərbaycan dövlətinin hər bir vətəndaşının sosial müdafiəsinin və layiqli həyat səviyyəsinin qayğısına qaldığı bəyan olundu.
Heydər Əliyevin əsasını qoyduğu sosial siyasətin iki əsas xarakterik cəhətini xüsusilə qeyd etmək yerinə düşər. Bunlardan biri sosial siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, ikincisi isə onun mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ hüquqi bazaya söykənməsidir. Bu baxımdan, biz Heydər Əliyevin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər yetirsək görərik ki, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra bu sahədə əhəmiyyətli addımlar atıldı. Ayrı-ayrı kateqoriyadan olan şəxslərin sosial müdafiəsi üzrə müxtəlif qanunlar - "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında", "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında", "Veteranlar haqqında" və s. qanunlar qəbul edildi, şəhid ailələrinin, qaçqınların, məcburi köçkünlərin, müharibə və 20 Yanvar əlillərinin, veteranların sosial təminatının yaxşılaşdırılması istiqamətində çoxsaylı fərman və sərəncamlar imzalandı.
Sonrakı illərdə əhalinin etibarlı sosial müdafiəsinin təşkili istiqamətində görülən işlər Azərbaycanın sosial dövlət kimi qarşıya qoyduğu hədəflərə doğru inamla irəlilədiyini göstərdi. 1997-ci ildə "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununa dəyişiklik və əlavələr edilməsi barədə" qanuna dəyişikliklərdən sonra 1993-cü ilə qədər təqaüdə çıxmış vətəndaşların pensiyasının 2,2 dəfə artırılması, əlillərin, tənha, ahıl vətəndaşların və sosial təqaüdçülərin pensiyalarının üzərinə əlavə müavinətlərin hesablanması, 1998-ci ilin avqustundan pensiyaların yeni hesablanma mexanizminin tətbiqi nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləğinin 2 dəfədən çox artırılması, minimum pensiya ilə daha yüksək pensiya alanlar arasında uyğunsuzluğu aradan qaldırmaq üçün 1 yanvar 2000-ci ildən 450 min nəfərin pensiyasının minimum məbləğinin artırılması bunu təsdiq edir. Heydər Əliyevin 29 dekabr 2000-ci il tarixli "Əlil olmuş və digər kateqoriyadan olan bir qrup aztəminatlı vətəndaşa dövlət yardımının artırılması haqqında" sərəncamına əsasən, ölkəmizi erməni təcavüzündən müdafiə edərkən və 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə verilən aylıq müavinətlər artırıldı. Növbəti ildə isə bu kateqoriyadan olan insanlara hesablanan aylıq müavinətlər orta hesabla yenidən 50 faizə kimi çoxaldıldı.
Bu gün aztəminatlı ailələrə, müharibə veteranlarına və əlillərə mənzillərin və avtomobillərin verilməsi, əlillərin reabilitasiyası məsələləri Heydər Əliyevin hakimiyyətə dönüşündən sonra dövlətin iqtisadi imkanlarına uyğun olaraq vüsət almağa başladı.
Yoxsulluğun
azaldılması hazırda beynəlxalq ictimaiyyət
qarşısında duran ümumbəşəri bir problemdir. Ölkəmizdə
bu problemin həlli aktual olsa da, bu sahədə nailiyyətlərin
qazanılması üçün irimiqyaslı maliyyə
resursları tələb olunurdu. Heydər Əliyevin yeni neft
strategiyasının həyata keçirilməsi, "Əsrin
müqaviləsi" çərçivəsində ölkəmizə
maliyyə vəsaitlərinin daxil olması yoxsulluqla ciddi
mübarizəyə başlanmasına zəmin yaratdı.
Ümummilli liderin 2001-ci il 2 mart tarixli sərəncamı ilə
xüsusi dövlət komissiyası yaradılmış və
Azərbaycan Respublikası Baş nazirinin sədrlik etdiyi bu
komissiyaya yoxsulluğun azaldılması sahəsində
Dövlət Proqramının hazırlanması həvalə
olunmuşdu. Olduqca mürəkkəb bir sənəd olan
"2003-2005-ci illər üçün Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və iqtisadi
inkişaf üzrə Dövlət Proqramı" 2003-cü
il fevral ayının 20-də təsdiq edildi. Dövlət
proqramının icrasına başlandığı dövrdə
ölkə üzrə yoxsulluq səviyyəsi 49 faiz qiymətləndirilirdi.
Proqramın icrası nəticəsində 2005-ci ilədək
ölkədə yoxsulluq səviyyəsi 29,3 faizə
düşdü.
Xatırladaq
ki, ulu öndər Heydər Əliyev tərəfindən
ölkədə sosial sahədə inkişafın təmin
olunmasına xidmət edən 60-dan artıq sənəd
imzalanıb. Bu da ondan xəbər verir ki, Heydər Əliyevin
həyata keçirdiyi sosial siyasət əhalinin
rifahının yüksəldilməsinə, sosial müdafiəsinə
xidmət etməklə Azərbaycanda dövlət
quruculuğu prosesinin əsas istiqamətlərindən birini təşkil
edib.
Ümummilli
lider Heydər Əliyev Azərbaycan xalqına son müraciətində
İlham Əliyevi özünün siyasi varisi olduğunu bəyan
edərək demişdir: "İnanıram ki, mənim
axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,
planları, işləri sizin köməyiniz və dəstəyinizlə
İlham Əliyev başa çatdıra biləcək. Mən
ona özüm qədər inanıram və gələcəyinə
böyük ümidlər bəsləyirəm". Müraciətdən
ötən 10 ilə yaxın müddət təsdiq edir ki,
böyük öndər nə qədər haqlı imiş.
Xalqımız həm 2003-cü, həm də 2008-ci ildə
öz seçimi ilə bir daha Heydər Əliyev kursunun
yaşamasına, davam etməsinə səs verdi.
Prezident
İlham Əliyevin iqtisadi sferada həyata keçirdiyi siyasətin
və kompleks inkişafın özünü qabarıq
göstərən ən önəmli cəhətlərindən
biri sosialyönümlülük faktorunun daim ön planda
olmasıdır. Dövlət başçısının
sosial siyasətinin də fəlsəfəsi əsasən ondan
ibarətdir ki, ölkəmizdə aztəminatlı insan
olmamalıdır. Fərəhli
haldır ki, cənab İlham Əliyevin həm birinci, həm
də ikinci prezidentlik müddətinin arxada qalan dövrü
sosial problemlərin aradan qaldırılmasına xidmət edən
kompleks tədbirlərin işlənib hazırlanması və
uğurla reallaşması ilə əlamətdar olub,
aparılan islahatların sosial yönümü təmin edilib.
Prezident İlham Əliyevin verdiyi bütün vədləri
yerinə yetirməsi, əhalinin sosial müdafiəsinin
gücləndirilməsi üçün zəruri addımlar
atması ölkəmizin sosial sahədəki nailiyyətlərinin
ana xəttini təşkil edib. İqtisadiyyatda həyata
keçirilən köklü dəyişikliklər bu sferada
dinamik və davamlı inkişafı təmin etməklə bərabər,
əhalinin sosial təminatının gücləndirilməsinə
və maddi rifah halının yaxşılaşdırılmasına
geniş imkanlar açıb. Məsələn, 2004-cü ildən
başlanan respublikanın regionlarının sosial-iqtisadi
inkişafına dair dövlət proqramları qeyri-neft
sektorunun inkişafına, yeni iş yerlərinin
açılmasına və müəssisələrin
yaradılmasına, bununla əhalinin məşğulluğunun
artırılmasına və yoxsulluğun azaldılmasına,
regionlarda kommunal, xidmət və sosial infrastruktur təminatının
həcmi və keyfiyyətinin yüksəldilməsinə,
iqtisadiyyata investisiya qoyuluşunun artmasına mühüm təkan
verib, bu istiqamətdə geniş imkanlar açıb.
Azərbaycanla
sosial sferada həyata keçirilən siyasətin əsas hədəflərindən
biri yoxsulluğun tam aradan qaldırılmasıdır.
Yoxsulluğun azaldılması üzrə 2003-2005-ci illər
üzrə dövlət proqramından bir qədər əvvəl
bəhs etdik. 2008-ci ildə Prezident İlham Əliyev bu istiqamətdə növbəti dövlət
proqramını təsdiqlədi. 2015-ci ilədək
dövrü əhatə edən bu proqramın
qarşısında duran məqsədlərin vaxtında yerinə
yetiriləcəyi şübhəsizdir.
İqtisadi
inkişaf həm də sosial sferada çoxşaxəli
islahatlar aparmağa, bir sıra ölkələrdə təcrübədən
uğurla çıxmış təkmil sosial mexanizmləri tətbiq
etməyə imkan verir. Məsələn, 2005-ci il oktyabrın
21-də dövlət başçısının aztəminatlı
əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi
məqsədilə "Ünvanlı dövlət sosial
yardımı haqqında" imzaladığı qanun ölkənin
aztəminatlı təbəqəsinin maddi rifah halının
yüksəlməsində mühüm rol oynamağa
başlayıb. İldən-ilə bu yardımın verilmə
mexanizmi daha da təkmilləşdirilir. Ünvanlı sosial
yardım təyin edilərkən yoxsulluğun mənfi nəticələrinin
yüngülləşdirilməsi, bu yardımın real olaraq
ehtiyaca uyğun müəyyən edilməsi və subyektin dəqiq
seçilməsi vacib faktor kimi nəzərdə tutulur. Son
hesablamalara görə, hazırda 124 mindən çox ailənin
hər birinə ayda orta hesabla 114 manat, hər ailə
üzvünə 26 manat ünvanlı sosial yardım ödənilir.
Ehtiyac meyarının məbləği 2006-ci ildəki 30
manatla müqayisədə ötən müddətdə təxminən
3 dəfə artıb. Ötən ilin yekununa əsasən,
ölkə üzrə 403 266 nəfərə aylıq, o
cümlədən 90 584 nəfərə birdəfəlik
sosial müavinət ödənilir.
Bu
gün Azərbaycan Respublikası Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi dövlətin ilbəil güclənən
sosial siyasətinin yüksək səviyyədə
icrasına, ölkə əhalisinin rifah halının
yaxşılaşdırılmasına mühüm töhfələr
verən və bu səbəbdən cəmiyyətin inam və
etimadını qazanmış bir hökumət strukturu kimi fəaliyyətini
uğurla davam etdirir. "Azərbaycanda heç kim yoxsulluq
şəraitində yaşamamalıdır. Yoxsul insan
olmamalıdır" - deyən Prezident İlham Əliyev bunu
dövlətin qarşısında strateji məqsəd kimi
müəyyən edib. Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi də bu strateji sosial məqsədə
nail olunmasına, yoxsulluğun aradan qaldırılmasına
ünvanlı sosial yardım sistemi ilə paralel olaraq, aktiv
formada da dəstək verilməsi ilə bağlı mütərəqqi
dünya təcrübəsindən irəli gələn iş
mexanizmlərinə üstünlük verir. Bu mənada, aztəminatlı
ailələrin potensial imkanları müqabilində şəxsi
təsərrüfatlarını yaradaraq inkişaf etdirmələri,
beləliklə, gəlirlərini artırmaları
üçün onlara aktiv şəkildə dəstək
verilməsi, nəticədə dövlətin sosial
yardımından asılılığının aradan
qaldırılması və yoxsulluqdan çıxmalarına
şərait yaradılması nazirliyin əsas hədəflərindən
biridir. Bu məqsədlə hazırlanan Birdəfəlik
ünvanlı sosial yardım - "Özünədəstək"
proqramı uğurla reallaşdırılmaqdadır.
Proqramın məqsədi ünvanlı yardım alan aztəminatlı
ailələrin potensial imkanlara malik olan hissəsinin şəxsi
təsərrüfatlarını yaradaraq inkişaf etdirmələrinə
və gəlirlərini artırmalarına, beləliklə,
dövlətin sosial yardımından
asılılığının aradan qaldırılmasına
şərait yaratmaqdır. Qeyd edək ki, "Özünədəstək"
proqramı kənd yerlərində maldarlıq və əkinçilik,
şəhər və qəsəbələrdə isə əmtəə
və xidmətlər istehsalı sahəsində aztəminatlı
ailələrin səmərəli məşğulluğuna
aktiv formada dəstək verilməsi məqsədilə
ünvanlı yardım almaq hüququna malik ailələrə
həmin yardımın orta aylıq məbləğinin 12
misli məbləğində birdəfəlik pul yardımı
ödənilməsini nəzərdə tutur. Ünvanlı
yardım alan ailənin əmək qabiliyyətli
üzvünün, o cümlədən mal-qara saxlamaq
üçün tövləsinin, yaxud əkib-becərmək
üçün torpaq sahəsinin, qəsəbə və
şəhər yerlərində kiçik əmtəə və
xidmətlər istehsalı üçün müəyyən
potensialının, həmçinin seçilmiş fəaliyyət
növündə səriştəsinin olması və s. onun
qeyd olunan proqrama cəlb edilməsi üçün
hesablanır. Aparılan araşdırmalar nəticəsində
hazırda ünvanlı yardım alan ailələrin belə
potensiala malik olan təxminən 30 faizinin "Özünədəstək"
proqramına cəlb edilməsi gözlənilir.
"Özünədəstək" proqramının
sınaq işlərinə 2011-ci ilin aprelində Tovuz rayonunun
Vahidli kəndində başlanılıb və ötən
müddətdə artıq 13 rayon üzrə 281 ailə bu
layihəyə cəlb edilib. Ötən ilin sonunda aparılan
monitorinqin nəticələrinə görə, proqrama cəlb
edilmiş ailələrin 96 faizinin gəlirlərində
artım baş verib və onlar artıq reabilitasiya olunublar.
Aztəminatlı
əhaliyə dövlət qayğısını əks etdirən
göstəricilər içərisində ayrı-ayrı
qrup vətəndaşlara müxtəlif güzəştlərin
və imtiyazların verilməsi xüsusi qeyd edilməlidir. Son
bir neçə ildə sosial müdafiəyə ehtiyacı
olan şəxslərin maddi durumunun
yaxşılaşdırılmasına yönəldilən tədbirlərlə
yanaşı, onların bəzi zəruri tələbatlarının
ödənilməsi üçün də dövlət
büdcəsindən ayrılan vəsaitlərin miqdarı
artırılıb. Bununla da son illərdə müharibə əlilləri
və veteranları, şəhid ailələri
üçün yaşayış evlərinin tikintisi, onların
minik avtomobilləri ilə təmini sürətlənib, əlillərin
sanatoriya-kurort müalicəsinin təşkili, minlərlə
ailəyə hər il pulsuz dərman preparatlarının
verilməsi yeni mərhələyə qədəm qoyub.
1997-ci illə müqayisədə əlil və şəhid
ailələri üçün inşa olunan mənzillərin
illik sayı 10 dəfəyə yaxın artıb. Belə ki,
1997-ci il ərzində 81 mənzil inşa olunduğu halda
hazırda bu rəqəm dəfələrlə çoxdur.
İndiyədək 3525 nəfər bu təbəqələrdən
olan vətəndaş dövlət hesabına minik avtomobili ilə
təmin edilib.
Təbii
ki, sosial cəhətdən həssas vətəndaşların
reabilitasiyası işinin daha dolğun və səmərəli
təşkili, bərpa-müalicə şəbəkəsinin
genişləndirilməsi də Azərbaycanda həyata
keçirilən sosial siyasətin uğuru kimi cəmiyyət
tərəfindən razılıqla qarşılanır. Son
illərdə bu istiqamətdə mühüm nailiyyətlərə
imza atılıb, bir çox köhnə sosial infrastruktur təzələnib,
həmçinin çoxlu sayda yeniləri yaradılıb. Bu
isə ölkəmizdə həyata keçirilən sosial
siyasətin prioritet istiqamətlərinin düzgün müəyyən
olunduğunu nümayiş etdirir.
Bütövlükdə, son illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikada bərpa-müalicə şəbəkəsinin genişləndirilməsi istiqamətində nazirlik tərəfindən konkret addımlar atılıb, Naftalan, Xaçmaz, Yevlax şəhərlərində əlillərin bərpa mərkəzləri yaradılıb, mövcud bərpa mərkəzlərinin maddi-texniki bazası gücləndirilib. Görülən hər bir işdə müasir yanaşma tərzinə, qabaqcıl təcrübəyə istinad edilməsi ilə dövlət başçısının verdiyi tapşırıqlar nazirliyin fəaliyyətində daim rəhbər tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial cəhətdən həssas vətəndaşların reabilitasiyası işinin daha dolğun və səmərəli təşkilinə, bu sahədə effektli və təsirli ola biləcək yeni layihələrə, mütərəqqi iş üsullarına xüsusi önəm verir. Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən biri də nazirliyin nəzdində olan, hər il 8 min nəfərdən çox əlilə xidmət göstərən tibbi bərpa müəssisələrində, eyni zamanda, çoxşaxəli sosial reabilitasiya metodlarının tətbiqidir. Eyni zamanda, həmin mərkəzlərin əsaslı təmiri və yenidən qurulması, onlarda xidmət səviyyəsinin yüksəldilməsi, bölgələrdə yeni müasir tələblərə cavab verən mərkəzlərin yaradılması ilə ölkə üzrə reabilitasiya şəbəkəsinin daha da genişləndirilməsi prioritet istiqamətlərdən biridir.
Əlillərin xarici ölkələrdə də bərpa-müalicə kursu keçmələri diqqət mərkəzində saxlanılır. Yalnız 2012-ci il ərzində 83 nəfər əlilin Ukrayna və Bolqarıstanda bərpa müalicəsi təmin olunub.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkədə sosial təminat sisteminin təkmilləşdirilməsinə göstərdiyi xüsusi diqqət və qayğıya uyğun olaraq, sosial xidmət müəssisələrində müasir tələblərə cavab verən şəraitin yaradılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin əsas prioritetlərindən birinə çevrilib. Bu istiqamətdə görülən işlərin davamı kimi Bilgəhdəki Müharibə və əmək əlilləri pansionatında (Qocalar evi) əsaslı təmir işləri yerinə yetirilməklə, pansionat üçün 5 mərtəbəli 170 yerlik ikinci korpus inşa olunur.
Ümumiyyətlə, son illərdə Şağan 3 saylı, Saray 7 saylı və Buzovna 9 saylı internat evlərində nümunəvi yaşayış şəraiti yaradılmışdır. Digər sosial xidmət müəssisələrində də müasir tələblərə uyğun şəraitin yaradılması nəzərdə tutulur. Belə ki, nazirliyin 1 nömrəli Şamaxı İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmiri və yeni korpusunun tikintisi, Gəncə Pensiyaçılara Ərazi Sosial Xidmət Mərkəzinin, 8 nömrəli Göygöl İxtisaslaşdırılmış Ruhi-Əsəb İnternat Evinin əsaslı təmir və yenidən qurulması işləri aparılacaq.
Ölkəmizdə əhalinin sosial müdafiəsi istiqamətində həyata keçirilən və ya hazırlanan yeni layihələr də sosial müdafiə sisteminin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Onların bəzilərinə nəzər yetirək. Yeni layihələrdən biri də valideyn himayəsindən məhrum olmaları və müvafiq dövlət strukturlarında qeydiyyata alınmamaları səbəbindən baxımsız qalmış uşaqların sosial təminatla əhatə olunmaları və sosial reabilitasiya edilmələri məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində 50 nəfərlik ixtisaslaşdırılmış Sosial Reabilitasiya Mərkəzi və Sosial Sığınacağın inşa edilməsidir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən, inşa olunan mərkəzin və sığınacağın tikintisinin cari ildə başa çatdırılması, həmçinin respublikanın daha 7 rayonunda belə mərkəzlərin yaradılması planlaşdırılır. Sosial reabilitasiya mərkəzləri və sığınacaqlar baxımsız qalmış uşaqların problemlərinin həllinə, təhsillərinin inkişaf etdirilməsinə, cəmiyyətə inteqrasiya olunmalarına kömək göstərəcək, onlara tibbi, hüquqi, sosial xidmətlərin göstərilməsini təmin edəcək. Həmçinin ehtiyac olduğu təqdirdə baxımsız uşaqlar sığınacaqla təmin olunacaq.
İşsiz
və işaxtaran vətəndaşların müstəqil
olaraq boş iş yerləri haqqında daha geniş məlumat
ala bilmələri üçün yeni texnologiyaların tətbiqinə
xüsusi önəm verilir. Belə ki, Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq
Xidməti tərəfindən hazırda bu məqsədlə əhalinin
sıx toplaşdığı yerlərdə mövcud
vakansiyalar barədə məlumatları özündə əks
etdirən elektron-məlumat köşklərinin
quraşdırılması işləri davam etdirilir. Burada əsas
məqsəd işaxtaran vətəndaşın məşğulluq
xidməti orqanlarına getmədən elektron məlumat
köşklərindən istifadə etməklə
ayrı-ayrı müəssisələrdə mövcud olan
boş iş yerləri barədə operativ məlumat əldə
etmək imkanına malik olmasını təmin etməkdir.
Artıq belə köşklər məşğulluq mərkəzlərinin
inzibati binalarında, Bakı və Göyçay regional
peşə tədrisi mərkəzlərində, həmçinin
respublikanın bir sıra ali təhsil müəssisələrində
(Qafqaz Universiteti, Turizm İnstitutu, Bakı Dövlət
Universiteti, "Odlar Yurdu" Universiteti, "Təffəkür"
Universiteti, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət
Neft Akademiyası və s.) quraşdırılıb. Həmin
köşklərdə vakansiyalar barədə məlumatlar
müntəzəm olaraq yenilənir.
Azərbaycan
Respublikasında əmək ehtiyatlarından daha dolğun
istifadə etmək, işçi qüvvəsinin keyfiyyətini
və rəqabət qabiliyyətini artırmaq, layiqli məşğulluğu
və əmək bazarında ehtiyac duyulan bacarıqların
müəyyən olunmasını təmin etmək dövlətin
məşğulluq siyasətinin əsas hədəflərindən
biridir. Bu məqsədlə Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyi yanında Əmək
Ehtiyatlarının İnkişafı Agentliyinin
yaradılması nəzərdə tutulur. Bununla bağlı
olaraq, müvafiq işlər aparılmaqdadır. Həmçinin
agentliyin Əsasnaməsinin layihəsi hazırlanmış və
aidiyyəti təşkilatların rəyləri nəzərə
alınmaqla yenidən işlənərək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
edilmişdir.
Bütün
bunlar göstərir ki, Heydər Əliyevin əsasını qoyduğu
sosial siyasət Prezident İlham Əliyev tərəfindən
layiqincə davam etdirilməklə yanaşı, həm də
yeni çalarlarla, mexanizm və vasitələrlə zənginləşdirilir.
Bu vaxta qədər ölkəmizdə sürətli
inkişafa xidmət edəcək möhkəm bazanın
formalaşdırılması isə qarşıdakı
dövr ərzində Azərbaycanın qət edəcəyi tərəqqi
yolunun, o cümlədən sosial rifahın yüksəlişinin
yenə möhtəşəm uğurlarla müşayiət
olunacağını, ölkəmizin daha böyük sosial
nailiyyətlərə imza atacağını qətiyyətlə
deməyə əsas verir.
Rəşad CƏFƏRLİ
Azərbaycan.-2013.- 19 aprel.- S.6.