Dünya İqtisadi
Forumunun Azərbaycanda keçirilməsi ölkəmizin həyatında mühüm hadisədir
Forum çərçivəsində
Azərbaycan şirkətləri bir sıra razılaşma
memorandumları imzaladılar
Aprelin
7-8-də dünyanın inkişaf etmiş dövlətlərinin
rəhbərlərinin və iqtisadçı mütəxəssislərinin
diqqəti Azərbaycana yönəlmişdi. Son illər beynəlxalq
tədbirlərə yüksək səviyyədə ev
sahibliyi edən Bakıda "Cənubi Qafqazın və Mərkəzi
Asiyanın gələcəyi ilə bağlı strateji
dialoq" mövzusunda Dünya İqtisadi Forumu (Davos Forumu)
keçirilirdi. Bu forumda dünyanın iqtisadi vəziyyətini
proqnozlaşdıran səriştəli iqtisadçılar,
alimlər, ekspertlər, dövlət və hökumət
nümayəndələri bir araya gəlmişdilər. Onlar bəşəriyyəti
narahat edən mühüm iqtisadi məsələlər barədə
müzakirə və fikir mübadiləsi aparmış, belə
mürəkkəb zamanda Azərbaycan iqtisadiyyatının
uğurlarını və potensialını nümunə
göstərmişlər.
Azərbaycan
Prezidenti İlham Əliyevin iştirak və
çıxış etdiyi forumun "Cənubi Qafqaz və Mərkəzi
Asiya regionlarının gələcəyinə
baxışlar" mövzusunda keçirilən birinci
sessiyasında müxtəlif regionlardan gəlmiş qonaqlar
müasir dövr
üçün aktual olan məsələləri ətraflı
müzakirə etmiş, Azərbaycanın getdikcə artan
imkanları, Avropanın enerji təhlükəsizliyinin təminatında
rolu, ölkədə yaradılmış əlverişli
investisiya mühiti, enerji sahəsi ilə yanaşı,
qeyri-neft sektoruna, xüsusilə də innovativ texnologiyalara
qoyulan investisiyalar və s. məsələlər diqqət mərkəzində
olmuşdur. "Enerji və təbii resurslar: gələcəyə
yol", "Sahibkarlıq və insan kapitalı: gələcəyə
yol", "Maliyyə və uzunmüddətli investisiya: gələcəyə
yol" mövzularında keçirilən sessiyalarda da qeyd
edilən sahələrdə imkanlarla bağlı müzakirə
və fikir mübadiləsi aparılmışdır. Forum
iştirakçıları həmçinin ölkəmizdə
gedən dinamik və çoxşaxəli iqtisadi
inkişafın nəticələri, görülən quruculuq
işləri ilə əyani tanış olmuşlar. Dünya
İqtisadi Forumunun təsisçi və icraçı
direktoru Klaus Şvab çıxışında qeyd
etmişdir ki, region ölkələrinin heç biri
potensialını təkbaşına reallaşdıra bilməz,
uzunmüddətli iqtisadi uğura nail olmaq üçün əməkdaşlıq
zəruridir. Azərbaycanın iqtisadi potensialından və
ölkədə yaradılan münbit iqtisadi şəraitdən
söz açan və Bakıda aparılan tikinti-quruculuq
işlərindən duyğulanan Klaus Şvab demişdir:
"Sonuncu dəfə mən 20 il əvvəl burada
olmuşam. Həqiqətən deməliyəm ki, o vaxtdan bəri çox
böyük dəyişikliklərin baş verdiyini
müşahidə etdim. Bakı şəhəri həddən
çox gözəl bir məkana çevrilmişdir. Dünya
İqtisadi Forumunun Azərbaycanda keçirilməsi bizim üçün bir
qürurdur. Azərbaycan çox böyük imkanların olduğu
bir ölkədir. Ümumiyyətlə, son illər ərzində
ölkədə çox böyük iqtisadi artım göstəriciləri
qeydə alınmışdır. Bu, ilk növbədə,
ölkənin müstəsna təbii resurs potensialının
düzgün istifadəsi sayəsində mümkün
olmuşdur. Eyni zamanda bu nailiyyətlər həmin resurslardan
ölkə iqtisadiyyatının şaxələndirilməsində
uğurla və bacarıqla istifadə edilməsi sayəsində
qazanılmışdır".
Tədbirdəki
çıxışında Prezident İlham Əliyev Davos
Forumunda yeddi dəfə iştirak etdiyini xatırladaraq bildirmişdir ki,
Bakı Forumu Azərbaycan haqqında anlayışı olmayan
şirkətləri məlumatlandırmaq baxımından da
mühüm əhəmiyyət daşıyır. Ölkədə
yoxsulluq səviyyəsinin azaldığını,
inflyasiyanın birrəqəmli səviyyədə olduğunu
diqqətə çatdıran Prezident son onillikdə ölkə
iqtisadiyyatının 3 dəfə artdığını diqqətə
çatdırmışdır: "Biz bu gün insan
kapitalına sərmayə yatırırıq. Təhsilə
qoyulan sərmayə bizə iqtisadiyyatımızı
bacarıqlı insan kapitalı hesabına inkişaf etdirməyə
imkan yaradır. Eyni zamanda İKT-nin inkişafı diqqət mərkəzindədir.
Azərbaycanda kosmos sənayesi yaranıb və Azərbaycan
kosmik klubun azsaylı üzvlərindəndir". Dövlət
başçısı qeyd etmişdir ki, son 10 ildə ölkəyə
130 milyard dollar sərmayə yatırılıb ki, bunun da
müəyyən hissəsi xarici sərmayədir.
İqtisadçı
ekspertlərin və politoloqların fikrincə, regionun gələcək
inkişaf perspektivləri baxımından bu tədbirin əhəmiyyəti
çox böyükdür. Forumda əsas qarşıya qoyulan
məqsədə - uzunmüddətli təşəbbüslərə
start verilib. Cənubi Qafqaz və Orta Asiya regionları
üçün müəyyən
ssenarilər hazırlanıb. Klaus Şvabın
çıxışında qeyd olunduğu kimi,
qarşıdan gələn 18 ay ərzində bu proseslər
davam edəcək. Regionlardan və region xaricində olan
aparıcı şəxslər bu prosesə cəlb ediləcəklər.
Məqsəd regional iqtisadi inteqrasiyaya nail olmaqdır. Regionun
uzunmüddətli gələcəyi olması
üçün müxtəlif ssenarilər yaradılır.
Bunun üçün regionun nadir evolyusiya potensialları
araşdırılacaq və müxtəlif alternativ ssenariləri
nəzərdən keçiriləcək.
Bu
barədə forum iştirakçılarında daha dolğun
təsəvvürün yaranması üçün Dünya
İqtisadi Forumu tərəfindən hazırlanmış Cənubi
Qafqaz və Mərkəzi Asiya regionlarının iqtisadi
inkişaf potensialına həsr edilmiş videoçarx
nümayiş etdirilmişdir. Videoçarxda Azərbaycan
iqtisadiyyatının uğurlarına və potensialına
xüsusi yer ayrılmışdır.
Forumda
region dövlətlərinə sərmayə qoyuluşunda
hissediləcək irəliləyişlərə nail olmaq
imkanı da reallaşdı. Müzakirələr zamanı gəlinən
nəticələrdə bütövlükdə regionun təhlükəsizliyinin
təmini məsələsində dünyanın böyük
dövlətlərini öz mövqelərində hansısa məqamlara
yenidən diqqət yetirməsi zərurəti ortaya
çıxdı. Dünya İqtisadi Forumu (Davos Forumu) çərçivəsində
"Baku Steel Company" MMC-də dünyanın metallurgiya və
maşınqayırma sahəsində fəaliyyət göstərən
bir sıra aparıcı şirkətləri ilə
işgüzar görüşlər keçirildi və müqavilələr
imzalandı. Bu görüşlər zamanı "Ar
Liquide" şirkətinin Orta
Asiya üzrə vitse-prezidenti Asixan Serikov forumda dünyanın
müxtəlif ölkələrinin hökumət rəhbərləri,
qlobal və regional biznes liderləri daxil olmaqla 200-dən
artıq nümayəndənin
iştirakını olduqca müsbət qiymətləndirdi.
Aprelin
8-də şirkətdə keçirilən görüşdə
"Baku Steel Company" MMC
Almaniyanın "SMS Simag" şirkəti ilə
müqavilə imzaladı. "SMS Simag" şirkətinin
baş direktoru Burxard Dahmen və "Baku Steel Company"
MMC-nin Müşahidə Şurasının sədri Rasim Məmmədovun
imzaladığı müqaviləyə əsasən,
"Baku Steel Company" MMC şirkəti Gəncə şəhərində
soba-çalovdan, kombinə edilmiş PFTM, habelə Stekel TLS
yayma dəzgahından ibarət inteqrasiya edilmiş metallurgiya
istehsalatının yaradılması ilə bağlı olan
layihənin eksklüziv öyrənilməsinə dair
razılaşma əldə edildi. Görüşdə qeyd
olundu ki, gələcəkdə 1,1 milyard avro sərmayə
qoyulmaqla yaxın dövrdə Sumqayıt boru-prokat zavodunun
yenidən qurulması da planlaşdırılır. Layihə
reallaşdıqdan sonra 1,8 milyon ton hazır məhsul və 1,8
milyon ton bərpa olunan filiz konsentratı istehsal etməyə
imkan yaranacaq. Bu layihə Azərbaycanı regionda ən
böyük metal istehsalçısına çevirəcək.
"Baku
Steel Company" şirkətində daha sonra Almaniyanın
"Siemens" VAİ şirkətinin nümayəndələri
ilə də görüş keçirildi və anlaşma
memorandumu imzalandı. Memorandumda bildirilir ki, Daşkəsəndə
mövcud filizsaflaşdırma kombinatının yerində
tamamilə yeni, illik hasilatı 5 milyon ton dəmir
konsentratı olan müasir tipli filizsaflaşdırma
kombinatı inşa ediləcək.
BSC yeni metallurgiya güclərinin tikintisinə 300 min avro
investisiya qoymaq niyyətindədir.
"Baku
Steel Company" MMC hazırda yeni inşa olunacaq 50 tonluq elektrik
qövs sobasının, yeni yayma xəttinin, müasir qaztutucu
qurğunun və FKO-nun qurulması istiqamətində
"Siemens" VAİ şirkətinə sifariş verib. Bundan
sonra da hər iki şirkət layihənin işlənib
hazırlanması və həyata keçirilməsi
üçün sıx əməkdaşlıq etmək niyyətindədir.
Forum
ərəfəsində İtaliyanın "Danieli"
şirkətinin nümayəndələri ilə keçirilən
görüşdə şirkətin vitse-prezidenti Lusa Palezza və
"Baku Steel Company" MMC-nin baş direktorunun müavini
Çingiz Həsənovun imzaladığı anlaşma
memorandumuna görə isə Bakının Hövsan qəsəbəsində
ildə 66 milyon ton istehsal gücünə malik yeni metallurgiya
zavodu inşa ediləcək.
Bakıda
Dünya İqtisadi Forumu çərçivəsində
keçirilən sessiyalarda Dünya İqtisadi Forumu idarə
heyətinin üzvü və icraçı direktor Borge Brende,
ABŞ-ın Azərbaycandakı səfiri Riçard
Morninqstar, Azərbaycan Dövlət Neft Fondunun icraçı
direktoru Şahmar Mövsümov, Rusiyanın Bioenerji
Korporasiyasının (BioEnCo) təsisçisi və Direktorlar
Şurasının sədri David Yakobaşvili və
başqaları çıxış edərək Azərbaycanın öz
potensialından əsasən necə istifadə etməsi, daha
geniş regionda iqtisadi imkanlarının artırılması
üçün hansı praktiki addımların
atılması məsələləri ətrafında
danışmışlar. Qeyd etmişlər ki, Cənubi Qafqaz
və Mərkəzi Asiya regionunun inkişafı
üçün bölgə ölkələri geniş
potensiala malikdir. Region ölkələrinin
iqtisadiyyatlarının və bu bölgədə ticarətin
təşviqi nəticəsində ümumi daxili məhsulu dəfələrlə
artırmaq mümkündür.
Bütün
bunlar deməyə əsas verir ki, Dünya İqtisadi Forumunun
Bakıda keçirilməsi Azərbaycanın dünya birliyi tərəfindən
etibarlı tərəfdaş kimi qəbul olunmasını bir
daha sübut etdi. Bu isə ölkəmizin iqtisadi həyatında
əhəmiyyətli hadisədir.
Rəhman SALMANLI
Azərbaycan.-2013.- 19 aprel.- S.7.